Bakıda QİƏT-in üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilmişdir

 

Oktyabrın 22-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçirilmişdir.

QİƏT-in üzvü olan ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi Şura iclasını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov giriş sözü ilə açmışdır. Azərbaycanın regionda lider dövlət olduğunu, iqtisadi cəhətdən dinamik inkişaf etdiyini vurğulayan E.Məmmədyarov demişdir ki, ölkəmiz QİƏT-də sədrlik etdiyi müddətdə nəzərdə tutulmuş planları reallaşdırmağa nail olmuşdur. Bir çox sahələrdə mühüm işlər görülmüş, maliyyə, ticarət, nəqliyyat, enerji və digər istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq faydalı olmuşdur.

Nazir bildirmişdir ki, bu cür əlaqələr Qara dəniz hövzəsi və geniş mənada Avropa İttifaqı ölkələri ilə münasibətlərin genişlənməsinə şərait yaradır, regional layihələrin reallaşmasına öz təsirini göstərir.

Azərbaycanın QİƏT-də sədrliyi müddətdə informasiya-kommunikasiya texnologiyaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafının da prioritet məsələlərdən olduğunu söyləyən E.Məmmədyarov bölgədəki təhdidlərdən danışaraq regional əməkdaşlığa mane olan münaqişələrin həllinin vacibliyini vurğulamışdır.

O daha sonra demişdir ki, Azərbaycan hökuməti QİƏT-in üzvü olan ölkələr arasında iqtisadi əlaqələrin daim genişlənməsini, yeni əməkdaşlıq imkanlarının tapılmasını və bu istiqamətdə atılan hər bir addımı dəstəkləyir.

İclasda çıxış edənlər QİƏT-in getdikcə artan nüfuzunu, təşkilat çərçivəsində müxtəlif sahələr üzrə layihələrin həyata keçirilməsini, Avropa İttifaqı ilə münasibətlərin inkişafını, təşkilatın üzvü olan ölkələr arasında xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsində mühüm rolunu və potensialını vurğulamışlar. Bundan əlavə, iclasda Qara dəniz regionunda ticarət, telekommunikasiyalar və ekologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Vurğulanmışdır ki, QİƏT çərçivəsində aparılan islahatlar və qurumun Beynəlxalq Katibliyinin fəaliyyətinin genişlənməsi üzv ölkələr arasında əməkdaşlıqdan irəli gələn yeni vəzifələrin daha səmərəli surətdə həyata keçirilməsinə zəmin yaradacaqdır.

İclasın sonunda QİƏT-də növbəti sədrlik Azərbaycandan Bolqarıstana keçmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 3.