Nəyi necə hazırlamaq və nə vaxt efirə vermək
Əslində, hər şey
yaddaşa bağlıdır. Yaxşı, pis nə varsa,
yaddaşın süzgəcindən keçir - itəni itir,
qalanı qalır. Göz yaddaşı, səs yaddaşı,
hiss-duyğu yaddaşı zaman-zaman insanın yaşam tərzinin
formalaşmasında, üzvü olduğumuz cəmiyyətə,
doğulduğumuz torpağa, havasını udduğumuz, suyunu
içdiyimiz məmləkətə münasibətdə əhəmiyyətli
rol oynayır. Günümüz-güzəranımızın
necəliyindən asılı olmayaraq, həmişə
qulağımız səsdə, gözümüz yoldadır.
Elə həyatımızı stumullaşdıran amillərdən
biri də məhz budur.
Radio, televiziya yaranandan sonra adi həyatdan
fərqli şəkildə eşitmək və görmək
istəyimizin istiqaməti bir az konkretləşdi - bu
"sehrli qutular" bizi özünə, öz cazibə
qüvvəsinə elə bağladı ki, həyatımızı
bu "qutular"sız təsəvvür edə bilmədik.
İllər ötdükcə, bu "qutular"ın sayı
çoxaldıqca yaxamız daha çox onların əlində
qaldı. Bu münasibətdən isə "qutular"ın
içindən danışanlar və ya onları
danışmağa buraxanlar sui-istifadə edərək əsəb
tellərimizin üstündə kəndirbaz kimi fırlanmağa
başladılar. Son vaxtlar əsəblərimizi o qədər
tarıma çəkib, günümüzü-güzəranımızı,
gecəmizi-gündüzümüzü o qədər bir-birinə
qarışdırdılar ki, akademik Ramiz Mehdiyev "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr"
adlı məqaləsi ilə onları durdurmaq vaxtının
çatdığını bəyan etdi. Hörmətli
akademikimizin "Azərbaycan" qəzetində dərc
edilmiş həmin məqaləsini mən də böyük
minnətdarlıq hissi ilə oxudum. Uzun illər televiziyada
çalışdığıma, redaktorluqdan baş
redaktorluğa qədər bir televiziyaçı yolu
keçdiyimə görə məqalədəki milli təəssübkeşlik
duyğuları, milli-mənəvi dəyərlərin
qorunması ilə bağlı həyəcan siqnalı,
ziyalı narahatlığı, vətəndaş
ağrısı məni çox mütəəssir etdi. Bəlli
həqiqətdir ki, teleradio işçisi (hətta sabiq olsa
belə) heç vaxt mavi ekrana adi tamaşaçı kimi
baxmır, istər-istəməz bir rəyçi mövqeyi ilə
yanaşır. Nə gizlədim, son dövrlər televiziyaya az
qala, məcburi şəkildə baxmalı oluram. Axı, nə
qədər kanal dəyişmək, nə qədər əsəbiləşmək
olar!
Akademik Ramiz Mehdiyevin "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr" məqaləsinin
"Azərbaycan" qəzetində dərcindən sonra
geniş müzakirələr başladı, ziyalılar,
ayrı-ayrı sənət sahibləri, adi vətəndaşlar
telebiabrçılıqlarla bağlı öz münasibətlərini
bildirərək, efiri hörmətdən salanlara qarşı
etiraz səslərini ucaltdılar. Şit, bayağı
verilişlərin və onların əttökən
aparıcılarının adları həm hörmətli
akademikin məqaləsində, həm də müxtəlif
müzakirə materiallarında kifayət qədər çəkildiyindən,
mən onları öz adları ilə yada salıb bir daha
xoşbəxt etmək istəmirəm, sadəcə, bəzi məqamlara
toxunmağa ehtiyac duyuram.
Akademik Ramiz Mehdiyev məqaləsində
hərbi vətənpərvərlik mövzusunda verilişlərin
səviyyəsizliyinə də toxunub. Torpaqlarının 20
faizi işğal altında inləyən, bir milyondan artıq
qaçqını-köçkünü olan bir məmləkətin
televiziya kanallarının (özəl olsa belə) hərbi vətənpərvərlik
mövzusu ilə bağlı konsepsiyası olmalıdır. Nəyi
necə hazırlamaq və nə vaxt efirə vermək! Bu
baxımdan çox təəssüf ki, televiziya məkanında
ciddi problemlər yaşanır. Həftənin bazar günləri
təxminən eyni efir vaxtında hər kanal hərbi proqram
adı ilə candərdi bir şey ekrana ötürür. Adidən
adi kadrarxası mətn, sönük çıxışlar,
bəsit musiqi yozumu tamaşaçını bezdirir, kanalı
dəyişirsən, o birilərdə də təxminən
eyni mənzərə. "Xəzər" kanalının
aparıcısının "R" səsini "Y" kimi tələffüz
etməyini də bu ovqata əlavə etsək və ya
"Lider"dəki aparıcının əsgər
paltarındakı şit hərəkətləri, yersiz ibarələri
istər-istəməz "pult" deyilən
"xilaskarı" yada salır.
Müharibə dövrü ilə
atəşkəs dövrünün hərbi vətənpərvərlik
təbliğatını fərqləndirmək mütləqdir.
Yadıma müharibənin qızğın vaxtı
müğənni Məhəbbət Kazımovla Könül Kərimovanın
Novruz bayramı axşamı düşmənin beş
addımlığında verdiyi konsert düşür. Elə
mahnılar oxuyurdular ki, əsgərlərin gözlərindən
od yağırdı.
İndi də bəzi kanallarda hərdən
əsgərlər qarşısında konsertlər göstərilir.
Baxan kimi hiss edirsən ki, söhbət burada müğənninin
efirə verilməyindən gedir, əsgərləri isə sadəcə,
əl çalmağa, necə deyərlər, müğənniyə
"züy" tutmaq üçün çəkilişə
yığıblar. Adı da olur hərbi veriliş.
Televiziyada nitq, səs və
görünüş aparıcı üçün vacib amillərdir.
Etiraf edək ki, bu komponentlərin tələbinə ən
çox Az.TV-nin "Xəbərlər" proqramında əməl
olunur. Bu kanalda təcrübəli aparıcıların (Rafiq
Həşimov, Dilarə Səlim) gənclərlə
çiyin-çiyinə efirə çıxmağı da təqdirəlayiqdir.
Özəl kanalların əksəriyyətinin
aparıcılarının ya efir səsi yoxdur, ya da
görünüşü zəifdir. Səs demişkən, əksər
proqramlarda aparıcı ilə
çıxışçıların səsi efirdə
alçaqlı-hündürlü çıxır.
Çıxışçı pıçıldayır,
aparıcı isə az qala qışqırır. Televiziyada səs
rejissoru deyilən bir kəs var - o, məhz belə şeylərə
də baxmalıdır.
Televiziya məkanında
yaşanan bir çox problemlər kadr seçiminin
düzgün aparılmaması ilə də
bağlıdır. Televiziya işçisinin, xüsusilə də,
telejurnalistin, teleaparıcının, teleoperatorun yetişməsi,
televiziya rejissorunun hazırlığı üçün illər
lazımdır. Ona vaxt ayrılır, zəhmət çəkilir,
vəsait sərf edilir və günlərin bir günü
çox təəssüf ki, belə hazırlıqlı
kadrlar kanal rəhbərinin baxış bucağından kənarda
qaldığına görə, işini tərk etməli olur.
Əvəzində isə, istedadsızın,
"başıaşağının" mətn oxumaq, efirə
çıxmaq, müsahibə almaq kimi adi telejurnalistə məxsus
keyfiyyətlərdən və yaradıcı iddiadan uzaq
"buqələmun"un birisi ştatı "zəbt
edir". Məhz həmin istedadsızların da efiri dolduran
biabrçılıqların hazırlanmasında xidmətləri
az olmur. Heç bir üzdəniraq, mənəviyyatsız
çıxışçı istedadlı, işini bilən
telejurnalistin, teleaparıcının qarşısında at
oynadıb, özünü efirə sırıya bilməz!
Hörmətli kanal rəhbərləri
istedaddan, layiq olandan gərək qorxmasınlar. Problemin həlli
yollarından biri də budur. Əks halda, bu
"boz-bulanlıq", bir-birinə bənzəyən
"yiyəsiz" (aparıcısı və ssenarisi zəif)
verilişlər və bu verilişlərin yan-yörəsində
fırlanan "şou işbazları" problemləri
sürdürməkdə, beləliklə də,
tamaşaçıları itirməkdə davam edəcək.
Efir çox qüdrətli təbliğat
vasitəsidir. Ondan maksimum dərəcədə xalqın, millətin,
dövlətin mənafeyi naminə istifadə etmək
lazımdır. Ötən illərlə bağlı bir məqamı
xatırlatmaq istəyirəm. Ulu öndər Heydər Əliyev
1993-cü il noyabrın 2-də dövlət televiziyası və
radiosu ilə xalqa müraciət etdi. Ümummilli lider
torpaqlarımıza düşmən hücumunun mahiyyətini
psixoloji aspektdən şərh edərək Azərbaycan
xalqını, Azərbaycan əsgərini inandırdı ki,
düşmən mənəvi-psixoloji cəhətdən bizdən
çox zəifdir. Ulu öndər öz möhtəşəm
çıxışı ilə, qüdrətli sərkərdə
səsi ilə xalqın, əsgərin itmiş inamını
özünə qaytardı! Bir daha efirdən xatırlatdı
ki, Azərbaycan əsgəri yenilməz bir xalqın
övladıdır! Ulu öndərin həmin tarixi televiziya və
radio müraciətindən sonra Füzuli rayonunun 22 kəndi
erməni işğalından azad edildi. Budur, efirin qüdrəti!
Bəli, bu qürur dolu tarixi məqam
yaddaşımıza efir vasitəsilə həkk olunub - səsi
ilə, görüntüsü ilə!
Bir daha qeyd edək ki,
yaddaşın formalaşmasında efirin, ekranın rolu
müstəsnadır. Efiri, ekranı yabançı
ünsürlərdən qorumalıyıq ki,
yaddaşımıza da yiyəlik edə bilək. Başqa
sözlə, güclü və milli yaddaşa malik insanın,
vətəndaşın ömrü, həyatı və fəaliyyəti
milli mənafe, milli təəssübkeşlik duyğuları
və prinsipləri ilə istiqamətlənir. Məmləkəti
hürr edən də bu şərtlərdir.
Akademik Ramiz Mehdiyevin "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr" məqaləsinin
leytmotivini əslində, bir xətt təşkil edir: ekran və
efirdə milli-mənəvi dəyərlər
qorunmalıdır - hər
çıxışçının, hər
aparıcının, hər televiziya kanalının
timsalında! Unutmayaq ki, xalqımızın min illərin
sınağından keçirərək qoruyub
yaşatdığı milli-mənəvi dəyərlər vətənpərvər
övlad tərbiyəsində mühüm əhəmiyyət
kəsb edir. Efirdə qəhrəmanlıqdan, vətən
sevgisindən, torpaq müqəddəsliyindən, xeyirxah əməllərdən
daha çox söz açaq, daha çox danışaq. Bu
gün nələrəsə biganə olan varsa, sabah o biganəlik,
o yad nəfəsin "əlamətləri" yerində və
düzgün verilən öyüd-nəsihətin, istiqamətin
istisindən yazda əriyən qar kimi əriyib gedəcək.
Yazda əriyən qarın altından boy göstərən bənövşələr
bilirsinizmi mavi ekrana necə yaraşır?!
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 27
oktyabr.- S. 4.