QİƏT Parlament Assambleyasının komitə
iclaslarında Ermənistanın Azərbaycanın
ekologiyasına vurduğu ziyanla bağlı məsələ
qaldırılmışdır
Ermənilərin işğal
altında saxladığı Azərbaycan ərazilərində
yanğınlar törətməsi, regiondakı
çayları insan səhhəti üçün zərərli
maddələrlə çirkləndirməsi bölgəni
ekoloji fəlakətə aparır.
Bu barədə Azərbaycan
Respublikası Milli Məclisinin deputatları Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (QİƏT PA) iqtisadiyyat, ticarət,
texnologiya və ekologiya məsələləri, həmçinin
mədəniyyət, təhsil və sosial məsələlər
komitələrinin Yunanıstanın Soloniki şəhərində
keçirilən iclaslarında məlumat vermişlər.
İclaslarda üzv dövlətlərdə
ekoloji şüur və davranışın
formalaşdırılması, Qara dəniz regionunda su sərvətlərindən
istifadə, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi
məsələləri müzakirə olunmuşdur.
Milli Məclisin deputatları
çıxış edərək Azərbaycanın
ekologiyanın qorunması ilə bağlı
gördüyü işlər, həyata keçirdiyi layihələrlə
yanaşı, Ermənistanın nəinki Azərbaycanın,
bütövlükdə regionun ekologiyasına vurduğu ziyan,
bölgədəki çayları zəhərli maddələr,
tullantılarla çirkləndirməsi barədə məlumatları
diqqətə çatdırmışlar.
Qurumun Baş Assambleyasının
ümumi iclası noyabrda Moskvada keçiriləcəkdir. Azərbaycan
nümayəndə heyətinin üzvü, deputat Jalə Əliyeva
bildirmişdir ki, bütün bu məsələlər həmin
toplantıda daha geniş şəkildə müzakirə
olunacaqdır. Deputat demişdir ki, Azərbaycan nümayəndə
heyətinin qaldırdığı məsələlərə
qurumda həssaslıqla yanaşılmışdır. Bu da Azərbaycanın
Qara dəniz regionunda nüfuzunun getdikcə daha da artması ilə
bağlıdır. Mədəniyyət, təhsil və sosial
məsələlər komitəsinin Yunanıstandakı
toplantısında keçirilən seçkilər zamanı
ölkəmizin iki il müddətinə sədr müavinliyinə
namizədliyinin irəli sürülməsi və yekdilliklə
dəstəklənməsi bunu bir daha təsdiqləyir.
Jalə Əliyeva bu komitənin sədrinin
müavini seçilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.-28 oktyabr.- S. 2.