Universitetimiz - milli sərvətimiz

 

Azərbaycanın təhsil tarixində Bakı Dövlət Universiteti bütün ali məktəblərdən ciddi fərqlənən, zəngin keçmişə, insan taleyi qədər mürəkkəb və maraqlı biografiyaya, ölkənin və dünyanın bir çox təhsil müəssisələrinin həsəd apara biləcəyi böyük təcrübəyə malikdir. Bakı Dövlət Universiteti Azərbaycanda ali təhsilin təməlini qoydu, bütünlükdə bu sistemin memarına çevrildi. Ötən əsrin 20-ci illərində yeni yaranan universitetin gələcəyinə inanmayan, şübhə ilə yanaşanlar cəmi bir neçə onillik ərzində məbədgahın ölkənin ali təhsil sistemində yaratdığı böyük dönüşlərin şahidi oldular, yeni alimlər nəslinin yetişdirilməsini öz gözləri ilə gördülər.

 

Hər bir millətin inkişafında və özünütəsdiq prosesində, habelə cəmiyyətin aparıcı qüvvəsi hesab edilən ziyalı təbəqəsinin formalaşmasında universitetlərin müstəsna xidməti var. Bu mənada universitetlərin bütün dünya xalqlarının dilində anlaşılan tərzdə sevilə-sevilə latınca "alma mater" adlandırılması doğrudan da təsadüfi deyil. Təbii ki, ömrün tələbəlik illərində bu ana nəvazişindən hər birimizə pay düşüb. Biz ölkəmizdə və ya dünyanın müxtəlif ölkələrində təhsil aldığımız universitetlərə doğma anamıza sığınan kimi sığınıb isinmişik, apxalanmışıq, söykənmişik və bu müqəddəs elm ocağının biliklərindən bəhrələnərək zənginləşmişik, inkişaf etmişik. Bu təhsil ocağı bir ana kimi minlərlə gənci ağuşuna alıb, elmi biliklərin əsaslarını öyrədib, onları inkişaf etdirərək cəmiyyət üçün faydalı, yararlı insanlara çevirib.

Doxsan illik yubileyini qeyd etməyə hazırlaşdığımız Bakı Dövlət Universiteti də dünyanın nüfuzlu ali təhsil məktəbləri arasında öz "imzası" ilə seçilən bir elm ocağıdır. BDU tarixin ən çətin dönəmində, 1919-cu ildə erməni daşnakları Azərbaycanı qan içində boğanda yarandı. Bir neçə il sonra bütün əhalini siyahıya aldıqda ölkədə cəmi 62 nəfər ali təhsilli müsəlmanın olduğu üzə çıxarıldı. Ali məktəbi olmayan ölkənin belə az mütəxəssisə sahib olması təbii idi. Bizim universitet müsəlman Şərqinin ilk dünyəvi ali məktəbi kimi yarandı, Şərqin üfüqlərində ilk təhsil müəssisəsinin günəşi kimi parladı.

Həmin dövrə qısa nəzər saldıqda görürük ki, Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq sahəsində gördüyü təxirəsalınmaz tədbirlərdən biri də universitetin təsis olunması ilə bağlıdır. Belə ki, Azərbaycan hökuməti 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etdi və bütün ibtidai tədris müəssisələrində təhsilin Azərbaycan (türk) dilində aparılması məcburi hesab olundu.

Savadsızlığın kütləvi surətdə meydan suladığı bir məmləkətdə millətin savadlanması və dirçəlişi üçün hökumətin bu cür məcburi tədbirlər görməsi başa düşülən idi. Qısa müddətdə Bakı, Gəncə, Şuşa və digər şəhərlərdə müəllim kadrları hazırlamaq üçün xüsusi pedaqoji kursların təşkili, habelə Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 1918-ci ildə Qazaxa köçürülməsi milli kadrlara ehtiyacı aradan qaldırmaq üçün görülən belə təxirəsalınmaz tədbirlərdən biri idi. Eyni zamanda, yenicə müstəqillik əldə edən gənc Azərbaycanın maarifçilik və mədəni quruculuq sahəsində atdığı bu qəti addımlar bir növ respublikada ali təhsil müəssisələrinin yaradılmasına zəmin hazırlayırdı. Nəhayət, gözlənilən gün gəlib çıxdı: Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakı şəhərində universitet açmaq haqqında tarixi qərar qəbul etdi və noyabrın 15-də Bakı Universitetində ilk dərslər başlandı. Qeyd etmək lazımdır ki, o zaman Azərbaycanın ilk universitetinin 300-dək tələbəsi var idi və onların tədrisi ilə 44 müəllim məşğul olurdu. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk illərində maarifçiliyin inkişafında ciddi səy göstərmiş universitet müəllimlərinin - M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, Tağı Şahbazi (o, həm də 1926-29-cu illərdə Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru olmuşdur), N.Dubrovski və başqalarının adları bu gün də fəxrlə anılır, onların həyat və fəaliyyəti tələbələrin elmi-tədqiqat işlərinin mövzusuna çevrilir.

Şübhəsiz ki, Bakı Universitetinin yaradılmasında, onun professor-müəllim korpusunun formalaşmasında təhsil ocağının ilk rektoru, professor V.İ.Razumovskinin müstəsna xidmətləri olmuşdur. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən bu elm fədaisini həm də 1918-ci il sentyabrın 29-da qəbul edilmiş Universitet Nizamnaməsinin müəlliflərindən biri hesab etmək olar. İlk Universitet Nizamnaməsi, sözün əsl mənasında, həmin dövrdə ali məktəblər üçün bir növ təhsil qanunu rolunu oynayır, müəllim və tələbələrin hüquq və vəzifələrini müəyyənləşdirir, tələbə qəbulu qaydalarını tənzimləyirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almağa göndərilən yüzə yaxın azərbaycanlı gəncin böyük əksəriyyəti Bakı Universitetinin tələbələri idi. Çox təəssüflər olsun ki, onların böyük əksəriyyəti təhsilini başa vurduqdan sonra Vətənə dönməmiş, Bakıya qayıdanların taleyi isə acınacaqlı olmuş, repressiyaya məruz qalmışlar.

Sovet hakimiyyəti dövründə bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, universitet savadlı milli kadrların hazırlanmasında həmişə öndə getmiş, respublikanın ali təhsil müəssisələri arasında lokomotiv rolunu oynamışdır.

1957-ci ildə BDU-nun diplomu gələcəkdə Azərbaycan Kommunist Partiyasının birincı katibi, keçmiş Sovet İttifaqının ən güclü lideri və müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi XX əsrdə adını siyasi döyüşlərin tarixinə qalib sərkərdə kimi həkk edən ulu öndər Heydər Əliyevə təqdim edildi.

Bizim adlı-sanlı məzunlarımızdan dünya şöhrətli alim Yusif Məmmədəliyev, 1922-1924-cü illərdə universitetin tələbəsi olmuş Nobel mükafatı laureatı L.D.Landau BDU-nun şöhrətini çox-çox uzaqlara yaymışdır.

Mübaliğəsiz demək olar ki, universitetimizin ən görkəmli məzunu Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi respublikanın sosial-iqtisadi sahələrində olduğu kimi, təhsil sahəsində də böyük canlanmaya səbəb oldu, o cümlədən Bakı Dövlət Universitetinə yeni nəfəs verdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə universitetin maddi-texniki bazası gücləndirildi, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əlaqələri genişləndirildi, tələbə mübadiləsinə xüsusi önəm verildi. Fəxrlə deyə bilərik ki, ötən əsrin 70-80-ci illərində müttəfiq respublikalarda, həmçinin Moskva və Sankt-Peterburq şəhərlərində təhsil almağa göndərilən minlərlə azərbaycanlı gənc indi müstəqil Azərbaycanın kadr potensialının özəyini təşkil edir.

Ulu öndər Heydər Əliyevin böyüklüyü ömrünün ən ixtiyar çağında belə iş qabiliyyətini, siyasi mətinliyini, sərkərdə cəsurluğunu, əqidə dönməzliyini qoruyub saxlamasında, gənclərə məxsus mübariz bir mətinliklə ideyalarını həyata keçirməsində, döyüşlərdən qalib çıxmasındadır. Hakimiyyətə xalqın təkidilə qayıdaraq qeyri-adi qüvvə, yenilməz gənclik enerjisi ilə barışa, sülhə, əmin-amanlığa, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasına çalışmasında idi. Məhz bu keyfiyyətlərinə görə ulu öndər Azərbaycan gəncliyinin bu gün də qəlbində yaşayır, onun üçün örnəkdir. Ulu öndərin dediyi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir" sözləri isə artıq universitet auditoriyalarında zərb-məsələ çevrilmişdir.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli Azərbaycan tarixinə milli oyanış dövrü kimi daxil olmuşdur. Sovet İttifaqının süqutu və müstəqillik ərəfəsində cəmiyyətin barometri sayılan tələbələrin milli hərəkata qoşulması təbii idi. Lakin sonradan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə bu sərbəstlik respublikanın başqa ali təhsil məktəblərində olduğu kimi, Bakı Dövlət Universitetində də müəllim və tələbə heyəti arasında nizam-intizamın pozulmasına, təhsil prosesində xaosa, bir növ anarxiyaya səbəb oldu.

Yalnız 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı respublikanı bu böhrandan xilas etdi, eyni zamanda, məzunu olduğu Bakı Dövlət Universitetində həyat, təlim-tədris prosesi normal məcrasına qayıtdı.

İndi güclü maddi-texniki bazaya malik olan BDU-da 18 min tələbənin təhsili və təlim-tərbiyəsi ilə 1300-dək müəllim heyəti məşğul olur. Yeni korpuslar tikilib, universitetin xaricı görkəmi, ümumi arxitekturası tələbə şəhərini xatırladır və dünyanın aparıcı təhsil ocaqlarından geri qalmır. Auditoriyalar müasir təhsilin tələblərinə uyğunlaşdırılır, kitabxana zənginləşdirilir, poliqrafiya bazasi inkişaf etdirilir. İdmanın inkişafına xüsusi diqqət verilir.

Cənab Prezident İlham Əliyevin Bolonya sisteminin tətbiqi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq BDU-da böyük islahatlar həyata keçirilir. Biz fəxr edə bilərik ki, inamla dünyanın ən aparıcı universitetləri sırasına qoşuluruq. Bu, Azərbaycanın imici deməkdir, ölkəmizin müstəqil dövlət kimi qazandığı uğurların təhsildə də özünü təsdiqləməsi və davamlı inkişafı deməkdir.

Uzun müzakirələrdən sonra təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və təhsil fəaliyyətinin tənzimlənməsində baza rolunu oynayan "Təhsil haqqında" Qanunun qəbul edilməsi bizim universitetdə də geniş rezonansa səbəb oldu. Bu sənəd Azərbaycan təhsilinin dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olduğunu təsdiqləyir, eyni zamanda, təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqəni və varisliyi təmin edir. Heç şübhəsiz ki, doxsan illik yubileyini qeyd etməyə hazırlaşdığımız Bakı Dövlət Universiteti respublikanın təhsil sahəsində baş verən dəyişikliklərin və davamlı inkişafın önündə gedir, avanqard rolunu oynayır.

Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il sentyabrın 15-də Bakı Dövlət Universitetinin yeni tədris korpusunun açılışında dediyi kimi: "Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır".

Yeri gəlmişkən, burada bir incə məqama - sözlə işin vəhdətinə diqqət yetirmək lazımdır. Belə ki, Prezident bu sözləri söyləməzdən bir neçə ay əvvəl, yəni 2008-ci il mayın 20-də BDU-nun yeni tədris korpusunun tikintisinə Prezidentin Ehtiyat Fondundan 4,6 milyon manat vəsait ayrılması barədə göstəriş vermişdi. Bu, bir tərəfdən dövlət başçısının təhsilə qayğısından, digər tərəfdən davamlı inkişafda olan bir ölkənin Prezidentinin iş prinsipinin artıq yeni mərhələyə qədəm qoyduğundan, yeni çalarlar kəsb etdiyindən xəbər verir.

Dünya iqtisadiyyatını bir il ərzində nəzərəçarpacaq dərəcədə çökdürən qlobal böhranın ağır fəsadlarına baxmayaraq, Azərbaycan kimi gənc bir dövlət bu çətinliklərdən uğurla keçir. Cənab İlham Əliyevin çevik, balanslaşdırılmış xarici siyasəti, irimiqyaslı iqtisadi layihələri və ölkənin tərəqqisinə yönələn islahatları imkan yaratdı ki, Bakı Dövlət Universiteti də öz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoysun. Universitetin professor-müəllim heyəti dövlət başçısının bu qayğısını yüksək qiymətləndirir. Qarşımızda duran ən önəmli vəzifələrdən biri ölkənin birinci təhsil müəssisəsində elmin inkişafını və təhsilin tədrisini müasir Avropa standartlarının tələbləri səviyyəsində davam etdirmək üçün lazım olan bütün səyləri əsirgəməməkdir. Bu, həm də ona görə vacibdir ki, biz Avropa məkanına inteqrasiya edirik. Həm elmi araşdırmalarımız, həm də hazırladığımız kadrlar Avropa təhsil məkanında, əmək bazarında elmi səviyyəsinə görə istənilən dövlətdə özünə yer tutmalı, özünü təsdiq etməyi bacarmalı, müasir, daim yeniləşən dünyanın diktə etdiyi tələblərə cavab verməlidirlər.

Yazımın sonunda 1975-ci ildə Heydər Əliyevin Moskva, Leninqrad (indiki Sankt-Peterburq) və keçmiş İttifaqın başqa şəhərlərinə oxumağa göndərdiyi tələbələrə dediyi sözləri xatırlatmaq istəyirəm: "Tələbəlik illəri qısadır. Bu illər ərzində siz nə öyrənəcəksinizsə, hamısı sizin sərvətiniz olacaqdır. Həyata bu sərvətlərlə atılacaqsınız. Nə bilirsənsə, nəyin varsa, hamısını dövlətə, xalqa qaytarmaq vaxtı gəlib çatır. Həm də bunlar heç bir güzəştə yol verilmədən, səxavətlə qaytarılmalıdır". Ulu öndərin bu sözləri 50 il, 100 sonra da Azərbaycan gəncləri, tələbələri üçün dəyərini itirməyən ən qiymətli tövsiyədir. Biz müstəqil Azərbaycana bu gün də, sabah da ulu öndərin dediyi kimi xidmət etməliyik. O, həmişə bunu arzulayıb, universitetin də amalı elə bundan ibarətdir.

Bakı Dövlət Universiteti bundan sonra da təhsil sahəsində yeni-yeni uğurlara imza atacaq, ölkənin ən nüfuzlu, ən qədim təhsil ocağı kimi birinciliyini qoruyacaqdır.

 

 

Bəxtiyar ƏLİYEV,

AMEA-nın müxbir üzvü,

professor, BDU-nun psixologiya

kafedrasının müdiri

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 3.