O, həyatını dənizə həsr etmişdi...
İki il əvvəl "Azərbaycan"
qəzetində sənətşünaslıq doktoru, professor,
AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın
"Xəzərin neft korifeyi" adlı məqaləsi dərc
olunmuşdu. Əsas mətləbə keçməzdən əvvəl
müəllif 2004-cü ildən ABŞ-da, Hyuston şəhərinin
30-40 kilometrliyində "Okeanın ulduzları" adlı
muzeyin fəaliyyət göstərdiyini bildirirdi. Bir də, qədim
neft diyarı Azərbaycanda, bu qədər şanlı
neftçi yetişdirmiş bir ölkədə neft muzeyinin
olmamasından təəssüflənirdiE
Prezident İlham Əliyev Azərbaycanda
"Neft muzeyi"nin yaranması haqqında qərar verərkən
tariximizin bu sahəsinin daha dolğun əks olunmasını təmin
etdi. Bu, çoxlarımızın qəlbində gəzdirdiyi
bir arzunun çin olması demək idi. Bakıda, Bibiheybət
ərazisində yaranacaq "Neft muzeyi", əlbəttə,
Hyustondakı "Okean ulduzları"ndan çox maraqlı və
məzmunlu olacaq. Şübhəsiz ki, burada neft sənayemizin
tarixinin ən şanlı səhifələrini yazanlardan biri
- Yusif Səfərovun mənalı həyat yolu da öz əksini
tapacaq. Elə yuxarıda adıçəkilən məqalə
də ona həsr olunmuşdu. Zemfira xanım atası
haqqında yazmışdı.
Çətin ki, kimsə ata
haqqında onun övladından daha dəqiq və dolğun
danışsın. Bununla belə, biz də Yusif Səfərovu
anmağı, onun bir mühəndis və alim, təşkilatçı
və istehsalat rəhbəri kimi ağlı və istedadı,
gücü və hünəri ilə Azərbaycanın neft sənayesinin
inkişafındakı xidmətlərini xatırlamağı
özümüzə borc bilirik. İndi, onun
"cığır açdığı" Neft
daşlarının 60 illiyinin tamam olduğu bir vaxtda bu,
xüsusi önəm daşıyır.
"1948-ci ildə 23 nəfərdən
ibarət ilk dəniz neftçiləri dəstəsi birinci
quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı
Sabit Orucovun, tanınmış geoloq Ağaqurban Əliyevin və
qazma sahəsində zəngin təcrübəyə malik Yusif
Səfərovun təklifi ilə Bakının gəmi təmiri
zavodlarında istifadədən silinmiş 7 iritonnajlı gəmi
gələcəkdə tarixə Neft daşları adı ilə
düşəcək yatağın ərazisinə gətirildi.
Bununla əlavə xərclərin qarşısı
alındı və işçi qüvvəsinə qənaət
edildi. Gəmilər Qara daşların yanında
basdırıldı. Beləliklə, süni buxta
yaradıldı. Qəhrəmanlıq mücəssəməsi
olan "7 gəmi adası" Xəzərin fatehlərini
fırtınalardan qoruyan bir sığınacağa və
onların dənizin dərin qatlarına nüfuz etməsi
üçün istinad nöqtəsinə çevrildi".
"Neft daşları"na gələn
"yol" tarixin yaddaşında belə həkk olunub. Bu
çətin yolun yolçuları - "Möcüzələr
adası"nın fatehləri, təbii ki, bu ana qədər
sınaqlardan keçmiş, bərkimiş, mətinləşmiş
insanlar idi. Onda Yusif Səfəroun 41 yaşı vardı və
ona ayrılmış ömür payının bitməsinə
isə vur-tut 15 il qalırdı.
İndi tərcümeyi-halını
vərəqlədikcə və gördüyü işlərin
miqyasını göz önünə gətirdikcə,
bütün bunların cəmi 56 illik bir insan ömrünə
necə "sığışdığına" məəttəl
qalırsan. Qısaca desək, Yusif Səfərov Azərbaycanın
neft sənayesinin kompleks inkişafına dəyərli töhfələr
vermişdi. O, bir çox neft-qaz yataqlarının kəşfində
və işlənməsində fəal iştirak etmiş,
Neft daşlarının əsasını qoyanlardan biri, dənizdə
estakadaların, iribloklu özüllərin mühəndis-konstruktoru
olmuşdu.
Azərbaycan Sənaye
İnstitutunun (indi Azərbaycan Dövlət Neft Akademiyası)
məzunu olan gənc mühəndisə qazandığı
biliklərdən əlavə tale tərəfindən fitri
istedad da verilmişdi. Odur ki, 24 yaşında ikən Puta qəsəbəsində
kəşfiyyat aparan qrupun müdirinin köməkçisi
işləmiş, bir neçə aydan sonra baş mühəndis
vəzifəsinə irəli çəkilmişdi. Bir il sonra
isə Lökbatan Qazma Kəşfiyyat İdarəsinə rəhbərlik
etməyə başlamışdı. Onun rəis olduğu
dövrdə Lökbatanda gündəlik hasilatı 20 min tondan
çox təşkil edən 45 və 62 saylı quyular
istismara verilmişdi. Bununla da Lökbatanda zəngin neft
yatağının olduğu təsdiqlənmişdi.
Sonralar Y.Səfərova daha bir
neçə rəhbər vəzifə etibar edilir. Ensiklopedik
bilik və yüksək erudisiya göstərilən etimadı
doğrultmağa imkan verir. Böyük Vətən müharibəsi
illərində o, ikiqat səylə çalışır. Bu
dövrdə kəşf olunan yataqlar və tətbiq edilən
yeni qazma üsulları sayəsində cəbhəyə
göndərilən yanacağın həcmi artır.
1946-cı ilin əvvəlindən
Yusif Səfərov təzəcə təşkil olunmuş
Turbin Qazma Trestinin rəisi təyin olunur. Trestin səmərəli
fəaliyyəti nəticəsində turbin qazması Azərbaycanın
neft mədənlərində yayılmağa başlayır.
Hövsanda qazılan 1308 saylı quyunun dərinliyi 4000 metrə
çatır. O zaman bu, Avropada ən dərin quyu idi.
1947-ci ilin əvvəlində Y.Səfərov
"Azneft" Birliyinin Dəniz Qazma Trestinin müdiri vəzifəsinə
irəli çəkilir. 1948-ci ilin noyabrından isə sahildən
100 kilometr aralıda yerləşən Qara daşlara, indiki
Neft daşlarına gəlir və burada
"cığıraçanlar"dan biri olur. 1949-cu il
noyabrın 7-də qazma işləri başa çatır və
gündəlik hasilatı 100 tondan çox olan ilk quyu istismara
verilir. Bu kəşf Azərbaycanı dünyada açıq
dənizdə ilk neft istehsalçısı kimi
tanıdır. Neft daşları ilə birgə onun fatehlərinin
şöhrəti hər tərəfə yayılır.
Yusif Səfərovun qızı
Zemfira xanım o illəri belə xatırlayır: "Atam evdə
az-az olardı. Ailəmiz buna öyrəncəli idi. O,
özünü işinə, dənizə həsr etmişdi.
İndi fikirləşirəm ki, atam nə nəqər
ağır həyat sürmüşdür... Gecənin
müxtəlif saatlarında onu buruqlarda baş verən hadisələrlə
əlaqədar çağırardılar. Nə gecəsi, nə
gündüzü olardı".
Yusif Səfərov 1946-cı ildə
dəniz qazması üçün stasionar özüllərin
hazırlanması və 1951-ci ildə dəniz neft
yataqlarının kəşfinə və mənimsənilməsinə
görə SSRİ dövlət mükafatlarına layiq
görülmüş, müxtəlif illərdə orden və
medallarla təltif olunmuşdu. Azərbaycanın əməkdar
mühəndisi idi.
Lakin sovet hakimiyyətinin keşməkeşli
və təzadlı dövrləri hətta Vətəni və
xalqı qarşısında belə böyük xidmətləri
olan bu insandan da yan keçmədi. Zemfira xanım deyir:
"1952-ci ildə atam "Azərdənizneft" Birliyinin
baş direktorunun qazma işləri üzrə müavini
işlədiyi vaxt vəzifəsindən kənarlaşdırılaraq
Sibirə sürgün edildi. Yalnız ona görə ki, nahar
edən vaxt (köhnə "İnturist"in restoranında)
M.C.Bağırovun şərəfinə deyilən
sağlığa içməmiş, badəni qırağa
qoymuşdu. Maraqlıdır ki, Sibirdə də neft kəşfiyyat
idarəsinin rəisi vəzifəsində işlərkən
atam bir neçə neft yatağının kəşf edilməsinə
nail olmuşdu".
Yaxşı deyiblər ki, haqq
nazilər, üzülməz. Ədalət bərpa olunur, Y.Səfərov
tezliklə Bakıya qayıdır və yenidən öz səmərəli
fəaliyyətini davam etdirir.
Uzun illər neft sənayesində
müxtəlif vəzifələrdə
çalışmış Bayram Bayramov yazır: "Yusif Səfərov
1953-1963-cü illərdə Eksperimental Elektroqazma İdarəsinin
rəisi, Azərbaycan Neft-Qazma Elmi-Tədqiqat İnstitutunda
yeni qazma üsulu laboratoriyasının müdiri işləmişdir.
Onun yeni turbin qazmasının, maili və elektroqazma
üsullarının tətbiq edilməsində böyük
xidmətləri olmuşdur. İxtira etdiyi yeni üsullar
müxtəlif illərdə həyata keçirilərək
respublikanın neft sənayesini xeyli zənginləşdirmişdir.
O, özünün fəal istehsalat təcrübəsini elmi-tədqiqat
və pedaqoji işi ilə üzvi surətdə birləşdirə
bilmişdir. "Dənizdə dərin qazma" mövzusunda
dissertasiya müdafiə edərək elmlər namizədi
alimlik dərəcəsi almışdır".
İşinə, peşəsinə
olan məhəbbəti qanına, iliyinə hopmuş Yusif Səfərov
həm ağlı ilə, həm intuisiyası ilə Azərbaycan
neftinin gələcəyini neçə-neçə illər
əvvəlcədən görürdü: "Azərbaycan
neft respublikasıdır və burada yaşayan hər kəs
peşəsindən və vəzifəsindən asılı
olmayaraq, neftçidir (ruhən neftçidir). Azərbaycanın
xoşbəxt gələcəyi, rifahı da məhz neftlə
bağlıdır".
Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi bütün dünyada şöhrəti getdikcə artmaqdadır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" ilə ölkəmizin neft sənayesi qarşısında daha geniş üfüqlər açılıb. Ulu öndər "Əsrin müqaviləsi"nə gələn yolun məhz Neft daşlarından başladığını vurğulayır, Neft daşlarının XX əsrdən XXI əsrə atılan körpü olduğunu deyirdi. Bu körpünü salanlar Yusif Səfərov kimi igidlər idi...
Flora SADIQLI
Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 7.