Bakıda "Əqli mülkiyyət hüquqlarının
təminatı"mövzusunda seminar keçirilmişdir
Oktyabrın 23-də Bakıda
"Park İNN-Azərbaycan" mehmanxanasında Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyinin və
İsveçrənin Əqli Mülkiyyət üzrə
Federal İnstitutunun birgə təşkilatçılığı
və İsveçrənin İqtisadi Məsələlər
üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi
ilə "Əqli mülkiyyət hüquqlarının təminatı"
mövzusunda seminar və "Azərbaycan Respublikasında əqli
mülkiyyət hüquqları" məlumat
kitabçasının təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə
açan Azərbaycan Müəllif Hüquqları Agentliyinin
sədri, professor Kamran İmanov bildirmişdir ki, seminar və
kitabçanın təqdimatı əqli mülkiyyət
hüquqlarının müdafiəsi üzrə
İsveçrə-Azərbaycan birgə layihəsinin son mərhələsidir.
İkiillik layihənin məqsədi İsveçrə
hökumətinin Azərbaycanda əqli mülkiyyət
hüquqlarının təminatına dəstək verməkdir.
Son 20 ildə dünyada ən çox nəzərə
çarpan və sürətlə inkişaf edən fenomen əqli
mülkiyyətdir, ictimai rəyi cəlb edən isə əqli
mülkiyyətin dəyişmiş iqliminin idarə edilməsidir.
Çünki betona və dəmirə əsaslanan iqtisadiyyat
ardıcıl olaraq ideya və biliklərə əsaslanan
iqtisadiyyata çevrilərək "biliklər
iqtisadiyyatı", "kreativ industriya", "rəqəmli
mədəniyyət formaları"nı yaradır. Bu gün
inkişaf etmiş ölkələrin 80-90 faizinin ümumi
daxili məhsul (ÜDM) istehsalının artımı texnika və
texnologiyalarda öz əksini tapmış yeni biliklərin
hesabınadır.
Diqqətə
çatdırılmışdır ki, müəlliflik
hüququna əsaslanan sənayenin (kreativ industriya) ÜDM-dəki
payı bir sıra ölkələrdə 15 faizə qədər
təşkil edir. Ümumiyyətlə, kreativ industriya
dünya iqtisadiyyatında 8 faizə qədər olduğu halda
trilyonlarla ABŞ dolları ilə ölçülür və
illik artımı 5-6 faiz arasındadır. Eyni zamanda,
mikroiqtisadi səviyyədə cərəyan edən proseslər
də diqqəti cəlb edir. Belə ki, şirkətlərin əqli
mülkiyyətə əsaslanan qeyri-maddi aktivləri maddi
aktivləri sıxışdırmış və öz xeyrinə
3:1 nisbətinə gətirib çıxarmışdır.
Biz mədəniyyət ifadələrinin
əksəriyyətinin rəqəmləşdirilərək
internetə miqrasiyasının şahidiyik. Musiqi, filmlər, xəbərlər
proqramı, ədəbiyyat və incəsənət nümunələri
- bütün bunlar artıq virtual bazardadır. Yalnız məşhur
"Youtube" portalına hər dəqiqə daxil olan rəqəmli
kontent 10 saatlıq videoproqramlardan ibarətdir. İnformasiya
texnologiyaları və əqli mülkiyyət
cütlüyü hazırda elektron kommersiya vasitəsilə
daha da gücləndirilmişdir. Belə ki, internetdə,
virtual bazarda satılan malların 50 faizdən çoxu əqli
mülkiyyətə əsaslanan məhsullardır və
bunların hər beşindən dördü müəlliflik
hüququ ilə qorunur. Bəs, sözügedən əqli
mülkiyyət qorunub geniş istifadə edildiyi halda onun sahiblərinin
hüquqları necə təmin olunur?
Dünya Əqli Mülkiyyət Təşkilatı
Baş Assambleyasının bu yaxınlarda keçirilmiş tədbirində
qurumun baş direktoru Frensis Qarrinin hesabatından
göründüyü kimi, hüquqların pozulması beynəlxalq
bəlaya çevrilmiş və artıq illik beynəlxalq
ticarətin 200 milyard dollarını təşkil edir. Bu
qeyri-qanuni biznesin ən böyük iştirakçısı
mütəşəkkil cinayətkarlıqdır. Ötən
il dünyada yalnız rəqəmli şəbəkədə
40 milyarddan çox qeyri-qanuni musiqi fayllarının mübadiləsi
həyata keçirilmiş və bu transaksiyanın
piratçılıq səviyyəsi 95 faiz olmuşdur. Belə
bir şəraitdə hüquqların təminatına həsr
olunmuş bugünkü tədbirin əhəmiyyətindən
danışmaq artıqdır.
MHA-nın sədri Kamran İmanov
Azərbaycanda əqli mülkiyyətin qorunması sahəsində
görülən tədbirlərdən də
danışmışdır. Bildirilmişdir ki, Azərbaycan
dövləti əqli mülkiyyət sahəsini və əqli
mülkiyyət hüquqlarının təminatını
prioritet sahə kimi qəbul edərək çoxsaylı
kompleks tədbirlər həyata keçirir. Azərbaycan
Prezidenti İlham Əliyevin səyləri və dəstəyi
nəticəsində ölkəmizdə zəngin qanunvericilik
və normativ-hüquqi baza, çevik milli idarəetmə
institutu və geniş beynəlxalq mübadilə və əməkdaşlıq
sistemi yaradılmışdır. Bu sahədə islahatlar və
yeniliklər davam etdirilir.
Bununla yanaşı, hüquqi
maarifləndirmə, əqli mülkiyyət mədəniyyətinin
formalaşması və səviyyəsinin
artırılması gücləndirilir, bazarın tənzimlənməsi,
ədalətli rəqabətin düşmənləri olan
piratçılıq və saxtakarlığa qarşı
mübarizənin yenidən qurulması zərurətinə
müvafiq cavablar hazırlanmışdır. Məqsədimiz
Prezident İlham Əliyevin dediyi kimi, qara qızılı
insan sərvətinə çevirməkdir.
Çıxışının
sonunda professor Kamran İmanov layihənin vacibliyini bir daha vurğulamış,
göstərilən köməyə görə
İsveçrə nümayəndələrinə təşəkkürünü
bildirmişdir.
İsveşrənin Azərbaycandakı
səfirliyinin birinci katibi, bu ölkənin Cənubi Qafqaz
üzrə Əməkdaşlıq Ofisinin Bakıdakı rəhbəri
Filipp Keller və Əqli Mülkiyyət üzrə
İsveçrə Federal İnstitutunun əməkdaşı,
layihə üzrə əlaqələndirici Arno Hold əqli
mülkiyyət hüquqlarının müdafiəsi üzrə
İsveçrə-Azərbaycan birgə layihəsi barədə
ətraflı məlumat vermişlər. Diqqətə
çatdırılmışdır ki, SECO-nun maliyyəsi ilə
2007-ci ilin noyabrından icrasına başlanmış ikiillik
layihənin büdcəsi təxminən 300 min dollardır.
Layihə çərçivəsində müxtəlif təlim
kursları və simpozium keçirilmiş, mövzu ilə
bağlı Azərbaycan hökumətinə tövsiyələr
təqdim edilmişdir.
Sonra MHA-nın sədri Kamran
İmanov "Azərbaycanda əqli mülkiyyət
hüquqlarının təminatının təkmilləşdirilməsi
zərurəti" məruzəsi ilə
çıxış etmişdir.
Tədbir
iştirakçıları "Azərbaycanda müəlliflik
hüququ və əlaqəli hüquqlar sisteminə
baxış - qanunvericilik və müzakirələr",
"Azərbaycanda ticarət markaları və coğrafi
göstəricilər sisteminə baxış - qanunvericilik və
müzakirələr", "Azərbaycanda qeyri-ənənəvi
əqli mülkiyyət hüquqları sisteminə
baxış - qanunvericilik və müzakirələr"
mövzusunda məruzələri də maraqla dinləmişlər.
Birgə layihə çərçivəsində
nəşr edilmiş "Azərbaycan Respublikasında əqli
mülkiyyət hüquqları" məlumat
kitabçasının təqdimatı olmuşdur.
Bildirilmişdir ki, əqli mülkiyyət
hüquqlarının həyata keçirilməsi və
müdafiəsi üzrə İsveçrə-Azərbaycan
birgə layihəsi tərəfindən nəşr edilmiş
kitabça Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyi və Standartlaşdırma Metrologiya və
Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq
şəraitində hazırlanmışdır. Məlumat
kitabçasında əqli mülkiyyət
hüquqlarının qorunmasının bir neçə
mühüm prinsiplərindən bəhs edilir.
Nəşr mövzu üzrə bır çox məsələlərin aydın başa düşülməsinə, həmçinin təsəvvürlərdə olan bəzi yanlışlıqların aradan qaldırılmasına kömək edəcəkdir. Hələlik ancaq Azərbaycan və ingilis dillərində nəşr edilmiş kitabçanın rus versiyası da qısa müddətə hazır olacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 3.