Fəxri xiyabanda görkəmli bəstəkar və müğənni Müslüm Maqomayevin xatirəsi anılmışdır

 

Oktyabrın 22-si Azərbaycanın böyük oğlu, SSRİ xalq artisti Müslüm Maqomayevin anım günüdür. Bu gün onun ölümündən bir il ötür.

Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ölümündən bir il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr daim anılır. O, hər zaman dostlarının əhatəsində idi. Çünkü bütün dostları Müslümü sevirdi, ona güvənirdilər.

Bu gün də belə idi. Onunla vida günündə olduğu kimi, yenə də yüzlərlə Müslümsevər Fəxri xiyabana gəlmişdi. Anım mərasiminə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya və qızı Marina Maqomayeva da mərasimdə iştirak edirdilər. Anım günündə Müslüm Maqomayevin məzarı üstündə xatirə abidəsi də hazır idi. Xalq rəssamı Ömər Eldarov abidəni ağ ural mərmərindən hazırlamışdır.

Xalq rəssamı bildirmişdir ki, onun üçün Müslüm Maqomayevin obrazını yaratmaq böyük şərəf idi. Bu işin üzərində çalışarkən musiqiçinin həyat yoldaşı və dostları ilə belə qərara gəldik ki, Müslüm Maqomayev hər zaman səhnədə çıxış edən, romantik, gözəl görünüşlü və güclü əks olunmalıdır. Mən abidədə bu hissləri əks etdirməyə çalışmışam.

Müslüm Maqomayevlə bağlı xatirələrin hər zaman yaşayacağını deyən dostları - Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, xalq artisti Arif Məlikov, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Lyubov Sliska, xalq artisti Eldar Quliyev çıxış etmişlər. Onlar Müslümün böyük xatirəsindən, onun təkrarsız səsindən və mahir ifaçılığından danışmışlar. Bildirmişlər ki, Müslüm səhnə görünüşü, mükəmməl səsi və xoşbəxt ailə mühiti ilə əhatə olunan nadir insanlardan idi. Ulu öndər Heydər Əliyevlə qırılmaz dostluq münasibətlərindən danışan dostları xüsusilə vurğulamışlar ki, dövlətimizin başçısı İlham Əliyev də Müslüm sənətinə daim böyük hörmətlə yanaşmışdır. Bu gün məzarı üstündə ucalan xatirə abidəsi də bu hörmətin bariz nümunəsidir.

Çıxışlardan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və qızı Leyla Əliyeva, Tamara Sinyavskaya musiqiçinin, eləcə də bəstəkarın babası Müslüm Maqomayevin məzarları üstünə gül dəstələri düzmüşlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 3.