Aleksandr LUKAŞENKO: "Belarus ilə Azərbaycanın münasibətlərində
qapalı mövzu yoxdur"
Oktyabrın 23-də
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş
nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə
bildirmişdir ki, Belarus ilə Azərbaycanın münasibətlərində
qapalı mövzu yoxdur.
Prezident qeyd etmişdir
ki, Belarus və Azərbaycan xalqları arasında
qardaşlıq və dostluq münasibətləri
mövcuddur. Çünki belarusların azərbaycanlılara
qarşı heç bir iddiası olmadığı kimi, azərbaycanlıların
da belaruslara qarşı heç bir iddiası yoxdur.
O, həmçinin
bildirmişdir ki, Azərbaycanla əməkdaşlıq etmək
Belarus üçün çox sərfəlidir,
çünki bu iki ölkənin iqtisadiyyatları kəsişmir
və bir-birini tamamlayır. O demişdir: "Biz xarici iqtisadi
fəaliyyətimizi şaxələndirməyə və Azərbaycana
istiqamətlənməyə məmnuniyyətlə
hazırıq və artıq bu yöndə iş
aparırıq".
Belarus lideri Azərbaycan
Prezidenti İlham Əliyevlə onun arasında sıx dostluq
münasibətləri olmasına toxunaraq
vurğulamışdır: "Biz onun atası Heydər Əliyevlə
də yaxın dost idik. Onunla çox səmimi münasibətlərimiz
vardı".
Prezident vurğulamışdır ki, Belarusun Azərbaycanla əməkdaşlıq etməsi təkcə Azərbaycanın böyük potensiala malik olması ilə deyil, həm də onunla əlaqədardır ki, Azərbaycan rəhbərliyinin də bu cür əməkdaşlığa maraq göstərməsi göz qabağındadır. Aleksandr Lukaşenko demişdir: "Azərbaycanın problemləri olduğunu bilirəm, onun əsas probleminin nədən ibarət olduğunu da bilirəm, lakin zənnimcə, onların hamısı həll ediləcəkdir. Sizin malik olduğunuz potensial hər hansı problemləri həll etməyinizə imkan verir".
Prezident onu da qeyd etmişdir ki, Yaqub Eyyubovun Belarusa səfəri bir sıra mühüm layihəni araşdırmağa imkan verəcəkdir.
Yaqub Eyyubov bildirmişdir ki, regionda böyük nüfuza malik olan Belarus Azərbaycan üçün mühüm strateji tərəfdaşdır. Belarusda istehsal edilən kənd təsərrüfatı texnikasının keyfiyyəti barədə yüksək fikir söyləyən Baş nazirin birinci müavini Azərbaycanda MTZ traktorlarının yığılmasını xatırladaraq demişdir: "Biz çalışırıq ki, əməkdaşlığımız daha da dərinləşsin, əmtəə dövriyyəsinin həcmi artsın". Yaqub Eyyubov daha sonra demişdir: "Belarusda istehsal edilən texnika sayəsində biz məhsulun həcmini artırmağa nail olmuşuq, bu gün biz üçüncü ölkələrdə satılmaq üçün həmin texnikanı birgə istehsal etmək barədə razılığa gələcəyik".
AzərTAc
Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 1.