Azərbaycan poeziyası -
XIX əsr
Azərbaycan ədəbiyyatı tarixən çox qədimdir. İstər şifahi, istərsə də yazılı qolu müəyyən mərhələdən, qadağadan, repressiyalardan keçərək bugünümüzə qədər inadlı bir yürüş edib. Bu zəngin mənəvi irslə əlaqədar bir sıra tədqiqatçılar dəyərli axtarışlar apararaq sanballı əsərlər yazsalar da, ədəbi sərvətin kökləri o qədər də ardıcıl öyrənilməmişdir. Bəzi hallarda da sovet rejimi bu ədəbiyyatın üzərinə elə bir kölgə salırdı ki, onun qalın pərdələrini açmaq müşkülə dönürdü. Azərbaycan ədəbiyyatının elə azman nümayəndələri var ki, onların qələm məhsulları bədii cəhətdən nə qədər dəyərli, əhəmiyyətli olsa da, sovet rejiminin diktəsinə uyğun gəlmədiyi üçün gizlədilirdi, qəsdən unudulurdu. Qaranlıq arxivlərdə belə nümunələr çoxdur. Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadənin XIX əsr milli ədəbiyyatımızı araşdırarkən gəldiyi qənaət çox düşündürücüdür. O, bu əsri Azərbaycan ədəbiyyatı tarixində "dönüş dövrü" adlandırırdı. Onun fikrincə, milli ədəbiyyatda əsl demokratizm, xəlqilik və realizmin coşqun inkişafı bu dövrlə bağlıdır.
Doğrudur, qədim Azərbaycan ədəbiyyatı ilə əlaqədar bir sıra dərs vəsaitləri, nəzəriyyələr, tədqiqatlar, monoqrafiyalar çap edilib. Amma unudulanlar da olub. Bəzilərinin adlarını da ayrı-ayrı şəxslərin xatirələrində oxuyub eşitmişik. Külliyyatına bütün əsərləri daxil edilməyən şairlər də var. Halbuki Azərbaycan poeziyasının elə qüdrətli nümayəndələri olub ki, onların yazdıqları özlərindən sonra gələn şairlərin yaradıcılığında dərin iz salıb. Vaxtilə saraylarda fəaliyyət göstərən ədəbi məclislərdə elə qüvvələr yetişib ki, onların şeirlərində mədhiyyədən çox, ictimai motivlər güclü olub. Azərbaycan poeziyasının bu mürəkkəb dövrü ilə bağlı sanballı tədqiqata həqiqətən, ehtiyac var.
Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun Salatın Əhmədova ilə birlikdə tərtib etdikləri "XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya)" bu zərurətdən yaranıb. "Nurlan" nəşriyyatında çap edilən kitabın birinci cildi ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulub.
Teymur Əhmədov ön sözdə yazır: "Ali məktəblərin ədəbiyyat mütəxəssisləri və tələbələri üçün əlavə dərs vəsaiti kimi hazırlanmış "XIX əsr Azərbaycan şeiri" antologiyası milli poeziyanın keçdiyi inkişaf yolu, onun xarakteri, mahiyyəti və ictimai fikrə təsiri barədə müəyyən təsəvvür yaratmaq məqsədilə tərtib edilmişdir. Burada ilk dəfə o taylı-bu taylı bütöv Azərbaycan ərazisində yaşayıb-yaradan, öz dövrünün tanınmış şairlərinin əsərlərindən nümunələr verilmişdir".
Oxuculara təqdim edilən yeni kitabın maraqlı məqamları, əhəmiyyətli cəhətləri çoxdur. Burada elə imzalara rast gəlmək olar ki, onların adlarını eşitsək də, çoxunun əsərlərini oxumamışıq. Bu mənada tərtibçilərin əməyini alqışlamaq gərəkdir. Kitabda təqribən 40-dan artıq şairin bədii yaradıcılığı araşdırılıb. XIX əsrdə dövrünün qabaqcıl ziyalılarından sayılan Abdulla Canı oğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri idi. O, Şuşada anadan olub. Şəhərin musiqiçiləri ilə yaxından dostluq edər, həm klassik poeziya üslubunda, həm də aşıq şeiri tərzində lirik və satirik şeirlər yazardı. Müəllifin bizim günümüzə bir neçə müxəmməsi gəlib çatıb. Eləcə də Qarabağ mahalının yaxşı tanıdığı, o cümlədən Qasım bəy Zakirin yaxın dostu və qohumu olan Baba bəy Şakirin kitabda həm Zakirə ünvanladığı nəzirə, həm də qoşma və həcvləri oxucuların diqqətinə çatdırılır. Zakir üslubunda yazan Baba bəy Şakirin satiralarında fitnəkarlar, mövhumat və cəhalət yayanlar, rüşvətxorlar ciddi tənqid atəşinə tutulub.
Kitabda qadın şairlərin də yaradıcılığından nümunələr verilib. Aşıq Pəri, Heyran xanım, Fatma xanım Kəminə, Xurşidbanu Natəvan və başqaları. Xan qızının "Könlüm" rədifli məşhur qəzəlində oxuyuruq:
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqidən agah olub, ustad olan könlüm.
İstər-istəməz adamın
gözləri qarşısında
bu böyük mənəviyyat sahibinin ermənilər tərəfindən
güllələnmiş heykəli,
bir də dağıdılmış, yandırılmış,
zəbt edilmiş vətəni -
Neyləyim, oldu bahar, amma baharım gəlmədi,
Gül açıldı gülşən içrə,
gülüzarım gəlmədi.
İnanırıq ki, bu şairlərin cismi də, ruhu da qalan o doğma yerlərə sözün həqiqi mənasında, sülh baharı gələcək.
Kitabda Cənubi Azərbaycanda yaşayıb-yaradan şairlərin də yaradıcılığına müraciət edilib. Məhəmməd Hidəci, Sərraf Hacı Rza, Məhəmməd Xəlifə Aciz, Məhəmmədəmin Dilsuz, Seyid Rza Sabir, Ziyai Ərdəbili, Xəyali Raqim Ərdəbili, Müztər Təbrizi, Pürğəm, Mirzə Kazım Qazi Əskərzadə, Nazim Ərdəbili, Mail Mirzə Həsən Əfşar və başqalarının qəzəlləri ilk dəfə oxucuların diqqətinə çatdırılıb. Yaradıcılıqlarından nümunələrlə yanaşı, hər bir müəllif barəsində oxuculara səlis məlumat verilib.
XIX əsrdə yazıb-yaradan Azərbaycan şairlərinin əsərlərində təbii ki, ərəb-fars sözləri çoxluq təşkil edirdi. Bu səbəbdən də kitabın sonunda lüğətin olması təqdirəlayiqdir. Poeziya nümunələrində işlədilən hər bir yabançı sözün aydın izahı verilib. Kitabın məziyyətlərindən biri də budur ki, həm XIX əsrin ədəbi mühitindən xəbər tutmaq mümkünləşir, həm də mürəkkəb bir şəraitdə Azərbaycan şairlərinin necə dolğun, sənətkarlıq baxımından güclü və məzmunlu əsərlər yazmasının şahidi olursan. Bütün bunlar isə bugünkü ədəbi proses üçün bir ibrətdir. Kitabı hazırlayanlar çox faydalı və xeyirxah bir işin öhdəsindən məharətlə gəliblər.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 4.