Azərbaycan BMT çərçivəsində Ermənistanın işğalçı dövlət olduğunu tam sübuta yetirmişdir

 

Oktyabr ayının 24-ü hər il dünyada BMT günü kimi qeyd olunur. 1945-ci ilin həmin gün beynəlxalq orqanı haqqında müqavilə təsdiq edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq yaradılmışdır. 1971-ci ildə isə BMT Baş Assambleyasında təşkilata üzv dövlətlərin bu günü bayram kimi qeyd etməsi barədə qətnamə qəbul olunmuşdur. Ənənəyə uyğun olaraq, bu gün bütün dünyada təşkilatın məqsəd və müvəffəqiyyətlərinə həsr olunmuş müşavirələr, müzakirələr və sərgilər keçirilir. Bu nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik hər bir dövlətin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq aləmə sıx inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa mühüm önəm vermişdir. Respublikamızın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə münasibətlərdə ötən 17 ildə əldə etdiyi nəticələr bu baxımdan xüsusilə vacib əhəmiyyət daşıyır. 1992-ci il martın 2-də bu mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan dövlət müstəqilliyinin siyasi-hüquqi təminatını gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdır. Təşkilata üzvlükdən dərhal sonra respublikamız BMT çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, təcavüzkar ölkəni ifşa etməyə çalışmışdır.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdur. BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək, 1993-cü ildə - 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Ümumilikdə, 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaymışlar. 1996-cı ildə BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

Azərbaycan ötən 17 ildə BMT-nin bir çox xüsusi qurum və orqanları ilə də fəal əməkdaşlıq etmişdir. Bu sırada BMT-nin İnkişaf Proqramı (BMT İP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı və digər qurumları qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq məcburi köçkün, qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Azərbaycan UNİCEF İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur. Respublikamız həmçinin 2000-2002-ci illərdə Qadınların statusu haqqında komissiyanın üzvü olmuşdur. Azərbaycan komissiyanın "Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi, onların maliyyələşdirilməsi yolu ilə münaqişədənsonrakı bərpa prosesinə böyük yardım göstərmişdir.

Ölkə Prezidenti İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi məsələsini ön plana çıxarmışdır.

Son illərdə Azərbaycan BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizəyə də fəal dəstək vermişdir. Respublikamız BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir.

Azərbaycan mütəmadi olaraq erməni təcavüzünün acı fəsadları ilə BMT-də məsələ qaldırır və əksərən təcavüzkarın ifşasına nail olur. 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsinin müzakirəsi də rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər. Xatırladaq ki, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə edir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir. BMT-nin Ermənistanı yenidən işğalçı dövlət kimi tanıması Azərbaycan üçün hər mənada strateji əhəmiyyətli qərardır.

BMT Baş Məclisinin bir müddət əvvəl keçirilmiş 64-cü sessiyasında çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov demişdir ki, hər bir dövlətin təhlükəsizliyi və daha geniş anlamda beynəlxalq sülh və təhlükəsizlik, ölkələrin özlərinin xarici və təhlükəsizlik siyasətlərində beynəlxalq hüququn norma və prinsiplərinə nə dərəcədə əməl etməsindən asılıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən hökumətlər demokratik inkişafı sarsıtmaqla, öz ölkələrində insan hüquq və azadlıqlarını pozurlar. Elmar Məmmədyarov demişdir ki, 20 ildir davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının ən canlı nümunəsidir.

Ermənistan tərəfindən həyata keçirilən təcavüzün nəticəsi olaraq Azərbaycan ərazilərinin beşdə biri zəbt olunmuş, etnik təmizləməyə məruz qalmış bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, ölkənin minlərlə tarixi-mədəni irsi dağıdılaraq qarət edilmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanmış, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınmış, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapmışdır. BMT Baş Məclisinin 14 mart 2008-ci il tarixli, 62/243 saylı Azərbaycanın "İşğal edilmiş ərazilərində vəziyyət" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha ifadə olunmuşdur.

Respublikamız beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın son 17 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması, şübhəsiz, təəssüf hissi doğurur. Məhz buna görə də, rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların həyata keçirilməsi təklifi ilə çıxış edir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 24 oktyabr.-  S. 5.