Həm də layiqli vətəndaş yetişdirilir

 

Gənclər cəmiyyətin ən çevik, aparıcı və enerjili sosial təbəqəsidir. Hər bir xalqın gələcəyini onun bugünkü gəncliyi təşkil edir. Gəncliyin formalaşmasında isə, ilk növbədə, ali təhsil müəssisələri mühüm rol oynayır.

Bakı Dövlət Universitetinin tarixinə qısa bir nəzər salsaq, görərik ki, bu təhsil ocağı savadlı və peşəkar kadrlar hazırlamaqla yanaşı, həm də layiqli vətəndaş yetişdirməyi özünün əsas prioritetlərindən biri hesab edib. BDU Azərbaycanda baş verən bütün ictimai-siyasi proseslərin önündə gedib, həmişə dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirib. Bu gün də həmin ənənələr qorunur və uğurla davam etdirilir. Hazırda ölkədə reallaşdırılan ümumi siyasi kurs Bakı Dövlət Universitetində də müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Prezident İlham Əliyevin gənclər siyasəti təhsil ocağında yüksək səviyyədə davam etdirilir. Bu, heç də təsadüfi deyil, çünki universitetin ümumi sosial bazasının təqribən 80 faizini tələbə gənclər təşkil edir.

BDU-da gənclərlə bağlı həyata keçirilən tədbirləri, görülən işləri 3 istiqamət üzrə qruplaşdırmaq olar. Birincisi, təhsil alan tələbələrin sağlam inkişafı və zərərli vərdişlərdən uzaq olmaları yönümündə aparılan işlərdir. Bu, gələcək nəslin yetişməsində, çox vacib amildir. "Sağlam bədəndə sağlam ruh olar" deyiblər. Göstərilən prinsip və respublikada idman sahəsində görülən irimiqyaslı, fundamental işlərin ümumi kontekstində Bakı Dövlət Universitetində kifayət qədər yeniləşmə həyata keçirilib. Artıq bu gün BDU-da inşa edilən idman kompleksi təhsil ocağının ümumi ərazisinin təqribən 14 faizini əhatə edir. Kompleksdə tələbələrin idmanın bütün növləri ilə məşğul olmaları üçün hər cür şərait var. Onlarla müəllim tələbələrin idmana olan maraqlarını daha da inkişaf etdirməyə, bacarıqlarını təkmilləşdirməyə böyük səy göstərirlər. Sözügedən məşqlər universitetin peşəkar müəllimləri tərəfindən həyata keçirilir. Tələbələrimiz istədikləri idman növü üzrə bölmələrə yazıla və asudə vaxtlarında idmanla məşğul ola bilirlər. Məhz yaradılmış şərait və göstərilən qayğının nəticəsində universitetdə bütün idman növləri üzrə yığma komandalar formalaşıb və onlar respublikadakı ali məktəblər arasında keçirilən yarışlarda həmişə uğurla çıxış edirlər.

Bakı Dövlət Universitetində respublikamızın heç bir ali təhsil məktəbində olmayan tibbi poliklinika fəaliyyət göstərir. Gəncliyin sağlam inkişafında ən mühüm amillərdən biri onun normal qidalanmasıdır. Bu işdə də BDU nümunədir. Universitetin hər tədris korpusunda yüksək səviyyədə təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, geniş və yaraşıqlı yeməkxanalar fəaliyyət göstərir. Tələbələrin günün istənilən vaxtı isti yeməklərlə qidalanmaq imkanları var. Bu qidalar həm də ən sərfəli qiymətlərlə onlara təklif olunur. Nümunə üçün deyək ki, cəmi 1 manat 50 qəpik xərcləməklə tələbə normal nahar edə bilər. Bu faktın özü universitet gənclərinə göstərilən qayğı və diqqətin bariz nümunəsidir.

İkinci istiqamət gənclərin intellektual, təhsilli, bilikli olmasına, yüksək səviyyəli, peşəkar kadr kimi yetişməsinə yönələn fəaliyyətdir. Təbii olaraq, bu fəaliyyətin kökündə Prezident İlham Əliyevin "Biz maddi kapitalımızı intellekt kapitalına çevirməliyik" elmi konseptual fikri dayanır. Universitet rektorluğunun böyük diqqəti nəticəsində təhsil ocağında "Elektron universitet" layihəsi reallaşmışdı. Bu proqramın köməyi ilə tələbələr onlara lazım olan bütün materialları (mühazirə və seminarları) və dərs vəsaitlərini evlərini tərk etmədən, (təbii ki, evlərində internet şəbəkəsinə qoşulu fərdi kompüteri varsa və ya hər bir fakültədə fəaliyyət göstərən, yüksək sürətli internetə çıxışı olan kompüter otaq-mərkəzlərindən faydalanmaqla) əldə edirlər. Tələbələr bu sistemin köməyi ilə nəinki mühazirə və seminar materiallarının mətnini oxuya, hətta arzu etdikləri halda, canlı formada müəllimlərin mühazirələrini dinləyə və onları görə bilirlər.

Bakı Dövlət Universitetində tələbələrin hərtərəfli biliyə yiyələnmələri məqsədilə respublikamızda heç bir ali təhsil ocağında analoqu olmayan kitabxana fondu formalaşdırılmışdır. Qeyd edək ki, BDU-nun Elmi kitabxanası həm də respublika ali məktəb kitabxanalarının Elmi-metodik mərkəzi kimi fəaliyyət göstərir. Universitet kitabxanası oxucularını daim yeni dövri nəşrlərlə təmin etmək, tələbələrə elm aləmində baş verən ən son nailiyyətlər, inkişaf haqqında informasiya çatdırmaq məqsədilə dünyanın ən aparıcı elmi jurnallarına abunə yazılıb. Sevindirici haldır ki, belə jurnalların, dövri nəşrlərin, elmi vəsaitlərin, kitabların, monoqrafiyaların alınma tirajı ildən-ilə artır.

Bakı Dövlət Universitetində tələbələrin elmə, biliyə olan marağını daha da artırmaq, mövcud olduqları potensialı inkişaf etdirmək üçün hər il 3-4 dəfə elmi konfranslar təşkil olunur. Yüksək səviyyəli elmi müddəalarla çıxış edən gənclər universitet rəhbərliyi tərəfindən stimulverici mükafatlara təqdim edilirlər. Nəticədə tələbələr arasında elmi biliklərə dərindən yiyələnmək məqsədilə sağlam rəqabət mühiti formalaşdırılır.

BDU-da "Müasir elm və təhsilə inteqrasiya" Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi müasir dünya elmində baş verən prosesləri universitetə gətirməklə yanaşı, universiteti beynəlxalq müstəviyə çıxarmaq, alimlərinin dünya elmində layiqli yer tutmasına yardımçı olmaqdır.

BDU respublikada ilk dəfə olaraq tələbələrin elmi potensialından daha səmərəli istifadə etmək üçün təhsil ocağının daxili imkanları hesabına qrant layihələri elan edir. Bu layihə çərçivəsində hər bir bacarıqlı, savadlı, intellektli tələbə istədiyi elm sahəsi üzrə tədqiqat işləri apararaq qrant komissiyasına təqdim edir. Layihə tanınmış alimlərdən ibarət ekspert komissiyasından müsbət rəy aldığı halda, universitetin vəsaiti hesabına tam maliyyələşdirilir.

Məhz Bakı Dövlət Universitetində, hətta MDB məkanında yalnız Moskva və Kazan Dövlət universitetlərində xüsusi araşdırmalar, tədqiqatlar aparmağa şərait yaradan və ən son texnologiyalara əsaslanan avadanlıqlar mövcuddur. Həmin avadanlıqların, cihazların köməyi ilə təbiət elmləri sahəsində fundamental elmi araşdırmalar aparmaq mümkündür. Nəticədə tələbələr müstəqil həyata artıq texnologiyalardan istifadə bacarığına yiyələnərək qədəm qoyurlar. Əlbəttə, bu çox fəxredici, müasir dövrün tələbinə cavab verən rəqabətə dözümlü kadrların hazırlanması üçün çox vacib bir şərtdir.

Nəhayət, üçüncü istiqamət gənclərin Vətənə, dövlətə sədaqət, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır. Bununla əlaqədar universitetdə hər il xüsusi tədbirlər planı hazırlanır və bu işlər planlı, məqsədyönlü şəkildə həyata keçirilir. Təhsil ocağında tarixi günlərin qeyd edilməsi, tanınmış şəxsiyyətlərin gənc nəslə tanıdılması, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən bayram şənliklərinin təşkili və s. tədbirlər bu yönümdəndir. Həmin istiqamətdə olan fəaliyyət çox önəmlidir. Çünki hazırda dünyada qloballaşma adlanan çox böyük bir proses gedir. Təbii ki, hər prosesin, fəaliyyətin müsbət xüsusiyyətləri ilə yanaşı, mənfi cəhətləri də olur. Bu gün bütün beynəlxalq aləmi narahat edən və düşündürən bir məsələ qloballaşma prosesində "əriyib" yoxa çıxmaq, digər güclü, daha böyük xalqların içində assimilyasiya olunmaqdır. Bu təhlükədən qorunmağın ən perspektivli yolu isə böyüməkdə olan nəsli milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etmək, tarixi adətləri, ənənələri qorumaqla beynəlxalq aləmə inteqrasiyaya yönəltməkdir. Məhz bu yolla hər bir xalq öz varlığını qoruyub saxlaya və inkişaf etdirə bilər. Qeyd olunan üçüncü istiqamət öncə söylənən iki istiqaməti tamamlayaraq vahid bir strategiyanı, bir məqsədi təşkil edir. Müasir Azərbaycanın tələbə-gənci sağlam, yüksək təhsilli, intellektual olmalı və Vətənini sevməli, onun milli dəyərlərini qorumalıdır. Bu üç keyfiyyəti özündə birləşdirən gənc xalqına fayda verən bir şəxsiyyətə çevrilə bilər.

Yaradılan şərait, göstərilən diqqət, verilən dəstək universitet gənclərini daha aktiv fəaliyyətə, elmi biliklərə daha dərindən yiyələnməyə, ölkəmizi xaricdə layiqli şəkildə təmsil etməyə sövq edir. Gənclərimiz göstərilən etimadı həmişə doğrultmaqa çalışır. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Müstəqil Dövlətlər Birliyində fəaliyyət göstərən ali məktəblərin tələbə təşkilatları arasında ən fəal üç təşkilatdan biri seçildi, MDB İcraiyyə Komitəsi tərəfindən diplomla təltif olundu. Universitet tələbələrinin elmi uğurları isə saysız-hesabsızdır.

Universitet gənclərinə göstərilən diqqətlə bağlı bir faktı da nəzərə çatdırmaq istərdik. Həmkarlar təşkilatlarının fəaliyyət spektri olduqca çoxşaxəlidir. Hamımıza məlumdur ki, bu fəaliyyət sahələrindən biri öz üzvlərinin hüquqlarını müdafiə etməkdir. Açıq etiraf etməliyik ki, bu istiqamətdə heç bir tələbənin problemi yoxdur. Çünki universitet rəhbərliyi gənclərin hər bir arzu və istəyinə xüsusi qayğı ilə yanaşır, onların üzləşdiyi çətinlikləri tez bir zamanda aradan qaldırır.

 

 

Daşqın QƏNBƏROV,

Bakı Dövlət Universitetinin

Tələbə Həmkarlar İttifaqı

Komitəsinin sədri

 

Azərbaycan.- 2009.- 24  oktyabr.- S. 4.