Dəvətsiz "qonağ"ın nəzakətsiz davranışı

 

Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsini oxuyanda "nəhayət ki" deyib dərindən nəfəs aldıq. Bu məsələnin ictimai müzakirəyə çıxarılması çox təqdirəlayiq haldır. Çünki bununla biz - televiziya seyrçiləri susmayıb fəal fikir mübadiləsinə qoşulmaq imkanı qazandıq.

Özəl televiziya kanalları ölkənin teleradio məkanını zənginləşdirməyə xidmət göstərməlidir. Hər gün evlərimizin qonağı olan və ailəlikcə izlədiyimiz bu verilişlərdən umacağımız çoxdur. Müasir dövrün tələblərini nəzərə alan, yüksək efir mədəniyyəti nümayiş etdirən heç bir veriliş diqqətdən kənarda qalmır. Lakin bəzi verilişlər zamanı elə vəziyyət yaranır ki, istər-istəməz kanalı dəyişməyə məcbur olursan. Amma bu, izsiz ötüşmür. Həmin verilişin yaratdığı ab-hava əsəbləri tarıma çəkir. Başqa bir kanala keçsən də, "axı niyə" sualına cavab axtara-axtara qalırsan.

Bir tamaşaçı kimi mənim ən böyük iradım qaçan sətirlərlə bağlıdır. Bir müddət Türkiyədə yaşamışam. Oralarda adətən bu cür qaçan sətirlər sırf musiqi proqramlarının nümayişi zamanı efirə verilir. Kiminsə hansı boyda-buxunda, hansı yaşda qız və ya oğlan axtarması, bəlkə də, həmin musiqi proqramlarının, kliplərin nümayişi zamanı ekranda qaçması keçərlidir. Lakin bəzən çox ciddi mövzuda: vətəndən, vətəndaşlıqdan, gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhidlikdən bəhs edən verilişlərin şirin yerində ekranda qaçan sətirlər görünür. Çox duyğusal, kövrək bir məqamda verilişə belə yersiz müdaxiləsilə qəzəb yaradan bu sətirlərin müəllifi bir yana, onu efirə verənlərə əsəbiləşməyə bilmirsən! Axı nə vaxtdan bizim qızlarımız oğlan axtarışlarını bu cür çaparaq qaçan sətirlərlə bəyan etməyə başlayıblar?! Oğlanlar qızları az qala "növlərə bölməklə" sifarişlərini yazmağa ürəkləniblər?! Kimdir bu insanlar? Əminəm ki, onlarda əqidə, əxlaq deyilən və insanlığın vacibi olan bu sifətlər yerli-dibli yoxdur. Matəm mərasimində qəflətən qəhqəhə çəkib gülənə nə deyirlər? Şuşanın işğalından, Xalq Cümhuriyyətinin süqutundan, şəhidlərin tökdükləri qandan bəhs edən verilişdə qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik sətirləri yazanları da, onu efirə ötürənləri də əsl vətəndaş adlandırmaq olarmı? Axı biz müharibə vəziyyətində olan bir dövlətik. Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimiz, vətənpərvərlik təbliğ olunarkən SMS-lərin yayımlanmasına nə ad vermək olar?

Efir məkanı kimi çox mühüm məsələnin müzakirəsi zamanı yenə də həmin mövzunun nə qədər ciddi olduğunu dərk etməyənlər müxtəlif arqumentlərlə özlərinə haqq qazandırmağa çalışırlar. "Maqazin", "Bazar" proqramlarının daha çox tamaşaçısı (bunu nəyin əsasında söylədikləri də qeyri-müəyyəndir) olduğu fikrini irəli sürənlərə isə təəssüf etməyə bilmirsən. Bircə onu söyləmək kifayətdir ki, əgər dediklərinizə əminsinizsə, onda həmin tamaşaçıları o cür bayağı verilişlərə baxmağı, ədəbdənkənar ifadələri və şit zarafatları sevməyi sizlər - hörmətli telekanal rəhbərləri - sizlər aşılamamısınızmı? Çünki bəzi mənfilik, lağlağı, bayağı söz-söhbət zəif insanları daha tez cəlb edir, onlarda maraq yaradır. Bəzən hətta məhəllə qeybəti səviyyəsinə düşən verilişlər tamaşaçıya nə verə bilər? Sənətdən, sənətkardan söhbət gedərkən onun zənginliyini, dəbdəbəli həyat tərzini "gözə soxmaq" çoxmu vacibdir? Unutmaq olmaz ki, puldan, sərvətdən daha önəmli məsələlər var.

Elinin, obasının, üstündə gəzdiyi torpağın təəssübünü çəkən hər kəs unutmamalıdır ki, telekanalların verilişləri peyk vasitəsilə dünyanın müxtəlif ölkələrində yayımlanır. Azərbaycanı tanımayan, onun adət-ənənəsinə bələd olmayan hər hansı bir xalqın nümayəndəsi televiziya verilişlərini izləyərkən onda yarana biləcək mənfi emosiyalar bir neçə laqeyd adamın günahı ucbatından hər birimizə ünvanlanır. Çünki jurnalist araşdırması olmayan peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi mövzulardan uzaq olan bu bayağı, mənasız verilişlər günü-gündən çiçəklənən müstəqil ölkəmiz haqqında yanlış təsəvvür yaradır.

Digər bir məsələ isə peşəkarlıqla bağlıdır. Adətən bölgələrdə olan telekanallarda bu, özünü daha qabarıq büruzə verir. Televiziya üçün kadr seçərkən və bu məqsədlə elan veriləndə "18-25 yaş arasında olan oğlan və qızlara" nəinki üstünlük verilir, hətta əsas tələblərdən biri məhz bu olur. Doğrudur, gənclərin enerjisi, baxımı, maraq dairəsi yüksəkdir. Eləcə də onlar ekranlara yaraşırlar. Lakin televiziyada işləmək nə gözəllik müsabiqəsidir, nə də qarson seçimi. Burada yaraşıq və yaş tələbindən öncə peşəkarlıq gərəkdir. Bəzən bu seçim ona gətirib çıxarır ki, efirə çıxan aparıcının danışdığı təkcə onun özünə məlum olur. Azərbaycan dilini o vəziyyətə salırlar ki, qulaqlarına inanmağın gəlmir: görəsən mən doğrumu eşitdim? Bu sözləri efirdən söyləmək olarmı? Sən bu düşüncələrdə ikən aparıcı süni gülüşü, yersiz hərəkətləri ilə dur-duracaq tanımır. Hətta o qədər iddialı olur ki, başı çıxmayan məsələlərdə belə hökm verməyə özündə cürət tapır! Hələ şəxsi həyatda bərkə-boşa düşməmiş bu "çoxbilmişlər" gəlin-qaynana, ər-arvad münasibətlərini "aydınlaşdırırlar". Hamıya dərs keçir, məsləhət verir, zəng edənlərə irad tutur, bir sözlə, hökmü, hökmranlığı ilə efirə naşı bir meydan oxuyurlar! Deyirlər ki, gözəldən tez doymaq olur. Gözəl əxlaq və davranışdan isə heç vaxt doymaq olmaz. Bax, "ekran yaraşığı" olan bu qeyri-peşəkarlar çox mühüm bir mövzunu öz ibtidai davranış və primitiv mühakimələri ilə bu cür korlaya bilirlər.

Bəzən xarici dövlətlərlə bağlı yanlış şeylərdən nümunə götürəndə onu da bilməlidirlər ki, həmin ölkələrdə teleradio verilişləri zamanı etik normaları pozan yanlış təsəvvürləri yayan, eləcə də qərəzli verilişlər hazırlayan kanallar müvafiq orqanlar tərəfindən "ekranqaraltma" cəzasına layiq görülürlər və yəqin ki, bunu bilməmiş deyillər.

Elə məsələ var ki, orada "mənim", "sənin" sözü olmamalıdır. "Özələm" deyib Azərbaycanın milli-mənəvi dəyərlərinə etinasızlıq göstərənlər bu xalqın övladı olduqlarını unutmasınlar gərək! Və hər gün "bu vətən mənə nə verib" deyil, "mən vətənə nə vermişəm" sualını özlərinə dönə-dönə versinlər.

 

 

Rəfiqə SADIQOVA,

yazıçı-publisist, Gəncə

Yazıçı Qadınlar İctimai

Birliyinin sədri

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 6.