Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə
Böyük Millət Məclisinin Xarici əlaqələr
komissiyasının üzvlərini qəbul etmişdir
Dövlətimizin
başçısı İlham Əliyev qonaqları
salamlayaraq dedi:
- Xoş gəlmisiniz. Sizi Bakıda salamlayıram. Çox şadam ki, siz belə böyük tərkibdə Azərbaycana səfər edirsiniz. Bunun böyük əhəmiyyəti vardır və bir müddət bundan əvvəl Azərbaycandan da bir qrup deputat Türkiyəyə səfər etmiş, sizlərlə görüşmüşdür. Belə qarşılıqlı səfərlərin böyük faydası vardır. Çünki hər bir görüş yeni imkanlar açır, hər bir görüş imkan verir ki, biz həmişə olduğu kimi, bir-birimizlə səmimi söhbət edək, öz fikirlərimizi bölüşək. Hesab edirəm ki, belə görüşlər mütəmadi qaydada keçirilməlidir. Xüsusilə indiki şəraitdə, xüsusilə bölgədə yaşanan prosesləri nəzərə alaraq belə görüşlərin çox böyük əhəmiyyəti vardır. Çünki məlumatı mənbədən əldə etmək, səmimi, açıq şəkildə bölgədə gedən proseslər haqqında bir-birimizi bilgiləndirmək çox önəmlidir.
Azərbaycanda gedən proseslər, Türkiyədə gedən proseslər, bölgədə yaşanan hadisələr, müəyyən yeniliklər - bütün bunlara biz həmişə olduğu kimi, vahid mövqedən yanaşmalıyıq. Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı bütün dövrlərdə məhz bu amillər üzərində qurulmuşdur. Müstəqilliyimizi bərpa etdikdən sonra bizi ilk tanıyan ölkə Türkiyə olmuşdur və o gündən bu günə qədər bütün dövrlərdə biz beynəlxalq məsələlərdə deyə bilərəm ki, əksər hallarda vahid mövqedən çıxış etmişik. İkitərəfli münasibətlərin nə qədər önəmli olduğunu həmişə vurğulamışıq. Siyasi əlaqələr, deyə bilərəm ki, ən yüksək səviyyədə idi və bu gün də bu davam edir. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bütün sahələrdə belə əməkdaşlıq etsinlər, səmimi və faydalı əməkdaşlıq etsinlər.
Son illər ərzində iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Qarşılıqlı ticarət dövriyyəsinin həcmi daim artmaqdadır. Biz mədəniyyət sahəsində çox uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə məhz mədəni əlaqələrin inkişafına dair çox önəmli qərarlar qəbul edilmişdir. Azərbaycan Naxçıvanda keçirilən zirvə görüşündə TÜRKSOY Fondunun yaradılması haqqında təşəbbüs irəli sürdü və bu təşəbbüs dəstəkləndi.
Ona görə bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də bölgə üçün çox önəmli rol oynamışdır. Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Məhz Türkiyə və Azərbaycanın səyləri nəticəsində bu gün həm nəqliyyat, həm energetika, həm də siyasi sahədə başlanan bütün təşəbbüslər uğurla gerçəkləşdi. Əlbəttə ki, bu müsbət meyillər gələcəkdə də davam etməlidir, daha da gücləndirilməlidir. Bunun həm ölkələrimiz, həm xalqlarımız üçün və bölgə üçün çox böyük faydası olacaqdır.
Bu il əlbəttə ki, başqa illərdən bir qədər fərqli ildir. İlk növbədə dünyada yaşanan iqtisadi böhran demək olar ki, bütün ölkələrə öz mənfi təsirini göstərdi. Kiməsə daha çox, kiməsə daha az. Amma bütün ölkələr bundan əziyyət çəkir. Bu, bir qlobal mənzərədir. Eyni zamanda, bizim bölgədə yaşanan hadisələr bir daha onu göstərir ki, biz daim təmasda olmalıyıq, ola biləcək anlaşılmazlıqları tezliklə aradan qaldırmalıyıq. İmkan verməməliyik ki, bu anlaşılmazlıqlar ikitərəfli münasibətlərə təsir göstərsin. Bunu təmin etmək üçün ilk növbədə daim təmaslar olmalıdır. Dövlət, hökumət səviyyəsində bu təmaslar həmişə olduğu kimi lazımi səviyyədədir və çox yaxşıdır ki, parlamentlərarası əlaqələr də məhz bu zəmində qurulur.
Bu ilin əvvəlində bizə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında məlumat daxil olmuşdur. Daha dəqiq desəm, fevral ayının əvvəlində bu məlumat bizə rəsmi qaydada bildirildi. Bildirildi ki, artıq ilyarımdır Türkiyə ilə Ermənistan arasında danışıqlar aparılır və bu danışıqlar artıq sona yaxınlaşır, yekunlaşır. Beləliklə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması haqqında sənəd imzalanacaqdır. Əlbəttə ki, o vaxt və bu gün bizim buna münasibətimiz birmənalı olmuşdur. Heç vaxt Azərbaycan başqa ölkələr arasında münasibətlərə qarışmayıb, qarışmır və qarışmayacaqdır. Yəni Türkiyə ilə Ermənistan arasında olan ilişkilər iki ölkəyə aiddir və bizim ümumiyyətlə, mövqeyimiz ondan ibarətdir ki, hər bir ölkə öz daxili işləri ilə məşğul olsun. Əgər bütün ölkələr ancaq öz işləri ilə məşğul olsaydılar, dünyada nə müharibə, nə münaqişə, nə də qovğa olardı. Təəssüf ki, biz hələ buna nail ola bilməmişik. Amma Azərbaycan bütün dövrlərdə bu mövqedən çıxış edib. Heç vaxt heç bir başqa ölkənin nə daxili işinə qarışıb, nə də ki, ölkələr arasında münasibətlərə müdaxilə edibdir.
Ancaq, eyni zamanda heç kimə sirr deyil ki, 20 ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və bu işğal nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın vəziyyətinə düşübdür. Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıbdır və nəinki Dağlıq Qarabağdan, Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan bütün Azərbaycan əhalisi çıxarılmışdır. O rayonlarda ermənilər, ümumiyyətlə, heç vaxt yaşamamışlar. Dağlıq Qarabağda azərbaycanlıların say etibarilə tərkibi haradasa 30 faizə yaxın idi. Ətraf bölgələrdə isə əhalinin təxminən 100 faizi azərbaycanlılardan ibarət idi. Bu işğal bu gün də davam edir. Ermənilər tərəfindən Xocalı soyqırımı törədildi, 600-dən çox günahsız insan qətlə yetirildi, onların içərisində uşaqlar, qadınlar, qocalar vardı. Danışıqlar davam edir, ancaq heç bir nəticə yoxdur.
Ona görə təbii ki, Ermənistanla münasibətlərdə Azərbaycan ictimaiyyəti çox həssasdır. Biz uzun illərdir beynəlxalq birlikdən tələb edirik ki, Ermənistana öz təsirini, təzyiqini göstərərək onları işğal edilmiş torpaqlardan çıxmağa məcbur etsinlər. Əgər belə olarsa, onda Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşa, bütün kommunikasiyalar açıla, bölgədə əməkdaşlıq, işbirliyi başlana bilər və bundan bütün ölkələr ancaq faydalana bilərlər. Əgər Dağlıq Qarabağ münaqişəsi yenə də belə dondurulmuş vəziyyətdə qalacaqsa, o zaman bölgədə hərtərəfli əməkdaşlıqdan söhbət gedə bilməz. Çünki bölgənin əsas məsələsi, əsas problemi məhz Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Bu, böyük ədalətsizlikdir. Çünki XXI əsrdə bir ölkə o biri ölkənin torpaqlarını işğal etsin və heç kim buna reaksiya verməsin, heç kim öz təsirini göstərməsin, yəni dünya dövlətləri, böyük dövlətlər öz münasibətini bildirməsin. Bu, dözülməz bir haldır.
Bununla bərabər
bu, bütün beynəlxalq normaları kobudcasına pozan bir məsələdir.
Çünki Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası dörd qətnamə qəbul
edibdir. Ermənistan qüvvələrinin Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılmasına
dair qətnamələr qəbul edilib. Ermənistan onları
icra etmir və beynəlxalq birlik buna biganə qalır. Ona
görə bu məsələ həll olunmadan əlbəttə
ki, bölgədə genişmiqyaslı əməkdaşlığın
yaranması üçün heç bir əsas yoxdur. Beynəlxalq
birlik və bu məsələ ilə məşğul olan
dövlətlər bizə tövsiyə edirlər ki, məsələni
sülh yolu ilə, yəni barış yolu ilə
çözmək lazımdır. Biz də bunun tərəfdarıyıq.
Biz də istəyirik ki, bu məsələ sülh yolu ilə
çözülsün, amma çözülmür. Biz nə
etməliyik?
Gələcəkdə isə, nə vaxt ki, tərəflər razılaşar, - bu bir ildən, yüz ildən sonra ola bilər, - Dağlıq Qarabağın yekun statusu haqqında Ermənistan və Azərbaycan - iki tərəf müzakirələr apararaq bir qərara gələcəklər. Qərara gəlsələr, Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşər, qərara gəlməsələr bu məsələ açıq qalacaqdır. Yəni bu gün danışıqlar masası üzərində olan təkliflər demək olar ki, bundan ibarətdir.
Eyni zamanda, bildiyiniz kimi, Dağlıq Qarabağla Ermənistan arasında sərhəd yoxdur. Dağlıq Qarabağ Azərbaycanın içində yerləşən bir ərazidir, əzəli Azərbaycan torpağıdır. Amma buna baxmayaraq, biz razıyıq ki, Ermənistanla Dağlıq Qarabağın əlaqəsinin pozulmaması üçün dəhliz verilsin, yəni biz buna da razıyıq. Ancaq Ermənistan tərəfi məsələni süni şəkildə uzadır və əfsuslar olsun ki, Kişinyovdakı son görüş - bu ayın 8-də baş tutan görüş nəticəsiz qaldı.
Ermənistan öz mövqeyini daha da sərtləşdirir və bunun müxtəlif səbəbləri ola bilər. Səbəblərin biri də ondan ibarət ola bilər ki, Ermənistan tərəfi fikirləşir, Türkiyə-Ermənistan sərhədləri açılacaq, Ermənistan bu ağır, kritik iqtisadi durumdan çıxacaq və beləliklə, Dağlıq Qarabağ məsələsi hələ həll olunmamış qalacaqdır.
Mən iqtisadi böhrandan danışarkən qeyd etdim ki, bütün ölkələr zərər çəkdi, ancaq ən çox zərər çəkən bəlkə də Ermənistandır. Çünki bu ilin 9 ayında Ermənistanın iqtisadiyyatı təxminən 20 faiz aşağı düşüb. Onsuz da zəif olan iqtisadiyyat 20 faiz aşağı düşməklə, əlbəttə ki, Ermənistanı çox ağır bir duruma saldı. Böhran Azərbaycana da mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, 9 ayda Azərbaycanda iqtisadiyyat 6 faiz artdı. Ona görə Ermənistanın bax belə, təcrid edilmiş, yəni izolə edilmiş vəziyyətdə qalması, bizim fikrimizə görə Dağlıq Qarabağ məsələsinin həllinə, yəni onların məsələyə müsbət yanaşmalarına təkan verə bilər. Yəni onların əsas məqsədi təcrid olunmuş vəziyyətdən çıxmaqdır. İndi Azərbaycan sərhədi təbii ki, bağlıdır. Türkiyə sərhədi bağlıdır. Gürcüstan-Rusiya müharibəsindən sonra Gürcüstan üzərindən Ermənistan Rusiya ilə irtibat saxlaya bilmir. Yəni bir İran sərhədi qalıb. O da böyük sərhəd deyil və o, hündür dağlardan keçir. Nə dəmir yolu var, nə də etibarlı bir avtomobil yolu. Böyük, uca dağlardan keçən yol dünyaya çıxış üçün yetərli deyildir. Bəli, Ermənistan bu gün blokadada deyildir. Çünki Gürcüstan limanlarından dünyaya çıxışı vardır. Ancaq bu sərhədlərin bağlı qalması əlbəttə ki, onları daha da realist olmağa təhrik etməlidir, sövq etməlidir.
Beləliklə, fevral ayında bizə məlumat daxil olanda, özümüzü çox təmkinlə aparmışdıq. Ancaq yəqin, bilirsiniz, təxminən o dövrdə Ermənistan mətbuatında məqalələr çıxdı ki, Türkiyə və Ermənistan öz münasibətlərini normallaşdırır və imzalanacaq protokollarda Dağlıq Qarabağa aid heç bir maddə yoxdur. Əlbəttə ki, bizim mətbuat da o məqalələri dərc etdi və Azərbaycanda suallar meydana çıxdı. Əcəba, doğrudan da belədir, yoxsa yox? Əfsuslar olsun ki, fevral, mart və aprel ayları ərzində bu suallara cavab verilmədi. Mən hesab edirəm ki, bax, bu narahatlığın və lazım olmayan gərginliyin əsas səbəbi məhz bunda idi. Çünki əgər o vaxt - fevralda, ya martda, ya apreldə rəsmi qaydada bir məlumat verilsəydi ki, - necə ki, indi bu məlumat verilir, - Dağlıq Qarabağ məsələsi həll olunmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq, heç nə olmazdı. İndi də heç nə yoxdur.
Amma sirr deyil ki, son aylar ərzində müəyyən gərginlik də baş verdi. Ancaq may ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı verdiyi açıqlamalardan sonra Azərbaycan ictimaiyyəti və Azərbaycan xalqı bildi ki, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaqdır. Bunu hörmətli Baş nazir bu binada, bizim mətbuat konfransımızda söylədi, eyni zamanda, Milli Məclisdə çıxışı zamanı da bunu söylədi. Beləliklə, ondan sonrakı dövr çox normal keçirdi. Bildiyiniz kimi, ondan sonra həm Türkiyənin Prezidenti, həm yenə Baş naziri, Türkiyə parlamentinin sədri, Türkiyənin xarici işlər naziri dəfələrlə rəsmi şəkildə və şəxsi görüşlər əsnasında bildirmişlər ki, baxmayaraq, protokollarda Dağlıq Qarabağa heç bir reverans yoxdur, bu məsələ həll olunmalıdır, ondan sonra sərhədlər açılmalıdır. Yaxşı xatırlayıram, hörmətli Baş nazir vurğulamışdır ki, Türkiyə Ermənistanla sərhədini Azərbaycan torpaqlarının işğalından sonra bağladı. Yəni daha dəqiq desək, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalından sonra Türkiyə Ermənistanla sərhədini bağladı. O, səbəb oldu. O səbəb aradan qalxmadan əlbəttə ki, hər hansı bir addım atılmamalıdır. Beləliklə, mən də öz növbəmdə, may ayında keçirilmiş həmin mətbuat konfransında Azərbaycan xalqına üz tutub dedim ki, bu sözlərə inanıram və artıq bu mövzu qapadılmalıdır. Bu mövzu ətrafında spekulyasiyalara son qoyulmalıdır.
Protokolların imzalanması ərəfəsində, bu ayın 8-də dediyim kimi, Kişinyovda mənim Sarkisyanla görüşüm oldu. Qeyd etdiyim kimi, təəssüf ki, görüş nəticəsiz qaldı. Ancaq buna baxmayaraq, mən ayın 8-də Azərbaycan Televiziyasına geniş müsahibə verdim və orada həm Ermənistan-Azərbaycan münaqişəsinə toxundum və həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair öz fikrimi bildirdim. Söylədim ki, mən verilən sözlərə inanıram. Türkiyə rəhbərlərinin sözlərinə inanıram və əminəm ki, onlar verdikləri sözlərə sadiq qalacaqlar. Mən bu müsahibəni qəsdən protokolların imzalanmasından bir neçə gün əvvəl verdim. Çünki mən bilirdim ki, Azərbaycan ictimaiyyətinin, Azərbaycan xalqının bu mənzərəyə - protokolların imzalanma mərasiminə münasibəti necə olacaq. Çünki bu, çox həssas məsələdir və Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Deyə bilərəm ki, bütün cəmiyyət bir mövqedən çıxış edir və mən də cəmiyyətin bir üzvü kimi həmçinin. Ona görə mən başa düşürdüm ki, o görüntülər, o mərasim, yaşanan o sevinc burada başqa hisslər oyadacaqdır. O da təbiidir.
Ona görə mən söylədim ki, verilən sözlərə inanıram və Azərbaycan xalqına dolayı yolla bir mesaj göndərdim ki, siz də mənə inanın, mənə verilən sözlərə inanın, o görüntüyə yox. Bax, qısaca desək, bu ilin tarixçəsi bundan ibarətdir. Əlbəttə ki, biz gələcək əməkdaşlıqda da bu işlərdə koordinasiya məsələlərini daha da gücləndirməliyik. Bu, həm də parlamentlərarası münasibətlərə aiddir.
Türkiyədə və Azərbaycanda mətbuat, yəni söz azadlığı vardır. Yəni bizdə yüzlərlə qəzet vardır. Sizdə bəlkə minlərlə qəzet vardır. Özəl televiziya kanalları vardır. Yəni onlara nə biz təlimat verə bilərik, nə də sizin iqtidar. Ancaq onlar da daha da həssas, daha da diqqətli olmalıdırlar. Onlar anlamalıdırlar ki, Türkiyə-Azərbaycan münasibətləri xüsusi münasibətlərdir. Bu münasibətləri hər bir vətəndaş - həm Türkiyə vətəndaşı, həm Azərbaycan vətəndaşı öz əməli işləri ilə gücləndirməlidir. Əgər hər hansı bir həssaslıq, hər hansı bir narahatlıq varsa, o, aradan qaldırılmalıdır. O, daha da şişirdilməməlidir.
Əfsuslar olsun ki, həm Türkiyədə, həm Azərbaycanda bəzi mətbuat orqanlarında bu həssas dönəmdə vəziyyəti daha da gərginləşdirmək üçün xoşagəlməz yazılar dərc edilmişdir və bu yazılar insanların fikrinə istər-istəməz mənfi təsir göstərmişdir. Ona görə mən hesab etdim, bu müddətdə çox vacibdir ki, ölkələrimizin parlamentləri arasında əlaqələr daha da sıx olsun. Yəni məlumatları biz qəzet vasitəsilə yox, bir-birimizdən eşidək. Bizim nümayəndə heyəti də Türkiyədə yüksək səviyyədə qəbul edildi və mənə verilən məlumata görə çox səmimi söhbət aparıldı. Bu gün biz görüşürük. Mən bilirəm ki, sizin bu gün də, sabah da görüşləriniz olacaqdır və həm məlumatı mənbədən alacaqsınız, həm də Azərbaycan xalqının ovqatını duyacaqsınız.
Bir daha demək istəyirəm ki, bu görüşlər vəziyyətdən asılı olmayaraq mütəmadi qaydada keçirilməlidir və əgər belə olarsa, bundan sonra da Türkiyə-Azərbaycan münasibətləri həmişə olduğu kimi, ancaq və ancaq inkişaf edəcəkdir.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Murad MƏRCAN görüşdə çıxış edərək dedi:
- Hörmətli Prezident, sözlərimə başlamazdan əvvəl Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gülün, Baş nazir cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Məhmət Əli Şahinin xüsusi salamlarını Sizlərə çatdırmaq istəyirəm. Qeyd etmək istəyirəm ki, üç il əvvəl Azərbaycana gəlmişdim və Bakıdakı bu inkişafı xüsusilə qeyd etmək istəyirəm. Hər gün Bakı daha da inkişaf edir, gözəlləşir, yeni binalar tikilir, yeni yollar çəkilir. Bu da təbii ki, bizi daha da sevindirir.
Demək istəyirəm ki, bizim üçün Türkiyə bayrağı nə qədər əzizdirsə, Azərbaycan bayrağı da bir o qədər əzizdir. Türkiyə Respublikası vətəndaşları nə qədər bizim vətəndaşlarımızdırsa, azərbaycanlı qardaşlarımız da bir o qədər bizim qardaşlarımızdır. Sizin də bildirdiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada başqa heç bir iki dövlət arasında mövcud deyildir. Bu, sadəcə sözdə qalmamışdır, eyni zamanda, əlaqələrdə, dialoqlarda hər vaxt belə olmuşdur. Təbii ki, burada bu qarşılıqlı münasibətlərin təməlini qoyan rəhmətlik atanız, hörmətli Prezident Heydər Əliyevi xatırlamaq lazımdır. İnşallah, bu görüşlərdən sonra məzarını ziyarət edib, xatirəsini ehtiramla anacağıq.
Sizin də bildirdiyiniz kimi, istər Prezident, istər Baş nazir, istərsə də TBMM sədri Türkiyə-Azərbaycan münasibətlərinin nə qədər önəmli olduğunu dəfələrlə qeyd etmişlər. Biz də nümayəndə heyəti olaraq bunu Sizə bildirmək arzusundayıq və bunu söyləməyi özümüzə borc bilirik.
Murad Mərcan Azərbaycan və
Türkiyə deputatlarının Avropa Şurasında və
digər beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq
qurduqlarını dedi. O, Prezident İlham Əliyevin Avropa
Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinə rəhbərlik etdiyi vaxtları xatırladaraq
bildirdi ki, Türkiyə və Azərbaycan deputatlarının
birgə fəaliyyəti həmin vaxtlar Ermənistanın
Avropa Şurası tərəfindən işğalçı
dövlət kimi tanınmasında mühüm rol
oynamışdır.
Murad Mərcan Azərbaycan ilə
Türkiyə arasında tarixi dostluq və qardaşlıq
münasibətlərinə toxunaraq dedi: Bizlər TBMM üzvləri
olaraq, Azərbaycanın həssaslığını və
şərəfini öz həssaslığımız və
şərəfimiz bilirik.
Daha sonra Murad Mərcan Türkiyə
ilə Ermənistan arasında imzalanan protokollara toxunaraq
bildirdi: Bu mövzuda bunu açıq söyləyə bilərəm
ki, bu protokolların nəinki bizim komissiyamızda müzakirəsi,
hətta gündəmə gətirilməməsi məsələsində
bizə güvənə bilərsiniz. Çünki Sizin də
dediyiniz kimi, Azərbaycan ictimaiyyəti bu məsələdə
nə qədər həssasdırsa, əmin olun ki, türk
xalqı da bir o qədər həssasdır. TBMM heç vaxt
öz xalqının maraqlarına zidd hərəkət etməmişdir
və Azərbaycan xalqının, Zati-aliləri, Sizin arzu etmədiyiniz
bir məsələdə nə qərar qəbul etməz, nə
bir fikir bildirməz, nə də bir mövqe tuta bilməz.
Zati-aliləri, bu məsələ ilə əlaqədar
hörmətli Prezidentimiz, Baş nazirimiz və xarici işlər
nazirimiz Sizinlə dəfələrlə
görüşmüşlər.
Bu mərhələdə
protokollar bizim komissiyada olduğuna görə Sizi və Azərbaycan
xalqını birbaşa məlumatlandırmağı və həmin
məsələ barədə fikirlərimizi Sizə bildirməyi
lazım bildik. Bu məsələdə Sizin şəxsinizdə
bildirmək istəyirəm ki, Azərbaycan xalqının hər
hansı formada tərəddüd etməsinə və əndişə
duymasına ehtiyac yoxdur. Çünki biz bir millət, iki
dövlətik. Azərbaycandakı
qardaşlarımızın barmağına tikan batsa, biz bunu qəlbimizdə
hiss edirik. Bu mənada tərəddüd edilməməsində
Zati-alilərinizin rəhbərliyinə ehtiyac duyduğumuzu,
iki ölkə arasındakı münasibətlərin yüksək
səviyyədə olmasının bəzi dairələrin
qısqanclığına səbəb olduğunu, bəzən
anlaşılmazlıqlara səbəb ola biləcək
yazıların məhz bu səbəbdən ortaya
çıxdığını Sizlərə təkrar
söyləmək arzusundayam.
Murad Mərcan Azərbaycan-Türkiyə parlamentlərarası əməkdaşlığının bundan sonra da möhkəmlənməsinin vacib olduğunu vurğulayaraq, iki ölkə parlamentləri xarici əlaqələr komissiyalarının ildə iki dəfə görüşməsi təklifini verdi. Bildirdi ki, bu çərçivədə dostluq qruplarının da görüşlərinin mütəmadi xarakter alması zəruridir. Türkiyə nümayəndə heyətinin rəhbəri bir müddət öncə Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək dedi: Naxçıvanda keçirilən toplantını hörmətli Prezidentimiz təqdirlə qarşıladı. Türk soylarının parlamentlərarası dialoqunun qurulması işinə rəhbərliyinizə, verdiyiniz töhfəyə və toplantının möhtəşəmliyinə görə həm Prezidentimiz, həm də xalqımız adından Sizlərə çox-çox təşəkkürümüzü bildirirəm. Həqiqətən də Türkiyə-Azərbaycan qardaşlığı olmasa, bölgədəki sabitliyin təmin edilməsi mümkün olmayacaqdır.
***
Sonra Türkiyə Böyük
Millət Məclisinin Xarici əlaqələr
komissiyasının üzvü, Milliyyətçi Hərəkat
Partiyasından olan deputat Dəniz BÖLÜKBAŞI
çıxış edərək dedi:
- Hörmətli Prezident, bizi
Bakıda qəbul etdiyiniz üçün Sizə dərindən
təşəkkür etmək istəyirəm. Mən də
Milliyyətçi Hərəkat Partiyasının sədri
Dövlət Baxçalının ən xoş
arzularını, hörmət və salamlarını sizə
çatdırmaq istəyirəm.
Türkiyə üçün Azərbaycanın
və azərbaycanlı qardaşlarımızın xüsusi
yeri olduğu bir həqiqətdir. Bizim üçün
heç bir siyasi layihə, düşüncə, mülahizə,
xarici siyasət amili azərbaycanlı
qardaşlarımızın dostluğundan vacib deyildir. Azərbaycan
Türkiyənin türk dünyası ilə münasibətlərinə
rəhbərlik edir. Azərbaycanın itirilməsi kimi fikirlər
Türkiyədə heç kəsdə ola bilməz.
Dəniz Bölükbaşı
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara
toxunaraq dedi: Milliyyətçi Hərəkat Partiyası iki səbəbdən
protokolların əleyhinədir. Birincisi, Türkiyəni
maraqlandıran səbəblərdir. Öz Konstitusiyasında və
İstiqlaliyyət Bəyannaməsində Türkiyənin ərazi
bütövlüyünə iddia edən və qondarma
"soyqırımı" əsasında beynəlxalq
kampaniya təşkil edən ölkə ilə beynəlxalq
hüquqa uyğun olaraq, öz mövqeyindən əl çəkməyənə
qədər protokolların imzalanmasının əleyhinəyik.
İkinci əsas səbəb də
Dağlıq Qarabağ və yeddi rayonun
işğalının davam etməsidir. Bizim bu protokollara olan
baxışımız hörmətli Baş nazirimizin burada
ifadə etdiyi kimi, yeddi rayonun işğaldan azad edilmədən,
Laçın dəhlizi məsələsində və
Dağlıq Qarabağın yekun statusu ilə bağlı azərbaycanlı
qardaşlarımızın qəbul edəcəyi
razılaşma əldə olunmadan bu protokolların TBMM-nin və
bizim komissiyamızın gündəminə gəlməyəcəyidir.
Dağlıq Qarabağın işğalı həll olsa belə
Milliyyətçi Hərəkat Partiyası Türkiyəni maraqlandıran
səbəblərə görə bu protokolların əleyhinə
olmağa davam edəcəkdir.
***
Prezident
İlham ƏLİYEV şəxsi salamlarını Türkiyə
Prezidentinə, Baş nazirinə, parlament sədrinə və
Milliyyətçi Hərəkat Partiyasının sədrinə
çatdırmağı nümayəndə heyətinin
üzvlərindən xahiş etdi. Eyni zamanda, Prezident İlham Əliyev Milliyyətçi Hərəkat
Partiyasının tutduğu prinsipial mövqeyə görə,
şəxsən minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev ölkələrimiz
arasında əlaqələrin əhəmiyyətinə
toxundu. Dövlətimizin başçısı bölgədə
təhlükəsizlik məsələlərindən
danışarkən qeyd etdi ki, Ermənistan-Azərbaycan və
Türkiyə-Ermənistan münasibətləri öz həllini
eyni vaxtda tapmalıdır.
Parlamentlərarası əlaqələrdən
danışan Prezident İlham Əliyev Bakıda Türkdilli
Ölkələrin Parlament Assambleyasının
yaradılmasının əhəmiyyətini vurğuladı.
Dövlətimizin
başçısı qeyd etdi ki, türkdilli ölkələrin
dövlət başçılarının qədim Azərbaycan
torpağı Naxçıvanda keçirilən zirvə
görüşü, orada qəbul edilən qərarlar və
imzalanan sənədlər türkdilli ölkələr arasında
əməkdaşlığın daha da möhkəmlənməsi
baxımından böyük önəm daşıyır.
Dövlətimizin
başçısı bildirdi ki, bu zirvə
görüşünün mənəvi əhəmiyyəti də
vardır. Sammitin gedişində Naxçıvanda hökm
sürən ab-havanın ölkələrimiz arasında
dostluq və qardaşlığın təzahürü
olduğunu vurğulayan Prezident İlham Əliyev dedi ki, bizi
birləşdirən ortaq keçmişimiz, tariximiz, mənşəyimiz,
kökümüz və dilimizdir.
Azərbaycan Prezidenti parlament
nümayəndə heyətlərinin ildə iki dəfə
görüşməsi təklifini bəyəndiyini deyərək
bildirdi ki, bu görüşlər yalnız paytaxtlarda deyil,
eyni zamanda, bölgələrdə də keçirilə bilər.
Avropa Şurasında Azərbaycan
və Türkiyə nümayəndə heyətlərinin əməkdaşlığına
toxunan dövlətimizin başçısı həmin qurumun
Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə
dair məsələnin müzakirəsində və Azərbaycanın
ədalətli mövqeyini dəstəkləyən qətnamənin
qəbul edilməsində iki ölkə deputatlarının
birgə fəaliyyətinin mühüm rol
oynadığını diqqətə çatdırdı. Digər
beynəlxalq qurumlarda, o cümlədən İslam Konfransı
Təşkilatında ölkəmizin fəaliyyətinə
toxunan Prezident İlham Əliyev bu təşkilatda Azərbaycanın
mövqelərinin xeyli dərəcədə gücləndiyini
dedi. Bildirdi ki, Azərbaycanda İslam Konfransı Təşkilatının
mühüm tədbirləri keçirilmişdir. Bu il Bakı
İslam mədəniyyətinin paytaxtı elan edilmiş,
2018-ci ildə isə Naxçıvan İslam mədəniyyətinin
paytaxtı olacaqdır. Bütün bunlar mühüm hadisələrdir.
Prezident İlham Əliyev bir daha
ölkələrimiz arasında əməkdaşlığın
möhkəmlənməsinin əhəmiyyətinə toxunaraq
parlament nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin gələcəkdə
də davam etdirilməsinin zəruriliyini qeyd etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 1, 2.