Azərbaycan qlobal iqtisadi böhranın dəf
olunmasında yenə nümunəvi dövlətdir
Qlobal sferada hələ də
özünü göstərən ən ciddi problemlərdən
biri dünyanı bürümüş iqtisadi böhran və
onun doğurduğu müxtəlif fəsadlardır. Bununla əlaqədar cari ilin ötən
dövrünün təhlili onu göstərir ki,
dünyanın bir çox ölkələri hələ də
böhranın yaratdığı problemlərdən xilas ola
bilməyib və bu sahədə ciddi çətinliklər
yaşamaqda davam edirlər. Hadisələrin gedişi bir
sıra belə dövlətlərin hələ gələn
il də qlobal iqtisadi böhranın yaratdığı fəsadları
yaşamalı olacağını göstərir.
MDB məkanında lider ölkə
Qlobal böhranın
özünü daha açıq şəkildə büruzə
verdiyi dövrdən etibarən, Azərbaycan nəinki onun təsirlərini
minimum həddə endirməyi bacarmış, həm də
dinamik inkişaf tempini təmin edə bilmişdir. Bunun əsas səbəbləri sırasında yer
alan başlıca məqamlar isə ilk növbədə Azərbaycanın
həyata keçirdiyi iqtisadi siyasətin
düzgünlüyü, iqtisadiyyatın şaxələndirilməsi,
onun neftdən asılılığının aradan
qaldırılması və vaxtında görülən
digər zəruri tədbirlərdir. Nazirlər Kabinetinin
2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş geniş iclasında Prezident
İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycan
böhranlı ildə böhrandan ən az əziyyət
çəkən ölkələrdən biridir. Bunun
başlıca səbəbi bizim siyasətimizdir, aparılan
islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir
və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki,
düzdür, ölkə üçün lazımdır, onu
da edirik. Biz, əlbəttə ki, beynəlxalq
maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq
edirik və məsləhətləşmələr
aparılır, ancaq öz bildiyimizi edirik. Çünki biz tam
əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə
xidmət göstərir". Həyata keçirilən
siyasətin xalqın mənafeyinə xidmət etməsi, Azərbaycanın
daha sürətli inkişafına yol açmasının əyani
təsdiqi cari ilin doqquz ayının sosial-iqtisadi
yekunlarında bir daha özünü göstərir.
Cari ilin ötən
dövrü ərzində dünyanın əksər dövlətlərində
ümumi daxili məhsul (ÜDM) azalan xətt üzrə
inkişaf etdiyi halda, Azərbaycanda bu sahədə 6,1 faizlik
artım qeydə alınıb ki, bu da qlobal iqtisadi böhran
şəraitində kifayət qədər yüksək
göstərici
hesab olunur. Beynəlxalq araşdırma mərkəzləri
də bildirirlər ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi
siyasəti, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət
yetirilməsi və bu qəbildən olan digər amillər
qlobal böhranın, eləcə də neftin oynayan qiymətinin
ölkəmizə hər hansı ciddi təsir göstərməsinə
imkan verməyib. Elə buna görədir ki, dünyanın
aparıcı maliyyə qurumlarından biri olan Beynəlxalq
Valyuta Fondu (BVF) cari ilin sonuna kimi Azərbaycanda ÜDM-in
ümumi artımının 7,5 faiz təşkil edəcəyini
proqnozlaşdırıb. Fond ekspertləri onu da bildirir ki, cari
il ərzində Azərbaycanın iqtisadi inkişaf tempi əvvəl
proqnozlaşdırıldığından xeyli yüksək
olacaq. Elə bunun nəticəsidir ki, BVF 2009-2010-cu illərdə
Azərbaycanda ümumi daxili məhsulun artımı üzrə
proqnozlara yenidən baxaraq "World Economic Outlook" adlı
yeni hesabatında bu makroiqtisadi göstərici üzrə Azərbaycanın
yenə də MDB-nin lideri statusunu
daşıyacağını bildirib. Halbuki, fond cari ildə
MDB ölkələri arasında ən böyük iqtisadiyyata
malik ölkə kimi dəyərləndirilən Rusiyada
ümumi daxili məhsulun 7,5 faiz azalacağını
proqnozlaşdırır. MDB ölkələri arasında Ermənistan,
Qırğızıstan, Ukranya, Moldova, Tacikistanla bağlı
da fond tərəfindən bədbin proqnozlar səsləndirilib.
Cari il ərzində bu ölkələrdə də iqtisadi
geriləmənin olacağı bildirilir. Artıq bu ilin 8
ayının yekunları Ermənistanda iqtisadi geriləmənin
18,5 faizə çatdığını göstərir.
İlin sonuna kimi bu rəqəmin 20 faizi ötəcəyi
istisna olunmur.
Bütün bunlar və MDB-nin digər
ölkələri ilə müqayisə bir daha Azərbaycanın
qlobal böhran şəraitində hansı iqtisadi uğurlara
imza atdığını əyani şəkildə təsdiqləyir.
Ölkədə sənaye və kənd təsərrüfatı
sahələri uğurla inkişaf edir
Azərbaycanın qlobal iqtisadi
böhranın dünya üzərində öz təsirlərini
hələ də qabarıq hiss etdirdiyi bir vaxtda uğurlu
inkişafını təmin edə bildiyi mühüm sahələrdən
biri də sənaye sferasıdır. Sirr deyil ki,
dünyanın bir çox aparıcı dövlətlərində
belə, məsələn, ABŞ-da, Yaponiyada, Rusiyada,
Ukraynada, Avropanın bir çox dövlətlərində və
digərlərində böhranla əlaqədar olaraq sənaye
sferasında ciddi tənəzzül yaşanıb və
böyük geriləmələr qeydə alınıb.
MDB ölkələrində isə
ilin əvvəlindən ümumilikdə sənaye məhsulu
istehsalı 14, o cümlədən Rusiyada 14, Qazaxıstanda
1,5, Belarusda 4,6, Qırğızıstanda 12,7, Moldovada 24,6,
Tacikistanda 11,4, Ukraynada 29,6 faiz azalmışdır. Lakin hesabat
dövrü ərzində ölkəmizdə sənaye istehsalı
5 faiz artıb. Qeyd olunan səviyyədə artım Azərbaycanda
aparılan sənayeləşmə siyasətinin də öz
real bəhrəsini verdiyini əyani surətdə təsdiq
edir. Qarşıdakı dövr ərzində isə
görülən tədbirlər ölkəmizdə sənaye
istehsalının həcminin daha da çoxalacağından xəbər
verir. Bununla bağlı Prezident İlham Əliyev
bildirmişdir: "Biz çalışırıq ki, sənaye
sahəsində də müxtəlif yeni müəssisələr
işə düşsün. Xarici və daxili investisiyalar cəlb
edilir. Azərbaycanda aparılan çox böyük
infrastruktur layihələri, xüsusilə, Azərbaycanın
bölgələrində aparılan infrastruktur layihələri
sənaye istehsalının artırılmasına gözəl
şərait yaradır. Söz yox ki, sənaye
artımının təməlində, eyni zamanda, dövlət
tərəfindən özəl sektora verilən güzəştli
kreditlər də mühüm rol oynayır. Bu kreditlər
verilir. Kreditlərin məbləği artırılır. Belə
olan halda, biz yerli sahibkarlar üçün də çox
gözəl şərait yaradırıq".
Kənd təsərrüfatı
sahəsində aparılan uğurlu siyasətin ən
mühüm nəticələrindən biri isə Azərbaycanın
bir sıra strateji məhsullara, o cümlədən taxıla
olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. Onu da bildirək
ki, cari ilin 9 ayı ərzində kənd təsərrüfatında
artım 3 faiz təşkil edib və dünyanın bir
çox dövlətləri ilə rəqəmlərin
müqayisəli təhlili bunun yüksək göstərici
olduğunu təsdiqləyir.
Azərbaycan qlobal iqtisadi böhranın dəf
olunmasında yenə nümunəvi dövlətdir
Kənd təsərrüfatı
sferasında qeydə alınan ən sevindirici məqamlardan
biri isə ilk dəfə olaraq Azərbaycanda rekord səviyyədə,
yəni, 3 milyon ton taxılın istehsal edilməsidir. Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında Prezident İlham Əliyev bunu tarixi
nailiyyət kimi qiymətləndirmiş və kənd təsərrüfatı
sahəsində aparılan islahatların bariz nümunəsi
hesab etmişdir. Aydındır ki, belə tarixi nailiyyətə
kənd təsərrüfatı sahəsində görülən
kompleks tədbirlər nəticəsində imza atılıb.
Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Həm dövlət tərəfindən verilən
dəstək, həm maliyyə yardımı, fermerlərə
yanacağın, gübrənin güzəştli şərtlərlə
verilməsi, subsidiyaların verilməsi, aqrolizinqin
yaradılması, dövlət tərəfindən kənd təsərrüfatı
texnikasının alınması və kəndlilərə
icarəyə verilməsi - yəni, biz buna kompleks tədbirlər
nəticəsində nail ola bilmişik. Suvarma,
meliorasiya məsələlərinin həyata keçirilməsi,
elevatorların, soyuducu kameraların tikilməsi, yəni, bu barədə
çox danışmaq olar. Əsas odur ki, böhranlı ildə
qeyri-neft sektoru inkişafdadır və kənd təsərrüfatı
ölkəmiz üçün həm iqtisadi cəhətdən,
həm sosial cəhətdən çox böyük əhəmiyyətə
malik olan bir sahədir".
O da xüsusi olaraq
qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsulları
istehsalçılarına verilən yardımların, texnika və
gübrə alınmasına edilən güzəştlərin
nəticəsində 2009-cu ildə taxıl əkinlərinin
sahəsi 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara
çatdırılıb. Bunun arasında isə əsas yeri
strateji məhsul sayılan buğda əkin sahəsi təşkil
edib. Belə ki, buğda əkini sahəsi 206 min 700 hektar
artırılaraq 810 min 700 hektara çatdırılıb. Kənd
təsərrüfatının belə sürətlə
inkişafında 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı
ilə yaradılan "Aqrolizinq" ASC-nin də xüsusi rolu
olub. Məhz bu səhmdar cəmiyyət hesabına fermerlərin
texnikaya olan tələbatı ödənilib.
Manatın dayanıqlılığı Azərbaycanın
iqtisadi mövqeyini daha da gücləndirib
Qlobal böhran
şəraitində iqtisadiyyatın inkişaf tempini qoruyub
saxlaya bilən Azərbaycan üçün ön planda gələn
məsələ ölkə vətəndaşlarının
rahat yaşayışını təmin etmək, onların
sosial təminatını tam ödəmək və bu qəbildən
olan digər məsələlərin həllidir. Araşdırmalar göstərir
ki, cari ilin ötən dövrü ərzində də bu sahədə
Azərbaycanda xeyli nailiyyətlər əldə olunub. Belə ki, hesabat dövrü ərzində orta
aylıq əməkhaqqı 15 faiz artıb və bu gün Azərbaycanda
bu göstərici 370 dollar səviyyəsindədir. Ümumiyyətlə,
qeyd olunan dövrdə əhalinin gəlirləri 9,8,
adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər
isə 12,5 faiz artıb.
Aztəminatlı ailələrə
də dövlət qayğısı davam etdirilir. Elə bunun
nəticəsidir ki, hazırda 150 min ailəyə
ünvanlı sosial yardım göstərilir, hər bir ailəyə
verilən yardım orta hesabla təxminən 140 dollar təşkil
edir.
Azərbaycanda maddi rifah
halının və iqtisadi inkişafın yüksəlişini
göstərən daha bir vacib məqam yeni iş yerlərinin
açılmasıdır. Bununla bağlı, Prezident
İlham Əliyev aşağıdakıları
bildirmişdir: "Bölgələrdə infrastruktur layihələri
uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər
Azərbaycanda 824 min yeni iş yerləri
açılmışdır. Bu da bölgələrin
inkişafı və yerlərdə iş yerlərinin, yeni
müəssisələrin yaradılması üçün də
çox vacib amildir".
Görülən tədbirlər
qlobal böhran şəraitində əhalinin maddi gəlirlərinin
yüksəlməsində də əhəmiyyətli rol
oynayıb. Belə ki, aparılan hesablamalar nəticəsində
cari ilin ilk doqquz ayında əhalinin pul gəlirləri, təxminən
10 faiz artıb. Əhalinin pul gəlirlərinin və orta
aylıq əməkhaqqının belə artması fonunda bu
il ölkəmizdə inflyasiyanın səviyyəsi çox
aşağıdır. Təhlillər göstərir ki,
doqquz ayda inflyasiya 2,1 faiz təşkil edib. Gündəlik tələbat
məhsulları sırasında yer alan ərzaq malları
üzrə inflyasiya göstəricisi də çox
aşağı olub. Bu da inflyasiyanın insanların sosial vəziyyətinə
təsir göstərmədiyini təsdiqləyir.
Çünki əhalinin real gəlirləri təxminən 8
faiz təşkil etmişdir. Qeyd olunan məqamla bağlı
Prezident İlham Əliyev bildirmişdir: "Böhranlı il
üçün bu, hesab edirəm ki, dünya miqyasında
nadir bir göstəricidir". Əlbəttə ki,
bütün bunlar dövlətin insanların sosial problemlərinin
həllinə yönəlmiş uğurlu siyasətinin real nəticəsi
hesab olunmalıdır.
O da sevindirici
faktdır ki, Azərbaycan qlobal iqtisadi böhran şəraitində
postsovet məkanında milli valyutasının devalvasiyasına
getməyən nadir ölkələrdən olub və bu,
ölkəmizə xeyli dividendlər qazandırıb.
Ümumiyyətlə, böhranın təsirləri altında
milli valyutaların devalvasiyaya uğraması prosesi cari ilin ilk
rübündən etibarən, özünü qabarıq şəkildə
büruzə verməyə başladı. İlk dövrlərdə
buna qarşı mübarizə məqsədilə bir çox
dövlətlər valyuta ehtiyatlarından istifadə edərək
milli valyutalarının məzənnəsini sabit saxlamağa
cəhd göstərsə də, istənilən nəticə
əldə olunmadı. Məsələn, neftin həcmi və
ixracı potensialına görə, Azərbaycanı qabaqlayan
Qazaxıstanda teng ilin ilk rübündə devalvasiyaya
uğrayaraq dollarla müqayisədə 25 faiz dəyər
itirdi. Nəticədə Qazaxıstan valyutadəyişmə məntəqələrində
1 dollar 150 tengeyə bərabər oldu. Halbuki, Qazaxıstan
tengenin kursunu sabit saxlamaq üçün 6 milyard dollardan
artıq vəsait xərcləmişdi. Analoji vəziyyət
Rusiyada da özünü göstərdi. Ukraynada milli valyuta
olan qrivnanın dollarla müqayisədə dəyəri 75-ə
qədər azaldı, Belarus rublu isə 30,9 faiz dəyər
itirib. Litva liti xarici valyutaya nisbətdə 23
faiz, Estoniya kronu 24 faiz, Latviya latı 22 faiz, Gürcüstan
larisi 18 faiz, Qırğızıstan somu 11 faiz
ucuzlaşdı. O da faktdır ki, milli valyutaları devalvasiyaya
məruz qalan dövlətlər bir sıra əlavə
problemlərlə üzləşir. Ən azı ona görə
ki, devalvasiya əlavə milli pul kütləsinin
dövriyyəyə buraxılmasını tələb edir.
İnflyasiyanın stimullaşdırması baxımından
izafi pul kütləsi əsas faktorlardan biri sayılır ki,
bu mənada devalvasiya ciddi problem deməkdir.
Azərbaycan isə
artıq bu gün ümumi həcmi 19,1 milyard dollara çatan
valyuta ehtiyatları və həyata keçirdiyi digər
iqtisadi tədbirlər hesabına devalvasiya problemi
yaşamadı. Bu, ilk növbədə, insanların maddi rifah
halının yüksəlməsi baxımından zəruri əhəmiyyət
kəsb edir.
Prezident İlham Əliyev bununla bağlı bildirmişdir:
"Düzgün siyasətimiz nəticəsində, baxmayaraq
ki, demək olar, bölgədə yerləşən
bütün ölkələrdə milli valyuta devalvasiya edilib,
biz manatı sabit saxladıq. Bu, düzgün siyasət idi. Bu
siyasət nəticəsində əhalinin banklara qoyduğu əmanətin
həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ
öz həllini tapıb".
Beynəlxalq qurumlar hesabatlarında Azərbaycanda bank
sektorunun dinamik inkişafda olduğunu bildirir
Hazırda mövcud
vəziyyətin təhlili göstərir ki, həyata
keçirilən tədbirlər nəticəsində ölkəmizdə
bank sektoru da böhranın təsirlərindən kənardadır
və elə bunun nəticəsidir ki, yerli banklar öz fəaliyyət
sferasını genişləndirməkdə, ölkə
üzrə
filiallarının sayını artırmaqdadır. Qeyd edilən
fakt aparıcı beynəlxalq iqtisadi mərkəzlər tərəfindən
də xüsusi olaraq diqqətə çatdırılır.
Məsələn, bir müddət əvvəl
tanınmış beynəlxalq reytinq agentliyi olan "Standard
& Poor's" bəyan edib ki, Azərbaycan Mərkəzi
Bankının (AMB) dünya iqtisadi və maliyyə
böhranına reaksiyası adekvat və vaxtında olub:
"Azərbaycan Mərkəzi Bankı böhrana adekvat və
vaxtında reaksiya verib. Təkrar maliyyələşdirmə dərəcəsi
və öhdəliklər üzrə rezerv tələbləri
bir neçə dəfə azaldılıb ki, bu da bank
sektorunda 350 milyon manat (sektor öhdəliklərinin həcminin
3,5%-i) məbləgində likvidliyi təmin edib. Bundan əlavə,
Azərbaycan Mərkəzi Bankı bəzi kommersiya
banklarında likvidliyə birbaşa dəstək göstərib".
"Standard &
Poor's" agentliyinin "Bank sektorunda risklərin təhlili
adlı hesabatında bildirilib ki, AMB müxtəlif tədbirlər,
o cümlədən əmanətlərin
sığortalanması mexanizmlərindən istifadə sayəsində
əmanətçilərin bank sisteminə inamının
adekvat səviyyəsini saxlaya bilib. Xatırladaq ki, Milli Məclisin qəbul
etdiyi yeni qanunla sığortalanan əmanətlərin məbləği
6 min manatdan 30 min manatadək artırılıb. Bu da öz
növbəsində əmanətçilərin banklara
inamının daha da güclənməsinə təkan verib.
Görülən bu tədbir nəticəsində bankların
maliyyə vəsaiti cəlb edilməsilə bağlı
durumları daha da yaxşılaşıb. Bununla
yanaşı, hesabatda o da xüsusi olaraq qeyd edilir ki, Azərbaycanda
bankların filial şəbəkələri sürətli
templə inkişaf edir: "Azərbaycanın bank sistemi indiyədək
digər MDB ölkələri ilə müqayisədə
dünya bazarında iqtisadi sarsıntılara qarşı xeyli
davamlılıq göstərib. Bir neçə bank
risk-menecment sistemini inkişaf etdirməyə hazır
olduqlarını nümayış etdirib. Onların
sırasında xarici iştiraka malik banklar da var". Banklarla
yanaşı, ölkəmizdə digər kredit təşkilatlarının
inkişafında da dinamik tərəqqi qeydə
alınmaqdadır.
Dövlət tərəfindən
həyata keçirilmiş digər tədbirlər nəticəsində
də əhalinin banklara olan inamı daha da artıb və
keçən ilin müvafiq dövrü ilə müqayisədə
bu ilin 9 ayında əhalinin banklardakı əmanətlərinin
həcmi 11 faiz çoxalarq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6
milyard manata çatıb. Qeyd edilənlər onu göstərir
ki, ölkəmizdə iqtisadiyyatın ən müxtəlif sahələrində
olduğu kimi, bank sektorunda da dinamik inkişaf mövcuddur. Bu da
ölkə iqtisadiyyatının böhran şəraitində
dayanıqlılığının daha da güclənməsinə
münbit şərait yaradır.
Azərbaycanda
inkişaf dinamizmini göstərən daha bir amil isə
hüquqi şəxslərin sayının artmasıdır.
Ümumiyyətlə isə istər fiziki, istərsə də
hüquqi şəxslərin sayının artımı Azərbaycanda
iş yerlərinin, eləcə də fəaliyyət göstərən
müəssislərin sayının çoxalmasından xəbər verir. Onu da
bildirək ki, qlobal iqtisadi böhran MDB məkanında işlək
şirkətlərin sayının azalmasına səbəb
olubsa, Azərbaycanda bunun əksinə olaraq onların sayı
artıb. Araşdırmalar göstərir ki, təkcə kənd
təsərrüfatı sahəsində fəaliyyət
göstərən müəssisələrin sayı 10 mindən
artıqdır. Emal və tikinti müəssisələrinin
sayı da artan xətt üzrə inkişaf edib. Bunun əsas
səbəblərindən biri də dövlət tərəfindən
sahibkarlara xüsusi qayğı və yardım göstərilməsi,
nəticədə bu sahədə vəziyyətin daha da
yaxşılaşmasıdır. Qeyd edək ki,
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 9 ay ərzində 1700 sahibkarlıq subyektinə 100
milyon manat güzəştli kreditlər verilib. Bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə
çoxdur. Maliyyələşdirilmiş layihələrin
99 faizi regionların payına düşür və bu kreditlər
hesabına 7 mindən çox yeni iş yeri açılacaq,
o cümlədən qeyri-neft sektorunun inkişafına önəmli
təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsi
yaradılacaq.
Bir məqamı da
xüsusi qeyd etmək lazım gəlir ki, əhalinin gəlirlərinin,
həyat səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin
artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə
yenidən baxılaraq ona daxil olan ərzaq məhsullarının
tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə çatdırılıb
ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən
biridir.
İqtisadiyyatın neft amilindən
asılılığı əhəmiyyətli dərəcədə
aşağı düşüb
Azərbaycan iqtisadiyyatı
üçün daha bir mühüm xüsusiyyət onun enerji
sektorundan asılılığını əhəmiyyətli
dərəcədə aradan qaldırmasıdır. Məhz bu
istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda
iqtisadiyyatın neft-qaz amilindən
asılılığını əhəmiyyətli dərəcədə
azalda bilib. Elə bunun nəticəsidir ki, neftin bir barelinin
qiyməti 140 dollardan 35 dollara düşəndə belə, nə
Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan əhalisi
bu asılılığı hiss etmədi. Halbuki,
dünyanın bir çox neft-qaz hasil edən ölkələrində
"qara qızıl"ın ucuzlaşması ciddi ajiotaja, hətta
dövlət büdcəsinin gəlirlər hissəsinin dəyişməsinə
səbəb oldu. Nazirlər Kabinetinin 2009-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş geniş iclasında Prezident İlham Əliyev
bildirmişdir: "Bizim, əlbəttə ki, böyük təbii
resurslarımız - neft-qaz resurslarımız vardır. Ancaq
bilirsiniz ki, bir il ərzində neftin qiyməti 140 dollardan 37
dollara düşmüşdür. Bizim dövlət büdcəmizdə
bu il neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə
tutulmuşdur. Ancaq indi neftin qiyməti 70 dollara
yaxınlaşıb, onun ətrafındadır. Amma buna
baxmayaraq, bizim iqtisadiyyatımız inkişaf edir. Məhz ona
görə ki, biz neftdən gələn gəlirləri
vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə
yönəltdik. Sahibkarlığın inkişafına, kreditlərin
verilməsinə, infrastruktura və texnikanın
alınmasına yönəltdik. Ona görə
iqtisadiyyatımız neft amilindən
asılılığını artıq böyük dərəcədə
aşağı endirə bilmişdir".
Qarşıdakı dövr ərzində
isə görülən tədbirlər qeyri-neft sektorunun
ölkəmizdə daha böyük sürətlə
inkişaf edəcəyini göstərir. Bütün
bunlar ümumilikdə Azərbaycanın iqtisadi inkişaf
tempinin yüksək olacağını təmin etməklə
yanaşı, onun təkcə mövcud olduğu regionda yox,
qlobal miqyasda nüfuzunun bir qədər də artmasına,
mövqelərinin daha da güclənməsinə münbit
şərait yaradır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.-25
oktyabr.- S. 1, 3.