Bakıda Xəzər
dənizinin təhlükəsizlik
məsələlərinə həsr olunmuş konfrans işinə başlamışdır
Oktyabrın 22-də
Bakıda Azərbaycan,
Rusiya, Qazaxıstan, Türkmənistan və İranın xarici işlər nazirlərinin
müavinlərinin iştirakı
ilə Xəzər dənizinin təhlükəsizlik
məsələlərinin müzakirəsinə
həsr olunmuş konfrans işə başlamışdır. İki
gün davam edəcək tədbirdə ilk dəfə olaraq "Xəzər hövzəsində təhlükəsizliyin
təmin olunmasına dair Saziş Layihəsi"nin əsas prinsipləri müzakirə olunacaqdır.
Azərbaycan xarici
işlər nazirinin müavini Xələf Xələfov görüşü
açaraq demişdir
ki, Xəzərin hüquqi statusunun tam müəyyənləşdirilməsi
ilə bağlı regional perspektivlərin müzakirəsi baxımından
bu konfrans mühüm əhəmiyyət
kəsb edir. Xəzər hövzəsində təhlükəsizliyin təminatına
dair Saziş Layihəsinin Azərbaycanın
təşəbbüsü ilə hazırlandığını
vurğulayan X.Xələfov
dənizin su səthinin beynəlxalq hüquq normaları çərçivəsində bölünməsinin layihənin
əsas tərkib hissələrindən biri
olduğunu qeyd etmişdir. Region dövlətlərinin xarici siyasətdə ümumi razılığa
gəlmələrinə imkan
yaradan amillərdən
biri də son illər Xəzər regionunda həyata keçirilən
Qərbyönümlü beynəlxalq
əməkdaşlıq layihələrinin
çoxalmasıdır.
X.Xələfov
saziş layihəsi çərçivəsində qarşılıqlı əməkdaşlığın
əsas prinsiplərinin
artıq razılaşdırıldığını
vurğulamış və
qeyd etmişdir ki, bugünkü görüş bu istiqamətdə keçiriləcək
tədbirlərin birincisidir.
Nazir müavini iclasın sonunda yekun layihənin əldə olunacağına
ümidvar olduğunu bildirmişdir.
Bildirilmişdir ki, Xəzər dənizinin təhlükəsizlik məsələsi sonuncu dəfə 2007-ci ildə keçirilmiş Tehran sammitində müzakirə olunmuşdur. Həmin toplantıda qəbul olunmuş qərarlar əsasında bugünədək xeyli iş görülmüş, beynəlxalq layihələr həyata keçirilmişdir.
İşçi qrupun gündəliyinə Xəzərin ekologiyası, su resurslarının qorunması, nəqliyyat və digər iqtisadi layihələrin gücləndirilməsi kimi məsələlər daxil edilmişdir.
Daha sonra görüş mətbuat üçün qapalı davam etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 4.