Dəvətsiz qonaqlar və əsəbi ev sahibləri

 

Akademik Ramiz Mehdiyevin ölkə ictimaiyyətinin bütün zümrələri arasında ciddi maraqla qarşılanan, geniş müzakirə mövzusuna cevrilən və birmənalı qəbul edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi bir daha təsdiqlədi ki, illərdən bəri zaman-zaman insanların narazılığına səbəb olan, yaşlı və orta nəslin haqlı təpkisi ilə üzləşən, ancaq heç kəsi və heç nəyi eyninə almadan öz "mənəvi pozuculuq" missiyasına israrlı olan bir sıra özəl televiziya kanallarının işi bərbad vəziyyətdədir.

 

Bəs bu narahatlığa səbəb nədir? Doğrudanmı, biz buyuq, doğrudanmı biz öz balalarımızın, sabah bu ölkənin qurucusu olacaq övladlarımızın mənəvi tərbiyəsini bir qrup mənəviyyatsız və məsuliyyətsiz "efir dəllalları"nın ixtiyarına vermişik? Bu gün özlərini Azərbaycanın efir məkanında "nömrə-1" kimi qələmə verən yayım şirkətlərinin - həm televiziyaların, həm də onlara məxsus olan radiostansiyaların verilişlərinə baxandan sonra adamın doğrudan da başının tükləri qabarır. Bu cavan aparıcılar, görəsən, harada, hansı mühitdə, hansı ailədə böyüyüblər? Kimlərdən dərs alıblar, hansı məzhəbə qulluq edirlər? Məqsədləri, məramları haradan və ya nədən qaynaqlanır? Bunların çoxu, görəsən, ömürlərində bir kitabı sonacan oxuyublarmı, tariximizdən, mədəniyyətimizdən, mənəvi dəyərlərimizdən xəbərləri varmı? Yox, min dəfə yox! Əgər xəbərdar olsaydılar, ən azı yazdıqları və dedikləri sözün, fikrin məsuliyyətini dərk edərdilər. Məqsədləri yalnız pul qazanmaq olmazdı, belə yüksək kürsüdən xalqa küfr, yalan, şantaj sırımağı ən azı günah sayardılar...

Son illər ali məktəblərdə tətbiq edilən bütün mütərəqqi tədbirlərə rəğmən tələbələrin bilik səviyyəsi çox aşağıdır, gənc mütəxəssisləri işə götürən təşkilatlar da bu piyada və savadsız kadrlarla işbirliyi qurmaq istəmirlər. Belə olan halda onların bir çoxu asan qazanc dalınca qaçır, özünü şou-biznes aləmində sınamağa çalışır, ilk baxışdan o qədər də çətin görünməyən şoumenliyə əl atır, tin-bazar söhbətləri ilə efiri və ekranı "gülləndirirlər".

Hörmətli Ramiz müəllim haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycanın efir məkanında mənəvi dəyərlərimizin təbliği, ictimai əhəmiyyət kəsb edən problemlərin müzakirəsi, vətənpərvərlik tərbiyəsi, intellektual səviyyənin formalaşdırılması kimi vacib amillər "yaddan çıxıb", televiziya, radio və qəzet rəhbərləri əsas funksiyalarını - maarifləndirmə işini sanki ikinci plana çəkiblər, halbuki bu əhəmiyyətli və məsuliyyətli vəzifəni həyata keçirmək üçün indi hər cür imkan var: azad söz, senzurasız efir məkanı...

Bəs bu işə bilavasitə məsul olan şəxslər niyə birbaşa vəzifələrini yerinə yetirmir və ya yetirmək istəmirlər? Bəlkə onlar zəngin tariximizin, əsrlər boyu öz ilkinliyini qoruyub saxlamağa qadir olan, qədimlərdən bəri hər kəsi valeh edən mənəvi dəyərlərin qəsdinə durublar?

Azərbaycanda fəaliyyət göstərən bəzi özəl teleradio kanalları tamaşaçı və dinləyicilərin əsəblərini tarıma çəkən, onları qıcıqlandıran, düyməni basıb başqa xarici kanallara baxmağa sövq edən dayaz və səviyyəsiz verilişlər hazırlamaqda sanki bir-biri ilə bəhsə giriblər.

Bu yaxınlarda kanalların birində hansısa xarici ölkədən qayıdan müxbir hazırladığı verilişdə "şopinqə getdik, şopinq elədik" kimi qulağa yad ifadələrdən geninə-boluna bəhrələnmişdi. Xeyli fikirləşdikdən sonra başa düşdüm ki, o xanım dükan-bazara alverə getdiyini bildirmək istəyirmiş. Görəsən, əcnəbi jurnalistlər də Bakıdan qayıtdıqdan sonra öz tamaşaçılarına bizimkilər kimi Azərbaycan sözləri iləmi veriliş təqdim edirlər? Təbii ki, yox! Bəs biz niyə beləyik? Çünki bizim bir qisim cavanımız dilimizi yad kəlmələrlə doldurub, rəhmətlik Mirzə Cəlil demiş, "obrazovanski" görünmək istəyirlər.

Maraq üçün istənilən televiziya kanalının proqramına nəzər yetirsəniz, görəcəksiniz ki, verilişlərin müəyyən faizinin adı əcnəbi kökənlidir. Məgər bizim dilimizin bazası belə kasıbdır ki, biz az qala yarıdan çox verilişlərimizə ingiliscə ad yaraşdırmışıq?

Hər birimizin evinə dəvətsiz gələn, mənzilimizin yuxarı başında yerini rahatlayan televiziya aparıcıları gərək unutmasınlar ki, qonağı olduqları evdə yaşlı nənə-baba var, ata-ana var, oğul-uşaq var. O sehrli qutudan, əlbəttə, hər şeyi söyləmək olar, amma nəyi, necə söyləmək artıq professionallıqdır, yurdsevərlikdir, insansevərlikdir, auditoriyaya hörmətdir. Ev sahibi-tamaşaçı qonağına ehtiram göstərir, onun geyim tərzinə, oturuş mədəniyyətinə, ədəb-ərkanına fikir verir, nə danışdığına, seçdiyi mövzuya nə qədər bələd olduğuna diqqət yetirir və bir neçə dəqiqədən sonra pultu əlinə alıb hirslə düyməni basır...

Əslində, tamaşaçı hər hansı bir verilişin, şou-proqramın necə böyük zəhmət bahasına yarandığından az-çox xəbərdardır, amma o, son nəticənin belə təsirsiz, dadsız-duzsuz olduğunu görəndən sonra çəkilən əziyyətin, zəhmətin dəyərini verə bilmir. Çünki o sənin verilişində uydurma süjet xətti gördü, qərəz hiss elədi, layiq olmayan bir kimsəyə yarınmaq, onu boğazdan yuxarı tərifləyib sənətkar, "star-ulduz" eləmək nəfsini duydu, ruhunu qidalandıracaq, mənəvi aləmini zənginləşdirəcək maraqlı heç nə tapmadı, ona görə də başqa bir kanala üz tutdu. Ən pisi isə odur ki, xarici kanala...

Biz hamımız özəl kanallar təzə fəaliyyətə başlayanda fikirləşirdik ki, nəhayət tariximiz, mədəniyyətimiz, görkəmli şəxsiyyətlərimiz barədə əsl həqiqətlər söyləniləcək, gənclərimiz öz sələflərindən daha cəsarətli olacaq, jurnalist araşdırmaları aparacaq, yaddaqalan verilişlər hazırlayacaqlar. Çünki artıq senzura-filan aradan qaldırılıb. Doğrudur, ara-sıra belə verilişlər gözə çarpır. Ancaq bəzən qurunun oduna yaş da yanır, bu verilişlərin efirə getdiyi kanalların xalq arasında reytinqi o qədər zəif olur ki, heç ona baxmağa həvəs də göstərmirsən.

Yeni telekanalların, demək olar ki, hamısının Siam əkizləri kimi bir-birinə bənzəyən maqazin verilişləri meydana çıxdı, həm də tamaşaçılar gördülər ki, bu "proyektlərin" əksəriyyəti xarici ölkələrin aparıcı telekanallarında illərdən bəri özünə yer alan verilişlərin təkrarıdır və bu verilişlər o xalqın mentalitetinə, adət-ənənəsinə, yaşam tərzinə uyğun olsa da, bizə tamam yaddır. Həmin şou-proqramlar o ölkənin tamaşaçısı üçün məqbul sayılsa da, bizim milli mentalitetimizlə daban-dabana zidd olması faktı da ortaya çıxdı və bu tip verilişlər adamların haqlı narazılığı ilə üzləşdi.

Aparıcılar heç bir etik normaya sıgmayan hərəkətləri, mənasız sualları, təkəbbürlü davranışları, eybəcər geyim tərzləri, guya sərbəstdirlər kimi hətta oturuş mədəniyyətsizlikləri, ədabazlıqları ilə diqqət çəkirlər. Biz, özü də təkcə biz yox, dünyanın bütün ölkələrindəki tamaşaçılar televiziya aparıcılarının danışığından, geyimindən, jestindən, baxışından həmişə bəhrələnmişik, onlardan öyrənmişik, onlara bənzəməyə çalışmışıq. Bəs indi uşaqlarımız özlərini kimə oxşatsınlar? Özlərini tamaşaçılara sevdirmək üçün dəridən-qabıqdan çıxan aparıcılaramı? Onlar kimi nəzakətsizmi olsunlar? Konkret misal istəyirsiniz, buyurun: belə aparıcılardan biri qonaq getdiyi evdə dəvətsiz-filansız divana yayxanıb hörmətli bir qadın xanəndəyə:

- Filankəs xanım, gəl əyləş e, görək nə var, nə yox, deyirlər sənə bu evi təzə veriblər, pulun yoxdur, ramont (elə belə də dedi - "ramont"!) eləməyə?

O abırlı xanım da utana-utana divanın bir küncünə qısılıb oturdu və aparıcının növbəti ədəbsiz sualını gözlədi...

Digər bir aparıcı, özünü hər kəsdən və hamıdan savadlı sayan, kimlərinsə hesabına dünyanı gəzib könülləri "fəth edən" və hər dəfə də özünün şit zarafatları, yersiz hırıltısı ilə tamaşaçıda ikrah doğurduğunun fərqinə varmayan gəncsə daha "səmərəli" özünütəbliğ metodu seçib. O elə özü səviyyəli evdar qadınlardan və yeniyetmə qızlardan ibarət auditoriyasında artıq səsindən tanıdığı tamaşaçılarına "bəy tərifi" dedizdirməkdən çəkinmir.

Dinləyici qadınlar və qızlar da "sənin paxıllığını çəkirlər, səndən qabiliyyətli, səndən yaxşı aparıcı yoxdur", - deyə onun ünvanına təriflər yağdırırlar. O da irişə-irişə "sağ olun, mən də sizin üçün çalışıram da", - deyir.

Uzun illərdir mədəniyyət və sənət aləmi ilə təmasdayam, ali məktəbdə dərs deyirəm. Hər tamaşa axşamı teatrın tamaşa salonunda əyləşən sənətsevərləri bilavasitə müşahidə edə bilirəm. Təəssüf hissi ilə deməliyəm ki, indi səviyyəli tamaşaçı, xüsusilə də gənclər çox azdır. Bəzən ilk tamaşaya dəvət etdiyimiz qəzet və televiziya jurnalistlərinin bir qismi baxdıqları əsərin adını belə düzgün yazmır, tamaşa barədə sərbəst fikir söyləyə bilmirlər, hətta məşhur əsərlərin müəllifi barədə təsəvvürü olmayanlar da tapılır. Biz 100-cü mövsümümüzə Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettası ilə başladıq. 96 ildən bəri müxtəlif teatrların səhnəsində oynanılan, iki dəfə ekranlaşdırılan, az qala hər kəlməsi, hər sözü dillər əzbəri olan bu əsərə baxan cavan bir jurnalistin tamaşa öncəsi "Əsər nədən bəhs edir, onun süjetini danışa bilərsinizmi" sualından sonra ürəyimin sancdığını hiss elədim.

Mən o cavan qızı qınamıram. Çünki o da yaşıdları kimi, gününün bir qismini bizim TV qalmaqallarını izləməklə məşğuldur. Eşitdiyi dedi-qodular, hələ 2-3 mahnısı əməlli-başlı yadda qalmayan müğənniciklərin şəxsi həyatı ilə bağlı qeybətlər ona daha cəlbedici görünür. Dinlədiyi bayağı və mənasız söz yığınından ibarət mahnılar, bu mahnılara sənətkarlıq baxımından çox zəif çəkilmiş kliplər onu bu qənaətə gətirir ki, gördükləri əsl sənət nümunəsidir, dəbdir, müasirlikdir...

Hələ bu mahnını oxuyanın gülünc görünən iddiası: "Sözləri və musiqisi özümə aid (?) olan bu mahnım xitə çevrilib, xalqımdan dəstək gözləyirəm..." söyləməsi cavanların olar-olmaz zövqünü də korlayır.

Şou-biznes əhlinin qalmaqallarına, ucuz şöhrət aludəçiliyinə söykənən bu verilişləri hazırlayanların, təbii ki, əsas məqsədi pul qazanmaqdır. Bu kanalları izlədikdə adamda belə qənaət yaranır ki, torpağının 20 faizi işğal altında olan, deyəsən, heç bizim xalq deyil, biz elə çalıb-oxumaq üçün doğulmuşuq! Bu məmləkətdə çal-çağır əhlinin peşəsindən başqa heç bir sənət, peşə yoxdur! Azərbaycan əhalisi ancaq müğənnilərdən, rəqqasələrdən, musiqiçilərdən, aktyorlardan, prodüserlərdən, bir sözlə, səhnədəkilərdən ibarətdir!

Bəli, həyat böyük səhnədir, insanlarsa aktyor - deyirlər. Ancaq hər kəs öz rolunu oynamalıdır. Bu xalqın ağıllı, istedadlı gəncliyi, ünlü alimləri, zəhmət adamları, sadə peşə sahibləri də var! Əgər həyat təkcə çalıb-oynamaqdan ibarət olsaydı, cəmiyyətin bugünkü inkişafı, elmi-texniki tərəqqinin müasir nailiyyətləri də olmazdı. Lakin bizim televiziya və radio işçilərimiz nədənsə bu həqiqətə məhəl qoymurlar.

Bu gün söz ən asan dilə gələn, ən ucuz sayılan bir deyim tərzinə çevrilib. Bir çox aparıcılar dedikləri sözlə necə böyük ciddiyyət və məsuliyyət daşıdıqlarının fərqində deyillər. Heç kəsə sirr deyil ki, onların böyük əksəriyyətinin jurnalistlik peşəsindən xəbəri belə yoxdur.

Bu gün ali məktəbləri güc-bəla ilə bitirən cavanların bir çoxu heç fərli-başlı tərcümeyi-halını belə yazmağı bacarmadığı halda əllərinə mikrofon götürməyə cəsarət edir, şəstlə kamera qarşısında dayanıb ağlına gələn cəfəngiyatı söyləyir. Amma dinləyicisinin, tamaşaçısının əsəblərini tarıma çəkdiyini heç ağlının ucundan da keçirmir və ya "mən belə düşünürəm, necə istəyirəm, o cür də danışıram" deyir. Hətta yeri gələndə tamaşaçıları köhnəfikirlilikdə, zövqsüzlükdə ittiham etməkdən belə çəkinmir.

Biz qəzet oxumadan bir-iki gün keçinə bilərik, lakin heç bir müasir insan öz həyatını TV-siz təsəvvür etmir. TV bizim yaşam tərzimizin ayrılmaz hissəsidir. Bu sehrli ekrandan bizim evlərimizin dəvətsiz qonağı olan insanlar da gərək necə böyük məsuliyyət daşıdıqlarını, necə uca və əhəmiyyətli bir tribunaya malik olduqlarını unutmasınlar. Xalqın mədəni səviyyəsinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, təbliği, gənclərdə vətənpərvərlik, yurdsevərlik hisslərinin aşılanması, maarifcilik işinin gücləndirilməsi, yeniyetmələrin təhsilə marağının istiqamətləndirilməsi, peşə yönümünün formalaşdırılması, Azərbaycan dövlətinə və dövlətçiliyinə məhəbbətin gücləndirilməsi kimi vacib sahələrə diqqəti artıran proqramlar hazırlamaq günün tələbidir.

 

 

Əliqismət LALAYEV,

Azərbaycan Dövlət Musiqili

Komediya Teatrının direktoru,

əməkdar incəsənət xadimi,

sənətşünaslıq namizədi

 

Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 5.