Milli Strategiyanın həyata keçirilməsinə dəyərli
töhfə
Dövlətimizin elmə diqqət
və qayğısı intellektual kadr potensialının
formalaşdırılması məqsədinə xidmət edir
və elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr
qoyur. Ölkə iqtisadiyyatının inkişafı, biliklərə
əsaslanan yeni tipli iqtisadi sistemin
formalaşdırılması, sürətlə inkişaf edən
yeni texnologiyaların mənimsənilməsi və tətbiqi
intellektual potensialın gücləndirilməsini tələb
edir.
"Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya" və "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın təsdiqi elmi fəaliyyətin
əsas hərəkətverici qüvvəsi olan kadrların
qloballaşan dünyanın yeni tələblərinə
uyğun olaraq formalaşdırılması istiqamətində
atılan mühüm addımlardan biridir. Bu strategiyanın qəbul
edilməsində əsas məqsəd Azərbaycanda
aparılan fundamental tədqiqatların prioritetlərinin
ölkənin sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin
həllinə uyğunlaşdırmaq, yüksək
ixtisaslı elmi kadrlar hazırlamaq, Azərbaycan elminin beynəlxalq
elm məkanına inteqrasiyasını təmin etmək, elmin
informasiya təminatını gücləndirmək, elmi
potensialın ölkənin sosial-iqtisadi və mədəni-mənəvi
inkişafına yönəltməkdən ibarətdir. Həmçinin
Milli Strategiyanın həyata keçirilməsi
üçün bir sıra mühüm vəzifələrin
yerinə yetirilməsi tələb olunur ki, onlardan biri də
müxtəlif təyinatlı və məqsədli elmi
monitorinqlərin aparılmasıdır.
AMEA İnformasiya Texnologiyaları
İnstitutu tərəfindən "Elmi kadr
hazırlığı (monitorinq)" məcmuəsinin
hazırlanıb nəşr olunması da həmin məqsədin
yerinə yetirilməsinə xidmət edir.
İnstitutun "İnformasiya
texnologiyaları" nəşriyyatı tərəfindən
çap olunan kitabçanın müəllifləri AMEA
İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru,
professor Rasim Əliquliyev, institutun Tədris-İnnovasiya Mərkəzinin
tədris hissə müdiri Rəsmiyyə Mahmudova və
şöbə müdiri Gülnarə Nəbibəyovadır.
Elmi monitorinqin aparılmasına
informasiya dəstəyinin göstərilməsi məqsədilə
hazırlanan məcmuədə 2003-2008-ci illər ərzində
AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublika
üzrə mərkəzləşdirilmiş qaydada
"İnformatika" fənnindən imtahan vermiş aspirant və
dissertantlar, həmçinin 2004-2008-ci illərdə dissertasiya
müdafiə etmiş elmlər doktorları və namizədləri
haqqında zəruri məlumatların statistik analizi öz əksini
tapmışdır.
Məcmuə 2 bölmədən
ibarətdir. I bölmədə 2003-2008-ci illər ərzində
"İnformatika" fənnindən namizədlik imtahanı
vermiş aspirant və dissertantlarla bağlı statistik məlumatlar
yerləşdirilmişdir. Burada aspirant və dissertantların
sayının illər üzrə paylanması, həmçinin
onların elm sahələri üzrə təsnif olunması,
cinsi mənsubiyyət, yaş diapazonu, elm və tədris
müəssisələrinə görə bölgüsü
haqqında cədvəl və qrafiklər verilmişdir.
II bölməyə isə
2004-2008-ci illər ərzində respublika üzrə
dissertasiya işini müdafiə etmiş elmlər
doktorları və namizədləri, onların illər, eləcə
də cinsi mənsubiyyəti, elmi sahələrə və
ixtisaslara görə təsnifatı, elm və təhsil müəssisələri
və dissertasiya şuraları üzrə sayı haqqında
məlumatlar daxildir.
Məcmuə elmi fəaliyyətin
təşkili və idarəedilməsi, maliyyələşdirilməsi,
monitorinqi və qiymətləndirilməsi sahəsində
çalışan işçilər, həmçinin alimlər
üçün nəzərdə tutulmuşdur.
Akif ƏLİYEV
Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 5.