Bakıda Azərbaycan arıçılıq məhsullarının
VII sərgi-satış yarmarkası
açılmışdır
Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin (GTZ) dəstəyi və "Qızıl pətək"
QHT-nin təşkilatçılığı ilə
paytaxtımızda "Azərbaycan arıçılıq məhsullarının
VII sərgi-satış yarmarkası"
açılmışdır. Kapellhausda (Alman-Azərbaycan Mədəniyyət
Birliyi) GTZ-in özəl sektorun inkişafı proqramına
uyğun olaraq keçirilən tədbirdə 20-yə
yaxın şəhər və rayondan 50-dən çox
arıçı iştirak edir.
Yarmarkada müxtəlif
çeşidli və keyfiyyətli balla yanaşı, arı
südü, güləm, vərəmum, arı çörəyi,
möhür və digər arıçılıq məhsulları
satılır. Qiymətlər də çox münasibdir.
Keyfiyyətindən asılı olaraq bir kiloqram balın qiyməti
20-50 manat arasında dəyişir. Ən qiymətli bal 100 faiz
təbii hesab edilən meşə balıdır.
Atalar nahaq yerə "Bal min bir dərdin
dərmanıdır" deməyib. Hər bir bal məhsulunun
insan orqanizmi üçün müəyyən müalicəvi
əhəmiyyəti vardır. Arıçıların dediyinə
görə, cökə balı ürək-damar xəstəliklərinə
olduqca xeyirlidir. Həm də qaraciyərin fəaliyyətini tənzimləyir.
Dağ çiçəklərinin balı isə
uşaqların sümüyünü bərkidir, zehni
inkişaf etdirir. "Arı çörəyi"nin tərkibində
insan orqanizmi üçün lazımlı olan 40 faiz təbii
kale, 17 faiz dəmir, 17 faiz kalsium var. Bu məhsuldan infarkt və
insult kimi xəstəliklərin müalicəsində, ürək-damar
sisteminin möhkəmləndirilməsində istifadə edilir.
Möhür balın qaymağıdır. Yeməkdən sonra
çeynəməklə ağız boşluğu və nəfəs
yollarını təmizləmək, ağ ciyəri müalicə
etmək olar. Yonca, çəmən və digər bal növləri
də müalicəvi xüsusiyyətləri ilə
seçilir.
Xanımlar yarmarkada baldan
hazırlanmış təbii kosmetik kremlər və üz
üçün maskalar əldə edə bilərlər.
Hər il ölkəmizdə təxminən
1300 tona yaxın bal istehsal olunur ki, bu da normal göstəricidir.
Arıçılıqda təsərrüfatların
genişləndirilməsi, ümumiyyətlə,
arıçılığın inkişafı
üçün damazlıq ana arıların yetişdirilməsi
əsas şərtdir. "Arıçılıq haqqında
qanun"un icrası nəticəsində buna nail
olunacağına ümid edilir.
Satış-sərgi yarmarkası
oktyabrın 25-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 4.