Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Jan Lukas İnayat van Hoornun etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23- Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoornun etimadnaməsini qəbul etmişdir.

Səfir Jan Lukas İnayat van Hoorn fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi mədəni sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Praqada Şərq Tərəfdaşlığı sammitində Niderland Krallığının Baş naziri ilə uğurlu görüşünü xatırlayan dövlətimizin başçısı görüşün ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafının Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd etdi.

Jan Lukas İnayat van Hoorn ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından şərəf duyduğunu dedi. Qarşısına ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi vəzifəsinin qoyulduğunu bildirən Jan Lukas İnayat van Hoorn diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 1.