Azərbaycanda İordaniya Haşimilər Krallığının mədəniyyət günlərinə yekun vurulmuşdur

 

Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində təşkil edilmiş İordaniya Haşimilər Krallığının mədəniyyət günlərinə yekun vurulmuşdur.

Yekun konsertində iştirakçılar İordaniyanın turizm potensialını əks etdirən videofilmə baxmış, bu ölkənin milli geyimlərinə və "Ət-Tafilə dağları" mahnı-rəqs qrupunun çıxışına tamaşa etmişlər.

Gecədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İordaniyanın Azərbaycandakı səfiri Adel Adaileh iştirak etmişlər. Qeyd edək ki, bir həftə davam edən mədəniyyət günləri çərçivəsində şəhərimizin sakinləri və paytaxtımızın qonaqları İordaniya kino şirkətləri tərəfindən istehsal edilmiş filmlərə baxmış, bu xalqın adət-ənənələrini, milli xüsusiyyətlərini özündə əks etdirən ekspozisiyalarla tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 4.