Azərbaycanda uşaqların müdafiəsi islahatı
üzrə milli konfrans işə başlamışdır
Oktyabrın 22-də Bakıda,
"Gülüstan" sarayında Azərbaycanda Uşaq ilinə
və BMT-nin Uşaq Hüquqları haqqında
Konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda
uşaqların müdafiəsi islahatı üzrə milli
konfrans işə başlamışdır. Azərbaycan
hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq
Fondunun (YUNİSEF) və "Azercell" şirkətinin təşkilatçılığı
ilə keçirilən konfransda Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Dövlət
qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin
deputatlarının qatıldığı konfransı Baş
nazirin müavini Elçin ƏFƏNDİYEV açaraq
bildirmişdir ki, son illər ərzində ölkənin
iqtisadi-sosial vəziyyətində böyük və əsaslı
dəyişikliklər baş vermişdir. Azərbaycan dayanıqlı
iqtisadi inkişafa qədəm qoymuş və bununla da
insanların layiqli həyatı üçün münbit zəmin
yaradılmışdır. Bütün bunlar ilk
növbədə ölkədə uşaq
hüquqlarının həyata keçirilməsi, xüsusən
də uşaqların müdafiəsi sahəsində konkret
addımların və ümumilikdə uşaqların vəziyyətinin
yaxşılaşdırılmasına zəmin
yaratmışdır.
Ötən dövrdə
uşaqların müdafiəsi mexanizminin müəyyən
edilməsi və yeni alternativ qayğı formalarının
yaradılması sahəsində yaxşı irəliləyişlər
əldə edilmişdir. Bu baxımdan Azərbaycan
Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə
təsdiqlənmiş "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi böyük
əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn
vəzifələrin icrası istiqamətində atılan
mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata
keçirilməsinə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva hərtərəfli dəstək
verir.
Elçin Əfəndiyev
diqqətə çatdırmışdır ki,
ikigünlük milli konfrans zamanı Azərbaycanda
uşaqların müdafiəsi sistemində islahatlara cavabdeh
olan əsas dövlət qurumlarının - Təhsil
Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin,
digər qurumların, o cümlədən İnsan
Hüquqları üzrə müvəkkilin, YUNİSEF-in
regional ofisinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının,
ekspertlərin məruzələri dinləniləcəkdir.
Bundan başqa, uşaqların müdafiəsi sistemi sahəsində
mühüm mövzuların işçi qruplarda müzakirə
olunması və konfrans bəyannaməsinin qəbul edilməsi
nəzərdə tutulmuşdur.
Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan hökuməti uşaqların müdafiəsində ölkəmizin beynəlxalq qurumlar, ən vacibi isə uşaqlarımız qarşısında götürdüyü öhdəliklərin bundan sonra da həyata keçirilməsinə hazırdır və bu işdə Heydər Əliyev Fondunun dəstəyinə ümid edirik.
* * *
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım ƏLİYEVA konfransda çıxış edərək dedi:
- Hörmətli xanımlar və
cənablar!
Əziz dostlar!
İlk növbədə
konfransın iştirakçılarını səmimi qəlbdən
salamlayır, ölkəmizə gələn bütün
qonaqlara "Azərbaycana xoş gəlmisiniz" deyirəm.
Çox sevindirici haldır ki, son
zamanlar paytaxtımız bir sıra beynəlxalq konfranslara,
sammitlərə, görüşlərə ev sahibliyi edir. Belə görüşlərdə siyasi və ictimai
xadimlər, alimlər, dövlət məmurları,
qeyri-hökumət qurumlarının nümayəndələri
bir araya gələrək həm konkret problemlərin həllinə
öz töhfəsini verir, həm də insanların bir-birini
daha yaxından tanımasına, dialoq qurmasına
güclü təkan verirlər.
Sirr deyil ki, müasir dünya bir
sıra qlobal problemlərlə üzləşib, bir çox
ciddi suallar bu gün öz cavabını axtarır. Sivilizasiyalar və mədəniyyətlərin
qarşıdurması, dünyanın müxtəlif hissələrində
davam edən hərbi toqquşmalar və münaqişələr,
texnogen faciələr, qlobal iqlim dəyişməsi,
epidemiyalar və pandemiyalar - hamısı XXI əsrin
reallıqlarıdır və dünya ictimaiyyətini narahat edən
çağırışlardır. Bu problemlər
sırasında uşaq taleyinə aid olan məsələlər
aktuallığını itirmir, demək olar ki, öz
vacibliyini saxlayır.
Fikrimcə uşaqlıq
dövrü insan həyatının ən rəngarəng, ən
yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək
taleyinin, onun fiziki və mənəvi
sağlamlığının, vətəndaş
mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə,
hər şəxsin formalaşmasında ailənin, ailə
mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir.
Ailəyə bağlılıq, ailə dəyərləri,
uşaqlara qayğı, böyüklərə hörmət
Azərbaycan xalqına məxsus olan ən gözəl
xüsusiyyətlərdən biridir. Əsrlər boyu bu
xüsusiyyət formalaşıb və bu gün də ənənəvi
olaraq davam edir.
Bu gün Azərbaycan
qadını demək olar ki, ölkəmizin həyatının
bütün sahələrində çox fəaldır və
həm dövlət qurumlarında, həm özəl sektorda
bir sıra nailiyyətlər əldə edibdir. Bu gün Azərbaycan
qadını öz sözünü deyir və öz
mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm
ki, hər bir qadın üçün onun ailəsi, onun
uşaqları həyatının ən vacib, ən
mühüm hissəsidir. Mən özüm
üç uşaq anası olaraq analıq missiyasını həyatımın
ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə
hər bir valideyn arzulayır ki, onun uşağı sağlam,
bilikli, savadlı, xoşbəxt böyüsün və bunun
üçün əlindən gələni edir.
Amma əfsuslar olsun, elə
uşaqlar vardır ki, onlar valideyn himayəsindən məhrumdurlar,
kimsəsizdirlər və dövlət müəssisələrində
tərbiyə olunurlar. Bu uşaqların bir qismi həyatının
ilk günündən, digərləri çox az
yaşından arxasız, ana və ata məhəbbətindən
məhrum böyüyür.
Taleyin belə ağır
olmağında bu uşaqların heç bir günahı
yoxdur və belə ağır taleyi dəyişdirməyə
də heç bir imkanı yoxdur. Ona görə, məncə,
bu uşaqların həyatı və gələcəyi bizim
hamımızı narahat etməli, hamımızı
düşündürməlidir.
Heydər Əliyev Fondu
yarandığı ilk gündən valideyn himayəsindən məhrum
olmuş, dövlət müəssisələrində tərbiyə
olunan uşaqların taleyini diqqət mərkəzində
saxlayır. "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı" çərçivəsində
fond tərəfindən 31 dövlət müəssisəsi əsaslı
təmir edilib, bütün lazımi avadanlıqla təmin
olunubdur. Biz çalışırıq ki, bu uşaqlarla daim
ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq,
onların asudə vaxtını səmərəli quraq, onlara
diqqət və məhəbbət göstərək.
Mən çox şadam ki, fondun
bu təşəbbüsü bu gün həm təşkilatlar
tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən
çox geniş şəkildə dəstəklənir. Bu
gün Azərbaycanda ən yüksək standartlara cavab verən
uşaq evləri və internat məktəbləri fəaliyyət
göstərir. Burada yüksək peşəkarlığa
malik olan insanlar çalışır. Amma həqiqət ondan
ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir
internat məktəbi ailə mühitini, ailə tərbiyəsini,
valideyn məhəbbətini əvəz edə bilməz.
Son illər belə müəssisələrdə
uşaqların artması bizi çox narahat edir. Heydər Əliyev
Fondu bu sahədə beynəlxalq təşkilatlarla, ilk
növbədə, BMT-nin Uşaq Fondu ilə çox uğurlu
əməkdaşlıq qurub və bir sıra proqramlar həyata
keçirir. Dövlət tərəfindən bu
sahədə çox vacib addımlar həyata keçirilir və
gələcəkdə görülən işlər
planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən
Azərbaycanda dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi və
alternativ qayğı Dövlət Proqramı təsdiq edilmişdir.
Bu il təsdiq olunmuş baş plana əsasən bir il ərzində
11 dövlət uşaq müəssisəsinin, 3-5 il ərzində
isə 44 müəssisənin transformasiyası nəzərdə
tutulur.
Amma mən bir də
qeyd etmək istəyirəm ki, valideyn himayəsindən məhrum
olmuş uşaqların taleyi, gələcəyi dövlət
orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq
qurumların, qeyri-hökumət təşkilatlarının, vətəndaş
cəmiyyəti təşkilatlarının, bizim hər birimizin fəallığından
asılıdır.
Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır. Gəlin onların problemlərinə biganə qalmayaq. Gəlin unutmayaq ki, məhz bu anda bizim qayğı və məhəbbətimizə ehtiyacı olan minlərlə kimsəsiz uşaqlar vardır.
Mən ümidvaram ki, bu sahədə olan məsələlərin müzakirəsi üçün, təcrübə və ideyaların paylaşılması və problemlərin həlli yollarının axtarılması üçün bugünkü konfrans çox yaxşı fürsətdir. Bir daha konfransın bütün iştirakçılarına və təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm, konfransın işinə uğurlar, hər birinizə cansağlığı arzulayıram. Çox sağ olun.
* * *
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark HEREVARD uşaq problemlərinin həlli üçün ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumların səylərinin birləşdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunvericilikdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yardım ilə təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş miqyasda inkişaf etdirilməsinə töhfələr verir.
YUNİSEF-in Heydər Əliyev Fondu və Azərbaycan hökuməti ilə sıx fəaliyyət göstərdiyini söyləyən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi alternativ qayğı sistemləri barədə ətraflı məlumat vermişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" əhəmiyyətini xüsusi vurğulayan YUNİSEF-in nümayəndəsi bildirmişdir ki, problemin həlli istiqamətində dövlət, qeyri-hökumət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyəti təmin olunmalıdır. Burada dövlətin əsas funksiyası hazırlanacaq layihələrə dəstəyin təmin edilməsindən ibarətdir.
Konfransın qarşısında duran vəzifələrə toxunan Mark Herevard müzakirələr nəticəsində uşaqların hüquqlarının müdafiəsinin təşkili ilə bağlı strategiyanın müəyyən olunmasının vacibliyini qeyd etmişdir.
Layihəyə dəstək verməkdən məmnun olduqlarını deyən "Azercell Telekom" Birgə Müəssisəsinin prezidenti Ali AĞAN bildirmişdir ki, 2009-cu il Azərbaycanda Uşaq ili olduğu üçün bu konfransın əhəmiyyəti daha böyükdür.
Ali Ağan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqların hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğının cəmiyyətdə yüksək qiymətləndirildiyini vurğulamışdır. Bildirmişdir ki, fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələr Azərbaycanın gələcəyinə hesablanmışdır.
Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, YUNİSEF, "Azercell Telekom" MMC və vətəndaş cəmiyyətinin nümayəndələri arasında uşaq hüquqlarının müdafiəsi sahəsində islahatların həyata keçirilməsinin gücləndirilməsi üçün tərəfdaşlığın qurulduğunu qeyd edən Ali Ağan bunun nəticəsində bir sıra layihələrin reallaşdırıldığını diqqətə çatdırmışdır. 2008-ci ilin payız mövsümündə uşaqların ailə mühitində böyümək hüququnun təbliğ edilməsinə hədəflənmiş "Hər bir uşağın ailəyə ehtiyacı var" adlı milli ictimai məlumatlandırma kampaniyasının əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
Sonra konfransda mövzu ilə bağlı məruzələr dinlənilmişdir.
* * *
"Azərbaycanda uşaqların müdafiəsi islahatına doğru" mövzusunda məruzə edən təhsil naziri Misir MƏRDANOV bildirmişdir ki, konfrans ölkəmizdə uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının, onlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan müstəqilliyinin ilk illərində BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, bu sənədlə bağlı üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi məqsədilə müxtəlif qanunvericilik aktları, o cümlədən "Uşaq hüquqları haqqında" Qanun qəbul edilmişdir.
Nazir demişdir ki, son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə zəmin yaratmışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı hazırlanmışdır. Bu proqramdan əvvəl Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişaf Proqramı"na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulmuş, əsaslı təmir edilmiş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu müəssisələrdə kimsəsiz uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılmışdır.
Ötən müddət ərzində Proqramın icrası ilə bağlı Təhsil Nazirliyi digər tərəfdaşlarla birlikdə bir sıra işlər görmüşdür. Proqramın səmərəli həyata keçirilməsi və idarə olunması məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyi nəzdində İşçi Qrupu yaradılmış, 55 dövlət uşaq müəssisəsində qiymətləndirmə həyata keçirilmişdir. Hazırda övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması məqsədilə yerlərdə müxtəlif tədbirlər həyata keçirilir.
Nazir bildirmişdir ki, Dövlət Proqramı qarşısında duran əsas vəzifələrdən biri də de-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılmasıdır. Bu istiqamətdə vəsaitlər, bukletlər çap edilərək dövlət uşaq müəssisələrinə, əlaqədar dövlət strukturlarına, beynəlxalq təşkilatlara, QHT-lərə çatdırılmış, televiziya kanallarında xüsusi verilişlər təşkil olunmuş, diskussiyalar aparılmışdır.
Qarşıda daha ciddi vəzifələrin dayandığını diqqətə çatdıran Misir Mərdanov bildirmişdir ki, bu istiqamətdə normativ hüquqi baza təkmilləşdirilməli, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmləri tətbiq edilməli, dövlət uşaq müəssisələrinə uşaqların düşməsinin qarşısının alınması məqsədilə risk qrupundan olan ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi üçün sosial işçilər hazırlanmalı, ailələrə verilmiş uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması mexanizmləri yaradılmalıdır.
* * *
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV "Ailəyə dəstək üzrə sosial müdafiə tədbirləri" mövzusunda məruzəsində demişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması ölkəmizdə uşaqların vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə birgə səylərimizin artırılması baxımından geniş imkanlar açmışdır. Bugünkü tədbir də məhz bunun təzahürüdür.
Nazir bildirmişdir ki, dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritetləri sırasında sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhalinin aztəminatlı qruplarının ehtiyacları öyrənilərək onlara müxtəlif yardımların göstərilməsi önəmli yer tutur. Həyata keçirilmiş tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizədək azalmışdır.
Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nda həssas qrupların daha səmərəli müdafiəsi üçün mövcud sosial müdafiə sistemində müvafiq islahatların həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2006-cı il iyulun 1-dən ölkədə ünvanlı sosial yardım sisteminin tətbiqinə başlanılmışdır. Hazırda 153 minə yaxın ailə ünvanlı sosial yardım alır və orta hesabla ayda hər bir ailəyə 107 manat vəsait ödənilir. Yardım alanların 90 faizi uşaqlı ailələrdir. Onlardan 45,2 faizi isə üç və daha çox uşağı olan ailələrdir. Yardım alanların 50 faizini uşaqlar təşkil edir. Yardım alan çoxuşaqlı ailələr arasında yoxsulluq səviyyəsi 3 il ərzində 20 faizə qədər azalmışdır.
"Sosial müavinətlər haqqında" Qanuna əsasən hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 370 min nəfərə yaxın adama 34 növ üzrə sosial müavinət ödənilir. Bunlardan da 6-sı birbaşa uşaqlara ünvanlanmışdır ki, bu da 135 min nəfərə yaxın uşağı əhatə edir.
Nazirlik tərəfindən "2010-2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası Dövlət Proqramı"nın layihəsi hazırlanır. Bu sənəddə uşaqların sosial müdafiəsinə xüsusi diqqət yetiriləcəkdir.
Natiq qeyd etmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük qayğısı nəticəsində ölkəmizin hər yerində uşaqlara diqqət durmadan artmaqdadır. Heydər Əliyev Fondunun xətti ilə son illər ərzində müxtəlif iri layihələrin həyata keçirilməsi minlərlə uşağın sevincinə səbəb olmuşdur.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi, YUNİSEF, digər dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra işlər görülmüşdür. Uşaqların internat evlərinə düşmək ehtimalının qarşısının alınması prosesinin gücləndirilməsi sayəsində 50-dən çox uşağın internat evinə düşməsinin qarşısı alınmış, 20-dən artıq uşaq isə evlərinə qaytarılmışdır. Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları ilə birgə respublikanın Quba və İsmayıllı rayonlarında "Reabilitasiya xidmətinin gücləndirilməsi (2009-2011-ci illər)" pilot layihəsi icra edilir. Həmin layihə çərçivəsində son iki ay ərzində 51 uşağa tibb müəssisələrində və evlərdə müxtəlif növ reabilitasiya xidmətləri göstərilmişdir.
F.Ələkbərov bu konfransın müasir uşaq müdafiə sisteminin yaradılmasına güclü təkan verəcəyinə əminliyini bildirmişdir.
* * *
Məruzəsinə belə bir tədbirin Bakıda keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya və konfransın təşkilatçılarına minnətdarlıqla başlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVA demişdir ki, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
Azərbaycanın BMT-nin uşaq hüquqları qurumları ilə sıx əlaqə qurduğunu diqqətə çatdıran H.Hüseynova demişdir ki, Azərbaycanda "Uşaq hüquqları haqqında" Qanun qəbul olunmuş, bu sahədə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları hazırlanmış, 2009-cu il Azərbaycan Prezidentinin Sərəncamı ilə Uşaq ili elan edilmişdir.
Hicran Hüseynova BMT-nin "Uşaq hüquqlarına dair Konvensiyası"na uyğun olaraq ölkəmizin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dövri hesabatın hazırlandığını diqqətə çatdırmışdır. Komitə sədri demişdir ki, hesabatdan keçən dövr ərzində Azərbaycanda müşahidə olunan ən aktual məsələlərdən biri uşaq ölümü problemidir. Mövcud vəziyyəti dəyişmək məqsədi ilə respublikamızda bütün dövlət qurumları intensiv tədbirlər həyata keçirmişlər ki, bunun da nəticəsində son illər hər 1000 doğuşa ölüm hadisəsi 67-dən 43-ə enmiş, neonatal ölüm göstəricisi isə 31-dən 28-dək azalmışdır.
Uşaqlarla bağlı məsələlərdə prioritetlərdən birinin də ana və uşaqların sağlamlığının qorunması olduğunu diqqətə çatdıran komitə sədri demişdir ki, bu məqsədlə ölkəmizdə 2006-2010-cu illəri əhatə edən "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Planı" qəbul olunmuşdur. Bu Plan çərçivəsində səhiyyə sahəsində islahatlar, klinikaların yaradılması və yeni avadanlıqla təchizatı, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaqlar arasında xəstəliklərin profilaktikası həyata keçirilir.
Ötən dövrdə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli də diqqət mərkəzində olmuşdur. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Proqramı xüsusi önəm daşıyır.
Bu sahədəki problemlərdən söhbət açan H.Hüseynova valideynləri, pedaqoji kollektivləri və ictimaiyyəti həssas qruplardan olan uşaqlara diqqət və qayğını artırmağa çağırmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda 56,5 min xüsusi qayğıya ehtiyacı olan uşaq vardır. Respublika üzrə xüsusi qayğıya ehtiyacı olan və internat məktəblərinə cəlb edilmiş uşaqların sayı isə 1282 nəfərdir. Problemin həllinə mənfi təsir göstərən əsas amil Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalıdır. Bunun nəticəsində 195 min 994 uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır.
Azərbaycanda erkən nikah, yuvenal ədliyyə və uşaqların məktəblərdən yayınması məsələlərinə toxunan H.Hüseynova bildirmişdir ki, respublikamızda həyata keçirilən bütün proqramlar, layihələr uşaqların inkişafına layiqli töhfələr verəcək, ailələrimizin sosial bazasını möhkəmləndirəcəkdir.
* * *
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatını təqdim edərək dedi:
- Hörmətli Mehriban xanım, mən çox böyük şərəf hissi ilə konfrans iştirakçılarının təklifi ilə çox kiçik bir çıxış edəcəyəm. İcazə verin, Sizə uğurlu fəaliyyətinizə görə təşəkkürlərimizi bildirim, uşaqların müdafiəsi sahəsində işinizi davam etdirməyinizi arzulayım. Sizə bir daha təşəkkürlərimizi bildirirəm.
* * *
Fasilədən sonra konfrans işini sessiyalarda davam etdirmişdir. Təhsil naziri Misir Mərdanovun sədrliyi ilə keçirilən birinci sessiyada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Uşaq hüquqlarının müdafiəsi sahəsində milli müstəqil monitorinq mexanizminin əhəmiyyəti", Uşaq Parlamentinin sədri Tale Əliyev "Uşaq hüquqlarının daha səmərəli müdafiəsində uşaqların iştirakının əhəmiyyəti", YUNİSEF-in region üzrə uşaqların müdafiəsi müşaviri Jan-Klod Leqrand "MDB və Şərqi Avropa ölkələrində uşaqların müdafiəsi islahatı: regional baxış" mövzularında məruzələrlə çıxış etmişlər.
Çıxışlarda uşaq hüquqlarının müdafiəsi sahəsində yaradılmış müstəqil monitorinq mexanizminin əhəmiyyəti, bu istiqamətdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələrin təhlili sahəsində görülmüş tədbirlər barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, həyata keçirilmiş tədbirlər nəticəsində həmin istiqamətlərdə mühüm uğurlar əldə edilmişdir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sədrliyi ilə davam edən konfransın ikinci sessiyasında İtaliyanın EducAid və Boloniya Universitetinin nümayəndəsi Alessandro Latini "Yerli səviyyədə inteqrativ xidmətlərin sınaqdan keçirilməsi", YUNİSEF-in uşaqların müdafiəsi üzrə məsləhətçisi, Moldovadan olan xanım İrina Malançuk "Sosial islahatın strateji planlaşdırılması: dövlət uşaq müəssisələrində olan uşaqların vəziyyəti və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan", YUNİSEF-in sosial siyasət üzrə məsləhətçisi, Böyük Britaniyadan olan Devid Larter "İslahatın maliyyələşdirilməsi: dövlət uşaq müəssisələri və alternativ xidmətlərin müqayisəsi" adlı məruzələrlə çıxış etmişlər.
YUNİSEF tərəfindən 2006-2007-ci illərdən başlayaraq de-institusionalizasiya layihəsi üzrə bir sıra layihələrin həyata keçirildiyi qeyd olunmuş, bu istiqamətdə müxtəlif ölkələrdə əldə olunmuş təcrübə barəsində ətraflı məlumat verilmişdir. Azərbaycanın Masallı, Quba, İsmayıllı və Bakı şəhərinin Nizami rayonlarında məsələ ilə bağlı müvafiq məlumatların toplanaraq təhlil olunduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, monitorinqlərin aparıldığı rayonlarda müvafiq qurumların birgə fəaliyyəti müşahidə olunmuş, xidmətlərin inteqrasiyası aparılmış, bəzi pilot layihələr uğurla həyata keçirilmiş, layihələrdən müsbət nəticələr əldə olunmuşdur.
Qazanılmış təcrübənin yayılması məqsədi ilə təcrübə mübadiləsinin təşkilinin vacibliyi vurğulanmışdır.
Konfransın birinci günü təqdim olunmuş məruzələrlə bağlı müzakirələr aparılmış, növbəti gün işçi qruplarda aparılacaq müzakirələrin mövzuları təqdim olunmuşdur.
Konfrans işini oktyabrın 23-də davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 2, 3.