Yadigar şəkil
Böyük sənətkar
Şəmsi Bədəlbəyli
ilə dəfələrlə
görüşmüşəm. Lakin onlardan biri, qədim Gəncə və qardaşım Mobil Əhmədovla bağlı
olduğuna görə
daha çox yadımda qalıb.
1970-ci ildə
Gəncədə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının qastrolu keçirilirdi. Hələ bir ay qabaqcadan
afişaları vurulmuş,
görkəmli aktyorlardan
L.Abdullayevin, N.Zeynalovanın,
M.Əhmədovun və
başqalarının portretləri
asılmışdı. Ona
görə də iyulun 1-də mədəniyyət və
istirahət parkının
yay teatrı tamaşaçılarla dolmuşdu.
Dahi Üzeyir bəyin "O olmasın, bu olsun" operettası göstərilməli
idi. Saat doqquzun yarısı olsa da, tamaşanı
aparacaq dirijor görünmürdü.
Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Bu zaman Şəmsi Bədəlbəyli Sərvər rolunun ifaçısı Mobil Əhmədovdan soruşdu: "Mobil, sən tamaşada frakı nə vaxt geyinirsən?" Mobil cavab verdi ki, lap axırda. "Onda tez o frakı gətir bura".
Şəmsi müəllim frakı geyib pulta qalxdı və tamaşa başlandı. Hamı mat qalmışdı - teatrın direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli heç bir hazırlıq olmadan necə məharətlə dirijorluq edir! Əsərin üvertürası qurtaran kimi pərdə açıldı. Mobil Əhmədov öz növbəsində Sərvərin "Səfayi vəsli qədrin-hicrilə bimar olandan sor" beyti ilə başlanan ariyasını oxudu. Gəncəlilər öz həmyerlilərini - M.Əhmədovu sürəkli alqışladılar. Bundan istifadə edən Mobil "Füzuli, eşq zövqünü zövqü eşqi var olandan sor" beytini xüsusi vurğu ilə söyləyib əlini Şəmsi müəllimə tərəf uzatdı. Yəni, bu ifalar, bu hünər onun hünəridir. Hamı ayağa qalxaraq "bravo, mayestro" deyərək əl çaldılar. Şəmsi Bədəlbəyli Gəncədə bax, belə dirijorluq elədi.
Həmin unudulmaz günlərdən sizə təqdim elədiyim bu tarixi şəkil yadigar qaldı.
Bəşir ƏHMƏDOV,
Azərbaycan Aqrar Dövlət
Universitetinin müəllimi
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 7.