Ermənistanda insan hüquqları kobud şəkildə
pozulur
Ermənistanda
sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda
müşahidə olunan proseslərdən biri də bu ölkədə
insan hüquqlarının, söz və fikir
azadlığının qorunması sahəsində mövcud
durumun gündən-günə pisləşməsi, demokratik dəyərlərin
məhv edilməsidir. Artıq Ermənistanda belə bir fikir hökm sürür
ki, ölkədə demokratiya dəyərləri də
iqtisadiyyatda olduğu kimi, böyük tənəzzül
dövrünü yaşayır.
Ermənistan milli konqresinin koordinatoru Levon Zurabyanın fikrincə, Robert Koçaryan və Serj Sarkisyanın həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə ökədə demokratiyanın inkişafı istiqamətində bir addım belə irəliyə atılmayıb: "Əksinə, vəziyyət əhəmiyyətli dərəcədə pisləşib. Bu gün Ermənistan dünyada totalitar ölkələr sırasında yer alır. Burada insanlar daim polis repressiyası altındadır. Siyasi məhbusların sayına görə postsovet məkanında Ermənistan lider hesab oluna bilər. Bütün bunlar beynəlxalq miqyasda da ölkənin nüfuzuna ciddi zərbə deməkdir".
Ermənistan milli konqresinin lideri, sabiq Prezident Levon Ter-Petrosyan isə belə hesab edir ki, Ermənistanda demokratik böhranın yaşanmasının əsas səbəblərindən biri Serj Sarkisyan iqtidarının bir sıra xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan olan asılılığıdır. Onun sözlərinə görə, hakimiyyətdə qalmasını təmin etmək məqsədilə Sarkisyan xarici qüvvələrin bütün sifarişlərini can-başla yerinə yetirir: "Bu da çox vaxt Ermənistanın milli maraqlarının qurban verilməsi ilə nəticələnir. Əvəzində isə həmin xarici qüvvələr Ermənistanda mövcud despotizmə göz yumur. Təbii olaraq törətdiyi antidemokratiya əməllərinə görə Sarkisyan iqtidarı cəzalandırılmadığı üçün ölkədə repressiya dalğasını bir qədər də gücləndirir".
Sabiq prezident ölkə hakimiyyətinə təsir gücü kifayət qədər böyük olan erməni diasporunu da bu məsələdə sərt ittiham edib. Onun fikrincə, əgər ötən il martın 1-2-də yaşanan hadisələrə, siyasi məhbusların mövcudluğuna diaspor düzgün reaksiya versəydi, bunlara səbirlə yanaşmasaydı, onda proseslər fərqli istiqamətdə cərəyan edə bilərdi: "Lakin bunu etmək əvəzinə bir çox diaspor təşkilatları hətta Ermənistan hakimiyyətini alqışladı, insanları qətlə yetirən bu iqtidara kömək etdi. Əgər diaspor Ermənistanda demokratiyanın qurulmasını, qanunun aliliyini, korrupsiyaya qarşı mübarizənin güclənməsini özü üçün birinci dərəcəli məsələ hesab etməsə, vəziyyətin daha da pisləşməsi qaçılmaz olacaq".
Bununla yanaşı, Ermənistan milli konqresi onu da bəyan edib ki, Serj Sarkisyan iqtidarı ölkədə siyasi məhbus problemini həll etmək əvəzinə onu daha da dərinləşdirməklə məşğuldur. Buna sübut kimi Levon Ter-Petrosyanın tərəfdarlarından olan müxalif "Aykakan Jamanak" qəzetinin baş redaktoru Nikol Paşinyanın həbsi və onun barəsində başlanan məhkəmə prosesi göstərilir. Qeyd edək ki, Paşinyan Ermənistanın Cinayət Məcəlləsinin 225 və 316-cı maddələri ilə ittiham olunur və ötən ilin martında baş verən hadisələrə görə, kütləvi ixtişaşlar təşkil etməkdə, hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərməkdə, zor tətbiq etməkdə günahkar bilinir. Lakin müxalifət hakimiyyət rəhbərliyinin göstərişi əsasında bu ittihamların irəli sürüldüyünü bildirir və "Aykakan Jamanak" qəzeti baş redaktorunun günahsız olduğunu, siyasi motivlər əsasında həbs olunduğunu bəyan edir. Bununla yanaşı, Ermənistan milli konqresi Paşinyanı həbsə almaqla hakimiyyətin Avropa Şurası Parlament Assambleyasının müvafiq tövsiyələrinə əməl etmək niyyətində olmadığını da bildirir. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası mart hadisələrinə görə təqib olunan şəxslərin hüquq-mühafizə orqanlarına könüllü təslim olacağı təqdirdə, həmin insanlara qarşı həbs-qətimkan tədbirlərindən istifadə etməməyə dair rəsmi Yerevana tövsiyələr ünvanlayıb. Elə bundan sonra Paşinyan öz istəyi ilə hüquq-mühafizə orqanlarına təslim olsa da, onun dərhal həbs olunmasına göstəriş verilib.
"Aykakan Jamanak" qəzeti baş redaktorunun üzərində başlanan məhkəmə prosesinin qərəzli olması, baş verənlərin işıqlandırılması üçün jurnalistlərin məhkəmə iclasının keçirildiyi zala buraxılmaması Ermənistanda Siyasi Məhbusların və Təqib Edilənlərin Müdafiə Komitəsinin ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub göndərməsilə nəticələnib. Məktubda qeyd olunur ki, 2008-ci il martın 1-də Ermənistan hakimiyyəti kütləvi saxtakarlıqla və zorakılıqla müşayiət olunan prezident seçkilərinin nəticələrinə etiraz edən dinc nümayişçilərə qarşı mənfur və insanlığa zidd olan hərəkətlərə yol verərək onlara qarşı güc tətbiq edib, silah işlədib, yüzlərlə insanın yaralanmasına, ən azı on nəfərin ölümünə səbəb olub: "Bundan sonra ölkədə fövqəladə vəziyyət tətbiq edilib, KİV-in fəaliyyəti məhdudlaşdırılıb, müxalifət nümayəndələrinin kütləvi həbsi həyata keçirilib, həmçinin müxalifətə rəğbət bəsləyən minlərlə insan təqib olunub. Paşinyan isə hüquq-mühafizə orqanlarına 2009-cu il iyulun 1-də könüllü şəkildə təslim olmasına baxmayaraq, o vaxtdan indiyə qədər hər hansı əsas olmadan həbsdə saxlanır və indi saxta ittihamlar əsasında barəsində məhkəmə prosesi başlanıb".
Məktubda o da qeyd edilir ki, Ermənistanda müxalifət fəalları üzərində artıq yüzlərlə buna bənzər məhkəmə keçirilib və belə biabırçı proseslər barəsində ABŞ, Rusiya və Fransanın Ermənistanda olan səfirlərindən də lazımi məlumatlar almaq mümkündür. Ona da xüsusi diqqət çəkilir ki, indiyə qədər mart hadisələrinə görə əsl günahkarlardan və qatillərdən heç biri məhkəmə qarşısında dayanmayıb: "Eləcə də 17 siyasi məhbus, o cümlədən bu kateqoriyaya aid bir Fransa vətəndaşı hələ də həbsdə saxlanır. Günahsız yerə mühakimə olunmuş onlarla insan isə Avropa İnsan Haqları Məhkəməsinə müracət edərək hüquqlarının bərpa olunmasına çalışır".
Bununla yanaşı, Məhbusların və təqib edilənlərin müdafiə komitəsi ABŞ, Rusiya və Fransa prezidentlərindən, eləcə də beynəlxalq təşkilatlardan Serj Sarkisyan rejiminə Ermənistanda demokratiyanın qurulması və siyasi məhbusların azad edilməsi üçün təzyiq göstərilməsini xahiş edir: "Yuxarıda qeyd olunanlardan, 1 mart hadisələrinin qurbanlarının, həbsxanalarda əziyyət çəkən siyasi məhbusların yaxınlarının, özbaşınalıq və siyasi təqiblərin qurbanı olan minlərlə Ermənistan vətəndaşının adından sizdən ölkənizin beynəlxalq avtoritetindən, öz şəxsi avtoritetinizdən istifadə edərək Ermənistan hakimiyyətini vətəndaşların hüquq və azadlıqlarına hörmət göstərməyə vadar etmənizi xahiş və tələb edirik".
Ermənistanda demokratiyanın durumu oktyabrın 19-21-də bu ölkədə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Tina Keydanaunun keçirdiyi görüşlərdə də diqqət mərkəzində olub. Amerikalı diplomat demokratik tərəqqi əldə edilməsi ilə bağlı hökumətin qəti addımlar atmalı olduğunun vacibliyini vurğulayıb. Onun Levon Ter-Petrosyanla görüşündə də əsas diqqət Ermənistanda demokratik vəziyyət, siyasi məhbuslar, korrupsiya və bu qəbildən olan digər məsələlərə yönəlib.
Bütün bunlar bir daha Ermənistanda demokratiya sahəsində də ciddi böhran yaşandığını, bu ölkədə insan hüquqlarının hakimiyyət tərəfindən kobud şəkildə pozulduğunu, söz və fikir azadlığına heç bir məhəl qoyulmadığını göstərir. Elə buna görə də Ermənistan beynəlxalq ictimaiyyət arasında artıq totalitarizmin təşəkkül tapdığı bir ölkə kimi xarakterizə olunur.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 7.