Prezident İlham Əliyev zəmanəmizin görkəmli musiqiçisi Müslüm Maqomayevin xatirəsini anma mərasimində iştirak etmişdir

 

Oktyabrın 22-də Bakıda, "Park İnn" hotelində zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsini anma mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Görkəmli musiqi xadiminin ruhuna dualar oxundu.

Müslüm Maqomayev doğma Azərbaycanın fəxri idi. Cəmi 20 yaşı olarkən Helsinki festivalında uğurlu çıxışı ilə şöhrət qazanmış Müslüm Maqomayev tezliklə bütün Sovet İttifaqında məşhurlaşmışdı. Müslüm, sadəcə, oxumurdu, o, mahnını qəlbindən keçirərək dinləyiciyə çatdırırdı. "Bakı bülbülü" adlandırılan Müslüm Maqomayev Sovet İttifaqında milyonlarla insanın - dövlət rəhbərlərindən tutmuş sadə əmək adamlarına qədər hamının sevimlisi idi. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. O, bu ada layiq görülmüş ən cavan sənətkar idi.

Öz nəğmələrində hər zaman Azərbaycanı yaşadan, onu bütün dünyada məşhurlaşdıran dünya şöhrətli sənətkar Müslüm Maqomayev həyatı boyu Azərbaycan musiqisinin təbliği ilə məşğul olmuşdur. Onun xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdən biridir. Bu nəğməni ümummilli lider Heydər Əliyev də sevirdi. Ulu öndər Müslüm Maqomayevə həmişə himayədarlıq etmiş, ona əsl atalıq qayğısı göstərmişdir. Onların arasında son dərəcə səmimi münasibətlər var idi.

Anım mərasiminin keçirildiyi salonda Müslüm Maqomayevin ifasında "Azərbaycan", "Sənsiz" mahnıları səslənirdi. Salona toplaşanlar Müslümün könül nəğmələrini onunla birgə oxuyurdular.

Təkrarsız səsi, yüksək artistizmi onu sənət dünyasının sevilən personasına çevirmişdi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. 20-dən çox mahnı, kinofilmlərə musiqi bəstələmişdi. O, "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilmişdir. Elə bu sənətkarlıq da onun bioqrafiyasına böyük mükafatlar yazmışdı. Bu mükafatların sırasında müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenləri də vardır.

Anım mərasiminin sonunda səslənən "Əlvida Bakı" nəğməsi də Müslüm Maqomayevin doğma torpağa, Vətənə olan sevgisinin tərənnümü idi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 1.