Naxçıvan Muxtar Respublikası
Ali Məclisində müşavirə
Naxçıvan MR Ali Məclisində muxtar respublikada "donuz qripi" virusuna qarşı profilaktik tədbirlərin aparılması
ilə əlaqədar
müşavirə keçirilmişdir.
Ali Məclisin Sədri Vasif Talıbov müşavirəni
açaraq demişdir
ki, infeksiya mənşəli "donuz
qripi"nin insan sağlamlığına
ziyanı ilə bağlı bütün dünyada həyəcan təbili çalınmaqdadır.
Bəzi ölkələrdə
ciddi məhdudlaşdırıcı
tədbirlər görülür,
fövqəladə vəziyyət
elan olunur, təhsil müəssisələri,
məktəblər bağlanır.
Muxtar respublikanın yerləşdiyi coğrafi
şərait, xarici ölkələrlə gömrük-keçid
məntəqələrinin mövcudluğu donuz qripi ilə mübarizə sahəsində
təcili tədbirlərin
görülməsini tələb
edir.
Naxçıvan MR Dövlət
Gömrük Komitəsinin
sədri, səhiyyə
naziri, təhsil naziri, Dövlət Baytarlıq Xidmətinin rəisi, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və başqaları çıxış edərək,
"donuz qripi" virusuna qarşı həyata keçirilən
profilaktik tədbirlər
barədə məlumat
vermişlər.
Ali Məclisin Sədri müzakirə olunan məsələ ilə əlaqədar müvafiq orqanlara konkret tapşırıqlar
vermişdir. Qeyd olunmuşdur ki,
Naxçıvan MR Dövlət
Gömrük Komitəsi
İran və Türkiyə ilə gömrük-keçid məntəqələrində,
eləcə də Naxçıvan Beynəlxalq
hava limanında nəzarəti gücləndirməli,
idxal olunan ərzaq məhsullarının
keyfiyyətini yoxlamalı,
şübhəli olanların
gömrük keçid
məntəqələrindən birbaşa stasionar yoxlama müəssisələrinə
göndərilməsini təmin
etməli, muxtar respublikaya gələn nəqliyyat vasitələrinin
dezinfeksiyasını daha
da gücləndirməlidir.
Naxçıvan MR İqtisadi
İnkişaf Nazirliyi
Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə daxili bazarda, ticarət-iaşə müəssisələrində
laborator analizlərin həyata keçirilməsini
və müddəti ötmüş ərzaq məhsullarının dövriyyədən
çıxarılmasını təmin etməlidir.
Təhsil Nazirliyinə
tapşırılmışdır ki, məktəblərdə
fəaliyyət göstərən
iaşə obyektlərinin
fəaliyyətinə gündəlik
nəzarəti həyata
keçirsin, Səhiyyə
Nazirliyi ilə birlikdə şagirdlər
arasında yoxlama-profilaktik
tədbirlərini genişləndirsin.
AzərTAc
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 2.