Sənaye və Energetika Nazirliyində Yunanıstan xarici
işlər nazirinin müavini ilə görüş
olmuşdur
Sənaye və Energetika
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
Bakıda səfərdə olan Yunanıstan
Respublikasının xarici işlər nazirinin müavini, Azərbaycan
Respublikası hökuməti ilə Yunanıstan Respublikası
hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri
Spiridon Kuvelis ilə nazirlikdə görüş olmuşdur.
Azərbaycan sənaye və
energetika naziri Natiq Əliyev iki ölkə arasında əməkdaşlığın
səviyyəsini yüksək qiymətləndirərək
bildirmişdir ki, mövcud potensial daha ciddi nailiyyətlərin
əldə olunmasına etibarlı zəmin yaradır. Nazir iki
ölkə arasında enerji sahəsində əməkdaşlığın
böyük əhəmiyyətə malik olduğunu qeyd
etmişdir. Yunanıstan Avropa İttifaqının üzvü
olan ilk ölkədir ki, Azərbaycan qazı buraya birbaşa
ixrac olunur.
Nazir həmçinin
bildirmişdir ki, Azərbaycan enerji ehtiyatlarının
dünya bazarına çıxarılması
üçün son illər böyük işlər
görmüşdür və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında öz rolunu oynamağa hazırdır.
"Şahdəniz" qaz yatağının
istismarının ikinci mərhələsi çərçivəsində
Azərbaycan qazının Yunanıstana nəql edilməsinin
perspektivlərinə toxunan N.Əliyev bildirmişdir ki, Azərbaycan
Yunanıstana ildə təxminən 1 milyard kubmetr qaz satmaq
potensialına malikdir. Nazir bunun üçün ilk növbədə
tranzitlə bağlı məsələlərə
aydınlıq gətirilməsinin vacibliyini qeyd etmişdir.
Son illər aktual olan alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə ilə
əlaqədar Azərbaycanda görülən işlər barədə
də qonağa ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin
tapşırığı əsasında 2010-cu ildə
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə üzrə dövlət vəsaiti hesabına bir
sıra pilot layihələrin həyata keçirilməsi nəzərdə
tutulur.
Spiridon Kuvelis onun hökumətinin
Azərbaycanın tezliklə Yunanıstan bazarına
böyük həcmdə mavi yanacaq nəql etməyə
başlayacağına ümidvar olduğunu bildirmişdir.
Nazir müavini qeyd etmişdir ki, Yunanıstan "Şahdəniz"
layihəsinin ikinci mərhələsi çərçivəsində
Azərbaycan qazının idxalında maraqlıdır.
Qonaq hazırda iki ölkə
arasında əlaqələrin inkişafının yeni mərhələdə
olduğunu vurğulamışdır. Hər iki ölkə
prezidentlərinin qarşılıqlı səfərlərinin
ikitərəfli əlaqələrin möhkəmlənməsinə
müsbət təsir göstərdiyini qeyd edən qonaq
Prezident İlham Əliyevin Yunanıstana rəsmi səfərinin
Afina üçün böyük əhəmiyyət
daşıdığını vurğulamışdır.
Müzakirələr zamanı Azərbaycan
ilə Yunanıstan arasında hökumətlərarası
komissiyanın növbəti iclasının keçirilməsi
perspektivinə də toxunulmuş və onun 2010-cu ilin birinci
rübündə keçirilməsi
razılaşdırılmışdır. Bu məqsədlə
müvafiq təkliflərə baxılması və
hazırlıq işlərinin görülməsi
üçün fikir mübadiləsi
aparılmışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 2.