Əməkdaşlığın yeni mərhələsi

 

"Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində şəhərimizdə TÜRKSOY Daimi Şurasının XXVI toplantısı keçirildi. Bəllidir ki, beynəlxalq təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs kimi dəyərlərin, müasir mədəniyyət, incəsənət sahələrinin yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını həyata keçirir. Bu təşkilatın əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirlərinin birinci görüşü keçirildiyi zaman qoyulmuşdur. Təşkilatın strukturunun idarəetmə orqanlarının, fəaliyyət mexanizmlərinin formalaşmasında qurumun 1992-ci ilin dekabrında Bakıda keçirilmiş ikinci toplantısının böyük əhəmiyyəti oldu. Uzun illər TÜRKSOY-a xalq artisti, professor, bəstəkar Polad Bülbüloğlu rəhbərlik etmişdir.

TÜRKSOY-un yaradılmasında əsas məqsədlərdən biri də türkdilli xalqların etnogenezi, tarixi, ədəbiyyat, mədəniyyət və incəsənətinin öyrənilməsi sahəsində elmi araşdırmaların aparılması, öz xalqlarının milli tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, eləcə də ənənələrinin yeni nəsil tərəfindən öyrənilməsinə dəstək verməkdir.

Bu illər ərzində TÜRKSOY-un fəaliyyəti türkdilli dövlətlərin rəhbərliyi tərəfindən daim dəstək qazanmış və təqdir olunmuşdur. Bu, payızda (2-3 oktyabr, 2009) Naxçıvan şəhərində türkdilli dövlət başçılarının IX sammitində qəbul edilən deklarasiyada öz əksini tapdı. Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev nitqində dedi: "Əminəm ki, zirvə görüşünün nəticəsi gözəl olacaq... Bizi müştərək tarix və tarixi mədəni köklər birləşdirir... Mədəniyyətimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Bu sahədə TÜRKSOY təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm. Gələcək illərdə TÜRKSOY-un fəaliyyətini biz daha da gücləndirməliyik. Təklif edirik ki, TÜRKSOY fondu yaradılsın. Onun maliyyə təminatı təşkil edilsin və bu fond bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun. Bir sözlə, fond praktiki cəhətdən səmərəli işlərlə xalqlarımızı daha da sıx birləşdirsin. Dünyada türkdilli xalqlar çoxdur və türkdilli xalqlar arasında dostluq, qardaşlıq ölkələrimizi də gücləndirəcəkdir".

TÜRKSOY Daimi Şurasının XXVI toplantısının açılış mərasimi "Qafqaz Point" mehmanxanasında oldu. TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimi açaraq geniş nitq söylədi. Natiq bildirdi ki, hesabat dövründə bu təşkilata daxil olan ölkələrdə bir çox yeniliklər, mədəni hadisələr baş verib. Xüsusilə də TÜRKSOY-un beynəlxalq layihəsi üzrə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkstan, Başqırdıstan və Tatarıstan opera teatrları solistlərinin iştirakı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşaya qoyulması böyük müvəffəqiyyətlə həyata keçirilib. Bu opera indi türkdilli dövlətlərin səhnələrində nümayiş etdirilməkdədir. Azərbaycanla bağlı iki yenilik də diqqətə çatdırıldı. Bu ilin sentyabrında aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Qeyri-maddi irs Siyahısına daxil edilib. Bununla bağlı TÜRKSOY 2010-cu ildə Parisdə - YUNESKO-nun qərargahında Novruz bayramını qeyd etməyi planlaşdırır.

Mərasimdə vurğulandı ki, Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əlaqələrin qurulması və genişləndirilməsi məsələləri də müzakirə edilib. Əbülfəs Qarayev bildirdi ki, qarşıdakı illərdə TÜRKSOY-un fəaliyyəti daha da genişləndiriləcək, Şərq-Qərb Bakı beynəlxalq kino festivalı çərçivəsində türkdilli ölkələrdə çəkilmiş filmlər nümayiş etdiriləcək.

TÜRKSOY-un baş direktoru Düsen Kaseinov qurumun türk xalqlarının daha da yaxınlaşması istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi. O dedi: "Bakının bir mədəniyyət mərkəzi olması İslam Konfransının iştirakçıları tərəfindən təsdiqləndi. Bu il "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində həqiqətən çox tədbirlər gerçəkləşdirilibdir. Bunlardan biri də "Koroğlu" operasının layihəsi ilə bağlıdır. Hazırda beş ölkədə bu möhtəşəm opera uğurla nümayiş etdirilib. Altı ölkədən 250 incəsənət ustasının iştirakı və TÜRKSOY-un sponsorluğu ilə həyata keçirilən bu mədəniyyət layihəsi müştərək türk mədəni irsinin təbliği, gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Dünyanın ən böyük operalarından sayılan "Koroğlu"nun türk xalqlarının teatr səhnəsində oynanılması türk mədəni həyatında çox böyük hadisədir. Mənə elə gəlir ki, bundan sonra da biz belə nəhəng əsərlərə müraciət etməliyik. Mən çox qürur duyuram ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev TÜRKSOY-un fəaliyyəti, genişlənməsi istiqamətində təşəbbüs göstərir, işimizi yüksək qiymətləndirir. Yəqin ki, yaxın vaxtlarda bütün həmkarlarımızın köməyi ilə TÜRKSOY-un akademiyası da yaradılacaq".

Açılış mərasimində TÜRKSOY-un üzvü olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Şimali Kipr Türk Respublikası, Qaqauz Yeri (Moldova Respublikasında yerləşir) və digər ölkələrdən gəlmiş nümayəndələr çıxışlarında Bakıda olmalarından, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmələrindən məmnunluqlarını bildirdilər. İki gün davam edən toplantının işçi qruplarında müxtəlif məsələlər müzakirə olundu. Bəzi hüquqi sənədlərə düzəliş və əlavələr edildi. Eləcə də qurumun 2010-cu il üçün Fəaliyyət Proqramının müzakirəsi aparıldı. Toplantıda türk mədəni irsinin qorunması və inkişaf etdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi, mədəniyyət sahəsində əməkdaşlığın yeni formalarının tətbiqi, tarixi mədəni əlaqələrin gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi müzakirə mövzusuna çevrildi.

Məruzə və çıxışlarda türkdilli xalqların daha da yaxınlaşması istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açıldı. Bildirildi ki, beynəlxalq münasibətlərin humanistləşdirilməsi və bu istiqamətdə ictimaiyyətin mənəvi inkişafının düzgün təyin edilməsi də əsas şərtdir. Türkdilli xalq və ölkələr arasında dost münasibətlərin qurulması və qorunması daim dəstəklənməlidir.

TÜRKSOY-un növbəti toplantısı 2010-cu ilin mayında Qaqauz Yeri Muxtar Respublikasında təşkil ediləcək. Bu dəfə TÜRKSOY Daimi Şurasının müvəqqəti əlaqələndiricisi vəzifəsini isə muxtar bölgənin mədəniyyət naziri Dmitri Kambur daşıyacaq. Bu toplantıda həmçinin TÜRKSOY Daimi Şurasının XXVI toplantısının yekun sənədi - Bakı Bəyannaməsi imzalandı. Sənəddə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin irəli sürdüyü təklifə əsasən TÜRKSOY-un təşkilatçılığı ilə "Ümumtürk mədəniyyətinin inkişaf strategiyası"nın hazırlanması, dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə TÜRKSOY Fondunun yaradılması öz əksini tapdı. Qurumun Avropa Şurası, İSESKO və bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq qurması və mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı prosesi"ndə fəal iştirak etməsinin vacibliyi də qeyd edildi. Sənəddə, həmçinin, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda türk mədəni irsinin dağıdılması ilə bağlı məsələlər də yer aldı. Qeyd olundu ki, işğal olunan ərazilərdə qədim türk abidələri, ibadətgahlar, tarixi memarlıq kompleksləri, mədəniyyət ocaqları, sözün əsl mənasında, məhv edilib. Ermənilər təkcə insanlara deyil, tarixi abidələrə də divan tutublar. Bəyannamədə TÜRKSOY-un Avropa Şurasının "Sənətçilər dialoq naminə" layihəsində iştirak etməkdə maraqlı olduğu da qeyd edilmişdir. Bu toplantıdan sonra qurumun fəaliyyət dairəsi daha da genişlənəcək və təşkilat beynəlxalq status daşıyacaq. Bu səbəbdən də qurum Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı (TÜRKSOY) adlanacaq. Beynəlxalq qanun və nizamnamələrə uyğun fəaliyyət göstərəcək təşkilatın baş direktoru isə baş katib statusunu yerinə yetirəcək. TÜRKSOY-un beynəlxalq qurumlar tərəfindən tanınması və əlaqələrin genişləndirilməsi üçün ardıcıl addımlar atılacaq.

Şübhəsiz ki, bu mühüm tədbir növbəti ildə mədəni əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə öz töhfəsini verəcək. Jurnalistlər üçün keçirilən mətbuat konfransında da məhz bu məsələlərdən ətraflı söhbət açıldı.

Toplantı ərəfəsində muzeylərdə, rəsm qalereyalarında, konsert salonlarında bu təntənənin əks-sədası duyulurdu. Muzey mərkəzində türkdilli xalqlara məxsus rəssamların əsərlərindən ibarət sərgilər təşkil edildi. "Rəssamların görüşməsi" adlanan bu sərgidə nümayiş etdirilən əsərlər sənət adamlarının rənglər dünyasından xəbər verirdi. Filarmoniyada təşkil edilən aşıqlar konserti və Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları da rəğbətlə qarşılandı.

Tədbir günlərində ayrı-ayrı ölkələrdən gəlmiş nümayəndə heyətlərinin üzvlərindən alınmış kiçik müsahibələrdə də mədəniyyət sahəsində əməkdaşlığın yeni formalarına toxunulurdu.

 

İradə Əyyubova, Tatarıstan mədəniyyət nazirinin müavini:

 

- Əslən bakılı olduğum üçün bu tədbirin mənim doğma şəhərimdə keçirilməsindən böyük zövq aldım. Açığı, şəhəri tanımadım. Bakı inanılmaz dərəcədə gözəlləşib. Doğrudur, mən özüm də qonağam, amma həmkarlarıma Bakı haqqında danışdıqca özümü ev sahibi sanırdım. Axı başqa cür necə ola bilər? Əməkdaşlığın ən gözəl və vacib yollarından biri də qarşılıqlı surətdə mədəniyyətlərin tanınmasıdır. Bunun üçün də həm Tatarıstanda, həm Azərbaycanda mədəniyyət günlərinin təşkili, mədəniyyət xadimlərinin, incəsənət işçilərinin bir-biri ilə tanış olması, yaradıcılıq müzakirəsi aparılması, yeni mövzular üzərində düşünməsi, bir-birinin məsləhət və tövsiyələrini eşitməsi çox vacibdir. Mən fəxr edirəm ki, Azərbaycanın çox qədim və zəngin mədəniyyəti var. Bəlkə də hansısa bir dövrdə bu mədəni sərvətlərin talanmasına, dağıdılmasına, oğurlanmasına, bəzi hallarda da gizlədilməsinə yol verilib. Amma indi gördüm ki, dövlət başçısı, ölkənin birinci xanımı Mehriban Əliyeva bu sahədə çox böyük işlər görürlər. Bu, məni sevindirdi. Mədəniyyət sahəsində böyük nailiyyətlər var. Bakı artıq beynəlxalq festivalların, simpoziumların, dialoqların, konfransların mərkəzinə çevrilir. Paytaxtda yandırılan bu mədəniyyət işığının şöləsi rayonlara düşüb. Qəbələdə beynəlxalq musiqi festivalı keçirildi. Türkdilli dövlətlərin başçıları Naxçıvana toplaşdılar. Bir sıra mühüm siyasi məsələlərlə yanaşı, TÜRKSOY-un fəaliyyətinə də toxundular. Xalqların yaxınlaşmasında mədəni əlaqələrin vacibliyini irləi sürdülər.

 

Dmitri Kampur, Qaqauz Yeri Muxtar Respublikasının mədəniyyət, turizm və ekologiya naziri:

 

- Mən sizlərdən biriyəm. Dilimiz, kökümüz eynidir. Mən çox istərdim ki, azərbaycanlı həmkarlarımız ölkəmizə gəlsinlər. Bizim mədəniyyətimizlə, tariximizlə, folklorumuzla, türkü və şərqilərimizlə yaxından tanış olsunlar. Növbəti il TÜRKSOY-un toplantısı bizim ölkədə olacaq. Sevinirəm ki, türkdilli xalqlar bizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Bakı hər bir türkün arzularının, xəyallarının şəhəridir. Hələ də inana bilmirəm ki, dünyaya səpələnmiş türklər bir araya gələrək mədəni əlaqələr barədə fikirləşirlər. Doğrudan da bu tarixi hadisələrin şahidi və iştirakçısı olmaq bəxtəvərlikdir. Sevinirəm ki, Azərbaycanın enerjili, müasir baxışlı başçısı var. Bu baxımdan da qazancınız bol olar. Qədim el sənəti olan aşıqlarımızın səsi indi YUNESKO-dan gələcək. Bu, bizi çox sevindirdi. Harada türk varsa, orada aşıq var və yaxud da əksinə. Bir qəribəlik var ki, türkün bütün mədəni sərvətlərinə şərik çıxan yadlar olub. Mahnımızı oğurlayıblar, neçə musiqi alətimizi adlarına çıxıblar. Amma saza yaxınlaşmağa kimsə cürət etməyib. Çünki saz türkün möhürüdür. Eşidəndə ki Dövlət Filarmoniyasında aşıq konserti olacaq, çox sevindim. Bu sazın səsində nə sehr varsa, adam ancaq dünəninə qayıdır. Mən istərdim ki, təkcə musiqiçilər, incəsənət adamları deyil, yazıçı və şairlər, siyasətçilər və digərləri də bizim ölkəmizə gələrək həyat tərzimizlə, milli adət-ənənələrimizlə, siyasi düşüncəmizlə, təfəkkürümüzlə maraqlansınlar. Özünüz görəcəksiniz ki, bizim adətlərimiz nə qədər yaxındır.

...Bakıda keçirilən TÜRKSOY Daimi Şurasının XXVI toplantısının iştirakçılarının birlikdə üz tutduqları ilk yer Heydər Əliyev sarayının qarşısındakı park oldu. Onlar burada müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək sanki onun ruhundan xeyir-dua aldılar. İki gün keçən toplantı səmərəli oldu və lazımi sənədlərin imzalanması ilə başa çatdı. Paytaxtın mədəniyyət ocaqları, park və xiyabanları ilə tanış olan qonaqlar ulu öndərin istər siyasətdə, istərsə də mədəni sahədə gördüyü dəyərli işlərin layiqli davamçısı cənab İlham Əliyevin klassik irslə müasirliyi birləşdirərək yaratdığı yeniliklərdən fərəhlənirdilər. Azərbaycan yeni dünyaya açılan geniş bir pəncərədir. Bu pəncərədən görünənlər isə maraqlı və yaddaqalandır!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 7.