Qınaqdan qanuna keçmək çağıdır

 

Sözün düşən hörməti

 

Qırmızı imperiya təkcə qanlı terrorun, həbsxana və sürgünlərin deyil, həm də güclü və mütəşəkkil təbliğatın hesabına yetmiş üç il ömür sürə bildi. Birpartiyalı cəmiyyətdə söz də birqütblü idi: sosializm ideal cəmiyyətdir, kommunist partiyası avanqard, onun başçısı müdrik rəhbərdir, cəmiyyətdəki nöqsanlar isə kapitalizm qalığı, yaxud təbiətin şıltaqlığından doğan müvəqqəti haldır! Bütün KİV-nin təbliğ etdiyi vahid xətt belə idi. Mətbuatın başı üzərində duran senzura, üstəlik, gündəlik partiya nəzarəti başqa fikirlərin qəzet səhifəsinə çıxarılmasına qəti yol verməzdi. Ütülü fikirlər, ölçü-biçili sözlər, bir mənbədən ötürülən informasiyalar eyni məqsədə xidmət edirdi. Kommunist partiyası özünə xidmət etdirdiyi sözün dəyərli olması üçün jurnalistləri hörmətli tutur, onları "partiyanın qızıl fondu" adlandırır, maddi durumlarını dövlət nəzarətində saxlayırdı.

Müstəqillik qazanaraq ümumbəşəri inkişaf yoluna qayıdan Azərbaycan sərbəst bazar iqtisadiyyatı prinsipləri ilə yaşayır, hüquqi dövlət, demokratik cəmiyyət qurur. Demokratiyanın ilkin şərtlərindən sayılan çoxpartiyalı sistem, mətbuat və söz azadlığı, fikir plüralizmi bərqərar olmuşdur. İndi nə kommunist partiyası var, nə onun senzurası, nə də jurnalistlərə dövlət qəyyumluğu. Azad mətbu söz söyləməkdən ötrü isə istənilən qədər "tribuna" mövcuddur. Bəlkə sözü qiymətdən salan elə həmin "tribuna" - qəzet bolluğudur?! Adətən, bolluq ucuzluqla nəticələnsə də, indiki məqamda yeganə səbəb deyil.

Azərbaycan xalqı həmişə söz əhlinə hörmətlə yanaşıb, istəkli adamı tək qarşılayaraq hörmətlə yola salıb. Bu münasibətdən bəhrələnənlər də olub. Amma ciddi və amansız partiya nəzarəti əndazəni aşmağa qoymayıb. Mətbuat dövlət nəzarətindən çıxarıldıqdan, qəzet açaraq jurnalistlik fəaliyyəti ilə məşğul olmaq son dərəcə sadələşdirildikdən sonra çoxlarının çiçəyi çırtladı. Təsadüfi adamlar, qeyri-peşəkarlar, şəxsi maraq güdənlər KİV tərəfə axışdılar. Axı, oxumadan, öyrənmədən, bilmədən müxbir vəsiqəsinə yiyələnmək, jurnalistin hörmətli və sevilən adından bəhrələnmək mümkün olmuşdu! Çox keçmədən müxbir vəsiqəli dilənçilər idarə müdirlərini, təşkilat rəhbərlərini, qapısını açdıqları hər kəsi bezdirdilər. "Gündə nə qədər jurnalist yola salmaq olar!" - deyən narazıların sayı durmadan artırdı. Artıq müxbirlər arzuolunmaz qonaq sayılır, üzlərinə qapılar bağlanır, heç kim onlara "hörmət" etmək istəmirdi. Cavab reaksiyası da özünü çox gözlətmədi. İstənilən məbləği ala bilmədikdə hədə-qorxu, şantaj işə düşdü, şər və böhtan dolu yazılar, insanların şərəf və ləyaqəti təhqir olunan materiallar qəzet səhifələrində özünə yer tutdu. Bütün bunları törədənlər adlarını jurnalist qoyan insanlar, təhqir və yalan dolu yazıların yerləşdiyi məkan isə qəzet səhifələri idi. "Reket jurnalistikası" sürətlə inkişaf edirdi.

 

Tənqidin mənasızlığı

 

Ötən əsrin doxsanıncı illərində Azərbaycanın KİV-nində gedən bu xoşagəlməz proseslər XXI əsrə də gəlib çıxdı. İlkin vaxtlarda "qəzet reketliyi" ilə məşğul olan və dilənçilik edən jurnalistləri qanunun əli ilə cəzalandırmaq da olmurdu. Müxalifət mətbuatı "söz və mətbuat azadlığı boğulur" - deyə haray-həşir qoparır, onların donosları əsasında beynəlxalq qurum və təşkilatlar bu mübarizəyə maneçilik törədirdilər. Hətta dəfələrlə dələduzluğa və rüşvətə görə həbs edilən müxbir vəsiqəli cinayətkarların "siyasi məhbus" siyahısına salınmasına nail oldular.

Qəzetə inam get-gedə azalır, jurnalist nüfuzdan düşür, qərəzli və ədalətsiz yazıların çoxluğundan daha tənqid etmək mənasız görünürdü. Doğru sözlə yalan, həqiqi tənqidlə sifarişli, ədalətli ilə qərəzli yazı arasındakı sərhəd itib-batırdı! İnsanların jurnalistə olan sevgi və rəğbəti öz yerini onların qınaq və tənəsinə verirdi. Müəyyən müddətdən sonra müxalifət mətbuatı, jurnalist təşkilatları və hüquq müdafiəçiləri "ağıllanaraq", məsələnin mahiyyətinə vararaq daha "reket jurnalistləri" və bu tip qəzetləri müdafiə etməkdən çəkildilər.

2003-cü ildə Mətbuat Şurasının yaranması kütləvi informasiya vasitələrində yığılıb qalmış bir sıra problemlərlə yaxından məşğul olunmasına imkan yaratdı. Ayrı-ayrı jurnalistlərin və qəzetlərin özbaşınalığından, qərəzli və sifarişli yazılarından təngə gələn ölkə vətəndaşlarının Mətbuat Şurasına ünvanladıqları yüzlərlə şikayət məktubları bu məsələnin tezliklə çözümünü sosial sifariş kimi qabardırdı. İnsanlar məhkəmə çəkişmələrində vaxt itirmək istəməyərək onların şərəf və ləyaqətini alçaldanların cəzalandırılmasını, belə nalayiq əməllərə tezliklə son qoyulmasını istəyirdilər. Mətbuat Şurası bitib-tükənməyən çoxsaylı müraciətləri nəzərə almalı oldu. İdarə heyətinin qərarı ilə bu işlə məşğul olan ayrıca komissiya da yaradıldı. Vüqar Rəhimzadənin başçılıq etdiyi bu komissiya xeyli iş görüb, idarə heyətinin iclaslarında ən çox "reket qəzetlər"lə bağlı gələn şikayətlərin araşdırılmasına vaxt və əsəb sərf olunub. Bəzi müsbət nəticələr əldə edilsə də, təəssüf ki, hələ də Azərbaycan mətbuatında mövcud olan bu yaramaz və xoşagəlməz əməllərin qarşısı tam alınmayıb. Səbəb nədir?

 

Qınaq işləmirsə...

 

Deyir, dua oxumaqla donuz darıdan çıxmaz! Bu atalar sözündə demokratik prinsiplər "gözlənilməsə" də, böyük həqiqət var. Özbaşınalığı və cinayətkarlığı doğuran səbəblərdən biri də cəzasızlıq şəraitinin mövcudluğudur. Belə çıxır ki, istənilən dələduz və xuliqan cibinə müxbir vəsiqəsi qoyaraq onların maraqlarını ödəməyən hər hansı Azərbaycan vətəndaşını arxayınlıqla təhqir və şantaj edə bilər. Çünki bəzi beynəlxalq qurum və təşkilatların onun müdafiəsinə qalxacaqlarına əmindir. Üstəlik, hazırkı iqtidarın yazdığı yazıya görə jurnalistlərin həbs edilməsini istəmədiyindən də yaxşıca xəbərdardır. Onu ruhlandıran və işinə rəvac verən başqa bir məqam da var: çox asanlıqla istədiyi sayda qəzet açır. Mətbuat Şurasının qınağı isə ona heç bir təsir göstərmir. Mətbuatı özünütənzimləyən bu qurumun faktiki olaraq başqa təsir vasitəsi yoxdur! Çıxış yolu nədədir?

 

"Peşəkarlar" və onlara əl verən "boşluq"

 

Mətbuat Şurası ciddi araşdırmalardan və müzakirələrdən sonra 84 qəzeti "reket nəşr" elan edib. Hərçənd hamı bilir ki, bu rəqəm belə əməllərlə məşğul olan qəzetlərin cüzi bir hissəsini əhatə edir. Artıq "qara siyahı" mətbuatda dərc edilərkən "reket qəzet"lərin təsisçi və redaktorlarının adlarının da göstərilməsi qərara alınıb. Yeni tərtibatlı siyahı müəyyən düşüncə və qənaətlərə yol açır.

Azərbaycanda qəzet açıb qəzetçiliklə məşğul olmaq çox asan və sadədir. Ədliyyə Nazirliyinə bu barədə məktub yazıb bir həftə gözləmək kifayətdir. Hətta cavab gəlməsə belə, bir həftədən sonra işə başlaya bilərsən. Nə ixtisasına baxan olur, nə də savadını və qabiliyyətini yoxlayan! Heç ürəyindəki niyyətdən də kimsə xəbər tutmur. Bilən olmur ki, qəzetçiliklə məşğul olacaqsan, yoxsa reketçiliklə! Bu qayda ilə istədiyin qədər qəzet təsis edib, başının altına qoya bilərsən! Necə ki bir paraları edib... Qəribədir ki, "reket jurnalistikası"nın "peşəkarları" da yaranıb. Yəni, onlar bu vasitə ilə pul qazanmağı özlərinə "peşə" seçiblər.

BDU-nun jurnalistika fakültəsində dərs deyən hörmətli müəllimlərdən dəfələrlə eşitdiyim "Biz öz tələblərimizə inanırıq, onlar heç zaman şər və böhtanla məşğul olmaz, qəzetlərində söyüş və təhqir yazmaz, "reket"lik etməzlər" fikrini qürur və əminliklə qəbul etmişəm. Jurnalistika fakültəsi ən təmiz məkanlardandır, orada əsasən peşənin biliciləri və fanatları, əqidəli və mübariz insanları çalışırlar. Öz tələbələrinə zəruri bilikləri verməklə yanaşı, mətbuat tariximizin korifeyləri simasında yüksək mənəvi keyfiyyətlər də aşılayırlar. Jurnalistika fakültəsi yarandığı vaxtdan (1969-cu il) hər il sentyabr ayında, yeni dərs ilinin ilk günündə Həsən bəy Zərdabinin qəbri üstə gedərək ziyarət etmək və mətbuatın ənənələrinə sadiq qalmaq barədə and içmək ənənəsi də mövcuddur. Həmin and hüquqi məsuliyyət doğurmasa belə, əsl jurnalistlər ürəklərinin hökmü ilə ona daim sadiq qalıblar! Təsadüfi hallar isə həmişə mövcud olub. Yəqin ki, Mətbuat Şurasının açıqladığı "reket jurnalistikası"nın son siyahısı hörmətli müəllimlərimizi bir qədər kədərləndirəcək. Çünki indiyə qədərki "reket jurnalist"lərin öncüllərindən ola biləcək Azər Abbasov bu fakültənin məzunudur. Əlbəttə, bir nəfər müqəddəs müəllim əməyinin üzərinə kölgə sala bilməz. Amma faktın özü jurnalistika ictimaiyyətini düşündürməli və operativ tədbirlər görülməsinin vacibliyinə inandırmalıdır. Baxın, indiyə qədər Azər Abbasovun təsisçisi və baş redaktoru (!) olduğu dörd nəşr - "Müasir Naxçıvan", "Xalq vəkili", "Müfəttiş" və "İrəvan press" qəzetləri Mətbuat Şurasına edilən təkrar və çoxsaylı müraciətlərdən sonra "reket qəzet"lər elan edilib! Bir nəfər üçün çox deyilmi?! Axı, o "bir nəfər" əməlləri və mənəviyyatı ilə əli altında işləyən gör neçə nəfəri korlayır, yanlış yola salır! Çoxluq təkcə bunda deyil. Azər Abbasovun təsis etdiyi daha 6 qəzet - "Real və aşkar", "Azəri tayms+", "Hümmət+", "Aydın və aşkar", "Xalqın sədası", "Regionların inkişafı" qəzetləri var. Və oxucular "reket" elan edilmiş əvvəlki dörd qəzetdən üz döndərdikdən sonra ehtiyatdakıları işə salaraq əvvəlki əməllərini davam etdirmək niyyətindədir! Belə jurnalistika, bu sayaq qəzetçilik olarmı? Görün, qanundakı boşluqdan kimlər və necə istifadə edir? Bəs, belələrinin qarşısını almayaqmı? Yaxud jurnalistika sahəsinə korporativ maraqlarla gəlmiş ixtisasca qeyri-jurnalistləri götürək. Azər Nəcəfovun təsisçi və redaktor olduğu iki qəzet var: "Həftə sonu" və "Pressinq" qəzetləri. Hər ikisi "reket qəzet" elan olunub. Əgər onun təsisçiliyi və redaktorluğu qəzet səhifələrində insanların şərlənməsinə, təhqir edilməsinə yönəlibsə, beləsinə jurnalistikada rahat şərait yaradılmalıdırmı? Baloğlan Mirzəliyev də onun kimi. Təsisçisi və redaktoru olduğu "Doğma respublika" qəzeti və "İynə" jurnalı çoxsaylı şikayətlər əsasında "reket" nəşrlər sırasına aid edilir. KİV təsis etmək, jurnalistikaya gələrək meydanda at oynatmaq bu qədər asandırsa, onda niyə yaramaz hallara qarşı mübarizə çətinləşdirilməlidir?! Mətbuat sahəsindəki mənfi meyillərə qarşı mübarizə əslində, söz azadlığına, əsl qəzetlərin və mətbu sözün nüfuzunun qorunmasına xidmət edir. Yaxud elələri də var ki, qəzet təsis edib, onun redaktoru olduqdan sonra əməlləri "qəzet reketçiliyi" kimi qiymətləndirilib. Bundan sonra başqa qəzetə keçiblər. Yenə eyni nəticə! Məsələn, Hikmət Nəcəfli "Yeni dövr" qəzetinin təsisçisi və redaktoru, "Naxçıvanın səsi" qəzetinin isə redaktoru olub. Hər ikisi "reket" elan olunub. Azər Məmmədov da onun kimi. "Reket" fəaliyyəti kimi qiymətləndirilən "Gün xəbər"in təsisçisi və redaktoru, "Azərbaycan gəncliyi" qəzetinin isə redaktoru simasında eyni əməli törədib. Əgər bir tərəfdən belələrinə qarşı ictimai qınaq mühiti yaradılaraq sıxışdırıldıqda onlar yeni qəzet açmaqla öz bəd niyyətlərini asanlıqla davam etdirirlərsə, onda bu mübarizənin mənası varmı? Belədə təhqir edilib böhtana məruz qalan insanların Mətbuat Şurasına müraciətində, habelə Mətbuat Şurasının həmin hərəkətlərin müzakirəsinə əvvəlcə komissiya iclasında, sonra isə idarə heyətində vaxt və əsəb sərfində hansı məntiq görünür?

Gəlin etiraf edək ki, "reket jurnalistika" artıq mətbu mühitdə formalaşan, uzun illər fəaliyyət göstərən bir sferadır. Təsadüfi, ötəri hal deyil! Bu qrupların öz "üslubları", "iş metodları", aralarında güclü əlaqələri var. Təhlükə hiss edəndə birləşir, bir "cəbhədən" çıxış edirlər. Gizli şəkildə onları maliyyələşdirənlər, müxtəlif sifarişlər verənlər, hətta bəzən açıq şəkildə müdafiə edənləri də olur. Hərdən hansısa dövlət məmurunu hədəfə alanda bu əlaqələr açıq-aşkar görünür. Onlar özlərini pərdələmək üçün adətən, birinci səhifələrində dövlət başçısının portretini, imzaladığı sənədlər barədə informasiyalar verirlər. Hətta bu günədək "reket" elan olunmuş azı 15 qəzetin "Azərbaycan" nəşriyyatında xüsusi təmiri və mebel təchizatı olan ofisləri də var. Amma bunlar hamısı pərdələnmək üçündür. Hər nömrədə izlədikləri, nişangaha götürdükləri hədəflər olur. Belə söz dəllallarının sözü bihörmət etməsinə yol vermək olmaz! Bu cür qəzetlərin cəmiyyəti obyektiv və operativ informasiya ilə təmin edən mətbu orqanlarla yanaşı dayanmasına şərait yaratmaq günahdır! Cəmiyyət üçün doğru və ədalətli söz, vicdanlı qələm sahibi qiymətlidir. Onların kölgəsində daldalanıb sözü və həqiqi jurnalistləri nüfuzdan salanlarla birgə və qanuni yolla mübarizə aparmaq vacib və gərəklidir!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 3.