Azərbaycanda Diplomatik Xidmətin yaranmasının 90 illik yubileyi münasibətilə Qahirədə konfrans olmuşdur

 

Azərbaycanda Diplomatik Xidmətin yaranmasının 90 illik yubileyi münasibətilə oktyabrın 20-də Qahirədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi və Misirin Ayn-Şəms Universitetinin Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə "Misir və Azərbaycan: Dostluq və əməkdaşlığın bugünü və sabahı" mövzusunda konfrans keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, konfransda Misirin səhiyyə, xarici işlər nazirlərinin müavinləri, hökumət və parlamentin üzvləri, diplomatik korpusun nümayəndələri, Ərəb Dövlətləri Liqasının təmsilçiləri, Səudiyyə Ərəbistanı Krallığının Yaxın Şərq Hüquqi və Strateji Araşdırmalar Mərkəzinin direktoru, hakim Milli Demokratik Partiyanın nümayəndələri, Misirin aparıcı universitetlərinin rəhbərləri, tədqiqatçı alimlər, politoloqlar, ekspertlər və mətbuat təmsilçiləri - ümumilikdə 450 nəfərə yaxın nümayəndə tədbirdə iştirak etmişdir.

Konfrans iştirakçılarına səfirliyin sifarişi ilə hazırlanmış Azərbaycan Diplomatik Xidmətinin 90 illiyi ilə bağlı müxtəlif xatirə hədiyyələri, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və broşürlər, Azərbaycanla bağlı müxtəlif sahələri əhatə edən sənədli filmlərin DVD nüsxələri təqdim olunmuşdur.

Konfrans Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.

Mərasimdə çıxış edən Ayn-Şəms Universitetinin Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmaları Mərkəzinin müdiri professor Camal Şaqra "Mədəniyyətlərarası dialoq: Misir və Azərbaycan" mövzusunda çıxış etmişdir.

Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri professor Əhməd Omar Həşim çıxışında ölkələrimiz arasındakı dostluq əlaqələrindən, hər iki xalqın eyni mədəni, tarixi və dini köklərə malik olmasından bəhs etmişdir.

Səfir Faiq Bağırov çıxışında Azərbaycan-Misir əlaqələrinin inkişaf tarixindən, hazırkı səviyyəsindən və bu istiqamətdə görülən işlərdən danışmışdır. Universitetin rektoru professor Əhməd Zəki Bədr Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə səfərini xatırlatmış və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələr barədə danışmışdır.

Fasilədən sonra konfrans işini sessiyalarda davam etdirmişdir. Birinci sessiyada Səudiyyə Ərəbistanı Krallığının Yaxın Şərq Hüquqi və Strateji Araşdırmalar Mərkəzinin direktoru professor Ənvər Məcid Eşqi "Bölgədə baş verən geostrateji proseslər fonunda Azərbaycanın yeri" mövzusunda çıxış etmişdir. Daha sonra Ayn-Şəms Universitetinin professoru Məhəmməd Həvari "Azərbaycanda mədəniyyətlərin rəngarəngliyi" mövzusunda çıxış etmişdir.

Misirdə ərəb dilində nəşr edilən "Azərbaycan" qəzetinin baş redaktoru Məhəmməd Sələminin çıxışı isə "Mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun canlandırılmasında Azərbaycanın rolu" mövzusuna həsr edilmişdir.

Asiya Araşdırmaları İnstitutunun tədqiqatçı-alimi Əhməd Əbdül-Vahhab əl-Şərqavi "Dağlıq Qarabağ münaqişəsi: Başlanğıcdan sülh prosesinə qədər" adlı məruzəsində münaqişənin tarixi kökləri, səbəbləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi barədə BMT Təhlükəsizlik Şurasının, İKT və digər nüfuzlu beynəlxalq təşkilatların məlum qətnamələrinə məhəl qoymaması və problemin həlli istiqamətində tərəflər arasında aparılan danışıqlar barədə məsələlərə toxunmuşdur.

Professor Nəgi Hadhud "Dağlıq Qarabağ tarixən və coğrafi baxımdan Azərbaycana məxsusdur" adlı məruzəsində Dağlıq Qarabağın tarixi və etnik mənşəyi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini zəbt etməsi və bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşməsi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir.

Professor xanım Hoda Məhmud Nayilin məruzəsi "Azərbaycan və Xəzər dənizinin sərvətləri", MƏR parlamentində təhsil və elmi-tədqiqat komissiyasının sədri Camal Həsənin çıxışı isə "Azərbaycan ilə Misir arasında əməkdaşlıq perspektivləri" mövzularına həsr edilmişdir.

Sessiyalarda və "dəyirmi masa"da çıxış edən 15 məruzəçi Azərbaycanın 1991-2009-cu illərdə keçdiyi inkişaf yolu, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş iqtisadi layihələr, Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələri, Misir-Azərbaycan münasibətlərinin əhəmiyyəti, Qafqaz və Yaxın Şərq bölgələri arasında tarixi bağlar, Qafqazda sabitlik, Xəzər dənizində təhlükəsizlik, Azərbaycanda ədəbi hərəkat, Azərbaycan cəmiyyətində qadınların mövqeyi və bir sıra digər aktual mövzulara toxunmuşlar.

Konfransın sonunda məruzəçilər sualları cavablandırmışlar. Ekspertlərin müzakirə edilmiş mövzularla bağlı rəyləri nəzərə alınaraq, iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə dair tövsiyələr qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 6.