Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib

 

Srağagün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Şura sədri Əflatun Amaşov idarə heyətinin üzvlərinə Milli Mətbuatın 135 illik yubileyi münasibətilə tədbirlər planı barədə açıqlama verib. Qeyd edib ki, 2010-cu ilin iyulunda milli mətbuatımızın 135 ili tamam olur. Mətbuat Şurası bu əlamətdar hadisənin yüksək səviyyədə qarşılanması üçün tədbirlər planı hazırlayıb. Plana əsasən hər ay medianın aktual problemlərinə dair "dəyirmi masa" və konfransların təşkili, həmçinin prosesə gələn ilin iyununda baş tutması planlaşdırılan ümumrespublika elmi-praktik konfransı ilə yekun vurulması nəzərdə tutulur. İdarə heyəti üzvləri planı bir sıra əlavələrlə qəbul ediblər.

Gündəlikdə duran növbəti məsələ ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərlinin məlumatı dinlənilib. İcraçı direktor bildirib ki, fond əsasən, bu ilin iyun ayından fəaliyyətdədir. Fondun elan etdiyi 12 istiqamət üzrə müsabiqəyə 112 layihə təqdim edilmişdi. Qalib 55 təşkilata ümumilikdə 550 min manat vəsait ayrılıb. Bundan əvvəl Milli Mətbuat Günündə 39 KİV-yə 400 min manata yaxın birdəfəlik maliyyə yardımının ayrıldığını bildirən V.Səfərli bu yaxınlarda daha 4 istiqamət üzrə müsabiqə qaliblərinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. O, həmin istiqamətlər üzrə layihələrin milli mətbuatımızın prioritet sahələrinə yönəldiyini vurğulayıb. KİVDDF-nin Müşahidə Şurasının sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu da çıxışında təmsil olunduğu qurumun digər fəaliyyət istiqamətləri barədə söhbət açıb.

Hər iki hesabat MŞ İdarə Heyəti üzvləri tərəfindən müsbət qiymətləndirilib.

Sonra Azərbaycan Mətbuat Şurasının sıralarına bir sıra nəşrlərin qəbulu ilə bağlı məsələyə baxılıb. Şuraya bununla bağlı ərizə təqdim edən KİV-nin rəhbərləri ilə prosedur qaydada söhbətlər aparılıb, onlara tövsiyələr bildirilib. MŞ İdarə Heyəti "Cəmiyyət və din", "Hürriyyət", "Poliqlot", "Sabaha inamla", "Difai" qəzetlərinin, "Riyad media" İnformasiya Agentliyinin şura sıralarına qəbul olunması barədə qərarlar qəbul edib.

İclasda bildirilib ki, Azərbaycan Mətbuat Şurasının "reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimatı hazırlanarkən sənəddə yalnız bu tip adlandırılmaya əsas verən cəhətlər əksini tapıb. "Reket" adlandırılma ictimai qınağa söykəndiyindən və daha çox tərbiyəvi səciyyə daşıdığından həmin tədbirin nəticələri də maraq kəsb edir. Təlimatda isə bunun üçün əsas götürüləcək vasitələr nəzərdə tutulmayıb. MŞ İdarə Heyəti mövcud zərurəti nəzərə alaraq Şura Katibliyi qarşısında sənədə əlavələrin olunması ilə əlaqədar qərar layihəsi hazırlamaq tapşırığını vermişdi. Həmin layihənin hazırlandığını vurğulayan MŞ sədri Ə.Amaşov sənədin məğzində "reket nəşr" adlandırılmış KİV-nin üzərindən bu adın götürülməsi qaydalarının dayandığını bildirdi. Layihə müzakirə edilərək səsvermə yolu ilə qəbul olundu.

Təlimata yeni əlavələrə görə, "reket nəşr" elan olunmuş KİV-nin üzərindən həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılması nəzərdə tutulur. Qaydaya əsasən, sınaq ili ərzində şuraya "reket nəşr" elan olunmuş KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır. "Qara siyahı"ya düşən mətbuat orqanı MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində çıxan saylarını şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-nin peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ Katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə şuranın idarə heyətində baxılaraq yekun qərar çıxarılacaq.

İclasda Şikayətlər üzrə komissiyada baxılmış məsələlərlə bağlı çıxarılmış rəylər əsasında yekun qərarlar da qəbul olundu.

Həmçinin "reket jurnalistika"ya qarşı mübarizə komissiyasının təqdimatı da nəzərdən keçirildi. Müzakirələrdən sonra "Xəbər xətti", "Hüquq və ittiham", "Qanun və nəzarət" qəzetləri "reket nəşr"lər elan olundu, "Azərbaycan dünyası brifinq" qəzetinə MŞ adından xəbərdarlıq edilməsi məqbul sayıldı.

"Təzadlar" qəzeti ilə bağlı çıxışlarda bildirildi ki, nəşrin fəaliyyətində həqiqətən, mətbu reketçilik əlamətləri mövcuddur. "Təzadlar" MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında şuranın idarə heyətinin qərarı olmadan qurumun Şikayətlər üzrə komissiyasının "Təzadlar" haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə həqiqətə uyğun gəlməyən bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ayda şuraya qəzet tərəfindən Jurnalistlərin Peşə Davranış qaydalarının pozulması barədə yeni şikayətlər də daxil olub. Bütün bunlar qəzetə bir daha güzəşt edilməsini mümkünsüzləşdirir.

Müzakirələrdən sonra "Təzadlar" qəzetinin adının "qara siyahı"ya salınması barədə təklif səsə qoyulub və 8 nəfər lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.

 

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 8.