Azərbaycan həqiqətləri rus
müəllifinin gözü
ilə
Böyük Vətən
müharibəsi veteranı,
professor, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının,
həmçinin Rusiya
və Azərbaycan Yazıçılar İttifaqlarının
üzvü, Naxçıvan
Dövlət Universitetinin
və AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Rudolf Nikolayeviç İvanov Azərbaycan oxucusuna yaxşı tanışdır. R.İvanovun yaradıcılığında Rusiya imperiyası və Qafqaz tarixi barədə tədqiqatlar xüsusilə
böyük əhəmiyyət
kəsb edir. Məşhur rus tarixçi-qafqazşünasının
İmam Şamil, əfsanəvi Hacı Murad və "Vəhşi Dviziya" haqqında kitabları, igid hərbçi, yazıçı, general-leytenant
Maqsud Əlixanova
(1846-1907) həsr olunmuş
iki monoqrafiyası qiymətli elmi-sənədli ədəbiyyatlardır.
Rudolf İvanovun son əsərlərində
Azərbaycan tarixi, bu diyarın unudulmuş şəxsiyyətlərinin,
qəhrəmanlarının həyat və fəaliyyəti öyrənilmişdir.
Onun
"Bəyazidin müdafiəsi:
həqiqət və yalan" tarixi povestində (2005) 1877-1878-ci illər
rus-türk müharibəsi,
bu hadisələrin fonunda Bəyazid qalası ilə bağlı tarixi gerçəklik, Bəyazid
epopeyasının əsas
qəhrəmanları və
qələbənin təminatçılarından
olan cəsur sərkərdə İsmayıl xan və Kəlbalı xan Naxçıvanskilərin
döyüş şücaətləri
təsvir olunur. Müəllifin "Əlahəzrətin general adyutantı" əsərində (2007) Rusiya
imperiyasının cəngavəri
general Hüseyn xan Naxçıvanskidən
(1863-1919), 700-dən artıq
arxiv sənədi əsasında yazdığı
"Sovet İttifaqı
adından" (2007) əsərində
isə Naxçıvanskilər
nəslinin altıncı
və sonuncu generalı Cəmşid Naxçıvanskinin (1895-1938) faciəli həyatından
bəhs olunmuşdur.
Yazıçının yenicə işıq üzü görmüş "Basqın"
("Naşestvie") kitabı
isə ayrı-ayrı tarixi şəxsiyyətlərə deyil,
bütövlükdə, Naxçıvan
tarixinə, onun tədqiq olunmamış
1920-1926-cı illər
dövrünə həsr
olunduğu üçün
daha qiymətlidir.
Artıq azərbaycanlı
oxucuları üçün
də çox-çox
doğma olan qafqazşünas alim R.İvanov ilə Naxçıvanda dəfələrlə
görüşlər keçirilmiş,
muxtar respublika rəhbərliyi onun yaradıcılığına xüsusi
qiymət vermiş, böyük diqqət göstərmişdir. Görkəmli yazıçı-publisistin
son kitabı da rəsmi dairələr,
elmi-ictimai mühit tərəfindən yüksək
rəğbətlə qarşılanmışdır.
Naxçıvanın "Şərq
qapısı" qəzetində
"Basqın" kitabı
haqqında dərc etdirdiyi rəy bunu bir daha
təsdiqləyir.
Naxçıvan Dövlət
Universitetinin Beynəlxalq
münasibətlər və
xarici dillər fakültəsində isə
"Basqın" kitabının
təqdimat mərasimi
keçirilmişdir. Universitetin ziyalı
kollektivi ilə yanaşı Naxçıvan
MR Səhiyyə, Mədəniyyət
və Turizm nazirliklərinin, AMEA-nın
Naxçıvan bölməsinin,
digər müəssisə
və təşkilatların
nümayəndələrinin də qatıldığı
mərasimdə giriş
nitqi söyləyən
NDU-nun rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli
yeni nəşrin qatı açılmamış
tarixi arxiv materiallarına söykənən
əsl tədqiqat əsəri olduğunu söyləmişdir. Natiq
vurğulamışdır ki,
Naxçıvanın muxtariyyat
qazanmasının tarixi
zəruriliyini təsdiq
edən yeni nəşr muxtar respublikanın 85 illiyinə
qiymətli töhfədir.
AMEA-nın Naxçıvan bölməsinin
sədri, akademik, əməkdar elm xadimi İsmayıl Hacıyev "Basqın"
əsəri - tarixi həqiqətlərin bərpası
və təsdiqi" adlı məruzəsində
bu kitabın tarixi məziyyətlərindən
ətraflı danışmışdır.
Natiq, əsərdə Naxçıvan
diyarının 1920-1926-cı
illər tarixi həqiqətlərini əks
etdirən, 1920-ci ildə
daşnaq Ermənistan
ordusunun dinc Naxçıvanı talan etməsi, bu diyarı xarabalıqlara çevirməsi ilə bağlı mühüm faktların əks olunduğunu diqqətə
çatdırmışdır.
Universitetin prorektoru,
fəlsəfə elmləri
doktoru Məmməd Rzayev, AMEA-nın Tarix, Arxeologiya, Etnoqrafiya İnstitutunun
"Qafqaz tarixi" şöbəsinin müdiri,
tarix elmləri namizədi Emin Şıxəliyev, Naxçıvan
Özəl Universitetinin
prorektoru, tarix elmləri namizədi İbrahim Kazımov və başqaları çıxış edərək
bildirmişlər ki,
"Basqın" kitabında Naxçıvanda muxtariyyatdan öncəki və sonrakı sosial-iqtisadi vəziyyət,
erməni işğalları
ətraflı təhlil
olunmuşdur. Çıxışlarda
qeyd olunmuşdur ki, nəfis tərtibatla, yüksək
səviyyədə hazırlanmış
yeni nəşr qiymətli tarixi elmi mənbə, dərslik kimi istifadə olunmağa, hər bir azərbaycanlının stolüstü
kitabına çevrilməyə
layiqdir.
Tədbirin sonunda müəllif hərtərəfli
dəstək və qayğıya, yaradıcılığına
verilən yüksək
qiymətə görə
minnətdarlığını ifadə etmiş, bir qrup müəllim
və tələbəyə
kitab hədiyyə etmişdir. Yaradıcılıq
planlarından söz açan tanınmış
azərbaycanşünas alim
qeyd etmişdir ki, I Kalbalı Xan (Kor Kalbalı
xan) haqqında da kitab yazır,
bunun üçün
200-dən artıq tarixi sənəd toplamışdır.
Mehriban SULTAN,
Nərmin CƏFƏROVA
Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 7.