Lüksemburqda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq
Şurasının 10-cu iclası keçirilmişdir
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq
Şurasının 10-cu iclasında iştirak etmək üçün
oktyabrın 26-da Lüksemburqa gəlmişdir.
Nazir E.Məmmədyarov səfər
çərçivəsində əvvəlcə
İsveçin xarici işlər naziri Karl Bildt,
İspaniyanın Avropa məsələləri üzrə
dövlət katibi Dieqo Lopez Qarrido, Avropa İttifaqının
Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə
ali nümayəndəsi Xavyer Solana, Avropa Komissiyasının
nümayəndələri və Cənubi Qafqaz ölkələrinin
xarici işlər nazirlərinin görüşündə
iştirak etmişdir.
Görüşdə Avropa
İttifaqı ilə Cənubi Qafqaz ölkələri
arasında münasibətlərin indiki vəziyyəti və
inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı
Təşəbbüsü çərçivəsində əməkdaşlıq,
xüsusilə də Aİ ilə assosiativ sazişlərin
hazırlanması, habelə Cənubi Qafqaz regionunda mövcud
münaqişələrin nizamlanması ətrafında fikir
mübadiləsi aparılmışdır. Nazir E.Məmmədyarov
Azərbaycanın müxtəlif sahələrdə Aİ ilə
əməkdaşlığın dərinləşməsində
maraqlı olduğunu, bu istiqamətdə ölkəmizin Şərq
Tərəfdaşlığı Təşəbbüsünə
böyük önəm verdiyini bildirmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
toxunan nazir E.Məmmədyarov bu prosesdə irəliləyişin
əldə edilməsi üçün, ilk növbədə,
Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistan qoşunlarının
çıxarılmasının vacibliyini bildirmişdir.
Növbəti görüş
Avropa İttifaqının Ümumi Xarici və Təhlükəsizlik
Siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə
olmuşdur. Görüşdə Avropa İttifaqı-Azərbaycan
əməkdaşlığı, regional məsələlər,
xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında
fikir mübadiləsi aparılmışdır. E.Məmmədyarov
münaqişənin nizamlanması ilə bağlı
danışıqlar prosesi, məsələyə dair ölkəmizin
mövqeyi barədə məlumat vermişdir. Nazir E.Məmmədyarov
bildirmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistan qoşunlarının çıxarılması
bölgədə bütün kommunikasiyaların açılmasına,
sülhün və təhlükəsizliyin bərqərar
olunmasına, regional inkişaf və əməkdaşlığa
imkan yaradacaqdır. Xavyer Solana münaqişənin həlli
üçün danışıqlarda dinamikliyin vacibliyini
vurğulamış və Avropa İttifaqının nizamlanma
prosesinin müsbət inkişafı üçün
mümkün addımlar atmağa hazır olduğunu
bildirmişdir.
Sonra Avropa İttifaqı-Azərbaycan
Əməkdaşlıq Şurasının 10-cu iclası
keçirilmişdir. İclasda Avropa İttifaqını
hazırda bu quruma sədrlik edən İsveçin xarici
işlər naziri Karl Bildt, 2010-cu ilin yanvar-iyun aylarında
Aİ-yə sədrlik edəcək İspaniyanın Avropa məsələləri
üzrə dövlət katibi Dieqo Lopez Qarrido və Xarici Əlaqələr
və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı
xanım Benita Ferrero-Valdner təmsil etmişlər. İclasda
Avropa İttifaqı-Azərbaycan münasibətlərinin
ölkələrin suverenliyi, ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət əsasında
inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin
Brüsselə səfərinin Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığına böyük
təkan verdiyi xüsusi qeyd olunmuşdur. Şərq Tərəfdaşlığı
Təşəbbüsü alqışlanaraq bu proqramın
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin
daha da inkişaf etdirilməsinə təkan verəcəyi
bildirilmişdir. Tərəflər əməkdaşlığın
daha da dərinləşməsi üçün assosiativ
sazişin əhəmiyyətini vurğulamışlar.
İclasda Ermənistan-Azərbaycan
münaqişəsinin nizamlanması prosesi ətrafında son
vəziyyət müzakirə olunmuşdur. Münaqişənin
nizamlanması prosesi barədə ətraflı məlumat verən
nazir E.Məmmədyarov bildirmişdir ki, işğal
olunmuş ərazilərdən Ermənistan qoşunları
çıxarılmadan sərhədlərin
açılması və kommunikasiyaların bərpası
regiona davamlı sülh və sabitlik gətirməyəcəkdir.
Çünki problemin mahiyyətini təşkil edən Azərbaycanın
ərazilərinin işğalı faktı hələ də
aradan qaldırılmamışdır.
Görüşdə Avropa
İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
əməkdaşlıq məsələsi də müzakirə
olunmuş, Avropanın enerji təhlükəsizliyi, enerji
daşıyıcılarının nəqlinin şaxələndirilməsində
Azərbaycanın rolu qeyd edilmişdir. İclasda BMT-nin Baş
Məclisində Azərbaycanın təklif etdiyi "Transmilli
Avrasiya super informasiya magistralı" qətnamə layihəsinə
Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi
qeyd olunmuş, habelə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Diplomatik Akademiyasında Avropa Tədqiqatları
Mərkəzinin yaradılması barədə razılıq əldə
edilmişdir. Görüşdə həmçinin demokratik
islahatlar prosesinin Azərbaycanın suverenliyinin gücləndirilməsi
üçün əhəmiyyəti
vurğulanmışdır.
Sonra Avropa İttifaqı
Şurasının, Avropa Komissiyasının nümayəndələri,
həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan
xarici işlər nazirlərinin birgə mətbuat konfransı
keçirilmişdir.
Səfər çərçivəsində
nazir E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri
və ATƏT-in fəaliyyətdə olan sədrinin
Dağlıq Qarabağ münaqişəsi üzrə
xüsusi nümayəndəsi ilə
görüşmüşdür. Tərəflər Azərbaycan
və Ermənistan prezidentlərinin Kişinyov
görüşü, danışıqların hazırkı
mərhələsi və həmsədrlərin regiona növbəti
səfəri məsələlərini müzakirə
etmişlər.
Səfər çərçivəsində
nazir E.Məmmədyarov Lüksemburqun Deputatlar
Palatasının sədri Laurent Mosar ilə
görüşmüşdür. Görüşdə Azərbaycan-Lüksemburq
əlaqələrinin mövcud vəziyyəti və
inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi
aparılmışdır. Tərəflər iki ölkə
arasında münasibətlərin dinamik şəkildə
inkişafından, xidmətlər, xüsusilə də maliyyə-bank
və nəqliyyat sahələrində uğurlu əməkdaşlıq
nümunələrindən məmnunluqlarını
bildirmişlər. Təmasların daha da genişləndirilməsi
üçün qarşılıqlı səfərlərin
intensivləşdirilməsi, ölkələrin mövcud
iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi,
habelə mədəniyyətlərin qarşılıqlı
təşviqi üçün müxtəlif tədbirlərin
keçirilməsinin məqsədəuyğunluğu
bildirilmişdir. Tərəflər parlamentlərarası əməkdaşlığın
inkişaf etdirilməsinin və bu istiqamətdə
qarşılıqlı səfərlərin təşkilinin də
vacibliyini vurğulamışlar. Nazir E.Məmmədyarov
ölkəmizdə gedən inkişaf prosesi, Azərbaycanın
təşəbbüskarı və iştirakçısı
olduğu strateji layihələr, ölkəmizin regional əhəmiyyəti
barədə ətraflı məlumat vermişdir. L.Mosar Azərbaycanda
gedən inkişaf proseslərini diqqətlə izlədiyini,
ölkəmizin düzgün istiqamətdə irəlilədiyini
və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini
demişdir. Görüşdə həmçinin Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığı, habelə
regional vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında
da fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində nazir E.Məmmədyarovun son görüşü Fransanın xarici işlər naziri Bernar Kuşner ilə olmuşdur. Görüşdə Azərbaycan-Fransa əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, regional vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 2.