Beynəlxalq əlaqələr yüksələn xətlə inkişaf edir

 

1919-cu ilin sentyabrında müsəlman Şərqində ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin yaradılması müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisə olmuşdu. Bu hadisədən bir qədər sonra BDU-nun ilk rektoru V.Y.Razumovski İtaliyada ezamiyyətdə olarkən mehmanxanada doldurduğu anketdə "vəzifəsi" sözünün qarşısında iftixar hissi ilə yazmışdı: "Bakı Dövlət Universitetinin rektoru". Oxucuda elə təsəvvür yaranmasın ki, Azərbaycanın ilk ali məktəbinin ilk rektoru vəzifəsinə qeyri-azərbaycanlının təyin edilməsi ədalətsizlikdir. Elə buradaca deyək ki, həmin dövrdə təhsil sahəsində milli kadrlar, xüsusilə professor alimlik dərəcəsi olan şəxslər yox dərəcəsində idi və buna görə də milli kadr hazırlığı prosesinə rus alimlərinin cəlb edilməsi məqsədəuyğun hesab olunmuşdu. O zamanlar Azərbaycanı az-çox tanısalar da, belə bir ali məktəbin mövcudluğunu yalnız anketlərdən, özü də mehmanxana anketlərindən öyrənirdilər. Indi isə italyanlar Azərbaycanı, Bakı Dövlət Universitetini çox gözəl tanıyırlar. Onlar yaxşı bilirlər ki, Bakı Dövlət Universitetində Bolonya prosesi uğurla davam etdirilir.

 

Bu gün dünyanın tanınmış ali məktəbləri arasında layiqli yer tutan BDU dünyanın aparıcı ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Bu əlaqələrin genişlənməsində universitetimiz xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli əməkdaşlığa, beynəlxalq təhsil proqramlarında iştiraka, müxtəlif elm-təhsil qurumları ilə birgə layihələrin həyata keçirilməsinə, universitetlərin beynəlxalq assosiasiyalarında təmsil olunmağa, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığa, Azərbaycan dili və ədəbiyyatının dünya birliyində təbliği və yayılmasına xüsusi əhəmiyyət verir. Universitetin professor-müəllim heyətinin xarici elm tədris ocaqlarındakı fəaliyyəti, tələbə, magistrant və doktorantların dünyanın bir çox ali məktəblərində, əcnəbi vətəndaşların isə Bakı Dövlət Universitetində təhsili məsələlərinə xüsusi diqqət yetirilir.

Bütün deyilənlərdə əsas məqsəd universitetimizin dünyanın elm və təhsil məkanında nüfuzunu artırmaq, ən məşhur universitet assosiasiyalarına qəbul olunmaq və orada mühüm mövqe tutmaq, Avropanın elm və təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşulmaq və bu sahədə səmərəli fəaliyyət göstərmək, Avropa Birliyinin və dünyanın elm və təhsilə ayırdığı qrantları qazanmaq, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və həmin tələbələrin təmsil etdikləri ölkələrdə diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaqdır.

İftixar hissi ilə qeyd etmək lazımdır ki, BDU hazırda dünyanın 50-dən artıq aparıcı universitetləri ilə ikitərəfli əməkdaşlıq edir. Bu siyahıya baxanda görürük ki, universitetimizi təkcə Avropada deyil, Yer kürəsinin bütün qitələrində yaxşı tanıyırlar. Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rumıniyanın Avidos Universiteti, Almaniyanın Bonn Universiteti, Varşava Universiteti, Tbilisi Dövlət Universiteti, Belarus Dövlət Universiteti, Afina Milli Kapodistrean Universiteti, Ukraynanın Donetsk Dövlət Universiteti, Cənubi Koreyanın Sanlin Universiteti ilə sıx əlaqələr yaradılmışdır. Bu ali məktəblərlə əməkdaşlıq müqavilələri əsasında dissertasiyalara birgə rəhbərlik, tədris təcrübəsinin, elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq həyata keçirilir. Qeyd edək ki, Moskva Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələri tədris təcrübəsini ölkəmizin Hirkan Milli Parkının və Qızılağac qoruğunun ərazisində keçirlər. Bu, rusiyalı tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yaxşı şərait yaradır, eyni zamanda onlara Azərbaycanın əsrarəngiz təbiəti, Bakının görməli yerlərilə yaxından tanış olmağa imkan verir. Tələbələr bütün bunlardan əlavə, Azərbaycan xalqının mehribanlığının və qonaqpərvərliyinin şahidi olurlar.

BDU-nun ikitərəfli əməkdaşlıq etdiyi ali məktəblər sırasında ABŞ-ın 3 universiteti - Minnesota, İndiana və Cekson universitetləri də var. Bu universitetlərlə əlaqələr yaradılması perspektivdə tələbə mübadiləsi aparılması üçün gözəl imkan deməkdir.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri haqqında danışarkən Türkiyənin ali təhsil ocaqlarını da qeyd etmək lazımdır, çünki bu ölkənin ali məktəbləri ilə əlaqələrimiz daha geniş və səmərəlidir. Ankara, Qazi, Fırat, Süleyman Dəmirəl, Gebze, İstanbul Aydın, Yıldız Texnik, Bilkənd universitetləri ilə əlaqələrimiz həm tələbə mübadiləsi, həm də elm sahəsində çox böyük əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən qeyd edək ki, xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı əlaqələr yaratmaq sahəsində 2008-ci il Bakı Dövlət Universiteti üçün çox məhsuldar il olmuşdur. Belə ki, həmin il 9 xarici ölkə ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanmışdır. Bura Misirin, Yaponiyanın, Fransanın, Cənubi Koreyanın, Polşanın və Türkiyənin aparıcı universitetləri daxildir. İmzalanmış müqavilələr elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində səmərəli əməkdaşlığa yol açır.

Belə bir fakta diqqət yetirək. Ötən il Cənubi Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə BDU-nun şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO texnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadilələrinin təşkil olunması kimi məsələlər öz əksini tapmışdır.Yeri gəlmişkən onu də deyək ki, Cənubi Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanlardan istifadə olunması üçün universitetimizdə Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır. Bu, tətbiqi riyaziyyat və iqtisadi-kibernetika, mexanika-riyaziyyat fakültələrinin tələbələrinə yeni texnologiyalardan geniş istifadə etmək imkanları vermişdir. Daha bir fakt: ötən ilin sentyabrında Bakı və Florensiya universitetləri arasında razılaşma imzalanmış və həmin sənəd hər iki ali məktəbə təhsil və mədəniyyət sahəsində elmi-tədqiqat işləri aparmağa imkan vermişdir. Burada universitetlərin psixologiya sahələri üzrə əməkdaşlığı nəzərdə tutulur. Daha bir yenilik: Bakı Dövlət Universitetinin hüquq fakültəsində insan hüquqları problemləri fənninin tədrisindən əlavə, beynəlxalq insan hüquqları üzrə magistr kursları açılır. Proqramda nəzərdə tutulan bütün dərslər ingilis dilində tədris olunacaqdır. Tarix fakültəsində bir sıra dərslərin, o cümlədən ABŞ jurnalistikası ilə bağlı mühazirələrin ingilis dilində oxunması da yaxşı səmərə verir. Həmin kursu beynəlxalq jurnalistika kafedrasının dosenti, ingilis dilinin mükəmməl bilicisi, dünyanın müxtəlif ölkələrində təşkil olunan bir sıra beynəlxalq tədbirlərin iştirakçısı Təranə Mahmudova aparır.

Ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin bəzi fondlarının, o cümlədən ABŞ-ın Açıq Cəmiyyət İnstitutunun ali təhsilə dəstək proqramı çərçivəsində BDU-nun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, sosial iş və iqtisadi kibernetika kafedraları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Adları çəkilmiş kafedralarda xarici ölkələrin aparıcı universitetlərində təhsil almış müəllimlər bu proqram çərçivəsində işləyirlər. Onlar tədris etdikləri fənləri beynəlxalq standartlara uyğun şəkildə təşkil etməyə çalışırlar. Belə müəllimlərin hər il müsabiqə yolu ilə seçilməsi də onlarda məsuliyyət hissinin artmasına kömək edir. Xarici universitetlərdən dəvət olunan professorlar tədris proqramının təşkili və tədrisində azərbaycanlı həmkarlarına yardım göstərirlər.

Bakı Dövlət Universitetində beynəlxalq əlaqələrin durmadan inkişaf etməsi bu ali məktəbdə yeni-yeni qurumların yaranmasına gətirib çıxarmışdır. Bu gün beynəlxalq əlaqələr üzrə prorektorluğun fəaliyyət göstərməsi, 2004-cü ildə beynəlxalq jurnalistika kafedrasının yaradılması, beynəlxalq əlaqələrlə bağlı bir sıra bölmələrin təsis edilməsi universitetdə beynəlxalq əlaqələrin sürətli inkişafından xəbər verir. Dünyanın bir sıra dövlət, ictima-siyasi xadimlərinin, görkəmli alimlərinin Bakı Dövlət Universitetinin fəxri doktoru adını daşımaları da bizim beynəlxalq nüfuzumuzun artmasına kömək edir. Təhsil ocağında fəxri doktor diplomlarının təqdim edilməsi mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlərin, görkəmli alimlərin Azərbaycan elmi və təhsili, Bakı Dövlət Universiteti haqqında söylədikləri ürək sözləri uzun illər boyu salonda iştirak edənlərin yadından çıxmır.

BDU-nun beynəlxalq əlaqələrindən danışarkən bu ali məktəbdə rus mədəniyyətinin və tarixinin daha dərindən öyrənilməsinə, rus dili və ədəbiyyatının tədrisinin təkmilləşdirilməsinə necə böyük diqqət yetirildiyini qeyd etmək yerinə düşər. Universitetdə "Russkiy mir" fondunun maliyyə dəstəyi ilə həmin adda mərkəz yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi və mədəniyyətinə dair kitablar, internet resursları və texniki avadanlıqlarla təchiz edilmişdir. Həmin mərkəzin açılışında BDU-nun rektoru, akademik Abel Məhərrəmovla yanaşı, Rusiya Federasiyasının Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Vasili İstratov, "Russkiy mir" fondunun rəhbəri Vyaçeslav Nikonov da iştirak etmişlər.

2008-2009-cu tədris ilində Moskva Dövlət Universitetinin Bakı filialının açılması həm Rusiyanın, həm də Azərbaycanın təhsil və mədəniyyəti sahəsində diqqətəlayiq hadisə olmuşdur.

Xarici ölkə universitetlərinin ayırdığı qrantlar hesabına, habelə BDU-nun beynəlxalq təhsil proqramlarında iştirakı, müxtəlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələr nəticəsində, xaricdə təhsil üzrə dövlət proqramı əsasında son bir ildə BDU-nun 30 tələbə və magistrantı müxtəlif xarici ölkələrin tədris ocaqlarında təhsillərini davam etdirmişlər. Ötən dərs ilində Bakı Dövlət Universitetində 12 ölkədən, o cümldən Türkiyədən, Çindən, İrandan, Almaniyadan, Misirdən, İsraildən, Belarusdan, Ukraynadan, Gürcüstandan gəlmiş 1249 nəfər əcnəbi tələbə təhsil almışdır. Yeri gəlmişkən deyək ki, ötən dərs ilində Gürcüstandan gəlmiş və iki il beynəlxalq jurnalistika kafedrasının magistrantı olmuş Daro Budedaşvili "Azərbaycan-Gürcüstan münasibətləri Tbilisi mətbuatında" mövzusunda hazırladığı dissertasiyanı uğurla müdafiə etmişdir.

Bakı Dövlət Universitetinin təhsil sahəsində dünya təcrübəsini uğurla mənimsəyib tətbiq etməsini Bolonya prosesinə qoşulmaqda aydınca görmək olar. Hamıya məlum olduğu kimi, bu, gündən-günə qloballaşan təhsil sahəsində Avropa Birliyi məkanında baş verən prosesdir. O da məlumdur ki, 1999-cu ilin iyununda Avropanın 29 dövlətinin təhsil nazirlərinin görüşü olmuş və bu görüşdə Bolonya bəyannaməsi qəbul edilmişdir. Bəyannamənin başlıca məqsədi Avropanın təhsil müəssisələrində tələbələrin mobilliyini və qazanılmış biliklərin tətbiqini təmin etmək, eyni zamanda Avropa təhsilinin dünya səviyyəsində rəqabət gücünü artırmaqdır. Bu isə təhsilin keyfiyyətini yüksəltməyə, biliyi təkmilləşdirməyə və ona olan tələbatı dünya miqyasında artırmağa, Avropa universitetlərinin inteqrasiyasını təmin etməyə, vahid kredit sistemini yaratmağa, ali təhsil sənədlərinin və ixtisasların Avropa məkanında qarşılıqlı tanınmasını təmin etməyə yönəldilir.

Göründüyü kimi, Bolonya prosesinin qarşısında böyük vəzifələr durur. Bakı Dövlət Universiteti hələ 2006-2007-ci tədris ilində bu prosesə qoşulmuşdur. Əvvəlcə ali məktəbin iki fakültəsində - jurnalistika və biologiya fakültələrində, sonrakı dərs illərində 4 fakültədə - kimya, geologiya, filologiya və şərqşünaslıq fakültələrində, ötən dərs ilindən etibarən isə bütün fakültələrdə Bolonya sisteminə keçilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, universitetin rəhbərliyi, bütün qurumları bu sistemin layiqincə tətbiq edilməsi üçün əllərindən gələni edirlər.

 

 

Həmid VƏLİYEV,

BDU-nun Beynəlxalq

jurnalistika kafedrasının müdiri

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 3.