Azərbaycanda ali
jurnalistika təhsili
Azərbaycanda ali jurnalistika təhsili həmişə seçilən və kifayət qədər nüfuzu olan sənət istiqamətlərindən sayılmışdır, çünki tarixən cəmiyyətin özündə jurnalistikaya, xüsusən də, ciddi jurnalistikaya dərin ehtiram və hörmətlə yanaşılmışdır.
Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nın universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) qoyulmuşdur. Həmin dövrdə jurnalizm kafedrası tələbələrinin nəşr orqanı sayılan "Student-jurnalist" qəzetinə müsahibə vermiş kafedra müdiri S.Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, Bakı Dövlət Universitetinin professoru olmuşdur) göstərirdi ki, "...bu vaxtadək Şuralar İttifaqında jurnalizm tədrisatı iki məktəbdə keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda". ("Student-jurnalist" ¹1, iyun-1929)
Müəyyən fasilədən sonra 1945-ci ildən filologiya fakültəsi nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra - Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət xadimi və ictimai xadim dosent Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrları hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri - İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar.
1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. 70 ilə yaxın bir dövrdə fakültə 3500-dən çox jurnalist-məzun yetişdirmişdir. Onların böyük əksəriyyəti ayrı-ayrı informasiya orqanlarında, dövlət strukturlarında, ictimai təşkilatlarda, tədris müəssisələrində uğurla çalışmış və çoxu bu gün də gərəkli fəaliyyətlərini davam etdirir. Azərbaycan jurnalistikasının və ictimai-siyasi fikrinin inkişafında bu şəxslərin xidmətləri danılmazdır. Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, Rəşid Mahmudov, Famil Mehdi, Tofiq Rüstəmov, Osman Mirzəyev, Namiq Abbasov, Azərbaycanın Milli Qəhrəmanları Alı Mustafayev, Kazımağa Kərimov və onlarla başqaları yüksək peşəkarlıq və sənətdə ciddiyyət dərsləri ilə yanaşı, fakültədə həm də vətəndaşlıq məktəbi keçmişlər.
1969-cu ildə jurnalistika şöbəsi fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev olmuşdur. Nurəddin müəllim jurnalistikanın nəzəriyyəsi ilə təcrübəsi arasında bu gün də möhkəm dayaqlara söykənən yaradıcılıq körpüsünün əsasını qoymuş, elmi-pedaqoji, publisistik fəaliyyəti ilə müəllim həmkarlarına və tələbələrinə nümunə göstərmişdir. İndi fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra fəaliyyətdədir: jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (1945), Mətbuat tarixi (1971), Televiziya və radio jurnalistikası (1981), Beynəlxalq jurnalistika (2004).
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası təkcə Bakı Dövlət Universitetində deyil, bütövlükdə, ölkənin media mühitində öz yeri, təsir gücü, tədris, elmi-praktik səviyyəsi ilə seçilən bir kafedradır. Milli mətbuatın və jurnalistikanın tarixi təşəkkülünü, inkişaf mərhələlərini tədris edən Mətbuat tarixi kafedrası irs-varislik əlaqəsinə istinad edərək milli mənbələrin araşdırılmasını, xüsusən, tarixi təcrübə ilə nəzəri fikri vəhdətdə götürərək onun müasir gerçəkliyə tətbiqini mühüm vəzifə sayır.
XX əsrin 70-ci illərində fakültənin tədris qruplarında televiziya və radio jurnalistikası üzrə ixtisaslaşmalar son nəticədə Televiziya və radio jurnalistikası kafedrasının yaradılmasına gətirib çıxarmışdır. Kafedranın nəzdində tədris televiziya və radio studiyası fəaliyyət göstərir.
Jurnalistikasının beynəlxalq standartları ilə geniş təmasa duyulan ehtiyac, fakültənin magistratura pilləsində bu sahə üzrə kadr hazırlığının həyata keçirilməsi 2004-cü ildə Beynəlxalq jurnalistika kafedrasının yaradılmasını zəruri etmişdir. Kafedra fakültədə bakalavr pilləsi üçün ümumi, magistratura pilləsi üçün ixtisas fənlərinin tədrisi ilə məşğuldur.
Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaqcıl təhsil qurumları ilə inteqrasiya Azərbaycan müstəqillik əldə etdikdən sonra daha ön mövqeyə çıxmışdır. Bu, jurnalistika fakültəsinə də xeyli keyfiyyət və kəmiyyət dəyişikliyi gətirmişdir. "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir". Ümummilli lider Heydər Əliyevin jurnalistikanın çoxspektrliyinə verdiyi belə dəqiq səciyyə bugünkü tələbəyə - sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha daimi edir. Təhsil sistemində strateji dəyişikliklər və çevik taktiki addımlar da məhz həmin zərurətdən doğur.
Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni konsepsiyası formalaşmaqdadır. Əgər sovetlər dövründə peşəkarlıqla yanaşı, gələcək mütəxəssisin dünyagörüşünü, baxışlarını, fəlsəfi düşüncələrini vahid prizmadan formalaşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik təsisatlara yol açmış, sabahın jurnalistlərinə öz baxışlarını, müxtəlif ictimai-siyasi proseslərə fərdi yanaşma üsullarını formalaşdırmaq imkanı vermişdir.
Ölkədə aparılan təhsil islahatları çərçivəsində Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyası yolunda jurnalistika fakültəsi həmişə pilot fakültə kimi çıxış etmişdir. 10 il əvvəl universitetdə biliyin qiymətləndirilməsinin çoxballı sisteminə keçən ilk iki fakültədən biri jurnalistika fakültəsi olmuşdur. Bu etimadı və inamı ona kollektivin daim yeniliyə meyilliyi, dünya təhsilində gedən müsbət prosesləri zamanında duyması, potensialını buna uyğun səfərbərliyə alması kimi keyfiyyətləri qazandırmışdır.
2006-2007-ci tədris ilindən təhsildə kredit sisteminin tətbiqinə başlanmışdır. Bolonya Bəyannaməsinin müddəaları əsasında həyata keçirilən bu prosesin başlıca qayəsi tədrisin keyfiyyətini əsaslı surətdə yüksəltmək, dünyanın aparıcı universitetləri ilə inteqrasiyanı genişləndirmək, vahid kredit sisteminin tətbiqi yolu ilə təhsil sənədlərinin və ixtisasların Avropa məkanında qarşılıqlı tanınmasına nail olmaq, tələbələrin mobilliyini təmin etməkdən ibarətdir. Qısa müddət ərzində fakültədə kredit sisteminin mahiyyətini özündə əks etdirən xeyli iş görülmüş, lazımi normativ sənədlər hazırlanmışdır.
Fakültədə tədris planına heç vaxt ehkam kimi yanaşılmamışdır. İctimai-siyasi həyatda, buna uyğun olaraq KİV-də özünü göstərən əsaslı dəyişikliklər sonralar elmi-nəzəri ümumiləşdirmələr süzgəcindən keçirilərək tələbə auditoriyasına yol tapır. Son illərdə istər bakalavr, istərsə də magistratura pilləsində "İnformasiya cəmiyyətinin əsasları", "Yeni dünya jurnalistikası", "KİV-nin hüquqi tənzimlənməsi", "Televiziya və radioda müsahibə götürməyin psixoloji aspektləri", "Jurnalist etikası", "Azərbaycan diaspor mətbuatı", "Demokratik dövlətlərin televiziya və radio sistemi" kimi yeni fənlər tədris olunmağa başlamışdır.
Bu gün Azərbaycanın digər dövlət və özəl ali məktəblərində də jurnalistika təhsilinin geniş şəbəkəsi yaranmışdır. Naxçıvan və Lənkəran dövlət universitetlərində, Bakı Slavyan Universitetində, Azərbaycan Beynəlxalq Universitetində, Qərb, Bakı Asiya, Odlar Yurdu universitetlərində, Azərbaycan İctimai-Siyasi Universitetində jurnalistika fakültələri və şöbələri mövcuddur. Adı çəkilən bu strukturların hamısı tədris prosesini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tarixən formalaşmış və indi yeni tələblərə uyğunlaşdırılmış tədris və elmi bazaya istinadən aparırlar.
Professor-müəllim heyətinin son 5 ildəki dərslik, dərs vəsaiti və monoqrafiyalarının adlarını çəkmək yetərlidir ki, fakültədə aparılan tədqiqatların mövzu dairəsi və problematikası barədə mükəmməl təsəvvür yaransın: "Mətbu irsimizdən səhifələr", "Müstəqilliyimizin çətin yolu... reallıqlar, düşüncələr" (professor Ş.Hüseynov), "Jurnalistikanın müasir inkişaf meyilləri" (professor C.Məmmədli), "Ədəbi redaktə. Nəzəriyyə və təcrübə" (dosent M.Mahmudov), "Azərbaycanda İnternet jurnalistikası" (dosent Z.Babayev, professor Ş.Vəliyev), "Cənubi Azərbaycan mətbuatı" (dosent P.Məmmədova), "Azərbaycan efiri: tarix və müasirlik" (professor Y.Əlizadə, professor Q.Məhərrəmli), "Televiziya reklamı" (professor A.Dadaşov), "Jurnalistin nitq mədəniyyəti" (professor N.Əhmədli), "A-dan Z-yə. Telexəbər" (Z.Məmmədli).
2009-2010-cu tədris ilində fakültənin iki kafedrasının - Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, eləcə də Televiziya və radio jurnalistikası kafedrasının "Azərbaycan" nəşriyyatında və İctimai Televiziya və Radio Yayımları Şirkətində filiallarını açmaq nəzərdə tutulmuşdur. Bu, tələbə jurnalistlərin gələcək istehsalat sahələri ilə yaradıcılıq ünsiyyətinin indidən formalaşmasına, onlarda peşə vərdişlərinin artmasına və cilalanmasına xeyli təkan verəcək.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu başqa ixtisas sahələri kimi jurnalistika ixtisası üzrə də kadr hazırlığı prosesinə yeni impuls verməli, eyni zamanda, diqqəti yeni qanunun ruhundan doğan bir sıra vacib məsələlərə cəlb etməlidir.
"Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2008-ci il tarixli sərəncamında ölkədə elmin yeni axtarış istiqamətlərini müəyyən etməyə və elmi araşdırmaların dünyada qəbul edilmiş sxemlər əsasında maliyyələşdirilməsinə nail olmaq üçün ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifənin təxirə salınmadan öz həllini tapması zərurəti qeyd olunmuşdur. Sərəncamda tarixən elmi araşdırmaların mütəşəkkil qaydada təşkilinə zəmin hazırlanmasında Bakı Dövlət Universitetinin adı xüsusi vurğulanmışdar.
Bu gün Azərbaycan jurnalistikası milli ənənələrə və peşənin beynəlxalq standartlarına söykənərək mükəmməl ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlmişdir. Ölkədə jurnalistikanın hərtərəfli inkişafına, söz və mətbuat azadlığına etibarlı təminat yaradıldığı bir zamanda onun praktik istiqamətləri ilə yanaşı, elmi-nəzəri aspektləri də inkişaf yolundadır. Jurnalistika ölkədə bir elm kimi formalaşmaqdadır. Azərbaycanda dövri mətbuatın meydana gəlməsi və peşəkar jurnalistikanın formalaşmasından günümüzədək keçən müddətdə geniş media sistemi yaranmışdır. Bu gün ölkədə 4 minə qədər kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçmiş və ya qeydiyyata götürülmüşdür. Onlarca gündəlik qəzet, televiziya və radio kanalları, teleqraf agentlikləri səmərəli fəaliyyət göstərir. Bu fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, senzura birmənalı şəkildə ləğv edilmişdir. Bu proseslərin çağdaş elmi-nəzəri meyarlar baxımından daha geniş təhlil və tədqiqata cəlb edilməsinə böyük ehtiyac duyulur.
Azərbaycan jurnalistika məkanında gedən təşkilatlanma prosesləri də son illərdə bu sahədə elmi-nəzəri fikrin və tövsiyələrin formalaşmasına zərurət yaratmışdır. Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının, eləcə də İctimai Televiziya və Radio Yayımları Şurasının son dövr fəaliyyət prinsipləri bunu söyləməyə əsas verir.
Jurnalistikanın elm sahəsi kimi formalaşması prosesində keyfiyyət göstəricilərinin ön plana çıxmasını belə bir fakt da təsdiqləyir ki, son 5 ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Bakı Dövlət Universitetində 10.01.10-"Jurnalistika" ixtisası üzrə birdəfəlik 3 doktorluq və 4 namizədlik dissertasiya şuralarının yaradılmasına icazə vermiş və həmin şuralarda müdafiə edilmiş dissertasiyaların hamısı AAK tərəfindən təsdiq edilmişdir.
Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 6 elmlər doktoru, 8 professor, 8 dosent, 18 elmlər namizədi çalışır. Bundan əlavə, universitetdən kənarda müxtəlif strukturlarda jurnalistikanın elmi-nəzəri problemləri ilə bilavasitə məşğul olmuş 5 elmlər doktoru, professor və 7 elmlər namizədi fəaliyyət göstərir. Azərbaycanda ali jurnalistika təhsilinin mövcudluğu ərzində bütövlükdə onun müxtəlif qolları mətbuat, televiziya, radio, nəşriyyatçılıq işi və ictimai-siyasi tərcümə sahəsində 100-dən çox doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir. Bu dissertasiyaların hamısı bir qayda olaraq filologiya, tarix, siyasi elmlər indeksləri ilə hazırlanmışdır. İndi Azərbaycan elmində islahatlar aparılmasına zərurət yarandığı bir zamanda jurnalistikanın müstəqil elmi istiqamət kimi tanınmasına kifayət qədər əsas var.
Azərbaycanda demokratik cəmiyyət quruculuğu, iqtisadi və sosial islahatların həyata keçirilməsi, vətəndaş həmrəyliyi mühitinin bərqərar olması, sağlam mənəvi dəyərlərin formalaşması yolunda atılan uğurlu addımlar kütləvi informasiya vasitələri qarşısında mühüm vəzifələr qoyur. Bu gün ölkədə KİV sahəsində toplanan yaradıcılıq təcrübəsini elmi-nəzəri və praktiki cəhətdən ciddi təhlilə cəlb etmək, Azərbaycan milli mətbuatında zaman-zaman qazanılmış zəngin təcrübəni dərindən araşdırıb ondan bəhrələnmək, dünya informasiya məkanlarından faydalanmaq jurnalistika fakültəsində "Jurnalistika" elmi araşdırma laboratoriyasının açılması zərurətini yaratmışdır. Təhsil nazirinin əmri ilə bu il fakültədə belə bir laboratoriyanın yaradılması ölkə KİV-nin öz fəaliyyətində elmi tövsiyələrə daha çox istinad etməsinə, onun yaradıcılıq potensialının artmasına, qloballaşma şəraitində özünü büruzə verən meyillərin müəyyənləşdirilməsinə və ümumiləşdirilməsinə kömək etmiş olacaq.
Laboratoriyada Azərbaycanda kütləvi informasiya vasitələrinin müasir inkişaf mərhələsindəki meyillərin (həm yaradıcılıq, həm də təşkilati-texniki baxımdan) sistemli şəkildə izlənilməsi, təhlili, buna uyğun olaraq KİV praktikasına xidmət edə biləcək tövsiyələrin hazırlanması, Azərbaycan mətbuat tarixinin uzun müddət tədqiqatdan kənarda qalmış səhifələrinə obyektiv elmi baxışı təmin edəcək araşdırmaların aparılması, xalqın milli oyanış, müstəqillik ideyaları uğrunda mübarizəsində xüsusi rol oynamış ayrı-ayrı mətbu orqanları nümunələrinin transliterasiyası, jurnalistikanın beynəlxalq standartların Azərbaycan KİV məkanında tətbiqi metodologiyasının işlənilməsi, müvafiq tövsiyələrin hazırlanması, tədqiqatların nəticələrini özündə əks etdirən "Jurnalistika" elmi məcmuəsinin buraxılması nəzərdə tutulur.
Azərbaycan oxucusu, tamaşaçısı və dinləyicisinin dünyanın ayrı-ayrı region ölkələrindəki hadisələrdən operativ və bilavasitə xəbər tutmaları baxımından xaricdəki müxbir təmsilçiliyinin rolu olduqca böyükdür. Son onillikdə ölkə rəhbərliyinin təşəbbüsü ilə bu sahədə atılmış addımlar həmin işə xüsusi önəm vermişdir. AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsinə dair Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq Amerika və Avropada müxbir məntəqələrinin genişləndirilməsi, onların maddi-texniki təminatının gücləndirilməsi, Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan və Orta Asiyada təmsilçiliyinin fəaliyyət göstərməsi, bəzi özəl televiziya kanallarının bu sahədə ilk addımları yaxın gələcəkdə dünyanın müxtəlif regionlarında Azərbaycanın KİV təmsilçilərinin əhatə dairəsinin genişləndirilməsi perspektivini açır. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, eləcə də olkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə və təşkilatlarda mətbuat xidmətinə duyulan ehtiyac da bu işə məqsədyönlü istiqamət verilməsi zərurətini doğurur.
Jurnalistika fakültəsi bu meyli və onun inkişaf perspektivini əsas götürərək "Beynəlxalq jurnalistika" ixtisası üzrə ingilis, fransız, ispan, ərəb dillərində regional qruplar yaratmağı məqsədəuyğun sayır. Tədris planında jurnalist peşəkarlığı məsələlərinə xüsusi yer ayrılmaqla yanaşı, region ölkələrinin tarixi, içtimai-siyasi sistemi, iqtisadiyyatı, mədəniyyəti, etnoqrafiyası, fiziki-iqtisadi coğrafiyası genişliyi ilə öyrənilə, yüksək səviyyədə bir neçə xarici dil keçirilə bilər.
Bu gün ölkədə 35 dövlət, ictimai, özəl, regional və kabel televiziyası, 11 radio kanalı qeydə alınmışdır və gələcəkdə təbii ki, onların sayı artacaq. Bu kanalların çoxunda jurnalistika fakültəsinin artıq peşəkar səviyyəsinə yüksəlmiş və geniş auditoriya tərəfindən məmnuniyyətlə qəbul edilən xeyli məzunu çalışır.
Ancaq təəssüf ki, teleradio şirkətlərinin kəmiyyət artımı ilə onların iş keyfiyyəti arasında ciddi uyğunsuzluq mövcuddur. Bu mənada, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi Bakı Dövlət Universitetində də ciddi əks-səda doğurmuşdur. Yekdil və birmənalı ictimai fikir belədir ki, bütün efir məkanı, xüsusilə, özəl teleradio kanalları məqalədə deyilən tövsiyələrdən ciddi nəticə çıxarmalı, onların rəhbərliyi heç olmasa, bundan sonra əsl vətəndaş mövqeyi, tamaşaçılara və dinləyicilərə hörmət nümayiş etdirməlidirlər.
Məqalə jurnalistika fakültəsinin kafedraları və tədris qruplarında da yeni yaradıcılıq ab-havası yaratmış, onun müzakirəsinə həsr olunmuş diskussiyalarda iştirak edən professor-müəllim heyəti və tələbələr xüsusilə vurğulamışlar ki, özəl kanalların biznes marağı, yayınıq proqram siyasəti heç vaxt dövlət maraqlarını, ictimai mənafeyi, əsrlərdən bəri qorunub saxlanılan mənəvi dəyərləri üstələməməlidir.
Jurnalistika fakültəsində kadr hazırlığının ideal səviyyədə təşkil olunduğunu iddia etmədən göstərmək istərdik ki, fakültə məzunları bütövlükdə heç zaman qəzet səhifələrinə, ekran və efirə bayağılıq nümunələri, qeyri-peşəkarlıq virusları gətirməmişlər.
Azərbaycanın efir məkanında bu gün özünü göstərən xoşagəlməz meyillərin qarşısını xeyli dərəcədə peşəkarlıq hazırlığı keçən televiziya və radio jurnalistləri ala bilərlər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi müasir maddi-texniki bazasını xeyli yeniləşdirməklə, tədris proqramını təkmilləşdirməklə bu vəzifənin öhdəsindən gəlməyə çalışacaq.
Bu gün bizi ciddi narahat edən bir məsələ jurnalistikaya meyil göstərməyən, ondan uzaq olan gənclərin fakültəyə düşməsi hallarının çoxalmasıdır. Ümummilli lider Heydər Əliyev vaxtilə jurnalistika fakültəsinin işini daha da təkmilləşdirmək istəyindən danışarkən bu məsələyə də diqqət yetirərək söyləmişdi ki, "...jurnalist peşəsinə həvəs göstərənlər birinci düşünsünlər ki, onun jurnalist olmaq, bu peşəni mənimsəmək qabiliyyəti var, yoxsa yox. Hər adam müğənni ola bilməz, hər adam tutaq ki, bəstəkar ola bilməz, hər adam rəssam ola bilməz... Hərənin bir peşəyə meyli var. Bu meyil də, sadəcə, o peşəni istəmək yox, o peşədə fəaliyyət göstərmək qabiliyyətindən asılı olmalıdır. Mən arzu edərdim ki, jurnalistlər, bax, bu yolla getsinlər".
1975-ci ildən
1991-ci ilə qədər fakültədə mövcud
olmuş yaradıcılıq-qabiliyyət imtahanlarının
sonralar əsassız ləğv edilməsi tələbə
seçimində təsadüfi halları
çoxaltmış, kadr hazırlığında peşəkarlıq
meyarını xeyli zəiflətmişdir.
Yaradıcılıq-qabiliyyət imtahanının
keçirilməsində məqsəd jurnalist ixtisasını
seçmək arzusunda olan abituriyentin gələcək peşəsinə
maraq dairəsini müəyyənləşdirmək, onun ədəbi
yazı vərdişlərini, obrazlı təfəkkür tərzini,
fakta, hadisəyə obyektiv duyum münasibətini üzə
çıxarmaq, danışıq-nitq mədəniyyətinin
uyarlığı ilə
Universitet və fakültə rəhbərliyinin jurnalist kadrları hazırlığı sistemini bu cür görmək istəyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məqbul sayılmır. Onlar fakültəyə daxil olmuş tələbələrin arasında peşəsini təsadüfi seçən gənclərin olması faktı ilə razılaşaraq məsləhət görürlər ki, "...sadəcə olaraq oxumaq, ixtisasa yiyələnmək istəyən şəxsləri oxutmaq lazımdır, bunu istəməyənlərdən isə yaxa qurtarmaq gərəkdir. O zaman jurnalistlərin indiki yüksək sayı ilə onların aşağı keyfiyyəti arasındakı uyğunsuzluq problemi ortaya çıxmaz və nəticədə milli publisistikamızın peşəkarlıq səviyyəsi də yüksələr".
Şəxsən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadə belə hesab edir ki, "...hazırkı şəraitdə riyaziyyat, filologiya, pedaqogika, jurnalistika (?) və s. ixtisaslar üzrə xüsusi qabiliyyət imtahanlarının keçirilməsi məqsədəuyğun deyil".
Jurnalistika fakültəsi elmi və beynəlxalq əlaqələr sahəsində öz ənənələrini formalaşdırmışdır. Həmin əlaqələrin əsası ötən əsrin 50-ci illərində Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi ilə qoyulmuşdur. Azərbaycanda jurnalistika üzrə ilk namizədlik dissertasiyasını hazırda mətbuat tarixi kafedrasının professoru vəzifəsində çalışan Şirməmməd Hüseynov Moskva Dövlət Universitetində müdafiə etmişdir. Sonrakı onilliklərdə MDU-nun jurnalistika fakültəsi ilə elmi və yaradıcılıq əlaqələri daha intensiv xarakter almış və həmin əlaqələr bu gün də davam edir. Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının xətti ilə hər il fakültənin bir tələbəsi təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilir. Amerika Birləşmiş Ştatlarının İndiana və Kolorado universitetləri, Fransanın Lil jurnalistika məktəbi ilə elmi və yaradıcılıq əlaqələri davam etdirilir. Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə də əlaqələr mövcuddur. Son üç ildə fakültənin 6 müəllimi xarici ölkələrdə (ABŞ, Fransa, Türkiyə, Macarıstan, Polşa) elmi ezamiyyətdə olmuşdur. YUNESKO-nun dəstəyi ilə fakültədə tədris televiziya və radio studiyası yaradılmış, maddi-texniki baza təzələnmişdir.
Bu gün ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində əksər informasiya vasitələri bütövlükdə cəmiyyətin, ayrı-ayrılıqda onun hər bir üzvünün siyasi mədəniyyətinin, sağlam dünyagörüşünün, həyata baxışının, mövqeyinin formalaşmasında, intellektual səviyyəsinin yüksəlməsində, mənən zənginləşməsində önəmli rol oynayır. Məmnunluq doğuran haldır ki, bu proseslərin gedişində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin çoxsaylı məzunlarının peşəkar fəaliyyəti və yaradıcılıq dəst-xətti aydın görünür. Bu məzunların xeyirxah hamiləri olan jurnalistika fakültəsinin professor-müəllim heyəti isə həmişə yüksək vətəndaş mövqeyi və peşəkarlığı ilə seçilmişdir. Onların milli jurnalistikamızın ənənələrinə sədaqət nümunəsi, mənəvi-əxlaqi saflığı, yüksək professionalizmi Azərbaycanın geniş ictimaiyyəti arasında həmişə razılıq doğurmuşdur.
Yalçın ƏLİZADƏ,
Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin
dekanı, professor
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 4.