Azərbaycan ilə Bolqarıstan
arasında təhlükəsizlik
sahəsində ikitərəfli
əməkdaşlığın genişləndirilməsi məsələləri
müzakirə olunmuşdur
Azərbaycan
Respublikasının milli təhlükəsizlik naziri,
general-leytenant Eldar Mahmudov Bolqarıstan Respublikasının
Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço
Kirovun dəvəti ilə bu ölkədə səfərdə
olmuşdur.
Milli Təhlükəsizlik
Nazirliyinin ictimai əlaqələr mərkəzindən
bildirmişlər ki, Bolqarıstanın Milli Kəşfiyyat
Xidmətinin direktoru bu səfərin ölkələrimizin
müvafiq qurumları arasında təhlükəsizlik sahəsində
münasibətlərin daha da inkişaf etməsində
böyük önəm daşıdığını
vurğulamışdır. O, Azərbaycanın təhlükəsizlik
orqanlarının yaranmasının 90 illik yubileyi ilə əlaqədar
bu ilin aprelində Bakıya səfəri zamanı
paytaxtımızda gördüklərindən, xüsusən də
dövlətimizin başçısı İlham Əliyevlə
görüşdən aldığı dərin təəssüratları
diqqətə çatdırmışdır.
Eldar Mahmudov ölkəmizdə
təhlükəsizliyin təmin olunması, o cümlədən
enerji və nəqliyyat infrastrukturlarının təhdidlərdən
qorunması, beynəlxalq terrorçuluqla, narkotiklərin
qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və transmilli mütəşəkkil
cinayətkarlığın digər təhlükəli təzahürləri
ilə mübarizə sahəsində görülmüş
işlər, eləcə də regionda gedən proseslər barədə
danışmışdır. E.Mahmudov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və onun
ağır nəticələri barədə ətraflı məlumat
vermiş, bu problemin nəinki Cənubi Qafqaz, habelə
bütün Avropa üçün də ciddi təhdid
doğurduğunu vurğulamış, münaqişənin
beynəlxalq hüquq normaları çərçivəsində
ədalətli həllinin vacibliyini bildirmişdir.
Görüşdə təhlükəsizlik
sahəsində ikitərəfli əməkdaşlığın
genişləndirilməsi istiqamətində müzakirələr
aparılmış, qarşılıqlı maraq doğuran məsələlər
üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinə
dair razılıq əldə olunmuşdur.
Səfər çərçivəsində
Eldar Mahmudov Bolqarıstanın vitse-prezidenti Anqel Marin və
Baş nazirinin müavini, daxili işlər naziri Tsvetan
Tsvetanov ilə görüşmüşdür. Görüşlərdə
Bolqarıstan və Azərbaycan arasında bir çox sahələrdə
əməkdaşlıq səviyyəsinin, həmçinin
dostluq və işgüzar münasibətlərin inkişaf
etdirilməsinin hər iki ölkənin rəhbərləri tərəfindən
yüksək qiymətləndirildiyi xüsusi
vurğulanmış, əlaqələrin bütün istiqamətlərdə,
ilk növbədə təhlükəsizlik sahəsində genişləndirilməsi
mövzusunda faydalı fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 2.