Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 20 oktyabr tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra MSK-nın katibi Natiq Məmmədov seçki komissiyalarının səsvermə protokollarına dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

MSK 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Demokratik İslahatlar, Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Demokrat, Ana Vətən və Böyük Quruluş partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

İclasda 28 saylı Sabunçu 3-cü və 42 saylı Sumqayıt 2-ci seçki dairəsi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

MSK sədri oktyabrın 27-dək bələdiyyə seçkilərində passiv seçki hüququndan istifadə etmiş vətəndaşlar barədə məlumat verərək bildirmişdir ki, 20 min 704 nəfərin namizədliyi təsdiqlənmişdir ki, onlardan 18 min 822-si dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlamışlar. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 4666 nəfəri bitərəflərdir, qalanları isə 25 siyasi partiyanı əhatə edir. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşdür.

İclasda ATƏT-in Bakı ofisinin, Avropa Komissiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 oktyabr.- S. 7.