Min bir dərdin dərmanı... çay

 

Hər bir xalqın ənənəvi içkisi var. Rusların və digər slavyan xalqlarının sevimli ritual içkisi araq və çaxır, azərbaycanlıların mərasim içkisi isə çaydır. Azərbaycanlılar xeyirdə də, şərdə də çay içirlər. Heç bir hadisə çaysız başa gəlmir. Azərbaycanda armudu stəkanlarda samovar çayı sevilir. Ona görə ki, armudu stəkanı əldə tutmaq rahat olur, çay stəkanın ağız hissəsindəkinə nisbətən dib hissəsində gec soyuduğuna görə həmişə isti qalır.

 

İndiyədək samovarın ruslar tərəfindən ixtira olunduğu güman edilirdi. Rus dilində "samovar" "özüqaynadan" deməkdir. Ancaq tarixi məxəzlərdən göründüyü kimi, samovar "sumavar" adı ilə qədim türklər - hunlar tərəfindən meydana gətirilmişdir. Eramızın V əsrində hunlar içərisində soba qoyulmuş taxta evlər, daş hamamlar və s. tikə bilirdilər. Hunların hərbi səfərlər zamanı üstüörtülü arabalarda yemək hazırladıqları və su qaynatdıqları "sumavar" (qədim türk dilində "su qabı") qərbi avropalıları çox təəccübləndirirdi. Ona görə ki, hunlar bir çox Avropa xalqlarına nisbətən daha yüksək inkişaf pilləsinə qalxmışdılar.

Azərbaycanın bütün yaşayış məntəqələrində pürrəngi samovar çayı hazırlanan çayxanalar fəaliyyət göstərir. Bu çayxanalara ancaq çay içmək və söhbət etmək üçün gəlirlər. Çayxanalar, bir növ, kişilərin yığıncaq yeridir. Müştərilər çay içə-içə ötənlərdən və keçənlərdən söhbət salır, sakitcə oturub öz problemlərinin həllinə çalışır və yaranmış vəziyyətdən çıxış yolu arayıb-axtarırlar. Bir sözlə, çayxana cəmiyyətdə sabitliyin bərqərar olmasına kömək edən görüş yeridir. Bakıya qonaq gələn ruslar hətta gənclərin də oturub çay (araq və çaxır yox) içdikləri çayxanalara həsədlə baxırlar.

Hər bir Azərbaycan ailəsində gələn qonağa ilk növbədə çay gətirirlər. Qonaqlıq çay ilə başlayır, çay ilə də qurtarır. Evə ev sahibi ilə bir neçə dəqiqəliyə görüşmək üçün gələnə də çay gətirirlər. Azərbaycanda çayı dişləmə qəndlə içirlər. İlk qurtumdan qabaq qəndi çaya batıraraq ağızlarına salırlar. Bu, çox qədimdən qalan adətdir. Azərbaycan hökmdarları onların çay qablarına zəhər tökülüb-tökülməməsini bilməkdən ötrü qəndi əvvəlcə çaya batırırdılar. Qədimlərdə zəhər üzvi mənşəli olduğundan dərhal qəndlə reaksiyaya girir və nəticədə çayın suyu bulanır, ya da ki, "qaynayırdı". Çaya zəhər qatan sui-qəsdçini tutub edam edirdilər.

Çay həm də elçilik rəmzidir. Azərbaycanda qız almağa gələn elçilər ordan-burdan söhbət salır, eyhamla danışırlar. Daha birbaşa demirdilər ki, "gəlmişik qızınızı oğlumuza alaq". Qız evinə elçi gələcəyi barədə əvvəlcədən xəbər göndərilir. Qız evinin başçısı verilən təklifə razılığını şirin çay gətirilməsi ilə bildirir. Rədd cavabı vermək istəyəndə süfrəyə ayrı-ayrılıqda dişləmə qənd və çay qoyurlar. Həmin ritual hər iki tərəfin adamlarının münasibətlərini pozmur, heç kim heç kimdən incimir. Elə çıxırdı ki, qız atasının yanına gələnlər çay içmək və söhbət etmək üçün gəliblərmiş.

Azərbaycan çayı ətirli və ləzzətli olduğundan onu heç bir səbəb olmadan da həmişə içirlər. Çayın ətirli alınmasından ötrü onun dəmlənməsi qaydasını bilməkdən də çox şey asılıdır. Dəmləmə sirrini isə qocaman çayxanaçı usta ölümündən qabaq belə açıqlamışdı: "Çayı dəmləyəndə quru çaya qənaət etməyin".

Dünyada çay içməyi bu və ya digər dərəcədə hamı xoşlayır. Çay sudan sonra ikinci yerdə durur. Çayın vətəni Cənub-Qərbi Çin və ona qonşu olan Yuxarı Birma və Şimali Vyetnamdır. Maraqlıdır ki, "çay" sözü qədim türk dillərindən alınma sözdür.

Bir əfsanəyə görə, Cənubi Çinin imperatoru Çen Nunq (eramızdan əvvəl 3-cü minillikdə) saray həyətində oturub dağ su içirmiş. Təsadüfən dağ suya düşən yarpaqların imperator içkisinə verdiyi ətir və dad onun xoşuna gəldiyi üçün yarpaqları yığıb saxlamaq əmri veribmiş. İmperator həmin yarpaqlardan bütün ölkədə istifadə edilməsi barədə fərman da imzalayıbmış. Tarixi abidələr göstərir ki, çay 220-280-ci illərdə məlum olsa da, o, 350-ci ildən becərilməyə başlanıb.

Çin filosofları deyirdilər ki, çay şərabdan yaxşıdır. Ona görə ki, adamı sərxoş etmək əvəzinə onu daha da qıvraq edir və orqanizmini möhkəmləndirir. Onlar çayı infeksiya daşıyıcısı olmadığı üçün sudan da üstün tuturdular. İlk zamanlar hökmdarlar və din xadimləri çaydan yorğunluğu aradan qaldıran, insanın görmə qabiliyyətini və gücünü artıran müalicəvi içki kimi istifadə edirdilər. Çində çaydan bir içki kimi V əsrin əvvəllərində istifadə etməyə başlamışdılar. Çay yüksək dəyərləndirilirdi. İmperatorlar mükafatlandırmaq istədikləri əyanlarına çay bağışlayırdılar. V əsrdə çay içmək şərəfi yüksək mənsəb sahiblərinə nəsib olurdu. X əsrdən başlayaraq çay Çində milli içki sayılırdı. Çay alveri geniş vüsət almağa başlamışdı.

Avropaya çayı XVI-XVIII əsrlərdə portuqaliyalılar və hollandiyalılar gətirmişdilər. Niderland əhalisi nahardan sonra çay içməyi ənənəyə çevirmişdi. Az sonra çay Atlantik okeanı vasitəsilə Qayananın Nyu-Amsterdam şəhərinədək gedib çıxmışdı.

1664-cü ildə İngiltərənin Ost-Hind şirkətinin tacirləri ölkənin kralına iki funt çay hədiyyə gətirmişdilər. Kral çay içkisini layiqincə qiymətləndirdikdən sonra o, ilk vaxtlarda zəngin adamların əli çatan içki sayılırdı. Çox sonralar çay geniş kütlələrin sevimli içkisinə çevrilmişdi. Çaya qoyulmuş vergi yüksək olduğuna görə onu ancaq imkanlılar içə bilirdi. Çayı kafelərdə içirdilər, pulun qalanını qaytarmaq üçün xırda pul olmayanda müştərilərə çay talonları verirdilər. Çay talonları mağazalarda adi ödəniş vasitəsi kimi qəbul olunurdu. 1793-cü ildə Çin çayının toxumları Hindistana gətiriləndən sonra çay istehsalına başlandı. Yavada, Sumatrada, Vyetnamda XIX əsrin birinci yarısında, Afrikada və Cənubi Amerikada əsrin ikinci yarısında çay istehsalı vüsət almağa başladı. Hazırda Avstraliyada da çay becərilir.

1896-cı ildə seleksiyaçı M.O.Novoselov ilk dəfə olaraq Azərbaycanın Lənkəran rayonunda çay kolları əkib becərmişdi. Çay plantasiyaları Oktyabr inqilabı adlanan çevrilişdən sonra məhv olduğuna görə 1928-1929-cu illərdə çayçılığa yenidən başlandı, 1932-1934-cü illərdə sənaye miqyasında plantasiyalar salındı. İlk Azərbaycan çayı 1937-ci ildə buraxıldı.

Ta qədimlərdən indiyədək bəşəriyyət çayın orqanizmə xeyirli təsirindən faydalanır. Şərqin böyük alimləri çayı orqanizmin qüvvəsini artıran, əhvalını yaxşılaşdıran vasitə kimi qiymətləndirirdilər.

Qədim çinlilər çayı "həyat alovu" adlandırırdılar. XVII əsrin əvvəllərində yapon imperator sarayının loğmanları qeyd edirdilər ki, içilən çay qanı təmizləyir, gözün selikli qişasını paklaşdırır, qaraciyərin və dalağın işini tənzimləyir, əzginliyi aradan qaldırır, bədənin əzələlərini canlandırır.

Böyük rus yazıçısı Lev Tolstoy çay haqqında belə deyirdi: "Mən çox çay içirəm, ona görə ki, çaysız işləyə bilmirəm. Çay mənim qəlbimin dərinliklərində mürgüləyən düşüncələrimi dilə gətirməyimə yardımçı olur".

Çay insan orqanizminin tonusunu yüksəldir, həyat funksiyalarını gücləndirir, susuzluğu yaxşı yatırır. Çay insanın qidalanma imkanlarının olmadığı müddətdə aclığa dözməsinə kömək etdiyi üçün səyyahların, geoloqların yardımçısıdır. Dənizçilər səfərə çıxarkən özləri ilə çay götürürlər. Bir çox ordularda çay zəruri ərzaq məhsulu hesab edilir.

Hər bir çayda 130-dan artıq xeyirli maddə var. Dəmə qoyulmuş çaya tünd, bəzən də qırmızı-qəhvəyi rəngi və ağız büzüşdürücülüyünü aşı maddəsi tanin verir. Quru çayda 16 faizədək tanin maddəsi olur. Çay yarpağında miqdarı 0,007 faizə çatan efir yağları dəmlənmiş çaya bənzərsiz spesifik ətir verir. Çayın tərkibindəki aşı maddələrinə katexinlər də aiddir. Bu maddələr qan damarlarının divarlarının elastikliyini artırır ki, bu da aterosklerozun profilaktikasında və hətta müalicəsində böyük əhəmiyyət kəsb edir. Çay ürək-damar sisteminin xəstəliyi olan adamlara sakitləşdirici təsir göstərir, damarları genəldir, spazmaları aradan qaldırır və beləliklə, qan dövranını yaxşılaşdırır, qan təzyiqini normallaşdırır. Hipertoniya xəstəliyi hallarında çay katexinləri qan təzyiqini salır və bütün hallarda başağrısını və qulaqlardakı gurultunu aradan qaldırır.

Dəmlənmiş çayın tərkibindəki alkaloidlər - kofein və teobromin orqanizmin tonusunu yüksəldir. Ən yaxşı çay sortlarında alkaloidlərin miqdarı 4 faizədək olur. Çaydakı kofein qəhvə dənələrindəki kofeindən yaxşıdır. Çaydakı kofein ürək əzələlərinin yığılmasını təsirləndirir, beləliklə də arteriyaların qan dövranını gücləndirir. Kofein beyin damarlarına da müsbət təsir göstərir. Buna görə də yaxşı dəmlənmiş bir stəkan çay içəndən sonra adamın əhvalı yaxşılaşır. Çayı qıvraqlıq eliksiri (iksiri) adlandırırlar. Çay böyrəklərin də funksiyasına müsbət təsir göstərir. Böyrəkləri xəstə (böyrək çatışmazlığı, kəskin və xroniki nefrit) olan adamlar üçün də çay xeyirlidir. Çay belə xəstələrin ümumi zəifliyini, iştah yoxluğunu aradan qaldırır.

Çay soyuqlamış adamların tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə yardımçı olduğundan xəstəliklə mübarizə asanlaşır. Çay soyuqdəymə hallarında tərlədici və stimullaşdırıcı vasitə hesab olunur.

Çay vitaminlərlə zəngindir. Çayda olan B2 vitamini dərinin elastikliyini artıraraq, onu gözəl görünüşlü edir.

Çayda flüor çox olduğuna görə o, dişlərdə kariesin baş verməsinə əngəl törədir. Adamların əksəriyyəti çayı şirniyyatla içməyi xoşladığından onun müsbət təsirini xeyli azaldırlar.

Çay bir çox xəstəliklərin inkişafına əngəl törədir. Ona görə ki, müntəzəm olaraq çay içənlərin orqanizmlərində amin turşularının və vitaminlərin səviyyəsi sabit qalır. Çay mis, flüor, dəmir, manqan, sink, kalsium ilə zəngindir.

Çay insanın sinir sisteminə də təsir göstərir. Çay içən adamın beyin hüceyrələrinə oksigen axını gücləndiyindən onun beyin fəaliyyəti güclənir, tənəffüsü yaxşılaşır, qaz mübadiləsi artır.

Çay orqanizmdən zərərli maddələri, o cümlədən ağır metalları çıxarmaq, mədəni, böyrəkləri və qismən də qaraciyəri sağlamlaşdırmaq qabiliyyətinə malikdir.

Çaylar fermentləşdirilməmiş (yaşıl çaylar), yarıfermentləşdirilmiş (Ağ çaylar. Sarı çaylar U-Lun - Qara əjdaha çayları), fermentləşdirilmiş (qırmızı çay), olduqca çox fermentləşdirilmiş (qara çay) olur.

Yaşıl çay (ona Orta Asiya dövlətlərində "kok çay", yəni "göy çay" deyirlər) fermentləşdirmə prosesinə məruz qalmayan çaydır. Son tədqiqatlar göstərmişdir ki, göy, yaxud yaşıl çay xərçəngə qarşı təsir gücünə malikdir, eyni zamanda insanı ürək xəstəliyindən və Parkinson xəstəliyindən qoruyur. Yaşıl çay içənlərin qanında xolesterinin miqdarı azalır. Müayinələr nəticəsində məlum olmuşdur ki, hər gün yaşıl çay içən adamlarda miokard infarktının baş verməsi imkanı 40 faiz azalır. Birləşmiş Ştatların Kənd Təsərrüfatının Distoloji Tədqiqatlar Mərkəzinin əməkdaşları müəyyənləşdirmişlər ki, yaşıl çay arteriyaların sklerozlaşmasının qarşısını alır. Müntəzəm qaydada yaşıl çay içən çinlilərin orqanizmlərində xərçəngə qarşı profilaktik vasitə olan polifenolun konsentrasiyası son dərəcə yüksəkdir. Polifenol isə çay yarpağında yetərincədir. Müntəzəm surətdə yaşıl çay içən adamların prostat xərçəngi xəstəliyinə tutulması riski xeyli aşağıdır. Eksperimentlər göstərmişdir ki, yaşıl çayda antioksidantlar digər çaylardakına nisbətən bir qədər çoxdur. Yaşıl çayın müalicəvi xassəsini artırmaq üçün onu qəndsiz, südsüz içmək məsləhətdir. Yaşıl çay adamı gümrah saxlamaqla yanaşı, orqanizmin qidanı həzmetmə qabiliyyətini normallaşdırır, qan təzyiqini qaydasında saxlayır və qanda şəkərin miqdarının artmasını əngəlləyir.

Arizona Universitetinin alimləri müəyyənləşdirmişlər ki, hamımıza yaxşı tanış olan qara çaya limon dilimləri salıb içəndə o, dəri xərçənginin inkişafının qarşısını 70 faiz alır.

Çay ömrü uzadan, orqanizmdən radioaktiv elementləri çıxaran bir çox maddələrlə zəngindir. Çay yarpağında təqribən üç yüz inqrediyent (o cümlədən zülal, yağ, 10-dan artıq vitamin növü), habelə çay fenolu, tein və lipid şəkər var. Buna görə də orqanizmi qidalandırır, fizioloji prosesləri tənzimləyir və bədənə sağlamlaşdırıcı təsir göstərir. Çay orta və ahıl yaşlı adamlara xüsusilə faydalıdır. Çayda olan C, E, D vitaminləri, nikotin turşusu və yod ömrü uzadır. Çay yarpaqlarında olan fenollar radioaktiv maddələri udur və orqanizmdən kənar edir. Buna görə də çay indiki ağır ekoloji şəraitdə əvəzolunmaz içkidir. Çay həm də qan əmələgətirmə funksiyasını yaxşılaşdırır, əzələləri və sümükləri bərkidir, qalxanvarı vəzin fəaliyyətini gücləndirir.

Çayın tərkibində hamilə qadınlar üçün vacib sayılan sink var. Çay qan damarlarının daxili səthində piy təbəqəsinin əmələ gəlməsini yavaşıtmaqla sklerozun, hipertoniyanın və beyin tromblarının baş verməsi ehtimalını azaldır.

Çay mərkəzi sinir sistemini stimullaşdırır və əzələlərin mütəhərrikliyini yüksəldir. Çay çəkini azaldır və dərinin vəziyyətini yaxşılaşdırır. Çayın tərkibindəki tanin bir çox zərərverici bakteriyaları qırır və buna görə də stomatitin, anginanın, enteritlərin və digər bağırsaq infeksiyalarının qarşısını alır.

Çay orqanizmin qan əmələgətirmə funksiyasına kömək edir. Çayda zərərli şüalanmanı neytrallaşdıran maddələr var. Buna görə də işləyən televizorun qabağında əyləşib çay içən adam şüalanmadan qorunur və görmə qabiliyyətini qoruyub saxlayır.

Çayın tərkibində kofein, teofillin, teobromin kimi alkaloidlərin olması qanın turşu-qələvi balansının pozulmasına imkan vermir. Çay orqanizmdə tez həzm olunur. Buna görə də qana düşən turşu tullantılarını vaxtında neytrallaşdırmaq üçün kifayət edən konsentrasiyada maddələr əmələ gəlir.

Çay sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan az sonra dərinin temperaturu 1-2 C endiyindən adamda sərinlik duyğusu yaranır.

Hər bir xalqın, hər bir regionun, hətta hər bir ailənin çay hazırlayıb içmək ənənələri mövcuddur. Şərqdə çay kultu yaponlara, Qərbdə isə ingilislərə mənsubdur. Yaponların çayiçmə ritualı son dərəcə mürəkkəb və təkmildir. O, xüsusi ssenari əsasında və xüsusi qab-qacaq vasitəsilə həyata keçirilir. Çox zaman çayiçmə mərasimi çay evlərində icra olunur.

İngilislər üçün ev şəraitində çayiçmə adi vərdişdən daha çox ünsiyyət formasıdır. Onlar çayı birinci səhər yeməyindən sonra saat 7-9 arasında, lençdən (ikinci səhər yeməyindən) sonra saat 13-də və hökmən saat 17-18 arasında içirlər. Ailələrin bir çoxunda axşam çayiçmə mərasimi (buna "böyük çayiçmə" deyilir) naharı əvəz edir. Bu zaman çayın yanında məzə də qoyulur. "Böyük çayiçmə" mərasimi Şotlandiya ailələrinin ənənəsidir.

Çayın dadına və ətrinə onun sortundan və keyfiyyətindən savayı daha nə təsir göstərir? Əlbəttə ki, SU! Çinlilər deyirlər ki, dağ bulaqlarının suyu çox əladır, çayların suyu orta, quyu suyu isə aşağı keyfiyyətlidir.

Çay dəmləmək üçün suyun necə qaynadılmasının da əhəmiyyəti az deyil. Çin müdrikləri min il bundan qabaq suyun on altı qaynama mərhələsi olduğunu deyirdilər. Çayiçməyə önəm verən xalqlarda suyun üç qaynama mərhələsi mövcuddur. Birinci mərhələdə su qaynamağa başlayan kimi qabın divarlarında əmələ gələn hava qabarcıqları yuxarı qalxır. İkinci mərhələdə sürətlə artan qabarcıqlar suyun səthində toplaşır və bu, çox az müddət davam edir. Məhz həmin su çayı dəmləmək üçün optimal sayılır. Üçüncü mərhələdə su pıqqıltı ilə qaynayır. Bu su çay dəmləmək üçün yararlı olmur və hətta zərərli sayılır. Yaşıl çayı dəmləmək üçün 50-60o C qızdırılmış sudan istifadə olunur. Çayı bir neçə dəfə qaynadılmış, yaxud qaynanmamış su əlavə edilmiş suda dəmləməyinə dəyməz.

Çox qalmış dəm çayı ətrini və rəngini dəyişir, vitaminlər öz aktivliyini itirir. Kofeinin miqdarı xeyli artdığından çay insanın sinir sistemini coşdurur və ürək-damar sisteminə pis təsir göstərir.

Ümumiyyətlə götürüldükdə isə, çay barədə şair yaxşı demişdir: "Kimin ağrıyır canı, qoy çay içsin mərcanı, min bir dərdin dərmanı çay, çay, çay!"

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 5.