Azərbaycan xarici investisiya üçün ən cəlbedici
ölkələrdən biridir
Qlobal iqtisadi böhranın
dünya ölkələri üçün doğurduğu
mühüm fəsadlardan biri də həm daxili, həm də
xarici investisiyaların həcmində qeydə alınan azalma
ilə bağlı oldu. Bəzi ölkələr
üçün daha kəskin xarakter aldı və onların
iqtisadi inkişafının geriləməsində əsas rol
oynayan faktora çevrildi. Bununla yanaşı, o
da faktdır ki, investisyaların həcminə, xüsusən də,
xarici mənbələr hesabına yatırılan sərmayələrə
təsir göstərən amillərdən biri də biznes
mühitinin əlverişliliyi, sərmayədarların
hüquqlarının qanunvericilik əsasında nə dərəcədə
qorunmasından xeyli dərəcədə asılıdır.
Daha bir önəmli məqam isə yatırılan
investisiyaların mənfəət dərəcəsi,
onların dönərliliyi ilə bilavasitə bağlı
olmasıdır.
Qeyri-neft sektoruna ayrılan xarici vəsaitlər
çoxalır
Son illərin,
xüsusən də, qlobal iqtisadi böhranın qabarıq
şəkildə büruzə verdiyi dövrün təhlili
bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə
də investisiya yatırılması baxımından
dünyanın ən cəlbedici ölkələrindən biri
kimi çıxış edir. Elə bu səbəbdən də
xarici investorların Azərbaycana marağı kifayət qədər
böyükdür və ölkəmizə
qarşıdakı dövr ərzində də
yatırılacaq sərmayələrin həcmi milyardlarla
dollar həcmində ölçüləcək. Bunun başlıca səbəbləri, əlbəttə
ki, Azərbaycanda investisiya mühitinin əlverişliliyi,
investorların hüquqlarının qanunvericilik əsasında
yüksək səviyyədə qorunması, ölkəmizin
etibarlı tərəfdaş olduğunu dəfələrlə
təsdiqləməsi, sərmayələrin yönəldildiyi
sahələrdə cəzbedici mənfəətlər əldə
olunması və bu qəbildən olan digər amillərdir.
Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir:
"Xarici investisiyaların cəlb edilməsi
üçün Azərbaycanın çox gözəl
imkanları var. Biz özümüzü etibarlı tərəfdaş
kimi göstərdik və Azərbaycan xarici investisiyalar
üçün çox cəlbedici ölkədir".
Bütün bunların nəticəsidir
ki, dünyanın aparıcı investisiya şirkətləri,
maliyyə qurumları ölkəmizə sərmayə
yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana
irihəcmli kreditlər ayırır. Son altı ilin təcrübəsi
isə burada daha bir önəmli məqamı üzə
çıxarır ki, bu da qeyri-neft sektoruna daha çox
investisiya yatırılması ilə bağlıdır. Bu
arada Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
artıq 2010-cu ildə Azərbaycan iqtisadiyyatına 200 milyon
dollardan artıq sərmayə yatıracağını
açıqlayıb. Bankın Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Frensis Deley bildirib ki, gələn il AYİB
korporativ sektorda böyük layihəni, maliyyə sektorunda isə
doqquz layihəni maliyyələşdirməyi
planlaşdırır. Onun sözlərinə görə, bank
layihələrinin 50 faizi enerji sektorunu, 25 faizi maliyyə
sektorunu, 6 faizi mikromaliyyə institutlarını, 3 faizi
qeyri-bank kredit təşkilatlarını və 5 faizi korporativ
sektoru əhatə edir.
Qeyd edək ki, bank
bu il Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan artıq vəsait
ayırıb və yuxarıda göstərildiyi kimi, gələn
il də bu qədər məbləği ayırmağı nəzərdə
tutub. İndiyə qədər isə sözügedən
bankın Azərbaycan üçün nəzərdə tutduğu ümumi
investisiyanın həcmi 911 milyon dollar təşkil edir. Ötən
il AYİB Azərbaycanda 19 müxtəlif layihəyə 114
milyon dollar həcmində vəsait yatırıb.
Azərbaycana investisiya yatırımı və kredit ayrılması baxımından təkcə AYİB fərqlənmir. Bu sırada Dünya Bankı (DB) da aparıcı rollardan birini oynamaqdadır. Cari ilin ilk 8 ayı ərzində Dünya Bankı tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 540 milyon dollardan artıq olub. Bu isə o deməkdir ki, Dünya Bankı tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artıb. Ümumiyyətlə, hesabat dövrü ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində Dünya Bankının ayırdığı sərmayələrin xüsusi çəkisi 6,6 faiz təşkil edib.
Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Hazırda Dünya Bankı Azərbaycanda "Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi", "Dəmir yolu və ticarətin dəstəklənməsi", "Korporativ və dövlət sektorlarında mühasibatlıq", "Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması", "Azərbaycan maliyyə sisteminin modernləşməsi", "Milli su təchizatı və kanalizasiya xidmətləri" və bir sıra digər icra olunan layihələri maliyyələşdirir.
Bir neçə gün öncə isə Azərbaycan hökuməti və Dünya Bankı arasında təhsil sahəsində yeni maliyyə sazişi imzalanıb. Burada məqsəd infrastrukturun prioritet sektorunda investisiya layihələrinin hazırlanması, təhsilin effektivliyinin və onun reallaşmasının keyfiyyətinin artırılmasıdır. Razılaşmaya əsasən, Dünya Bankı layihənin reallaşmasına 8 milyon dollar ayıracaq, Azərbaycan hökumətinin payı isə 2 milyon dollar təşkil edir. Layihənin reallaşma müddəti 2010-2013-cü illərdir.
Dünyanın maliyyə nəhənglərindən biri olan Asiya İnkişaf Bankının Direktorlar Şurası isə bir müddət əvvəl Azərbaycana su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 600 milyon dollar məbləğində çoxtranşlı maliyyələşdirmənin verilməsini təsdiqləyib. Şuranın qərarına görə, Asiya İnkişaf Bankının kreditinin birinci tranşı 4 illik güzəşt dövrü ilə 25 il müddətinə verilir. Məlumat üçün bildirək ki, bankın və Azərbaycan hökumətinin vəsaitləri kiçik şəhərlərdə və paytaxt Bakıdan kənardakı yarışəhər ərazilərdə 500 min nəfərin su təchizatını və kanalizasiya xidmətini yaxşılaşdıracaq.
Çoxtranşlı maliyyələşdirmə isə Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti arasında səkkiz illik yeni əməkdaşlığın təməlini qoymaqla yanaşı, dəqiq strategiya və islahatlar proqramı ilə möhkəmləndirilmiş mərhələli investisiyanı nəzərdə tutur. Vəsaitlərin ilk tranşı zəruri infrastrukturun yenidən qurulmasını və inşasını, planlaşdırılmanın genişləndirilməsini, nəzarət idarələrində idarəetmənin texniki və maliyyə imkanlarını, Göyçay və Naxçıvan şəhərlərində layihənin idarə edilməsi üzrə şöbələrin yaradılmasını nəzərdə tutur. Sonrakı tranşlarda digər şəhərlərdə analoji fəaliyyət həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycanın dövlət və özəl sektorunda layihələrin reallaşdırılması üçün 585,4 milyon dollar vəsait ayırıb. Hazırda bank Azərbaycanın kommersiya bankları ilə onlara maliyyə dəstəyi göstərmək üçün fəal məsləhətləşmələr aparır. Eləcə də dövlət sektorunda enerji layihələrinin kreditləşdirilməsi haqda danışıqlar gedir.
Azərbaycana yönəldilən investisiyaların qoyulduğu sahələrdə, artıq qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Belə ki, xarici investorlar ölkəmizdə enerji sahəsilə yanaşı, qeyri-neft sektoruna da xüsusi maraq göstərirlər və son nəticədə bu, qeyri-enerji sferasına qoyulan sərmayələrin həcminin artması ilə yanaşı, istehsalın da artımında müstəsna rol oynayır. Bunlar bir daha göstərir ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan sərmayələrin həcmi, xüsusilə, son altı ildə bir neçə dəfə artıb və bu sahə daha sürətli inkişaf yoluna qədəm qoyub.
Enerji sektoru yenə investorların
xüsusi diqqətindədir
Ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkisinin artması isə həmişəki kimi bu sahəni xarici investorlar üçün cəlbedici etməkdədir. Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında imzalanmış PSA (Production Shearing Agreement) tipli neft-qaz müqavilələri üzrə ölkəmizə 60 milyard dollar həcmində investisiyaların qoyulması nəzərdə tutulub. Artıq göstərilən məbləğin yarısından çoxu indiyə kimi neft və qaz yataqlarının işlənməsi üçün yatırılıb. Təkcə 15 il ərzində "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi üzrə investisiyaların həcmi 21 milyard 395 milyon dollar, bonuslar, akrhesabı və pay ödənişləri 413 milyon dollar təşkil edib.
"Əsrin müqaviləsi" ilə yanaşı, digər əhəmiyyətli layihə hesab olunan "Şahdəniz" yatağının işlənməsi məqsədilə yatırılan investisiyaların həcmi artıq 5,5 milyard dollar, bonuslar, akrhesabı və pay ödənişləri isə təxminən 88 milyon dollar təşkil edib. Lakin "Şahdəniz" layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı buraya yatırılan investisiyaların həcmi qarşıdakı dövrdə 20 milyard dollara kimi artacaq. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Bu yaxınlarda imzalanmış yeni neft-qaz layihələri üzrə əməli-praktik işlər gələn ildən başlanacaqdır. "Şahdəniz" layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı konkret tədbirlər görülür. Dünya miqyasında bu böyük, nəhəng layihənin icrası nəticəsində təkcə "Şahdəniz" qaz yatağına 20 milyard dollara yaxın vəsait qoyulacaqdır".
İndiyə qədər isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası layihəsi çərçivəsində kapital qoyuluşlarının həcmi təxminən 5 milyard dollar, Bakı- Tbilisi-Ərzurum qaz kəmərinin inşası layihəsi üzrə isə 1,4 milyard dollar olub. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazım gəlir ki, Xəzərin Azərbaycan sektorundakı yeni perspektiv strukturlarının kəşfiyyatına investisiya qoyuluşları 2 milyard 760 milyon manat və ya təxminən 3,5 milyard dollar məbləğində qiymətləndirilir. Bu sahələrdə, o cümlədən "Ümid", "Babək", "Abşeron", "Naxçıvan", "Zəfər", "Məşəl", "Qarabağ", "Əşrəfi" və "Dan ulduzu" yataqlarında 2015-ci ilədək yeni quyuların qazılması planlaşdırılıb. O da sevindirici haldır ki, yeni perspektiv strukturların kəşfiyyatına investisiya qoyuluşlarını Azərbaycan əsasən öz imkanları hesabına həyata keçirəcək. Bu isə yeni quyuların işlənməsindən Azərbaycanın daha çox mənfəət götürməsi deməkdir. Xatırladaq ki, hesablamalara görə, Azərbaycan təkcə "Əsrin müqaviləsi"ndən 200 milyard dollar gəlir əldə edəcək. Lakin neftin qiyməti dünya bazarlarında artmaqda davam edərsə, göstərilən məbləğin həcmi buna adekvat surətdə artacaq.
Azərbaycanın
özünün də investisiya qüdrəti artır
Bununla yanaşı, iqtisadi cəhətdən kifayət qədər güclənən Azərbaycan xaricdən investisiya cəlb etməklə bərabər, həm də özü potensial investor kimi çıxış edir. Məsələn, Gürcüstanın qaz infrastrukturunun inkişafında və yenidən qurulmasında əsas investor olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın beş il ərzində bu ölkənin qazlaşdırılmasına 100 milyon dollar həcmində sərmayə qoymağı planlaşdırır. 2009-cu ildə isə bu məqsədlə yatırılan investisiyaların həcmi 20 milyon dollara çatıb.
Xatırladaq ki, 2008-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkəti və Gürcüstan hökuməti 22 regional qazpaylaşdırıcı şirkətin "Socar Georgia Gas"ın idarəçiliyinə verilməsi haqda müqavilə imzalayıb. Müqaviləyə görə, şirkət üç il ərzində qaz istehlakçılarının sayının 55 min abonentdən 150 min abonentə çatdırılmasını və Gürcüstanın qaz infrastrukturunun inkişafına 40 milyon dollar həcmində investisiya qoyuluşunu üzərinə götürüb. Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz ixracatçısıdır. Bir neçə gün əvvəl isə ARDNŞ-nin törəmə müəssisəsi olan "SOCAR Georgia Gas" Gürcüstan Duşeti rayonunda yeni qazpaylayıcı şəbəkəni istismara verib. İstismara verilmə mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili də iştirak edib. Bundan əvvəl isə Gürcüstan kəndləri olan Yol-Muqanlı (Saqareco rayonu), Çumleki (Qurcaani rayonu), və Niniqoridə (Laqodexi rayonu) qaz kəmərlərinin inşası başa çatıb. Ümumiyyətlə, "SOCAR Georgia Gas" 3 il ərzində Gürcüstanın 30 şəhərini və rayonlarını qazla təmin etməyi planlaşdırır.
Ölkəmiz Türkiyə, Ukrayna və bir sıra digər dövlətlərə də investisiya yatırılmasında fəal rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan əsas etibarilə məhz son altı ildə əsas investorlardan birinə çevrilib. Bütün bunlar Azərbaycanın həm xarici investisyalar üçün cəlbedici ölkə olduğunu, həm də özünün potensial investor qismində çıxış etdiyini göstərir. Perspektivdə isə hər iki istiqamət üzrə Azərbaycanın imkanlarının dəfələrlə artacağı dünya miqyasında da açıq etiraf olunur.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 2.