Ömür vəfa etsəydi...

 

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin redaktorlarından biri olmuş və 1937-ci ildə "xalq düşməni" kimi güllələnmiş Xəlil İbrahimin böyük qızı Solmaz İbrahimovanın xatirələri çoxdur. 84 yaşlı bu xanım o müdhiş günləri bugünümüzə canlı şəkildə çatdıran tək-tək insanlardandır. Üzünün ifadəsindən və gözlərini məchul bir nöqtəyə tikməsindən aydın görünür ki, o, qorxulu günləri nə xatırlamaq, nə də bu barədə danışmaq istəyir. Amma böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ailəsi və oğlu Ərtoğrol barədə söz salanda danışdı:

- Biz uşaq olanda o, artıq gənc idi. Salam verərdim, o da salamımı alardı. Çox kamallı-ədəbli və yüksək tərbiyəli bir gənc idi. Ərtoğrol böyük qardaşım Elxandan da bir neçə yaş böyük idi. Hərdən Mişkinaz xalagilə gedəndə onu görərdim. Ya musiqi çalardı, ya rəsm çəkərdi, ya da kitab oxuyardı. Yaddaşımda belə qalıb. Bilirdim ki, 10 illik fortepiano məktəbini bitirib, dahi Üzeyir bəyin tələbəsiydi, Bülbülün sinfində oxuyurdu. Hamı onu tərifləyirdi, fərqli istedadı və qabiliyyəti var imiş. Riyaziyyat sahəsində lap fenomen olub. Mən uşaq olduğumdan bunu ancaq danışanlardan eşidirdim. Bir də yadımdadır ki, biz atamıza ata deyirdik, ancaq o da, Turan da Hüseyn əmiyə baba deyirdilər. Biz Əhməd Cavadın ailəsi ilə həm qonşu, həm də bir ailəli kimiydik. Onun uşaqlarıyla daha çox bir yerdə oynamışıq, bir yerdə böyümüşük. Hüseyn əmigillə də get-gəlimiz, mehriban münasibətlərimiz var idi. Ancaq onlar bir az aralıda yaşayırdılar, həm də dediyim kimi, uşaqlar bizdən böyük idilər. Turan qardaşım Elxanla bir sinifdə oxuyub. 132 nömrəli məktəbdə. Evlərinin quruluşu, hətta küncdəki sandıq indi də gözümün önündədir.

1937-ci ilin axırları idi. Əhməd Cavadı da, atamı da, Hüseyn Cavidi də aparmışdılar. Heç kəs bilmirdi ki, nə baş verəcək, onların taleyi necə olacaq, öldürəcəklər, ya azad edəcəklər? Vəziyyətimiz olduqca ağır idi. Biz kirayə yaşayırdıq deyə, evdən çıxartmadılar, ancaq Mişkinaz xalagili yaşadıqları evdən çıxartdılar, Sovetski küçəsində bir daxma vermişdilər. Mən o evi görməmişəm. Mişkinaz xala, Ərtoğrol və Turan orada yaşayırdılar. Atalarımız tutulandan sonra mənim qardaşım Elxan məktəbi atdı. Bundan sonra bir ara Turanla da əlaqələrimiz kəsildi. Lakin müharibənin lap ağır illərində - almanlar Mozdoka qədər gəlib çatanda Bakıda güclü səfərbərlik elan olundu. Bizim kimi "xalq düşmənləri"nin övladlarını yığıb cərimə batalyonlarında ön cəbhəyə göndərirdilər. Yadımdadır ki, Ərtoğrolu, qardaşım Elxanı və Əhməd Cavadın üçüncü oğlu Tukayı bir yerdə həmin cərimə batalyonlarında Mozdoka apardılar. Lakin dəqiq yadımda deyil, bir ildən və ya nə qədər vaxtdansa sonra qardaşım Elxanla Ərtoğrolu kəskin vərəm xəstəliyi diaqnozu ilə arxaya göndərdilər. Onu xatırlayıram ki, Ərtoğrol Tiflisdə yatırdı, xəstəxanada, Elxanı isə Bakıya gətirdilər. Anam gecə-gündüz çalışıb-vuruşdu, xəstəxanalarda taxtaların üstündə yatdı, çox əzab-əziyyətdən sonra qardaşımı ölümün pəncəsindən qurtara bildi. Mişkinaz xala da Tiflisə Ərtoğrolun dalınca gedib-gəlirdi. Azərbaycanın və türk dünyasının böyük oğlu Hüseyn Cavidin övladı Ərtoğrol Cavidin taleyi yaşadığı cəmiyyətin bənzəri idi. Ağır xəstəlik, üzücü həyat, faciələr və sonu görünməyən bəlalar. Çox təəssüf ki, Hüseyn Cavidin yoxluğundan sonra bu ailə daha böyük bir faciə ilə üz-üzə gəldi. 1943-cü ildə eşitdik ki, Ərtoğrol dünyasını dəyişib. Bəlkə də o, Bakıda müalicə olunsaydı, Mişkinaz xala onu ölümün yaxasından qurtara bilərdi. Ərtoğrolun ölümü hamını sarsıtmışdı. O günü çox acı xatirə kimi xatırlayıram. Dediyim kimi, vəziyyət günbəgün gərginləşirdi. Artıq atalarımızı aparmışdılar, qanlı rejim bu dəfə qadınları və evdəki uşaqları, xüsusən oğlanları bir-bir aradan götürürdü. Ona görə də qardaşımla mən birtəhər Moskvaya qaça bildik, Turan xanımgillə də əlaqələrimiz kəsildi...

Qələmə aldı:

 

 

R.RZALI

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 6.