Moskvada dahi Müslüm Maqomayevin xatirəsinə həsr
olunmuş gecə keçirilmişdir
Bir il əvvəl görkəmli
musiqiçi, əfsanəvi müğənni, milyonların
sevimlisi Müslüm Maqomayev dünyasını dəyişmişdir...
Maqomayevin təkrarolunmaz bariton səsi və misilsiz artistlik bacarığı
milyonlarla dinləyicinin qəlbini fəth etmişdir. Onun səs
diapazonu o qədər geniş idi ki, uzun illər və elə
indi də Maqomayevin adı yüksək incəsənətin rəmzinə
çevrilmişdir.
Oktyabrın 25-də Moskvanın
"Crocus Citi Hall" salonunda dahi musiqiçinin xatirəsinə
həsr olunmuş gecə keçirilmişdir. Gecədə
müğənninin doğmaları, dostları və parlaq
istedadının pərəstişkarları
toplaşmışdılar.
Müslüm Maqomayevin yaxın
dostu, "Krokus" şirkətlər qrupunun rəhbəri
Araz Ağalarovun təşkil etdiyi konsert əfsanəvi
müğənninin şərəfinə
açılmış yeni konsert salonunda ilk rəsmi tədbir
olmuşdur. 6,2 min nəfərlik salonun girəcəyində
A.Ağalarovun "Böyük müğənni və mənim
dostum Müslüm Maqomayevin xatirəsinə" sözləri
yazılmışdır.
Gecənin aparıcısı
Svetlana Morqunova demişdir: "Bir il əvvəl, ölkə
saatların əqrəblərini geri çəkəndə
Müslüm Maqomayevin ürəyi əbədi susmuşdu.
Böyük artistin və müğənninin
qayıdacağına və bu möcüzənin yenidən
davam edəcəyinə ümidlərimiz də
sönmüşdü. Yalnız itirəndən sonra
anladıq ki, Müslüm Maqomayev bizim hamımıza necə
lazım idi. Mən onun səsinə laqeyd qalan adam
tanımıram. Maqomayevin gedişi ilə təkcə vaxt dəyişmədi,
indiki şou-biznesi o zamanlar "incəsənət"
adlandırılan məfhumdan ayıran pərdə də
yırtıldı. Kral taxt-tacını heç kimə vermədən
əsl kral kimi getdi. Ona görə yox ki, bildiklərini
özündən sonrakı nəslə ötürmək istəmirdi,
sadəcə, buna layiq olanı yox idi... Zamanı dayandırmaq
mümkün deyil, başqaları gələcək, lakin o
xoşbəxt anlarımızla qırılmaz surətdə
bağlı olan günlər bir daha qayıtmayacaqdır.
Musiqiyə sonsuz sadiq Orfeyin səsi xatirələrimizdə, qəlbimizdə
əbədi səslənəcəkdir".
Geniş ekranda Müslüm
Maqomayevin videokadrları nümayiş etdirilir, onun ifasında
mahnılar səslənirdi. Toplaşanlar milyonların qəlbini
fəth etmiş "Sən mənim melodiyamsan" mahnısını
ayaqüstə dinləmişlər. Royal arxasında bəstəkar
Aleksandra Paxmutova əyləşmişdi. Onun digər məşhur
mahnıları, teatr kompozisiyaları və hətta "Bremen
musiqiçiləri" cizgi filmindən mahnılar
tamaşaçılar tərəfindən hərarətlə
qarşılanmışdır. Maqomayevin memuarlarından
parçalar oxunmuşdur.
Səhnədən klassik və
müasir musiqi, o cümlədən əfsanəvi həmvətənimizin
çox sevdiyi italyan ariya və mahnıları səslənirdi.
Onları təkcə məşhur Rusiya və Azərbaycan
opera müğənniləri deyil, həm də gənc estrada
müğənniləri ifa etmişlər.
Dahi müğənniyə həsr
etdiyi mahnısını ifa edən gənc Emin Ağalarovu isə
ailə arxivində saxlanılan videoçəkiliş vasitəsilə
Müslüm Maqomayev özü təqdim etmişdir. O, royal
arxasında oturaraq hələ uşaqlıqdan
tanıdığı istedadlı və perspektivli gənci təqdim
edir.
Konsertdə azərbaycanlı
ifaçılar Elçin Əzimov, Dinara Əliyeva, Samir Cəfərov,
Rusiya müğənniləri Nikolay Baskov, İosif Kobzon,
Yevgeni Nesterenko, Paata Burçuladze iştirak etmişlər.
Larisa Dolina, Tamara Qverdsiteri, Filipp Kerkorov, Dima Bilan, Valeriya,
Valeri Sütkin, "Kvatro" ansamblı da Müslüm
Maqomayevin xatirəsini anmışlar. Rusiya Dövlət
Televiziyası və Radiosu Simfonik Orkestri, Pyatnitski adına Xor
və Rəqs Ansamblında çıxış etmişdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Müslüm
Maqomayevin xanımı Tamara Sinyavskaya, Heydər Əliyev
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva, "Krokus" qrupunun başçısı
Araz Ağalarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad
Bədəlbəyli, Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, Rusiya
dövlət hakimiyyəti və ictimaiyyətinin nümayəndələri
konsertdə olmuşlar.
Konsertin sonunda Araz Ağalarov səhnəyə
qalxaraq dostu və görkəmli müğənni
Müslüm Maqomayevin xatirəsi önündə baş əymişdir.
Sonra konsert salonunun həndəvərində atəşfəşanlıq
təşkil olunmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 2.