BDU-da informasiya texnologiyalarının tətbiqi

 

Müasir qloballaşma əsrində informasiya və kommunikasiya texnologiyalarını, mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir dövlətin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən meyarlardan birinə çevrilmişdir. Bu baxımdan Bakı Dövlət Universiteti tədris işinin və elmi tədqiqatların dünya səviyyəsinə uyğun aparılması, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı öz fəaliyyət proqramında informasiya texnologiyalarının roluna böyük önəm verir.

1999-cu ildən başlayaraq BDU-nun mərhələlərlə kompüterləşdirilməsi proqramı əsasında ardıcıl iş aparılmağa başlandı. Belə ki, əvvəlcə bütün strukturlarda çap maşınları o dövr üçün yeni fərdi kompüter avadanlıqları ilə əvəz olundu və fakültələrdə avtonom kompüter sinifləri quruldu. Az bir müddətdə həmin strukturları və sinifləri birləşdirən universitetdaxili İNTRANET şəbəkəsi yaradıldı, sonralar isə bu proses davam etdirilərək yeni alınmış kompüter avadanlıqları hesabına kafedraların, laboratoriyaların, elmi-tədqiqat institutlarının kompüterləşdirilməsi aparıldı və onların ümumuniversitet şəbəkəsi vasitəsilə qlobal İNTERNET şəbəkəsinə yüksəksürətli çıxışı təmin olundu.

Hazırda BDU-da 1300-dən artıq kompüter, o cümlədən 25 elmi-tədris kompüter sinfi tədrisin təşkilinə və elmi-tədqiqat işlərinə xidmət edir. İnformasiya texnologiyalarının müasir imkanlarından istifadə edilməklə yaradılmış videokonfrans zallarında digər universitetlərlə videokonfranslar aparılır.

Son dövrlərdə informasiya texnologiyalarının, xüsusilə elmi tədqiqatlarda istifadə intensivliyinin artması bu sahədəki yeniliklərin daim izlənməsini, öyrənilməsini və vaxtında tətbiqini tələb edir. Bununla əlaqədar daxili şəbəkənin gücləndirilməsi məqsədilə universitetə müasir serverlər, şəbəkə avadanlıqları və şəbəkənin təhlükəsizliyini qorumaq üçün xüsusi qurğular və proqram məhsulları alınmışdır.

İnformasiya mühitinin müasir səviyyədə qurulması işində qabaqcıl dünya ölkələrinin təcrübəsinin öyrənilməsi vacib şərtdir. Bu məqsədlə universitet əməkdaşlarının beynəlxalq layihələrdə iştirakı, elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır.

Müasir informasiya mühitinin olması Bolonya prosesinin də əsas tələblərindən biridir. Bu prosesə qoşulmuş ölkə kimi bütövlükdə Azərbaycanın təhsil sistemində, xüsusilə Bakı Dövlət Universitetində xeyli işlər görülmüşdür. Avropa Birliyinin TACİS - "Cənubi Qafqazda Elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində AzRENA İctimai Birliyi, Bakı Dövlət Universiteti və Almaniyanın İMC şirkətinin birgə səyləri nəticəsində yaradılmış Elektron Tədris Mərkəzi BDU-da "Virtual universitet"in (www.eu.bsu.az) fəaliyyətini həyata keçirir. Mərkəzin əsas məqsədi Azərbaycanın təhsil ocaqlarında müasir informasiya texnologiyalarının köməyilə tədris prosesinin, təhsilin təşkili və idarə olunmasını həyata keçirməkdən ibarətdir. "Virtual universitet"in idarə olunması Avropa və Amerikanın inkişaf etmiş universitetlərində təhsil almış yüksək ixtisaslı əməkdaşlar tərəfindən həyata keçirilir. Məsafəli təhsil texnologiyaları ilə yanaşı, həmçinin elektron universitet və təhsil prosesinin idarə olunması texnologiyalarını da əhatə edən mərkəz bütün tədris sisteminə müvafiq xidmətlərin göstərilməsi məqsədi daşıyır. Məsafədən tədris sisteminin fəaliyyətinin düzgün qurulması bir neçə istiqamətdə işlərin aparılmasını tələb edir. Bura tədris prosesinin təşkili və idarə olunmasını həyata keçirən əməkdaşların - tyutorların hazırlanması, mərkəzdə səs, video və digər multimedia texnologiyalarının imkanlarından və elektron məzmunlu proqram təminatından istifadə edərək kurs müəllifləri və müəllimlərin iştirakı ilə elektron tədris materiallarının hazırlanması və s. daxildir. Bu işlərə texniki dəstək məqsədilə mərkəzdə kompüterlərdən ibarət sinif, video və səsyazma studiyası, 8 serverdən ibarət server otağı və peyk rabitəsi vasitəsilə təhsil verilişlərinin mərkəzdə yayımını təşkil etmək üçün xüsusi avadanlıqlar quraşdırılmışdır.

2008-ci ildə Elektron Tədris Mərkəzində BDU-da yeni kredit təhsil sisteminin təşkili və idarə olunmasını həyata keçirmək üçün 38 nəfərdən ibarət tyutor qrupu ha-zırlanmışdır.

Elektron Tədris Mərkəzi əməkdaşlarının yaratdığı "Virtual universitet" real universitetdə tədrisdə baş verən bütün proseslərin virtual mühitdə əksidir (tam əvəzləyicisi deyil). Virtual universitet Qərbin bütün ali təhsil müəssisələrində tələbələrə təklif olunan auditoriya və laboratoriyalar, kitabxana və oxu zalları, poliklinika, idman zalları və s. kimi xidmət növlərindən biridir. Müasir tədris prosesini virtual universitetsiz təsəvvür etmək mümkün deyil. Virtual universitet imkanlarından biri tələbəyə tədris olunan hər bir fənnin materiallarının elektron versiyalarını, yəni müəllim tərəfindən təqdim olunmuş mühazirə, test, tapşırıq, cədvəl, şəkil və fənnə aid bütün tədris materiallarının tələbələrə təklif olunmasıdır. Virtual universitetin digər imkanlarına misal olaraq tələbələr arasında fərdi ismarıcları, müxtəlif mövzuların forumlarda müzakirəsi, universitetdaxili xəbərlərin bütün tələbə kütləsinə çatdırılması, müəllim seçiminin müzakirəsini və sair göstərmək olar. Tələbələrin imkanlarını artırmaq məqsədilə, yəni virtual universitetə çıxışı asanlaşdırmaq, başqa sözlə desək, otaq və kompüterlərdən asılılığı minimuma endirmək üçün universitetin foyelərində xüsusi köşkdən istifadə olunmağa başlanmışdır. Bu köşklər gün ərzində xidmət təklif edir.

Artıq bu sahədə kifayət qədər təcrübəyə malik olan Bakı Dövlət Universiteti layihənin başlıca məqsədlərindən biri kimi ölkənin digər aparıcı ali təhsil müəssisələri üçün də tyutor hazırlığına və "virtual universitet"lərin yaradılması işinə başlamışdır.

Koreya hökumətinin dəstəyi ilə BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsində yaradılmış Azərbaycan-Koreya İnformasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzə konfrans otağı, İNTERNET zalı daxildir. İnternetə yüksəksürətli çıxışı olan bu mərkəz tələbələrlə yanaşı, universitet əməkdaşlarına da xidmət göstərir.

Universitetdə informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması, fəaliyyətinə nəzarət və texniki xidmət məsələlərini həyata keçirən İnformasiya Texnologiyaları Mərkəzi (İTM) (2008-ci ilə qədər Kompüter Mərkəzi adlandırılmışdır) 11 yanvar 1997-ci ildə Hesablama maşın zalının bazası əsasında yaradılmışdır. Mərkəzdə bu işlərlə bağlı fəaliyyətin düzgün qurulması və həyata keçirilməsi məqsədilə dörd şöbə - elm və tədris işlərinin kompüterləşməsi; sistem proqramlaşdırılması və avtomatik idarəetmə sistemləri; internet və şəbəkə texnologiyaları; kompüterlərin texniki təminatı şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə yüksəkixtisaslı və təcrübəli mütəxəssislər - mühəndislər, proqramçılar və operatorlar çalışırlar.

Mərkəzin yeni yarandığı dövr fərdi kompüterlərin azlıq təşkil etdiyi, ancaq bunlara tələbatın sürətlə artdığı bir vaxta təsadüf edirdi. Belə bir şəraitdə İTM əməkdaşlarının üzərinə çox çətin və məsuliyyətli vəzifələr düşürdü: yeni informasiya texnologiyalarının, əməliyyat sistemlərinin və tətbiqi proqramların öyrənilməsi, öyrədilməsi, tətbiqi, universitet əməkdaşlarının sorğularını cavablandırmaq və s. Birinci növbədə universitetin professor-müəllim və tədris-köməkçi heyəti üçün kompüter kursları təşkil olundu. Bu kurslarda əməkdaşlar İTM-in aparıcı mütəxəssislərinin köməyilə ən azı istifadəçi səviyyəsində kompüter biliklərinə nail ola bildilər. İndi BDU-da 1000-dən çox kompüterin universitetdaxili İNTRANET şəbəkəsi vasitəsilə İNTERNETƏ sürətli (6 Mbit/san) çıxışı vardır. Şəbəkənin işinə daim nəzarət olunur, nasazlıqlar dərhal aradan qaldırılır, avadanlıqlara texniki xidmət və proqram təminatı yerindəcə həyata keçirilir.

Mərkəzin imkan və xidmətlərindən bütün fakültələrin tələbələri, müxtəlif elm sahələrində çalışan elmi işçilər, aspirantlar və doktorantlar yararlanırlar. İTM-in mütəxəssisləri, BDU-nun əməkdaşları tərəfindən tələb olunan proqram vasitələrinin və tətbiqi proqram paketlərinin öyrənilməsi və tətbiq olunmasında zəruri nəzəri və praktik məsləhətlər verirlər. BDU-nun mühasibatlığı, aspirantura, magistratura və doktorantura şöbəsi, dəftərxana və digər strukturların işinin kompüterləşdirilməsi və sənəd dövriyyəsinin asanlaşdırılması üçün İTM əməkdaşları tərəfindən yeni proqramlar yazılır və tətbiq olunur.

İnformasiya telekommunikasiya vasitələrinin müasir sürətli inkişafını nəzərə alaraq İTM əməkdaşları müəyyən nəzəri və praktik məsələlərin həllində, layihələr və ümumuniversitet tədbirlərinin həyata keçirilməsi ilə bağlı işlərə bu sahə üzrə ixtisaslaşan, marağı və bacarığı olan tələbələri cəlb edərək onların təcrübə toplamasına geniş imkanlar açırlar.

Buna misal olaraq universitetin internet saytının yaradılması və yenilənməsi prosesini göstərmək olar. Saytın tərkibinə 16 fakültənin, 2 elmi-tədqiqat institutunun və 10 universitet strukturunun müstəqil saytları daxildir. Saytda 16 fakültə, 2 elmi-tədqiqat institutu, 125 kafedra və 1800 professor-müəllim heyəti və əməkdaşları haqqında üç dildə daim yenilənən informasiya yerləşdirilmişdir. Beynəlxalq İnternet şəbəkəsindən sayta dörd domen (www.bsu.edu.az; www.bdu.edu.az; www.bsu.az; www.bdu.az) adından birini yığmaqla daxil olmaq olar. Universitetdə baş verən dəyişikliklərin saytda öz əksini tapmasının təmin edilməsi, daim informasiyanın yenilənməsi və yeni web texnologiyaların sayta tətbiqi mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilir. Bundan başqa, 1 GB həcmində olan web mail xidməti universitet əməkdaşlarının istifadəsindədir.

Kompüter texnologiyalarının xidmətlərinə ehtiyac duyulan bütün ümumuniversitet işlərində, layihələrdə və müxtəlif tədbirlərdə İTM-in imkanlarından, əməkdaşlarının bilik və bacarığından istifadə olunur. Mərkəzdə kompüter grafikası və dizaynı üzrə ixtisaslaşmış mütəxəssislər də çalışır. Bu əməkdaşlar klassik ədəbiyyat nümunələrinin latın qrafikasına keçirilməsi ilə bağlı dövlət layihəsində iştirak etmiş və 30-a yaxın klassik ədəbiyyatı latın qrafikasında çapa hazırlamışdır. Bundan başqa, onlar multimedia disklərinin yaradılmasında, bukletlərin, təqvimlərin, tədbirlər üçün dəvətnamələrin və universitetin professor-müəllim heyətinin müəllifi olduğu kitabların tərtibatında və çapında yaxından iştirak edirlər.

 

 

Əzbər SADAYEV,

BDU-nun İnformasiya

Texnologiyaları Mərkəzinin

rəhbəri, fizika-riyaziyyat

elmləri namizədi

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 4.