Azərbaycan QİƏT-də sədrlik etdiyi dövrdə səmərəli fəaliyyət göstərmişdir

 

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QİƏT) sədrlik etdiyi dövrdə çox səmərəli fəaliyyət göstərmişdir.

Bu fikir oktyabrın 22-də Bakıda QİƏT-in üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının XXI iclasının yekunlarına dair keçirilmiş mətbuat konfransında səslənmişdir.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat vermişdir ki, iclas çərçivəsində QİƏT-də sədrlik ölkəmizdən Bolqarıstana keçmişdir. Bolqarıstan noyabrın 1-dən gələn il mayın 31-dək QİƏT-də sədrlik edəcəkdir.

M.Məmmədquliyev bildirmişdir ki, iclas iştirakçıları Azərbaycanın QİƏT-də sədrliyini müsbət qiymətləndirmiş, həmçinin təşkilatın fəaliyyətinin səmərəliliyini artırmağın zəruriliyini vurğulamışlar. Nazir müavininin sözlərinə görə, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir və cari il noyabrın əvvəllərində Bakıda Bolqarıstanın sədrliyi ilə QİƏT-in üzvü olan ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin görüşü keçiriləcəkdir.

Mətbuat konfransında çıxış edən Bolqarıstanın xarici işlər naziri Rumyana Jeleva bildirmişdir ki, ölkəsinin QİƏT-də sədrliyi dövründə əsas prioritetləri təşkilatın fəaliyyətinin səmərəliliyi və QİƏT-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsi olacaqdır. Bu istiqamətdə Avropa Komissiyasının QİƏT-in işinə cəlb olunması, həmçinin təşkilatda müşahidəçi statusu ilə təmsil olunmuş Avstriya, Almaniya, Fransa və Çexiya ilə münasibətlərin genişləndirilməsi nəzərdə tutulur.

QİƏT-in baş katibi Leonidas Xrizantopulos demişdir ki, Bakıda QİƏT-in üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının XXI iclası uğurla keçmişdir. Ümidvaram ki, bu iclas təşkilatın daha da inkişafına müsbət təsir göstərəcəkdir. Azərbaycan təşkilata sədrlik etdiyi dövrdə çox səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan qurumun fəaliyyətinin səmərəliliyini artırmaq üçün təkliflər irəli sürmüşdür və Bolqarıstanın QİƏT-də sədrliyi dövründə bu təkliflər müzakirə olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 4.