İqtisadi inkişafı sürətləndirən amillər
Ölkə
başçısı İlham Əliyevin son altı ildə
apardığı məqsədyönlü siyasət
iqtisadiyyatımızın dünyada analoqu olmayan sürətli
inkişafını təmin etmiş, vətəndaşlarımızın
sosial rifah halı daha da yüksəlmişdir. Dövlət
başçısı tərəfindən həyata
keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və
sərəncamlar, qəbul edilən qərarlar, reallaşan
dövlət proqramları sayəsində Azərbaycan iqtisadi
artım göstəricisi ilə dünyanın lider dövlət
statusuna yüksəlmişdir.
"Vətəndaş cəmiyyəti
quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi,
hüquqi dövlətin formalaşdırılması,
heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli
inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz
göstərir ki, Azərbaycanın seçdiyi yol
düzgün yoldur" deyən dövlət
başçısı hesab edir ki, hazırkı mərhələdə
vətəndaşların sosial-siyasi, mədəni və
iqtisadi rifahına xidmət edən islahatların davam etdirilməsi
zəruridir. Demokratik dövlətin bir təsisat kimi
başlıca vəzifəsi, bütövlükdə cəmiyyətin
və ayrılıqda hər bir vətəndaşın maddi
rifah halının yüksəldilməsi, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunması, habelə səxsiyyətin azad inkişafı
üçün bərabər imkanların
yaradılmasıdır.
Hər bir fərdin
maraqlarının yüksək səviyyədə təmin
olunmadığı cəmiyyətdə güclü dövlət
yaratmağın mümkünsüzlüyü fikrini daim
önə çəkən ölkə
başçısı həyata keçirdiyi
genişmiqyaslı islahatlarla Azərbaycanı dinamik inkişaf
yoluna çıxarıb. Yeni neft strategiyasının
uğurla reallaşdırılması ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu yüksəltməklə iqtisadi tərəqqinin
əldə olunmasına imkan yaratdı. Böyük uzaqgörənliklə
həyata keçirilən neft siyasətinin əsasını
da məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial
problemlərin həlli, vətəndaş
azadlığının və digər demokratik dəyərlərin
təmin olunması təskil edirdi.
İqtisadi sahədə əldə
olunan nailiyyətlərin effektiv şəkildə sosial sferaya
yönəldilməsi müsbət nəticələr verməkdədir.
Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin qorunmasi
yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi
üçün sosial yardım sisteminin
formalaşdırılması, sosial ədalət prinsipinin
bütün səviyyələrdə bərqərar olması
aparılan sosial siyasət strategiyasının
uğurlarından xəbər verir. Sosial sferada yüksək
nailiyyətlər əldə etmiş qabaqcıl ölkələrin
ən son təcrübəsindən istifadə edilməklə
həyata keçirilən layihələr də böyük nəticələr
verir. Təsadüfi deyil ki, Azərbaycan bölgədə həm
də ən irimiqyaslı sosial layihələri gerçəkləşdirən
dövlət kimi tanınır.
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı
(2009-2013-cü illər)" aztəminatlı ailələrə
ünvanlı sosial yardımın göstərilməsi
üçün müvafiq tədbirlərin davam etdirilməsi,
əhalinin, xüsusilə, gənc ailələrin mənzilə
olan ehtiyaclarının daha dolğun ödənilməsi məqsədilə
ipoteka kreditləşmə mexanizminin təkmilləşdirilməsi,
Qarabağ əlilləri və şəhid ailələrinin mənzil
şəraitinin yaxşılaşdırılması, uşaq
və ailə mərkəzlərinin, o cümlədən
xüsusi istirahət müəssisələrinin və
uşaqlar üçün ixtisaslaşmış xidmət
müəssisələrinin yaradılması məsələləri
əhatə edir.
Ölkə
başçısı bu günlərdə Hövsan qəsəbəsində
II dünya müharibəsi veteranları, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün inşa olunmuş yaşayış
binasının açılışı və minik avtomobillərinin
təqdim olunması mərasimində iştirak etmişdir.
Xatırladaq ki, 2007-ci ildən tikintisinə
başlanmış və yüksək səviyyədə
inşa olunan yaşayış binası doqquzmərtəbəlidir
və binada 81 mənzil vardır. Binada əlillərin sərbəst
hərəkəti üçün liftlər və xüsusi
qurğular quraşdırılmışdır.
Yaşayış binasının ətrafında abadlıq və
yaşıllaşdırma işləri də
aparılmışdır. Prezident İlham Əliyev
bildirmişdir: "Bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan
iqtisadiyyatı ilə müqayisə edilməz səviyyədədir.
Biz bütün cəhətlərdə onlardan
üstünük. Həm siyasi imkanlarımız çox
genişdir, həm beynəlxalq mövqelərimiz çox
güclüdür, həm də iqtisadi potensial bir neçə
dəfə çoxdur. Hərbi gücə gəldikdə isə,
bir daha demək istəyirəm ki, Azərbaycan ordusu bölgədə
ən qüdrətli ordudur. Biz hərbi gücümüzü
artırırıq. Düzdür, bu, böyük vəsait tələb
edir. Ancaq bunu etməliyik. Çünki biz müharibə
şəraitində yaşayırıq. Müharibə hələ
bitməyib. Müharibənin birinci mərhələsi başa
çatıb və biz hər an hazır olmalıyıq ki,
öz doğma torpaqlarımızı
işğalçılardan azad edək. Bununla bərabər,
bu vaxta qədər görülmüş və bundan sonra
görüləcək işlər Azərbaycanın hərtərəfli
inkişafına xidmət edəcəkdir, Azərbaycanda sosial
məsələlərin həllinə şərait
yaradacaqdır. Əgər bizim iqtisadi imkanlarımız
olmasaydı, Azərbaycan dövləti belə gözəl
binalar tikə bilməzdi. Əgər biz öz
resurslarımıza arxalanmasaydıq, çətin vəziyyətə
düşə bilərdik. Biz başqalarından fərqli
olaraq, ancaq daxili imkanlar hesabına yaşayırıq, öz
hesabımıza yaşayırıq. Gündən-günə
daha da yaxşı yaşayırıq və gələcəkdə
qarşıda duran bütün vəzifələr öz həllini
tapacaqdır. Belə gözəl binalar hələ çox
tikiləcəkdir və buna ehtiyac vardır. Əlimizdən gələni
edəcəyik ki, müharibədən əziyyət çəkmiş,
öz sağlamlığını, yaxınlarını
itirmiş insanlar daim dövlət tərəfindən
qayğı ilə əhatə olunsun".
Ölkə
başçısının təsdiq etdiyi "Bakı şəhərinin
qəsəbələrinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər
proqramı" çərçivəsində işlərin
ardıcıl həyata keçirilməsi mühüm nəticələrə
gətirib çıxarmışdır. Hövsan qəsəbəsində
dünya standartları səviyyəsində inşa edilmiş
Olimpiya İdman Kompleksi də bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Olimpiya kompleksində idmanın ən müxtəlif
növləri üzrə beynəlxalq səviyyəli
yarışların keçirilməsi üçün hər
cür şərait yaradılmışdır.
Respublikamızın bütün bölgələrində ən
müasir tələblər səviyyəsində inşa edilən
belə idman kompleksləri ölkə rəhbərliyinin bədən
tərbiyəsinin və idmanın inkişafına
böyük diqqət və qayğı göstərdiyinə
əyani sübutdur.
Sosial müdafiəyə
ehtiyacı olan təbəqəyə dövlət tərəfindən
xüsusi diqqət göstərilməsi hamı tərəfindən
müsbət qiymətləndirilir. Aztəminatlı ailələrin,
pensiyaçıların, əlillərin sosial müdafiəsinə
ayrılan məbləğ ildən-ilə
artırılır. Milli sosial sistemin və məşğulluq
proqramının inkişafı layihələri uğurla
reallaşdırılmaqdadır. Ünvanlı sosial yardım
alanların əhatə dairəsi də genişlənmişdir.
Azərbaycanda pensiyalar ildən-ilə
artırılır, ünvanlı sosial yardım proqramı
uğurla icra olunur. İndi 150 min ailəyə ünvanlı
sosial yardım göstərilir və bu proqram 700 min nəfəri
əhatə edir. Hər bir ailəyə verilən yardım
orta hesabla 140 dollar səviyyəsindədir. Qeyd edək ki,
ölkədə ünvanlı dövlət sosial
yardımının tətbiqinə başlandığı
2006-cı il iyulun 1-dən bu sahədə yüksək
artım müşahidə olunur. 2006-cı ildə dövlət
büdcəsindən bu məqsəd üçün 39 milyon
manat, 2007-ci ildə 78 milyon manat, 2008-ci ildə isə 127 milyon
500 manat vəsait xərclənmişdir.
Ölkə vətəndaşlarının
sosial müdafiəsinin gücləndirilməsi üzrə
kompleks tədbirlərin yeni mərhələsində
tibbi-reabilitasiya xidmətinin yenilənməsi istiqamətində
mühüm işlər həyata keçirilməkdədir.
Bu istiqamətdə görülən işlər əlillərin
toplum həyata daha fəal şəkildə
qatılmasını təmin edəcəkdir. Yəni, onlar da
hamı kimi fiziki imkanları çərçivəsində
çalışacaq, təhsil alacaq və idmanla məşğul
olacaqlar.
2010-2013-cü illəri əhatə
edəcək "Aztəminatlı ailələrin sosial
reabilitasiyası Dövlət Proqramı" çərçivəsində
13 layihənin də reallaşdırılması nəzərdə
tutulur. Əhalinin məşğulluğunun təmini, peşə
hazırlığı və yenidən hazırlıq,
kiçik biznesə dəstək, məktəbdən işə,
kəndli fermer təsərrüfatlarına dəstək,
layiqli əməyin təşkili, psixososial reabilitasiya, sosial
xidmətin təşkili, tibbi sosial reabilitasiya sahələri əhatə
edəcək bu layihələr yoxsulluq problemlərinin tamamilə
aradan qaldırılmasına yönəldilib.
Dünyanı bürüyən
iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial proqramlar
uğurla icra olunur. Hazırda mühüm sosial obyektlərin -
poliklinikaların, uşaq bağçalarının, məktəblərin
tikintisi davam etdirilir və perspektivdə həyata keçiriləcək
layihələr üzərində iş gedir. Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında demişdir: "Bu ilin doqquz ayında
ümümi daxili məhsul 6,1 faiz artmışdır. Bu,
çox böyük nailiyyətdir, böyük uğurdur və
onu göstərir ki, Azərbaycan iqtisadiyyatı
çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın
hansısa bir sektorundan asılı deyildir. Son illər ərzində
aparılan köklü islahatlar, iqtisadiyyatımzın şaxələndirilməsi
istiqamətində atılan praktiki addımlar bugünkü
iqtisadi artımı şərtləndirib. Böhranlı ildə
iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması
çox gözəl göstəricidir. Deyə bilərəm
ki, bölgədə yerləşən ölkələrdə
iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir.
Azərbaycanda isə biz bütün imkanları səfərbər
edib iqtisadiyyatımızı inkişaf etdiririk ".
Ölkəmizdə həyata
keçirilən səmərəli iqtisadi islahatlar kursunun yeni
dövrün tələblərinə uyğun daha da zənginləşdirilməsi
qarşıda daha böyük perspektivlər
açmışdır. Sosial sahədə həyata
keçirilən irimiqyaslı layihələr əhalinin rifah
halının daha da yaxşılaşmasına, yoxsulluq
probleminin aradan qaldırılmasına imkan vermişdir.
Nüfüzlu beynəlxalq qurumların
açıqladıqları hesabatlarda Azərbaycanda
aparılan ardıcıl islahatlar və əldə olunan nəticələr
çox yüksək dəyərləndirilmişdir. Bunlar bir
daha göstərir ki, ölkə rəhbərliyinin
apardığı iqtisadi siyasət strategiyası vətəndaşlarımızın
maraqlarına uyğundur və bu siyasət Azərbaycanı
daha qüdrətli dövlətə çevirəcəkdir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 25 oktyabr.- S. 2.