Güclü və modern ordumuz işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadirdir

 

1991-ci ildə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisliyi üzərində dövlət müstəqilliyini elan etdikdən sonra qarşıya qoyulan ən mühüm vəzifələrdən biri ölkəmizin silahlı qüvvələrinin yaradılması olsa da, o zaman bu istiqamətdə görülən işlər nəticəsiz qaldı. Konkret desək, ölkədəki siyasi böhran, hakimiyyət çəkişmələri dövlət quruculuğunun bütün sahələri kimi milli ordunun formalaşdırılmasına da əngəl oldu. Siyasi xaosun, özbaşınalığın, dərəbəyliyin baş alıb getməsi ordu quruculuğu ilə bağlı prosesi iflasa uğratdı, Azərbaycan xalqının ümidlərini az qala heçə endirdi.

 

Ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şanlı səhifələrindən olan ordu quruculuğu yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra mümkün oldu. Ulu öndər hakimiyyətə o zaman gəlmişdi ki, cəbhə xəttində ermənilər hərbi əməliyyatlarını genişləndirir, yaşayış məskənlərini işğal edir, dinc azərbaycanlılar məcburi köçkün vəziyyətinə düşürdülər. Əgər o zaman Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan dövlətinin və xalqının hansı müsibətləri yaşayacağını proqnozlaşdırmaq çətin deyil. Hərb elminin bütün incəliklərini dərindən bilən ulu öndərin ölkəyə rəhbərliyə başlamasından sonra atdığı ən böyük addımlardan biri dövlətimizin milli maraqlarına cavab verən təhlükəsizlik siyasətinin və strategiyasının müəyyən olunması və həyata keçirilməsi, o cümlədən vahid komandanlığa əsaslanan nizami ordunun yaradılması oldu. Ulu öndər o zaman A.Mütəllibov və AXC-Müsavat cütlüyü iqtidarlarının uğursuz ordu quruculuğunun təzahürü olan, mərkəzi komandanlığa tabe olmayan bütün silahlı dəstələrin buraxılması barədə qərar verdi. Dahi strateq yaxşı bilirdi ki, intizamsızlığın hökm sürdüyü, hərbi nizamnamələrin tələblərinin gözlənilmədiyi silahlı birləşmələrdən düşmənlə mübarizədən uğur gözləməyə dəyməz. Ən əsası isə Prezidenti Heydər Əliyev olan dövlətdə mərkəzi komandanlığa tabe olmayan hərbi birləşmələrin mövcudluğu mümkün ola bilməzdi. Elə buna görə atılan ilk addım məhz könüllü batalyonlar kimi yaradılan, sonradan isə ayrı-ayrı şəxslərin, partiyaların tapşırığı ilə hərəkət edən və hətta cinayət yuvasına çevrilən silahlı dəstələrin buraxılması oldu.

Ulu öndərin 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciətindən sonra hərbi nizamnamələr çərçivəsində və mərkəzdən idarə edilən nizami hərbi hissələr formalaşdırıldı. Yeni Azərbaycan Ordusunun ilk hərbi hissələri 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda uğurlu əməliyyatlar həyata keçirdilər. İşğal olunmuş bir çox yaşayış məskənləri, strateji yüksəkliklər azad edildi.

Cəbhə xəttində atəşkəsin elan edilməsindən sonra ulu öndərin komandanlığı ilə həyata keçirilən ordu quruculuğu daha da gücləndi. Az vaxtda Silahlı Qüvvələrin strukturu tam formalaşdırıldı, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, hərbi hava qüvvələri, hərbi dəniz qoşunları, əlahiddə taborlar yaradıldı. Hərbi hissələrin komplektləşdirilməsi başa çatdırıldı və hərbi xidmətin müddəti nizama salındı. Hərbi təhsil məsələləri də diqqətdən kənarda qalmadı. Tədricən dünyanın ən qabaqcıl hərbi tədris standartlarına, təcrübədə özünü doğrultmuş metodlara üstünlük verilməyə başlandı.

Azərbaycanda ordu quruculuğu bu gün də uğurla davam etdirilir. Ulu öndərin öyüd-nəsihətlə dediyi "...Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" sözləri müdrik bir tövsiyə kimi ordu quruculuğu prosesində uca tutulur. İndiki şəraitdə qarşıda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin modernləşməsi, ən son texnologiyaların orduya cəlb edilməsidir. Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycanın hərbi büdcəsi milyardlarla dollar həcmində ölçülür və cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahəyə ayrılan xərclər də artırılacaq, ordunun qüdrətləndirilməsi və modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcəkdir. Bir neçə gün əvvəl keçirilmiş Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha diqqəti ordu quruculuğu məsələlərinə çəkərək deyib: "Biz, əlbəttə ki, bu il və bundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq".

Xatırladaq ki, ötən il Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən möhtəşəm parad, eləcə də bu il iyunun 24-də - Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü ərəfəsində 4 min nəfərdən çox şəxsi heyətin, 99 tankın, 55 zirehli döyüş maşınının, 123 artilleriya sisteminin, 12 döyüş təyyarəsinin, 12 döyüş vertolyotu və 5 nəqliyyat döyüş vertolyotunun iştirakı ilə keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlim Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Parad və təlim bir daha göstərdi ki, Azərbaycan Ordusunun döyüş hazırlığı həqiqətən yüksək səviyyədədir, istənilən ekstremal şəraitdə düşməni məhv etməyə qadirdir.

Dövlət başçısı cənab İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Ölkəmizdə ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların müsbət nəticələnməyəcəyi təqdirdə işğal altında olan ərazilərinin azad edilməsi üçün digər vasitələri nəzərdən keçirən Azərbaycanın üstünlüyünü təmin edir. Dövlət baçısı deyib: "Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir".

Bəli, Ermənistan qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Bu gün Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Silahlı Qüvvələrimizin hər bir zabiti və əsgəri gözəl bilir ki, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir, sülhün və əmin-amanlığın təminatçısıdır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 1.