Bakıda "Xəzər Neft-Qaz Birjası"nın təqdimat mərasimi olmuşdur

 

Oktyabrın 26-da "Park-İNN" mehmanxanasında Xəzər İnteqrasiya İşgüzar Klubu (XİİK) və "Caspian Energy" Beynəlxalq Media qrupunun təşkilatçılığı ilə "Xəzər Neft-Qaz Birjası"nın ("Caspian Oil and Gas Exchange") təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan XİİK-in prezidenti və baş icraçı direktoru Telman Əliyev qeyd etmişdir ki, Xəzər dənizi regionunun yanacaq-energetika kompleksi haqqında məlumatları əks etdirən "Xəzər Neft-Qaz Birjası" interaktiv portal şəklində fəaliyyət göstərəcəkdir. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər www.oil-exchange.com saytında qeydiyyatdan keçməklə burada həm özləri haqda ətraflı məlumatı yerləşdirə biləcək, həm də digər şirkətlərlə neft-qaz avadanlığı, xidmətlər və məhsullar barədə informasiya mübadiləsi apara biləcəklər.

T.Əliyev demişdir ki, bu interaktiv portal hazırda test şəklində işləyir, yəni şirkətlər burada qeydiyyatdan keçərək özləri barədə məlumatları artıq yerləşdirə bilərlər. Noyabrın əvvəlindən isə portal tam fəaliyyətə başlayacaqdır.

Bildirilmişdir ki, yeni layihədə neft-qaz sahəsində işləyən şirkətlərlə yanaşı, digər sektorlarda fəaliyyət göstərən, amma bu sahəyə marağı olan təşkilatlar da iştirak edə bilərlər.

Oktyabrın əvvəllərində analoji təqdimatın Qazaxıstanda keçirildiyi və bu ölkənin şirkətlərinin layihədə iştirak etmək arzularını ifadə etdikləri diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Azərbaycan və Xəzəryanı ölkələrdə fəaliyyət göstərən şirkətlər "Xəzər Neft-Qaz Birjası"nın iştirakçısı ola bilərlər.

Tədbirdə çıxış edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və başqaları yeni portalın əhəmiyyətini yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 1.