Dənizdə şəhər - həm möcüzə, həm həqiqət

 

 "Sabit Orucov" gəmisi hər səhər alatoranda yüzlərlə sərnişinini öz qoynuna alaraq Xəzərin bəzən mülayim ləpələrini, bəzən də dəli dalğalarını yara-yara yola çıxır. Digər gəmilərdən fərqli olaraq onun sərnişinləri eyni peşə sahibləri - neftçilərdir. Onları iş yerlərinə çatdırmaq üçün gəmi beş saat yol gedir. Neft daşlarındakı yanalma körpüsündə isə həmin vaxta kimi onu geriyə - Bakıya, ən azı bir həftə çəkən əmək növbəsindən evinə-eşiyinə dönəcək insanlar gözləyir.

Dəniz şəhərinə hər gün bir neçə reyslə vertolyotlar da uçur. Onlar sərnişin, avadanlıq, ərzaq daşıyır. 60 ildir belədir. Əlbəttə, illər keçdikcə köhnə gəmiləri və vertolyotları təzələri əvəz edir. Onların sərnişinləri də dəyişir. Amma Neft daşlarına aparan yollar olduğu kimi qalır. Yollar deyəndə təkcə paytaxtla dəniz şəhərini birləşdirən 100 kilometrlik məsafəni nəzərdə tutmuruq. Bu, həm də Neft daşlarını özünə iş yeri, hünər meydanı, çörək təhnəsi seçənlərin tutduğu mərdlik yoludur. Ulu öndər Heydər Əliyev bu insanların əməyini həmişə yüksək qiymətləndirirdi: "Neft daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".

Neft daşlarının 60 illik yubileyi ərəfəsində oraya getməyimizin məqsədi də bu insanlarla, onların işi-gücü, yaşayışı, nailiyyətləri ilə tanış olmaq idi.

60 il əvvəl Neft daşlarını "Möcüzələr adası" adlandırıblar. Yəqin ki, insan ağlının və əməyinin yaratdıqlarından vəcdə gələrək belə deyiblər. Əslində, Neft daşları reallıqdır, möcüzəyə bənzəsə də, həqiqətdir. Bu gün Neft daşları işləyən, yaşayan, qurub-yaradan bir şəhərdir.

"Neft daşları" tükənməyən bir xəzinə - hələ də ehtiyatları bol olan "qara qızıl" yatağıdır. Nəhayət, "Neft daşları" böyük bir müəssisədir, neft və qazçıxarma idarəsidir.

Hazırda "Neft daşları" NQÇİ 1999 nəfərin iş yeridir. Bunlardan əlavə, dəniz şəhərində daha 20-dən çox təşkilat, yaxud onların sahələrinin nümayəndələri çalışır. Məsələn, "Neftqaztikinti" trestinin 6 və 7 saylı tikinti-quraşdırma idarələri, Kompleks Qazma İşləri Trestinin "Neft daşları" Dəniz Qazma İşləri İdarəsi, Xəzər Dəniz Neft Donanmasının Dalğıc və Qəza-Xilasetmə İdarəsi "Neft daşları" sahəsinin yüzlərlə əməkçisi, eləcə də geofiziklər, rabitəçilər, yanğınsöndürənlər, tibb, ictimai-iaşə işçiləri əmək növbələrindədirlər.

"Neft daşları" NQÇİ-yə il yarımdır peşəkar neftçi Balamirzə Ağarəhimov başçılıq edir. Kollektivin öz yetirməsidir. Burada operatorluqdan idarə rəisliyinədək pillə-pillə qalxıb. Odur ki, Neft daşlarının hər qarışına bələddir. Deyirlər, onu kabinetdə tapmaq çətin məsələdir. Xüsusilə indi, dəniz şəhərinin yubileyi ərəfəsində, tikinti-abadlıq işlərinin belə geniş vüsət aldığı bir vaxtda. Balamirzə müəllim bizə də yüz dəfə eşitməkdənsə, bir dəfə görməyin yaxşı olduğunu xatırladır. Beləliklə, əfsanəvi şəhərin həyatı, neftçilərin işi ilə tanış olmaq üçün dirəklər üzərində salınmış yollara üz tuturuq.

E...Estakadalar sağa-sola şaxələnib, sanki əl-ələ veriblər. Gah paralel, gah da perpendikulyar şəkildə uzansalar da, bir-birinə bitişikdirlər. İndi onların ümumi uzunluğu 39,5 kilometrdir. Neftçilər polad dirəklər üstündə qərar tutan bu yollarla bəzən piyada hərəkət edir, bəzən də idarənin avtobusları ilə gedirlər. Bu asılıdır hər kəsin iş yerinin yaxın-uzaqlığından, neftçinin həvəsindən, bir də havadan...

Dəniz qasırğalı olanda estakada ilə hərəkət etmək qadağandır. Burada qayda-qanun belədir. Yeri gəlmişkən, dənizin qoynunda hamı biri-birindən muğayat olur. Əbəs yerə deməyiblər ki, neftçi dostluğu tufanlarda bərkiyir. Elə qazanılan uğurların, işin rəvan getməsinin başlıca səbəbi də bu birlik, səfərbərlik, mehribanlıqdır.

Estakadalar boyu irəlilədikcə sağda, solda üstündə "Azneft", yaxud "SOKAR", "ARDNŞ" yazılmış dəbilqədə, pencəkdə, gödəkçədə (neftçilərə məxsus xüsusi geyimdə) olan dəstə-dəstə insanlara rast gəlirik. Sürücü Fərmayıl belə dəstələrin birinin yaxınlığında avtobusu saxlayır:

- Bura 2-ci mədənin ərazisidir, - deyir.

Qısaca "2-ci mədən" deyilən sahə əslində 2 saylı neft və qazçıxarma sexidir. Burada bizi qarşılayan gənc özünü təqdim edir:

- Azər Rüstəmov, sexin rəisi.

Sonra da o, işlərindən-güclərindən danışır. Deyir ki, bura köhnə mədəndir, elə Neft daşlarının yaşıdı olar. Buna baxmayaraq, hasilat sabitdir. Hətta ilin əvvəlindən nəzərdə tutulduğundan əlavə 200 ton neft çıxara biliblər. Bunun üçün səy göstərir, zəhmət çəkir, müasir üsullardan istifadə edirlər. Hazırda sahədə 78 istismar quyusu var, 3 briqada çalışır. Quyuların hamısı işlək vəziyyətdədir. Lakin onlar uzun illərdir istismar olunduğundan 74-ü kompressor (laylara qazvurma), 4-ü isə elektrik diafraqmalı nasos üsulu ilə işləyir.

Azər sözünə ara verib sahəyə tərəf boylanır. Yaxınlıqda çalışan işçini səsləyir. Onu bizimlə tanış edir:

- Namiq Səmədov Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Qısa müddət "Azərenerji" sistemində çalışıb, hərbi xidmətini də başa vurub. İndi öz ixtisası üzrə işləməyə üstünlük verib. Bu məqsədlə də Neft daşlarına gəlib. Ona usta vəzifəsini həvalə etmişik. Ehtimadımızı doğruldur. Biz də indiyə qədər toplaya bildiyimiz təcrübəni onunla bölüşməyə çalışırıq. Ənənəmiz belədir. Vaxtilə bizi öyrədiblər. İndi də biz təzə gələnləri öyrədirik.

Elə bu ənənənin davamıdır ki, Neft daşlarının şan-şöhrəti azalmır.

Kiçik arayış: Cari ilin 9 ayı ərzində NQÇİ neft hasilatı və təhvili üzrə tapşırıqları artıqlaması ilə yerinə yetirib. Nəzərdə tutulduğundan əlavə 2013 ton neft çıxarılıb və 2012 ton neft təhvil verilib. Quyulardan gözlənildiyi qədər səmt qazı alınıb.

Hazırda idarənin istismar fondunda 494 quyu var. Fəaliyyətdə olan quyu fondu 445 quyudan ibarətdir. İstismar quyu fondunu 441 işlək, 4 müvəqqəti dayanmış, 42 fəaliyyətsiz və 7 mənimsəmədə olan quyu təşkil edir.

Fəaliyyətsiz fonddan 9 quyu əvəzinə 19 quyu təmir olunaraq istismara daxil edilib, bu quyular 14081 ton neft verib. 225 əvəzinə 360 texniki tədbir həyata keçirilib. Geoloji tədbirlərdən xeyli səmərə əldə edilib.

Estakadalarla irəlilədikcə daha bir dəstənin yanında ayaq saxlayırıq. Əlbəttə, neftçi olmayan üçün bu əraziləri bir-birindən seçmək çətindir. Ona görə buradakı insanların da neftçıxaran olduğunu güman edirik. Demə, sahədə çalışan təmirçilərdir. Daha doğrusu, quyuların əsaslı yeraltı təmir sexinin işçiləri.

Burada isə qabağa bir ağsaqqal çıxır. Bu, qazmaçı köməkçisi Rafiq Əzimovdur. Sex rəisi Bahadur Sadıqovun digər bir quyuya "təcili yardım" göstərməyə getdiyini deyir. Qazmaçı köməkçisindən öyrənirik ki, sexin 248 nəfər işçisi var. Köhnə yataqda hasilatın sabit saxlanılması təmirçilərdən çox asılıdır. Gərək hər quyunun "həkim"i olasan. Onu sağaldasan ki, qalan ehtiyatlarını üzə çıxara biləsən. Üstəlik, quyuların da "xasiyyəti" var. Şıltaq, qəliz, rahat quyular olur...

Kiçik arayış: NQÇİ-də 11 əsaslı və 9 cari təmir briqadası fəaliyyət göstərir. Cari ilin 9 ayı ərzində əsaslı təmir briqadaları fəaliyyətsiz fondda olan 8 quyuda işi başa çatdırıblar. Bu quyulardan 4991 ton neft hasil edilib. 2 quyuda qəza ləğvetmə işləri aparılır. Daha 5 quyuda əsaslı təmir işləri gedir. Ümumiyyətlə, 9 ay ərzində 166 əvəzinə 172 əsaslı təmir işləri aparılıb, 499 cari təmir işi həyata keçirilib.

Dəniz şəhərinin "küçələri"ni gəzdikcə hər yanda inşaatçılara rast gəlirsən. Onlar genişmiqyaslı işlər həyata keçirirlər. Vertolyot meydançası əsaslı təmir olunub. Orada abadlıq və yaşıllaşdırma işləri davam edir.

Neftçilər və inşaatçılar Neft daşlarının inkişafına böyük diqqət və qayğı göstərmiş ulu öndərə ehtiram əlaməti olaraq Heydər Əliyev adına park salıblar, muzey yaradıblar. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan neftçilərin xatirəsi əbədiləşdirilərək idarənin həyətində onların şərəfinə xüsusi lövhə düzəldilib.

NQÇİ-nin sosial inkişaf şöbəsinin rəisi Nəvai Həsənov deyir ki, yataqxanalarda əsaslı və cari təmir işləri görülüb. "V" korpusu təmir edildikdən sonra otaqlar yeni müasir televizor, soyuducu, kondisionerlərlə təchiz olunub. 19-cu korpusda da təmir yekunlaşıb. 18-ci korpus, eləcə də orada yerləşən 13 saylı mərkəzi yeməkxana, 9 mərtəbəli qadınlar yataqxanasının birinci mərtəbəsindəki 1 saylı bufet də təmir olunub. Qadınlar yataqxanasına yeni məişət avadanlıqları və cihazları verilib.

Sonra 13 saylı mərkəzi yeməkxananın baş aşpazı Kamal Abdullayevlə söhbət edirik. Şam yeməyinin vaxtı yaxınlaşdığından onun üzündə bir narahatlıq hiss olunur. 10 ildən çoxdur neftçilərə xidmət etməsinə baxmayaraq hər dəfə onlar süfrə arxasında oturanda baş aşpaz həyəcan keçirir. Axı, elə etmək lazımdır ki, neftçilər ev ab-havasını duya bilsinlər. Buna görə də yeməkxanada Azərbaycan mətbəxinə üstünlük verilir. Sulu və quru yeməklər, qazan xörəkləri bişirilir.

Kamal deyir ki, nahar vaxtı bu yeməkxanaya ən azı 100 nəfər müraciət edir. Yerlərdə də nisbətən kiçik yeməkxanalar var. Həmçinin hərə öz otağında istədiyi yeməyi hazırlaya bilər. Bunun üçün də şərait var.

Yeməkxana yavaş-yavaş dolur. Beləcə, estakadalara sükut və qaranlıq çökdükcə Neft daşlarının mərkəzi hissəsi canlanır. Eyvanda oturub çay içən, domino, şahmat oynayan kim, parkdakı oturacaqlarda dincini alaraq söhbət edən kim...

Dəniz şəhərində yeni ikimərtəbəli "Çay evi", idman oyunları üçün örtülü kompleks tikilib və yaxın vaxtlarda öz qapılarını neftçilərin üzünə açacaq.

Neft daşları getdikcə gəncləşir. Yaşa dolduqca cavanlaşmağın özü bir möcüzədir. Dəniz şəhərində bu, həm də həqiqətdir.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 6.