"Əmək pensiyaları haqqında" qanuna edilən əlavələr və dəyişikliklər sosial ədalət prinsiplərinə cavab verir

 

Oktyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdi. Deputatlar əvvəlcə gündəliyə və cari məsələlərə dair fikirlərini bildirdilər.

Gündəlikdəki məsələlərin müzakirəsinə başlananda ilk olaraq insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı dinlənildi. Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov çıxış edərək bildirdi ki, transmilli mütəşəkkil cinayətkarlığa, onun təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə ölkəmizdə hüquq-mühafizə fəaliyyətinin başlıca istiqamətlərindəndir və bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində böyük diqqət göstərilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" əsasında son beş ildə zəruri tədbirlər həyata keçirilmiş, təkmil qanunvericilik bazası yaradılmış, əhəmiyyətli nəticələr əldə edilmişdir. Cinayətlərin qurbanlarının, həmçinin potensial qurbanların müvəqqəti yaşaması üçün sığınacaq və 24 saat ərzində pulsuz xidmət göstərən əlaqə telefonu, həmçinin qeyri-hökumət təşkilatlarının əməkdaşları ilə komplektləşdirilmiş "qaynar xətt" istifadəyə verilmiş, Daxili İşlər Nazirliyinin veb-saytında lazımi izahedici məlumatları əks etdirən xüsusi bölmə açılmışdır.

2008-ci ildə Milli Fəaliyyət Planının icrası başa çatdığından bu sahədə təşkilati- əməli tədbirlərin milli qanunvericilikdən, BMT-nin, Avropa Şurasının Konvensiyalarından və digər beynəlxalq sənədlərdən irəli gələn müddəalara uyğun davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin, milli fəaliyyət proqramının iştirakçısı olan dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, habelə aidiyyəti beynəlxalq qurumların təklif və rəyləri əsasında 2009-2013-cü illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanmış və cari ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir.

Nazir müavini bildirdi ki, 2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunmuş, 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.

2009-cu ilin ötən dövrü ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınmış, onları törədən 18 cinayətkar qrup, o cümlədən bir mütəşəkkil dəstə zərərsizləşdirilmiş, bütövlükdə 65 cinayətkar ifşa edilmişdir.

Bu cinayətlərin qurbanı olan 82 nəfərin 47-si, o cümlədən 1 uşaq sığınacağa yerləşdirilmiş, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilmiş, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunmuşdur. Qurbanlardan 17 nəfəri işlə təmin edilmiş, 32 nəfər peşə kurslarına göndərilmişdir. İnsan alverindən zərər çəkmiş 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardımlar verilmiş, 11 nəfərə cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilmişdir.

Nazir müavini onu da bildirdi ki, insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi daim diqqət mərkəzində olmaqla bu sahəyə Daxili İşlər Nazirliyinin büdcəsindən hər il orta hesabla 500 min manat vəsait ayrılır. 2009-cu ildə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası"na uyğun olaraq hökumət tərəfindən transmilli cinayətlərə, o cümlədən insan alverinə qarşı mübarizə üçün həyata keçirilən layihələrə bütövlükdə 83 min manat məbləğində qrantlar ayrılmışdır. Bütövlükdə isə insan alverinə qarşı mübarizə məqsədlərinə 2004-2008-ci illərdə sərf olunmuş dövlət vəsaitinin həcmi təxminən 4 milyon manat təşkil etmişdir.

Vilayət Eyvazov çıxışının sonunda bildirdi ki, bu növ cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin effektivliyinin artırılması, bütövlükdə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası qarşıda duran mühüm vəzifələrdən olmaqla onların yerinə yetirilməsi dövlət başçısının fərman və sərəncamlarına, Azərbaycan Respublikasının qanunlarına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun sistemli şəkildə davam etdirilir.

Vilayət Eyvazovun çıxışından sonra söz alan deputat Fazil Mustafa QHT-lərlə əməkdaşlıq edilməsini yüksək qiymətləndirdi, eyni zamanda bu məsələ ilə bağlı maarifləndirici işlərin aparılmasına diqqət yetirilməsini vacib hesab etdi.

Milli koordinatorun məlumatını yüksək qiymətləndirən deputat Elmira Axundova insan alverinin qurbanlarının cəmiyyətə reinteqrasiyası ilə bağlı tədbirlərin görülməsini dəyərləndirdi.

Vilayət Eyvazov sualları cavablandırdıqdan sonra insan alverinə qarşı mübarizəyə dair məlumat nəzərə alındı.

Sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin təqdim etdiyi "Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsinə deputatlar müsbət münasibət bildirdilər.

İclasda "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Dəyişikliklərlə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verdi. Müzakirələr zamanı deputatlardan Musa Quliyev, Elmira Axundova və Gülər Əhmədova layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Məhkəmələr və hakimlər haqqında", "Bələdiyyə qulluğu haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, sözügedən qanunlara təklif olunan əlavələr və dəyişikliklər oxşardır və layihədə adıçəkilən dövlət orqanlarında çalışanların, yeni işə qəbul olunanların, dövlət qulluqçularının, eləcə də bələdiyyə üzvlərinin və vəkillik fəaliyyəti ilə məşğul olanların ixtisas artımı və peşə hazırlığı ilə bağlı icbari təhsilə cəlb olunmaları nəzərdə tutulur.

Bu qanun layihəsi də təsdiqləndi.

Gündəliyin beşinci məsələsi olan "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" qanun layihəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Qısa müzakirədən sonra deputatlar qanun layihəsini qəbul etdilər.

"Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun layihəsini də İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü hüququnda Milli Məclisə təqdim edilən qanun layihəsində banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2010-cu il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı deputat Eldar Quliyev bildirdi ki, qanun layihəsi həcmcə kiçik olsa da, böyük əhəmiyyət kəsb edir. Deputat Çingiz Əsədullayevin fikrincə isə bu qanunun qüvvəyə minməsi büdcə əmanətlərinin artım tempinə müsbət təsir göstərəcək. Bundan sonra deputatlar qanun layihəsini qəbul etdilər.

İclasda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi də müzakirə olundu. Layihə ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Komitə sədrinin sözlərinə görə, layihə hazırlanarkən pensiya-sığorta qurumlarının işinin təkmilləşdirilməsinin əsas prinsipləri, dünya ölkələrinin təcrübəsi, keçid dövrü yaşayan dövlətlərin mütərəqqi metodologiyaları, sığorta maliyyələşməsinin əsas mənbələrinin təsnifatı əldə rəhbər tutulmuşdur. Layihədəki dəyişikliklər və əlavələri əsasən 4 qrupda paket şəklində ümumiləşdirmək olar. Birinci paket düzəlişlər pensiya yaşının artırılmasını özündə ehtiva edir. Həm dünya ölkələrinin, həm də MDB məkanında olan dövlətlərin qadın və kişilərinin pensiya yaşının müqayisəli təhlilini aparan Hadi Rəcəbli dedi ki, Gürcüstanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 60-dır, Tacikistanda kişilər üçün bu yaş 63, qadınlar üçün 58-dir, Latviyada kişi və qadınlar üçün pensiya yaşı 62-dir. Avropa ölkələrində kişilər və qadınlar əsasən 65 yaşda pensiyaya çıxırlar. Şərqi Avropa ölkələrindən Macarıstanda kişi və qadınların pensiya yaşı 62-dir. Norveçdə bu göstərici 67 yaş, Yaponiyada isə 70 yaş həddindədir.

Hadi Rəcəblinin sözlərinə görə, opponentlərimiz bizə bəzən Rusiya və Belarusda olan yaş hədlərini misal gətirmək istəyirlər. Hər iki ölkədə pensiyanın ödəmə müddəti Azərbaycandan fərqli olaraq, 144 ay deyil, 234 ay hesablanır.

Hadi Rəcəbli onu da bildirdi ki, "Təhsil haqqında" qanun qəbul edildikdən sonra vətəndaşlardan parlamentə onlarla məktub daxil olmağa başlamışdır. Bu məktublarda təkcə təhsil yox, digər sahələrdə də sağlam adamların məcburi pensiyaya göndərilməsi tendensiyasının mövcudluğu vurğulanır. Bu məktubların əsas mahiyyəti ondan xəbər verir ki, Azərbaycanda hiss olunan dərəcədə orta ömür müddəti artmış və yaşlı insanların sağlamlıq durumu xeyli yaxşılaşmışdır.

Komitə sədrinin sözlərinə görə, bu gün pensiya yaşının artımını çox ciddi sosial gərginlik mövzusu kimi cəmiyyətə sırımaq istəyənlər bilməlidirlər ki, bu sahədə atılan addımlar tədricən, zaman-zaman həyata keçiriləcək və hər il 6 ay müddətinə pensiya yaşı artırılacaqdır. Son nəticədə 6 ildən sonra qadınlar 60 yaşında, kişilər isə 2 ildən sonra 63 yaşda pensiyaya çıxacaqlar.

Hadi Rəcəbli çıxışına davam edərək dedi ki, dəyişikliklərdən biri də əmək pensiyasını sənədləşdirmək üçün minimum sığorta stajının 5 ildən 12 ilə və imtiyazlı hallarda 10 ilə çatdırılması müddəalarıdır. Hazırda Azərbaycanda pensiya sistemindən çıxan (yəni dünyasını dəyişən) kişilərin orta yaşı 74,7, qadınların isə 75.8-dir. Beləliklə, indiki yaş həddində kişilər 12,7 il, qadınlar isə 18,8 il pensiya alırlar. Məntiqi olaraq müasir sığorta sisteminin tələblərinə zidd olaraq bəzən 5 il sığorta haqqı ödəmiş insan uzun illər pensiya haqqı alır, sığorta büdcəsində artıq yük olur ki, bu da bazar qanunlarına və müasir sığorta sisteminin fərdi uçot prinsiplərinə tamamilə ziddir.

Digər paket məsələlər imtiyazlı pensiya təyinatları ilə bağlı sənədləşdirilmə ilə bağlıdır. Burada daha çox diqqəti cəlb edən müddəa çoxuşaqlı sayılan anaların uşaqlarının sayının 3-dən beşə qaldırılmasıdır. Komitə sədrinin bildirdiyinə görə, dünyanın 100-dən çox ölkəsində 5 və daha çox uşağı olan qadınlara yaşa görə əmək pensiyası müəyyənləşdirilir. Beləliklə, ancaq 5 il güzəşt verilir. Amma müzakirə etdiyimiz layihədə isə 5 uşağa görə 5 il güzəşt verilməklə yanaşı, həm də hər əlavə uşaq üçün yaş azaldılmaqla 1 il də əlavə güzəşt nəzərdə tutulur. Beləliklə, əgər pensiyaya çıxan qadının 7 uşağı olarsa, onun pensiya yaşı 7 il aşağı salınır.

Təqdim olunan başqa paket əlavə və dəyişikliklər sığorta sisteminin islahatları ilə bağlı sosial müdafiəni xeyli artıran addımlardır. Əlavə və dəyişikliklərin bir qismi redaktə xarakteri daşıyır və Azərbaycanın bügünkü istehlak bazarındakı rəqəmlərə və manatın məzənnəsinin gündən-günə möhkəmlənməsi ideyasına söykənmişdir.

Çıxışının sonunda Hadi Rəcəbli dedi ki, bütövlükdə layihə əsasən ölkədə sığorta sisteminin fərdi uçot qaydalarına, sistemin daha da möhkəmlənməsinə, sosial ədalət prinsiplərinə və dünyadakı mövcud reallıqların tələblərinə cavab verir.

Müzakirələr zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Vahid Əhmədov, Siyavuş Novruzov, Zahid Oruc, Əli Məsimli və İlham Məmmədov qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər.

Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxışında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavələrin və dəyişikliklərin xalqın maraqlarına cavab verdiyini və dövlətimizin sosial siyasəti ilə uzlaşdığını diqqətə çatdırdı.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə müxalifəti təmsil edən deputatların qanun layihəsinin mahiyyətini başa düşməmələrindən təəssüfləndiyini dedi. Ziyafət Əsgərov layihə ilə bağlı bəzi populist çıxışlara da ehtiyac olmadığını qeyd etdi. Onun sözlərinə görə, əlavə və dəyişikliklərin pensiyaçıların sosial rifahına mənfi təsir göstərəcəyi ilə bağlı söylənən fikirlər əsassızdır. Ziyafət Əsgərov müxalifətçi deputatların çıxışlarını Azərbaycan hakimiyyətinin sosial siyasətinə qarşı təxribat adlandırdı.

İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da qanun layihəsinə və deputatların fikirlərinə münasibət bildirdi. Onun sözlərinə görə, bu qanun layihəsinin büdcə vəsaitlərinə qənaət olunması məqsədilə hazırlandığını söyləmək qətiyyən düzgün deyil.

Bununla da qanun layihəsi təsdiq olundu.

Sonra iclasda "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov məlumat verdi. Bu qanun layihəsi qüvvəyə mindikdən sonra lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edəcək. Layihədə sülhməramlı əməliyyatlarda iştirak dünya birliyi, regional təşkilatlar, dövlət qrupları, ayrı-ayrı dövlətlər, dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən lokal və regional münaqişələrin qarşısının alınması, həll olunması, nizamlanması və nəticələrin aradan qaldırılması sahəsində həyata keçirilən kompleks fəaliyyətin tərkib hissəsi kimi müəyyən edilib. Layihənin müddəaları BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq silahlı hücumun dəf edilməsi məqsədilə Azərbaycan Respublikasının ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququnu, həmçinin beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi üçün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla hərbi sahədə əməkdaşlıq hüququnu məhdudlaşdırmır.

Müzakirələr zamanı qanun layihəsinin konseptual baxımdan əhəmiyyəti yekdilliklə qeyd olundu. Qanun layihəsi birinci oxunuşda təsdiq edildi.

 

 

Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 1, 2.