Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edir
Ölkə rəhbərliyinin son
6 ildə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi,
iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx
inteqrasiyası, sahibkarlığın inkişafına əlverişli
şəraitin yaradılması, qanunçuluğun gücləndirilməsi
istiqamətində apardığı siyasət bugünkü
uğurlarımızı şərtləndirir. Azərbaycanın
malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli
istifadə olunması və yeni neft strategiyasının həyata
keçirilməsi uğurlu nəticələr vermişdir. Xəzər
dənizinin zəngin neft-qaz yataqlarının mənimsənilməsi
və bu sərvətin dünya bazarlarına
çıxarılması yeni əməkdaşlığın
qurulmasına geniş imkanlar açmışdır.
Prezident İlham Əliyevin
uzaqgörənliyi sayəsində respublikamız hazırkı
qlobal böhran şəraitində belə sürətli
sosial-iqtisadi inkişafını qoruyub saxlayır,
böyük infrastruktur layihələri, regional proqramlar həyata
keçirir, Avropanın enerji təhlükəsizliyinə
öz töhfəsini verir. Cəmiyyətin bütün sahələrini
əhatə edən dirçəliş, intibah meyilləri
sosial-mədəni sferada da qabarıq şəkildə
özünü göstərir. Azərbaycanda müasir
dünyada qəbul edilmiş dövlət idarəetmə
sistemlərinə uyğun milli dövlət quruculuğu
istiqamətində islahatlar uğurla davam etdirilir. Aparılan
islahatların əsas məqsədi çevik dövlət
idarəçilik sisteminin formalaşdırılması, insan
və vətəndaş hüquq və
azadlıqlarının yüksək dövlət təminatına
nail olmaq və bütövlükdə Azərbaycanın beynəlxalq
aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən
ibarətdir.
Başqa sözlə desək,
Prezident İlham Əliyev "sosial rifah dövləti",
"hüquqi dövlət", "vətəndaş cəmiyyətinə
dogru" səsləndirdiyi fikirlərin realizəsi istiqamətində
son altı ildə atdığı kardinal addımlarla Azərbaycanı
tərəqqi yoluna çıxarmışdır.
Ölkə
başçısı respublikamızın sürətli
sosial-iqtisadi inkişafına hesablanan mühüm fərman və
sərəncamlar imzalamaqla yeni inkişaf mərhələsinin
əsasını qoydu. "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)"nın təsdiq edilməsi
haqqında" fərmanda qarşıya qoyulan vəzifələrin
uğurla həyata keçirilməsi bu istiqamətdə
işlərin davam etdirilməsini zəruri etmişdir. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərədə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" da növbəti illərdə,
ölkə iqtisadiyyatının davamlı inkişafı,
xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin
etibarlı ərzaq təminatının təmin edilməsi,
investisiya mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlığa
dövlət dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
artırılması istiqamətində kompleks tədbirlərin
həyata keçirilməsinə hesablanıb.
Dövlət proqramında ölkənin
iqtisadi inkişaf strategiyasının mühüm tərkib
hissəsi olan torpaq ehtiyatlarının davamlı və
dayanıqlı istifadəsi ön plana çəkilmiş, kənd
təsərrüfatının dinamik inkişaf etməsi, kənd
əhalisinin sosial həyat səviyyəsinin yüksəldilməsi,
xüsusilə insanların yerlərdə məşğulluğunun
təmin edilməsi sahəsində görüləcək
işlər öz əksini tapmışdır. Təbii ki, bu
proqramın da uğurla reallaşdırılması aqrar
sektorun daha da inkişafı, bölgələrdə yeni
infrastrukturların yaradılması, sahibkarlıq mühitinin
genişləndirilməsi, yeni iş yerlərinin
açılmasına və əhalinin sosial rifah
halının yüksəldilməsinə gətirib
çıxaracaqdır.
Kənd təsərrüfatının
maddi-texniki bazasını möhkəmləndirmək,
istehsalçılara texniki xidməti daha da genişləndirmək
məqsədilə ölkə başçısı
İlham Əliyevin "Aqrar bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında" sərəncamı
ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin
yaradılması aqrar sektorun inkişafına mühüm
töhfə olmuşdur. Kənd təsərrüfatı məhsulu
istehsalçılarına kənd təsərrüfatı
texnikasının alınaraq icarəyə verilməsi, eləcə
də meliorasiya məsələlərinin həlli bu sahədə
böyük dirçəlişə gətirib
çıxarmışdır. Aqrar sektorda aparılmış
uğurlu islahatların nəticəsidir ki, respublikamızda
istehsal olunan kənd təsərrüfatı məhsullarında
hər il dinamik artım müşahidə edilməkdədir.
Dövlət tərəfindən
kənd təsərrüfatının inkişafına
göstərilən diqqət və qayğının bariz
nümunəsidir ki, bu il adıçəkilən sahədə
artım 3 faiz təşkil etmişdir. Ölkə tarixində
ilk dəfə olaraq rekord səviyyədə - 3 milyon ton
taxıl istehsal olunmuşdur.
Ölkə rəhbərliyi tərəfindən
həyata keçirilmiş tədbirlər nəticəsində
sahibkarlıqla məşğul olan şəxslərin hərtərəfli
fəaliyyəti üçün geniş imkanlar
yaradılmışdır. Dövlət
başçısının sərəncamı ilə təsdiq
edilmiş Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsində
kreditlərin verilməsinin sadələşdirilməsi və
faiz dərəcələrinin maksimum aşağı
salınması, güzəştli kreditlərin
artırılması özəl sektorun inkişafına
güclü təkan vermişdir. Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına 9 ay ərzində 1700
sahibkarlıq subyektinə 100 milyon manat güzəştli
kreditlər verilmişdir. Bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,4 dəfə
çoxdur. Maliyyələşdirilmiş layihələrin 99
faizi regionların payına düşür. Bu kreditlər
hesabına 7 mindən çox yeni iş yeri
açılacaqdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "Çox sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət çox sabitdir. Doqquz ayda inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir. O da həqiqətdir ki, yenə də müqayisə aparsaq, - baxmayaraq ki, mən bunun tərəfdarı deyiləm, - əgər dünyada bu böhranlı vəziyyət yaşanmasaydı, biz heç vaxt müqayisə aparmazdıq. Amma müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir - iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir. Bununla bərabər onu da böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz artıbdır. Bu onu göstərir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayırlar. Əhalinin 10 faiz artan pul gəlirləri, əlbəttə ki, cəmiyyətin bütün təbəqələrində bərabər şəkildə bölünməyib. Bu da təbiidir. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Amma yenə də çox gözəl göstəricidir. Əhalinin 10 faizi artan pul gəlirləri, 2 faizlik inflyasiya - deməli, real artım templəri 8 faizdir. Böhranlı il üçün, hesab edirəm ki, dünya miqyasında nadir bir göstəricidir".
Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu illər üçün hazırladığı "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan isə 90-cı yerdədir.
Ölkə iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf, həm də əhalinin rifahının yaxşılaşmasına, o cümlədən gəlirlərin və əməkhaqqının artmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, doqquz ay ərzində orta aylıq əməkhaqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına düşən gəlirlər 8,4, pullu xidmtlər isə 12,5 faiz artmışdır.
Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət strategiyası ölkəmizin bölgədə və dünyada nüfuzunu ildən-ilə yüksəltməkdədir. Ölkəmizin artan iqtisadi imkanları daha böyük infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verir. Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycan gündən-günə inkişaf edir və ölkə əhalisinin maddi rifah halı yüksəlir. Bütün sahələrdə əldə olunmuş yüksək nəticələr bu iqtisadi siyasətə alternativin olmadığını bir daha təsdiq edir.
Elnur HACIALIYEV
Azərbaycan.- 2009.- 24
oktyabr.- S. 2.