Milli maarifçilik ənənələrinin böyük davamçısı

 

Milli-mədəni irsi ilə tarixən dünya sivilizasiyasını zənginləşdirən xalqımız hər zaman elm və təhsilə yüksək dəyər vermiş, milli inkişaf və tərəqqi yolunu məhz bu sahələrin dinamik inkişafında görmüşdür. Hələ qədim və orta əsrlərdən özünəməxsus elm və təhsil ənənələrinə malik Azərbaycan nüfuzlu elm xadimlərinin, alimlərin vətəni kimi tanınmış, bəşər maarifçiliyi tarixinə öz möhürünü vurmuşdur. Milli idealların parlaq təcəssümü kimi yetkinləşərək XIX əsrin əvvəllərində qabarıq şəkildə üzə çıxan, feodal-patriarxal baxışlara, cəhalətə və mövhumatçılığa qarşı mübarizənin önündə dayanan maarifçilik hərəkatı Azərbaycanın mənəvi-mədəni həyatında əlamətdar mərhələnin başlanğıcına çevrilmişdir. Tədricən dini yönümlü mədrəsə təhsili arxa plana keçmiş, dünyəvi tipli ilk məktəblərin yaradılmasına başlanılmışdır.

XIX əsrdə yaşayıb-yaratmış Mirzə Fətəli Axundzadə, Abasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Məhəmməd Tağı Sidqi və başqa görkəmli söz adamlarının, ziyalıların cəmiyyətdəki problemləri, sosial ədalətsizlikləri, haqsızlıqları əks etdirən əsərləri, poeziyaları Azərbaycanın milli ruhunun oyanışına, milli ziyalı elitanın təşəkkülünə xidmət etməklə yanaşı, ilk dünyəvi məktəblərin yaranması və inkişafında da mühüm rol oynamışdır. "Qəza məktəbi", "zemstvo", "şəhər məktəbi", "normal məktəb" və digər ibtidai təhsil ocaqları çar Rusiyasının siyasətini yerlərdə təbliğ etmək məqsədilə yaradılsa da, maarifpərvər qüvvələrin formalaşmasına, xalqın mütərəqqi ruhda inkişafına təkan verən Avropa tipli maarifçilik hərəkatının genişlənməsinə əsaslı zəmin olmuşdur.

XX əsrin əvvəlləri isə Azərbaycan tarixində xalqın maarifləndirilməsi istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə səciyyəvidir. Müxtəlif ölkələrdə təhsil almış qabaqcıl ziyalılarımız xalqı gerilikdən və cəhalətdən qurtarmağı həyatlarının əsas qayəsi hesab edir, xalq maarifini yüksəltməklə insanların savadlanması qayğısına qalır, yeni tipli təhsil ocaqlarının açılması üçün hakim dairələrə müraciətlər edir, böyük çətinliklər hesabına niyyətlərinə çataraq bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirirdilər. Əsrin əvvəllərində milli maarifçilik hərəkatı Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Firudin bəy Köçərli, Sultanməcid Qənizadə və digər işıqlı ziyalıların fəaliyyəti sayəsində daha da genişlənmiş, yüksək ali təhsil almağın zəruriliyi fikri ictimai şüurda möhkəmlənməyə başlamışdır.

Ötən əsrin əvvəllərində yaranmış əlverişli siyasi şəraitdən düzgün bəhrələnərək 1918-ci il mayın 28-də istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan məhz bu möhkəm tarixi təməl və ənənələr üzərində milli təhsilini, elmini inkişaf etdirmək imkanı qazanmışdır. Demokratik ruhlu ziyalıların uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilk gündən milli mədəniyyət və maarifçiliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirməyə başlamış, Bakıda, Naxçıvanda, Şəkidə, Şuşada və Lənkəranda ibtidai siniflər hazırlayan kurslar yaradılmış, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürülmüşdür.

Ümumilikdə, 1919-cu ilin əvvəllərində respublikada yeni tədris proqramı əsasında 23 orta təhsil müəssisəsi, 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 qadın tədris müəssisəsi, politexnik və ticarət məktəbləri fəaliyyət göstərmişdir. Bununla belə, ölkədə mövcud olan həmin məktəblər uşaqların yalnız bir qisminin təhsil almasına imkan verir, eyni zamanda, milli kadrlar hazırlayan ali məktəblərin yoxluğu dövlət idarəçiliyində ciddi problemlər yaradırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri məhz ali məktəbin təşkili, milli kadrların hazırlanması idi. Məhz bu milli tələbatın nəticəsi, eyni zamanda, xalqın çoxəsrlik milli maarifçi ənənələrinin davamı olaraq 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması zərurəti meydana çıxmışdır. Azərbaycanın ilk ali təhsil ocağı, türk-müsəlman dünyasının ilk Avropa tipli universiteti olan Bakı Dövlət Universitetinin təsis edilməsi bu gün də xalqımızın milli maarifçilik və dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi xatırlanır.

1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsi üçün yaradılmış xüsusi komissiyanın hazırladığı bəyannamədə bu ali təhsil ocağının formalaşdırılması zərurəti elmi şəkildə əsaslandırılmış, onun təşkilinin hökumət dairələrində böyük rəğbətlə qarşılandığı vurğulanmışdır. Bununla belə, ilkin mərhələdə universitetin açılması ilə bağlı bəzi maneələr meydana çıxmış, parlamentdə və hökumət üzvləri arasında müəyyən fikir ayrılıqları yaranmışdı. Bu mütərəqqi prosesə qarşı çıxan qüvvələr iddia edirdilər ki, tədrisin ilkin mərhələdə rus dilində aparılması milliyyətcə rus olan professorların tələbələr arasında ruslaşdırma təbliğatı aparmasına, "çarın siyasəti"ni təbliğ etməsinə imkan yarada bilər. Belə ehtiyatlı yanaşmalara rəğmən, Azərbaycan xalqının ən görkəmli nümayəndələri universitetin açılmasını zəruri sayır, bunu rəsmi dairələrdən təkidlə tələb edirdilər. Görkəmli maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı "Azərbaycanda darrülfünun" adlı məqaləsində bununla bağlı yazırdı: "İctimai və siyasi zərurət tələb edir ki, biz rus alimlərindən istifadə edib rus dilində təhsil verən universitet açaq. Rus dilində açılacaq universiteti biz milliləşdirməli və türkləşdirməliyik".

Qeyd etmək lazımdır ki, Almaniyanın Leypsk Universitetində ali təhsil almış, məşhur Sorbon Universitetinin nəzdindəki Ali Təcrübi Məktəbi bitirmiş, ali təhsil sahəsində zəngin təcrübəyə malik olan Məhəmməd ağa Şahtaxtlının "Azərbaycanda darrülfünun" məqaləsində öz əksini tapmış mülahizələr Bakı Dövlət Universitetinin layihəsinin ana müddəalarına çevrilmiş, Azərbaycanda ali məktəbin yaradılması ideyasının müdafiə edilməsində həlledici amillərdən birini təşkil etmişdir. Burası da əhəmiyyətlidir ki, Məhəmməd ağa Şahtaxtlı Bakı Dövlət Universitetində çalışan ilk azərbaycanlı professor olmuşdur. O, BDU-da şərq dillərindən dərs demiş, latın əlifbasının bərqərar olması uğrunda mübarizə aparmışdır. Məhəmməd ağa, eyni zamanda, Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun elm və təhsil üzrə müşaviri kimi də Bakı Dövlət Universitetinin inkişafına, xüsusən, bu ali təhsil ocağında milliləşmə proseslərinin genişləndirilməsinə lazımi kömək göstərmişdir.

Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr tarixli iclasında "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" qanunun qəbulu bu istiqamətdə həlledici addım olmuşdur. Qanuna görə, universitetin tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olması nəzərdə tutulurdu. Universitetin təsis edilməsi üzrə komissiyanın 1919-cu il sentyabrın 15-də keçirilən son iclasında isə noyabr ayının 15-i universitetdə ilk dərs günü elan edilmişdir. Beləliklə, nəinki Azərbaycanda, Yaxın Şərqdə ilk dünyəvi ali təhsil ocağı fəaliyyətə başlamış, görkəmli rus alimi V.İ.Razumovski onun rektoru vəzifəsinə təyin edilmişdir.

1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi və respublikada sovet hakimiyyətinin qurulması ilə universitet yeni tarixi dövrə qədəm qoymuş, fəaliyyətini bolşevik ideyalarına uyğunlaşdırmağa məcbur olmuşdur. Mürəkkəb siyasi vəziyyətə baxmayaraq, Xalq Maarif Komissarlığı universitetin işinə böyük diqqət göstərmiş, onun inkişafı istiqamətində bir sıra addımlar atmışdır. 1922-ci ildən Azərbaycan Dövlət Universiteti adı altında fəaliyyət göstərməyə başlayan təhsil ocağı əsasən sosialist ali təhsil məktəbinə çevrilsə də, xalqın maariflənməsində, milli kadr hazırlığında mühüm rol oynamış, tədris prosesini tədricən Azərbaycan dilinə keçirməyə imkan tapmışdır. Ötən əsrin 20-ci illərində universitetdə ana dilində təhsilin miqyası genişlənmiş, habelə Azərbaycan dilində dərsliklər hazırlanmışdır.

Təəssüf ki, 1930-cu ildə Azərbaycan Xalq Komissarları Soveti universitetin bağlanması barədə qərar vermiş, onun pedaqoji fakültəsi Ali Pedaqoji İnstituta, tibb fakültəsi Azərbaycan Tibb İnstitutuna, iqtisad fakültəsi Ticarət-Kooperativ İnstitutuna, hüquq fakültəsi isə Sovet Quruculuğu və Hüquq İnstitutuna çevrilmişdir. Lakin Xalq Komissarlığı Soveti bu qərarına 25 may 1934-cü ildə yenidən baxaraq yol verdiyi tarixi ədalətsizliyi aradan qaldırmış, universitetin fəaliyyəti bərpa olunmuşdur. İkinci dünya müharibəsi illərində və sonrakı dövrdə milli kadr hazırlığına böyük töhfələr verən Bakı Dövlət Universiteti Azərbaycan Elmlər Akademiyasının yaranmasında da yaxından iştirak etmiş, özünün kadr potensialı ilə bu prosesin önündə getmişdir.

Universitetin 50-60-cı illərdə hərtərəfli inkişafında ona rəhbərlik etmiş görkəmli rektorların - Azərbaycan xalqının sayılıb-seçilən elm korifeylərinin müstəsna rolu olmuşdur. 1954-1958-ci illərdə ozamankı Azərbaycan Dövlət Universitetinə rəhbərlik etmiş dünya şöhrətli elm xadimi, akademik Yusif Məmmədəliyevin xidmətlərini bu baxımdan xüsusi xatırlatmaq lazımdır. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü kimi Azərbaycan Elmlər Akademiyasının yaranmasında və inkişafında yaxından iştirak edən Yusif Məmmədəliyev neftin və neft qazlarının katalitik emalı sahəsində mühüm elmi kəşflərə və tədqiqatlara imza atmış, Azərbaycan neft kimyasının elmi əsaslarını yaratmışdır. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkilində yaxından iştirak etmişdir. Yusif Məmmədəliyevin Azərbaycan Dövlət Universitetinə rəhbərlik illəri də xüsusi mərhələ təşkil edir. Görkəmli akademik qısa müddətdə universiteti həm də ölkənin mükəmməl elm ocağına çevirmişdir. Həmin illərdə universitetdə formalaşmış görkəmli alimlər Azərbaycan Elmlər Akademiyasının müxtəlif strukturlarına bacarıqla rəhbərlik etmişlər. Eyni zamanda, görkəmli elm xadimi universitetdə elmlə təhsilin uğurlu vəhdətinə nail olmuş, elmi-tədqiqat işlərinin səmərəliliyinin artmasına çalışmışdır.

90 illik mövcudluq tarixində universitet böyük şəxsiyyətlərin, dövlət xadimlərinin, ziyalıların təhsil aldığı müqəddəs məkan kimi məşhurlaşmış, milli kadr hazırlığına böyük töhfə vermişdir. Dünya şöhrətli siyasətçi, ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyev də universitetin tarix fakültəsinin məzunu kimi siyasi karyerasında və həyatında bu təhsil ocağının rolunu hər zaman yüksək dəyərləndirmişdir. Ümummilli lider taleyin hökmü ilə 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən dərhal sonra Azərbaycan Dövlət Universitetinə xüsusi diqqətlə yanaşmış, haqlı olaraq respublikanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtarmışdır. Həmin illərdə milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi ulu öndərin diqqət mərkəzində olmuşdur. Universitetin auditoriyalarında dərs deyən, kafedralarda işləyən müəllimlərin Azərbaycan xalqının mənliyinin, milli şüurunun inkişaf etdirilməsi prosesində müstəsna roluna böyük düha Heydər Əliyev yüksək qiymət vermişdir.

Ulu öndərin 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyində iştirakı və Azərbaycan dilində parlaq nitq söyləməsi də böyük rəhbərin bu elm məbədinə yüksək rəğbətinin təzahürü kimi xatırlanır. Heydər Əliyev yubiley mərasimində dərin məzmunlu nitqində demişdir ki, Azərbaycan Dövlət Universitetinin yaranması ölkənin ən yaxşı oğullarının doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsini onun üzünə açmaq uğrunda apardıqları mübarizənin məntiqi yekunu olmuşdur. Sonrakı illərdə universitetin 60, 75 və 80 illik yubileylərinin keçirilməsi, professor-müəllim heyətinin yüksək təltiflərə, dövlət mükafatlarına layiq görülməsi də məhz ümummilli liderin adı ilə bağlıdır.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən iqtisadi-siyasi, mənəvi böhran ümumilikdə cəmiyyətin digər sahələri kimi, BDU-nun da fəaliyyətinə mənfi təsir göstərmiş, onun qarşıya qoyduğu məqsədləri həyata keçirməsində problemlər yaratmışdı. Taleyin hökmü, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də çətin vəziyyəti aradan qaldırmaqla elmə, təhsilə ciddi dəyər vermiş, ziyalıların cəmiyyətdəki nüfuzunun yüksəlməsinə çalışmış, ali təhsil ocaqlarına, xüsusən də, Bakı Dövlət Universitetinə daim böyük diqqət və qayğı göstərmişdir.

Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər dayanır. BDU-nun da başlıca məqsədi məhz gələcəyin vətənpərvər, dövlətçi, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Universitet müstəqillik illərində çağdaş dünya nizamına və tələblərinə uyğun yüksək savadlı, vətənpərvər mütəxəssislərin hazırlanması işini uğurla həyata keçirmiş, mütərəqqi, ictimai və elmi düşüncənin mərkəzi kimi çıxış etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, universitet tədrisin keyfiyyətinə, müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, tələbələrinin sayına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı nüfuzuna görə regionda böyük üstünlüyünü qoruyub saxlayır.

Universitet elmlə təhsilin səmərəli şəkildə əlaqələndirilməsi, elmi yeniliklərin istehsalatda praktik olaraq gerçəkləşdirilməsi, elmi tədqiqatların ən müasir tələblər səviyyəsində aparılması sahəsində də yüksək fəallıq nümayiş etdirir. Məhz Bakı Dövlət Universitetinin çoxillik təcrübəsi əsasında Azərbaycan elmi mühitində ayrıca istiqamət kimi "ali məktəb elmi" anlayışı formalaşmışdır. Universitet rəhbərliyinin apardığı məqsədyönlü iş sayəsində respublikada akademik elmlə ali məktəb elmi qoşa qanad kimi yanaşı addımlayır. Bu gün AMEA sistemində və digər ali nüfuzlu təhsil ocaqlarında elmin inkişafına töhfə verən akademiklərin, elmlər doktorlarının böyük qisminin fəaliyyəti BDU ilə sıx şəkildə bağlıdır.

Bakı Dövlət Universiteti Avropanın klassik universitetlərində olduğu kimi, orta və ali təhsili, habelə elmi-tədqiqat institutunu özündə birləşdirir. Universitetin nəzdindəki Tətbiqi Riyaziyyat İnstitutu ali məktəblər arasında yeganə elmi-tədqiqat qurumu kimi fəaliyyətini inamla davam etdirir. Eləcə də universitetin nəzdindəki "Gənc istedad" liseyi Azərbaycan ali təhsil mühitində birinci orta məktəbdir. BDU-nun professoru və ya dosenti bu ali təhsil ocağındakı kafedralarda çalışmaqla, həm elmlə məşğul olmaq, həm də orta məktəb tipli liseydə dərs demək imkanı qazanır. Bu isə BDU-nun Avropa ali məktəb sisteminə inteqrasiyasının real nəticəsidir.

BDU öncül elm məbədi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin ali məktəblərə göstərdiyi yüksək diqqət və qayğını fəaliyyətində qabarıq hiss edir. Son illərdə dövlət başçısının xüsusi qayğısı, universitet rəhbərliyinin böyük səyi, təşkilatçılıq qabiliyyəti sayəsində təhsil ocağının görkəmi, maddi-texniki bazası, iş şəraiti əsaslı şəkildə yaxşılaşmışdır. 2008-2009-cu ilin yeni tədris ili qarşısında BDU-nun maliyyə problemləri səbəbindən uzun illər tikintisi yarımçıq qalmış yeni korpusunun istifadəyə verilməsi, təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və dərin məzmunlu nitq söyləməsi bunu bir daha təsdiqləyir. Dövlət başçısının 24 aprel 2009-cu il tarixində universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalaması da məhz bu diqqət və qayğının nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin yeni dövrün tələblərinə əsaslanmaqla müəyyənləşdirdiyi vəzifələr də bu gün Bakı Dövlət Universitetinin fəaliyyətində ciddiliklə nəzərə alınır. Bu baxımdan universitetdə Avropa təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, "Bolonya prinsipləri"nin tətbiqi xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, BDU Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamından irəli gələn vəzifələri uğurla gerçəkləşdirir. Bu məqsədlərin həyata keçirilməsi, habelə dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün BDU-da Beynəlxalq Elm və Təhsilə İnteqrasiya Şöbəsinin yaradılması uğurlu addımlardan biridir.

Universitetdə gələcək həyata məhz buradan qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir savada yiyələnməsi, elmi təşəbbüskarlığın artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır.

Təhsil ocağının beynəlxalq əlaqələrinin də gündən-günə genişləndiyi müşahidə olunur. Nazırda BDU postsovet məkanının 100-dən artıq universitetini bir araya gətirən Avrasiya Universitetləri, Xəzəryanı Ölkə Universitetləri, Qara Dəniz Universitetləri (QDU) assosiasiyalarının üzvüdür. Bakı Dövlət Universitetinin dünyanın 50-dən artıq aparıcı ali təhsil müəssisəsi ilə səmərəli əməkdaşlığı razılıq hissi doğurur.

BDU-nun respublika daxilində fəaliyyət göstərən ali təhsil ocaqlarından Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığı da kifayət qədər sistemli, ardıcıl və məqsədyönlü xarakter daşımaqla, bütövlükdə Azərbaycan elminin, təhsilinin inkişafına xidmət edir. Bakı Dövlət Universitetinin ayrı-ayrı dissertasiya şuralarında NDU əməkdaşlarının doktorluq və namizədlik dissertasiyaları müdafiə etməsinə lazımi şərait yaradılır. BDU-nun nüfuzlu professorları mütəmadi olaraq Naxçıvan Dövlət Universitetində tələbələr üçün mühazirələr oxuyurlar. Eyni zamanda, BDU-nun "Elmi əsərləri" jurnalı Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının məqalələrinin ən çox dərc edildiyi nüfuzlu nəşrlərdən biridir. Bakı Dövlət Universiteti Bakı-Tbilisi-Axalkalaki-Qars Naxçıvan dəmir yolu üzərində yerləşən ali məktəblərin işbirliyi layihəsi çərçivəsində də elm, təhsil və idman sahəsində Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrini davam etdirir. Naxçıvan Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasındakı çoxcəhətli əlaqələr ali məktəblərin ölkədaxili inteqrasiyasına yaxşı örnəklərdən biri sayıla bilər. Və bu qarşılıqlı əlaqələr hər iki universitetin inkişafı üçün faydalıdır.

2009-cu ilin noyabrında 90 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşan Bakı Dövlət Universiteti bu gün Azərbaycan elminin və təhsilinin ən mühüm cəhətlərini, keyfiyyət göstəricilərini özündə əks etdirir. Dünya elminin mütərəqqi yeniliklərini milli təhsil sisteminin tarixi nailiyyətləri ilə uğurlu şəkildə sintez etməyi bacaran BDU Avratlantik məkana uğurla inteqrasiya edir və ildən-ilə müasirləşir. Məhz bu baxımdan universitet zaman keçdikcə Avropa təhsil məkanında öz sözünü deyir və respublikamızı layiqincə təmsil edir. Hazırkı zirvəsindən baxdıqda, respublikamızın bu elm məbədinin gələcək inkişaf üfüqləri daha aydın nəzərə çarpır. Bakı Dövlət Universitetinin çoxminli kollektivini ürəkdən təbrik edir, hörmətli həmkarlarımıza daha böyük uğurlar arzulayıram.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət

Universitetinin rektoru,

Akademik

 

Azərbaycan.- 2009.- 25 oktyabr.- S.4.