Regional media

 

Azərbaycanda medianın problemlərinə kompleks yanaşarkən regional mətbuatın hazırkı durumuna nəzər salmaq vacibdir. Əslində, hər şey aydındır - bölgə mediasını ölkənin maddi sıxıntılar və iqtisadi gerilik içərisində olan kütləvi informasiya vasitələrindən hansısa mənada fərqləndirmək olmur. Əksinə, burada deyilməli məqamlar, problematikliyi ilə daha ciddi səciyyə daşıyan xüsusiyyətlər özünü daha qabarıq göstərir. Bu haqda indiyədək çox danışılıb, müxtəlif fikir və mülahizələr səslənib. Regional mətbuatın mövcud durumu ilə bağlı mühüm zərurətlərdən qaynaqlanan tədbirlər də baş tutub.

 

Azərbaycan jurnalistlərinin müxtəlif illərdə keçirilən qurultaylarında bölgələrdəki mətbuat orqanlarının vəziyyəti müzakirə edilib. Qurultay qətnaməsindən irəli gələrək Mətbuat Şurasının bölgə problemləri üzrə ayrıca komissiyası yaradılıb. Komissiyanın təşəbbüsü ilə indiyədək regional mətbuatın çətinliklərinə həsr olunmuş silsilə "dəyirmi masa"lar təşkil edilib. Həmin tədbirlərdə yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarının, həmçinin regionda fəaliyyət göstərən media təmsilçilərinin iştirakı təmin olunub, müxtəlif mövzular ətrafında geniş diskussiyalar açılıb.

Mətbuat Şurası indinin özündə də sıralarının genişlənməsində regional media vasitələrinin üzvlüyə qəbul məsələsinə önəm verir. Bu, şuranın onların problemləri ilə daha yaxından tanış olmaq, çətinliklərinin aradan qaldırılmasına kömək göstərmək istəyindən irəli gəlir. Hazırda şurada təxminən iyirmiyədək bölgənin eyni sayda nəşri təmsil olunur.

Əlbəttə, region mətbuatı hazırkı vəziyyət etibarilə onun dirçəldilməsi naminə zaman-zaman irəli sürülən ictimai metodların effektivliyinə inamsız yanaşmaq üçün kifayət qədər əsaslar yaradır. Müxtəlif vaxtlarda beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən məqsədyönlü tədbirlər, eləcə də layihə təklifləri də mövcud status-kvonu dəyişə bilməyib. Görünür, məsələnin spesifikliyi və qoyulan problemin xüsusiyyəti mövcud istiqamətdəki təşəbbüslərin real və səmimi olmasını zəruri şərt kimi ortaya çıxarıb, bunun özünü ictimai sifarişə çevirib. Fikrimcə, məhz həmin sifarişin nəticəsidir ki, Azərbaycan Prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda bölgə mediasının cəmiyyət həyatında oynadığı rola böyük önəm verilib. Sənədin "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin prinsipləri və formaları" bəndində KİV-ə dövlət dəstəyində başlıca prinsiplərdən biri kimi regional mətbu vasitələrin inkişafının dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, bölgələrdə fəaliyyət göstərən KİV müsabiqəsiz maliyyə yardımından faydalanacaq media qurumları kateqoriyasına daxil edilibdir. Sadalanan cəhətlər Azərbaycanda regional medianın inkişafına verilən önəmin göstəricisi, amma yalnız xoş niyyət nümunəsi və qarşıdakı müsbət proseslərə başlanğıc kimi sayıla bilər. Hələ bu tip mətbu vasitələrin dirçəldilməsi üçün çox işlər görülməli, ilk növbədə, cəmiyyətdəki yerləri və rolları aydın dərk edilməlidir.

Respublikamızın demək olar, hər yerində rayon qəzetlərinin mövcudluğuna baxmayaraq, hazırkı şəraitdə onlar ya yerli hakimiyyət strukturlarının orqanı kimi, ya da bu və ya digər dərəcədə həmin qurumların himayəsi altında fəaliyyət göstərirlər. Təbii ki, söhbət bölgə mətbuatının hansısa amillərin təsiri ilə icra strukturlarından asılı hala düşməsindən və ya bu kimi tendensiyaların, hər hansı inzibatçılığın və məcburiyyətin mövcudluğundan getmir. Nə də elə anlaşılmamalıdır ki, bənzər təmayüllər nə vaxtsa nəzərə çarpıb. Proses şüurlu şəkildə yaşanıb və etiraf etməliyik ki, burada müəyyən ənənəvilik, qanunauyğunluq da var. Tutalım, hansısa rayonda müstəqil qəzet kimi fəaliyyət göstərən mətbu orqana abunə məsələlərini həmin rayonun müvafiq icra strukturu həll edir. Bunu "kömək göstərmək", "mətbuatın problemlərini həll etmək" və s. formada adlandırırıq. Məsələnin nə üçün məhz belə qoyulduğuna, qarşılıqlı əlaqələrin hansı səbəbdən bu tərzdə qurulduğuna önəm vermirik. Nəticə etibarilə haqqında bəhs etdiyim ənənəvilik formalaşır ki, onun da kökləri hələ müstəqilliyimizi qazandığımız ilk illərə, bəlkə bir qədər də əvvələ gedir. Mövcud, haradasa qəbul olunan münasibətlər sistemində nəyi itiririk, məncə, bunu götür-qoy etmək üçün dünya miqyasında bölgə mediasının oynadığı rola diqqət yetirmək zəruridir. Çünki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu mərhələsini yaşayan Azərbaycanda demokratikləşmə ilə bağlı problemlərin müxtəlif aspektləri var və keçid dövrünü yaşayan müasir cəmiyyətimiz hüquqi dövlətin tələblərinə xas olaraq sosial-siyasi həyatda güclü ictimai təşkilatlara ehtiyac duyur. Bu prosesdə isə əsas rollardan birinin regional medianın üzərində cəmləşməsi tutduğumuz yolun müsbət perspektivlərə olan inamı artırmaya bilməz.

Ondan başlayaq ki, klassik anlamda regional media anlayışı altında həyat və yerli əhəmiyyətli problemləri işıqlandırma məzmununa malik mətbu vasitələr içərisindən ayrılması, fərqləndirilməsi mümkün olan dövri nəşrlər nəzərdə tutulur. Deyimdən də göründüyü kimi, bu tip KİV-də spesifiklik təkcə onların bölgədə baş verən hadisə və proseslərə yer ayırması, yaxud daha çox yer ayırması ilə deyil, yerli həyatın ən dərin qatlarına nüfuzetmə qabiliyyəti və imkanı ilə müəyyənləşir. Regional media orqanları müxtəlif ərazilərdə ictimai rəyin formalaşmasına yardım etməklə ictimai mühitin həmin ərazi üçün vacib əhəmiyyət daşıyan hadisə və proseslərə, o cümlədən siyasi xadimlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsində birləşdirici rol oynayır və bununla da, demokratik islahatların aparılması üçün əlverişli zəmin formalaşdırırlar. Əlbəttə, dünyanın müxtəlif ölkələrindəki bu tip institutların vahid fəaliyyət kursuna malik olduğunu söyləmək mümkünsüzdür. Çünki inkişaf səviyyəsi, düşüncə tərzi və şüur eyni deyil.

Məsələyə mövcud kontekstdə yanaşsaq, onu deməliyik ki, dünyanın bir sıra qabaqcıl ölkələrində KİV bazarının müstəqilliyinin və azadlığının dövlətdən asılı olmamasının plüralizmin saxlanılmasına təminat vermədiyi, əksinə, bəzi məsələlərdə dövlətin oynadığı rolun ictimai mühitdə ideya, fikir və maraq bazarının saxlanılmasına, demokratik tələbatların, özünüifadə vasitələrinin ödənilməsinə şərait yaratdığı ilə bağlı fikir formalaşıb. Təsadüfi deyil ki, XX əsrin sonundan başlayaraq dünyada mətbuatın plüralist xarakterinin qorunması problemi kəskin qoyulmağa başlayıb. Əvvəl televiziya, indi isə internetlə amansız rəqabət fonunda bu, onun reklam bazası əldə etməsi və yaşaması baxımından mühüm amil kimi dəyərləndirilir. Qeyri-kommersiya xarakterli və gəlirsiz KİV-nin sıradan çıxması vətəndaşları ölkənin daxili və xarici ilə bağlı xəbərlərdən, ictimai əhəmiyyətli informasiyalardan məhrum edir. Bu isə cəmiyyətdə və informasiya mühitində plüralizmin azalmasına, insanların müxtəlif yönlü, alternativ informasiya mənbələri əldə etmək hüququna zərbə kimi qiymətləndirilir, ideyalar bazarında cəmiyyətin demokratik tələbatları, özünüifadə vasitələri ödənilməmiş qalır. Region mediasını cəmiyyətdə tarixən formalaşmış dəyərlərin təbliğçisi qismində götürsək və nəzərə alsaq ki, o, funksiya baxımından hətta fəaliyyəti ictimailik dərəcəsinə görə çox az fərqlənən vətəndaşın belə maraq və istəklərinin çarçısı qismində çıxış etməlidir, o zaman ictimai münasibətlər sistemində təkcə ayrı-ayrı şəxslər deyil, həm də həmin şəxslərin tələbatlarını ödəməklə nüfuz qazanan hakimiyyətlər üçün oynadığı rol böyükdür. Müasir dövr filosoflarından birinin dediyi kimi, siyasətçilər və sosioloqlar beynəlxalq əməkdaşlıqdan danışanda mənə proseslərə "sadə insan"ın nöqteyi-nəzərindən baxmaq daha çox maraqlıdır. Bilirəm ki, "sadə insan" abstrakt modeldir, amma düşüncələrimizin toqquşması həmin proses barədə real ictimai rəyin formalaşma mexanizmlərini görməyə imkan verir. Onu da deyək ki, dövlət cəmiyyətdəki ortaq maraqların qorunmasına çalışır və belədə dövlətin regional informasiya siyasətində bölgə mətbuatının funksiyalarını müəyyənləşdirmək, onu sistemləşdirmək xeyli dərəcədə asanlaşır.

Avropada bilavasitə yerli qəzetlərin funksiya və məqsədlərini təhlil edərkən ortaya onların yerinə yetirdikləri vəzifələrə diqqət yetirmək zərurəti çıxır. 1990-cı ildən başlayaraq burada da müəyyən fərqliliklərin yaşandığı vurğulanmalı cəhət olsa da, ümumən hazırkı dövrdə həmin funksiyaları başlıca olaraq dörd istiqamət üzrə qruplaşdırmaq mümkündür. Bunlardan birincisi auditoriyanın yerli əhəmiyyətli məlumatlarla təchizatı, ikincisi yerli ictimaiyyətin tribunası olmaq, üçüncüsü yerli zəmində ictimai rəyi formalaşdırmaq və nəhayət, sonuncu yerli əhalinin ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsidir. Reklam-informasiya, bazarda iqtisadi uğura nail olma və əyləncə funksiyaları da var ki, onlar media fəaliyyətinin ümumi ahəngindən irəli gəlir, qitənin bir çox yerli mətbuat orqanlarında demək olar, eyni səciyyə daşıyır. Tipoloji cəhətdən müxtəliflik nəşrlərin vəzifələri yerinə yetirmələrindəki prioritetlərdə və fəaliyyət intensivliyində nəzərə çarpır və bəzən bu prioritetlər sadalanan funksiyaların reallaşmasına maneələr də yaradır.

Avropada yerli nəşrlərin auditoriyası ərazinin iş və elmi göstəriciləri, peşəkarlıq xüsusiyyətləri, həmçinin mövcud siyasi baxışlarla müəyyənləşir. Bu amil onların təsisi imkanlarına da təsirsiz qalmır. Məsələn, Polşa qanunvericiliyinə görə, yerli nəşrin təsisçisi dövlət orqanı, dövlət təşkilatı, siyasi təşkilat, peşə birlikləri, kooperasiyalar, ictimai qurumlar, həmçinin katolik Kosteli və digər dini təşkilatlar ola bilər. Ölkədə bu kimi imtiyazların tətbiqi vaxtilə yerli media sahiblərinə çevrilən subyektlərin artmasına səbəb olmuşdu. Xüsusən də, fiziki şəxslərin medlia sahibinə çevrilməsi qaydalarının yumşaldılması kəmiyyət göstəricilərində qabarıq formada əks olunurdu. Hazırkı dövrdə isə ölkədə yerli mətbuatın durumunun təhlilindən gəlinən nəticə təsisçinin xarakteri ilə nəşrin tipinin çulğalaşdığını və əksər hallarda birincinin ikincinin tematik strukturuna, qrafik xüsusiyyətlərinə, redaksiya kollektivinin sayına və peşə hazırlığına təsir göstərdiyini söyləmyə əsas yaradır.

Avropa regional mətbuatı ilə bağlı xüsusi təhlillər isə onu da göstərir ki, köhnə qitədə yerli medianın subyekti qismində təkcə yerli ictimaiyyət tam bütöv bir orqanizm şəklində çıxış etmir. Burada eyni zamanda müxtəlif ölçü vahidlərinə məxsus ictimai təsnifatlar nəticəsində meydana çıxan ayrı-ayrı qruplar nəzərdə tutulur. Həmin qruplar obyektiv amillərdən asılı olaraq ictimai maraqlar, tələblər, inanclar, peşə, siyasi-ideoloji, yaxud ərazi mənsubiyyətləri sistemində formalaşa bilirlər. Yerli ictimaiyyətin aktivlik dərəcəsinin miqyasından və tipindən asılı olaraq onun tərkibində müxtəlif fəaliyyət istiqamətlərinə dair bu və ya digər dərəcədə inkişaf etmiş yerli kommunikasiya strukturu yaranır. Nəticədə "yerli mətbuat" anlayışı altında təkcə regional deyil, hətta ümumölkə miqyaslı KİV də nəzərdə tutula bilir. Əlbəttə, əgər onlar öz məzmunları baxımından yerli ictimaiyyətin və yerli informasiya mühitinin formalaşmasında iştirak edirlərsə. Bu baxımdan, Rusiya təcrübəsi də maraq doğurur. Ölkədə ötən əsrin 80-90-cı illərindən başlayaraq cəmiyyətdə demokratikləşmənin dərinləşməsi, humanist dəyərlərin təbliği məqsədilə vətəndaş cəmiyyəti quruculuğu üçün daha geniş aspektlər axtarıldı. Yekunda azad sahibkarlığın təşviqinə dəstəyi, dövlət və hökumət tərəfindən zorakılıq meyillərinin aradan qaldırılması kimi amillər üzə çıxarılmağa başlandı. Belə bir durumda regional mətbuatdan başlıca gözlənti onun insanları həyata səsləyən rupor rolunda çıxış etməsi idi. Gözləntilər özünü doğrultdu və Rusiyada yenidənqurma zamanında yaranan regional media çox tez bir zamanda mərkəzi və federal nəşrləri sıradan çıxarmağa müvəffəq oldu. Çünki həmin mətbuat yerli əhalinin istək və tələblərini, maraq və mənafelərini ödəmək baxımından daha geniş imkanlara malik idi və imkanların nəşrlərin yaradıcı kollektivi tərəfindən lazımınca dəyərləndirilməsinə şərait formalaşmışdı. Hazırkı dövrdə isə ölkədə regional mətbuatın ictimai həyatın müxtəlif sahələrinə baxış bucağı o qədər dərinləşib ki, bir çox mərkəzi qəzetlər oxucu auditoriyası baxımından onlara qibtə edirlər. Ekspertlərin fikrincə, Rusiya regional mətbuatının ən böyük uğuru onun bölgə həyatının dinamikasını əks etdirə bilməsi ilə bağlıdır. Əslində, bir sıra araşdırmaların nəticələri təsdiqləyir ki, mövcud meyil Müstəqil Dövlətlər Birliyi məkanının bir sıra digər respublikaları üçün də xarakterikdir.

İstər Avropada, istərsə də Rusiyada regional medianın cəmiyyətdəki yeri və roluna, fəaliyyət dairəsinə münasibətdə kifayət qədər fundamental baxışlar mövcuddur. Həmin baxışlarda bölgə mətbuatını qlobal informasiya mühitində və bazar münasibətləri sistemində cəmiyyətin əsrlərdən bəri formalaşmış dəyərlərinin qoruyucusu kimi qiymətləndirmək meyilləri də var, onun ictimai məzmun daşıyan mövqeyinin siyasi proseslərin katalizatoru olaraq təsəvvür etmək istəkləri də. Hər halda, funksiya və vəzifəsinə önəm verilməsinin kökündə fikir, dil və düşüncə sadəliyinə malik əhali təbəqəsinin ətraf aləmdə baş verən hadisə və proseslərə baxış bucağını formalaşdırmaq, onun cəmiyyət həyatında aktiv iştirakını təmin etmək dayanır.

Sonda onu da deyim ki, dünyada regional medianın mövcudluğunda və fəaliyyətində kifayət qədər qlobal məqamlar var. Söhbətimizdə bu barədə danışdıq. Məsələyə müqayisəli yanaşaraq bölgə mətbuatımızın inkişaf xüsusiyyətləri barədə hələlik ürəkaçan nə isə söyləməyin mümkünsüzlüyünü də dönə-dönə təkrarlamaq məcburiyyətindəyəm. Amma bu da bir reallıqdır ki, ölkədə ümumilikdə medianın və onun mühüm tərkib hissəsi sayılan, dünyada baş verən proseslərə nəzər saldıqda hətta daha böyük önəm daşıdığı görünən regional KİV-mizin müasir standartlara uyğunlaşdırılmasının labüdlüyü dərk edilir. Azərbaycan dövləti məsələyə sistemli, kompleks şəkildə yanaşaraq mətbuat sahəsindəki quruculuğun, inkişafın ölkənin ümumi tərəqqisinə adekvat olmasında maraqlıdır. Söhbətimizin əvvəlində dediyim kimi, belə bir niyyət xoş məramın ifadəsini tapmaqda, əməli fəaliyyətdə hiss olunmaqdadır. İstək və arzularımızı reallığa çevirmək üçünsə hamılıqla çalışmalı, regional mediamızın keçmişdəki ənənələrinin bərpası ilə yanaşı, əslində, indiyədək mövcud olmayan yeni bölgə mətbuatı ənənəsini formalaşdırmalıyıq.

 

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat

Şurasının sədri

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 4.